Səbail
rayonu: inkişaf yeni mərhələyə qədəm qoyur
Səbail Bakı şəhərinin
Xəzərsahili boyu yerləşən mərkəzi rayonudur.
Ərazisi 29 kvadratkilometr, əhalisi
100.074 nəfərdir, burada 9170 nəfər
məcburi köçkün məskunlaşmışdır.
Rayonda 4 ərazi nümayəndəliyi və
3 bələdiyyə fəaliyyət göstərir. Səbail Bakı şəhərinin ən qədim ərazisidir,
rayon kimi ötən əsrin
20-ci illərindən formalaşmışdır. Əvvəlcə
“Bayıl – Bibiheybət”, 1931-ci ildən “Stalin”,
1960-cı ildən isə “26 Bakı komissarları”
adını daşımışdır. 29 aprel
1992-ci ildən Səbail rayonu
adlandırılmışdır. Səbail rayonu tarix və
memarlıq abidələrinin əsl xəzinəsidir. Rayonun ərazisində
antik dövrə və orta
əsrlərə aid abidələr mövcuddur. İçərişəhər
Azərbaycanda olan və YUNESKO-nun
dünya mədəniyyət irsinin inciləri sırasına daxil etdiyi tarixi
abidələrdən ən möhtəşəmidir – min ildən çox
yaşı var. Onun
başlıca abidəsi “Şirvanşahlar
sarayı” ansamblıdır. “Qız qalası” Səbail rayonunun rəmzidir.
Ümumi inkişaf
Son illərdə aparılan əsaslı quruculuq tədbirlərinin, sürətli və genişmiqyaslı inkişafın davamı olaraq 2012-ci ildə də Səbail rayonunda ürəkaçan dəyişikliklər baş vermişdir.
İlin
yekunlarına görə sənaye müəssisələri
üzrə 23.949,1 milyon
manatlıq məhsul istehsal edilmiş, nəqliyyat sektorunda
633,4 milyon manatlıq, rabitə müəssisələrində
913,5 milyon manatlıq xidmətlər göstərilmişdir.
İl ərzində bütün
maliyyə mənbələri hesabına əsas kapitala
investisiya 4.303,9 milyon manat olmuşdur ki, bu da əvvəlki ilin
müvafiq dövrü ilə müqayisədə 21,4 faiz
çoxdur. Tikinti-quraşdırma işlərinə yönəldilmiş
investisiyanın həcmi 1.229,3 milyon manat olmuş, əvvəlki
illə müqayisədə 7 faiz artmışdır.
Pərakəndə
ticarət şəbəkəsi əhaliyə ötən ildəkindən
74,2 faiz çox istehlak malları satmışdır. Pullu xidmətlər
2011-ci ilə nisbətən 20,6 faiz artıq olmuşdur.
Ötən il rayonda çalışan işçilərin sayı 100074 nəfər, orta aylıq əmək haqqının məbləği isə 950,5 manat olmuşdur (əvvəlki illə müqayisədə 5,6 faiz çox). 2012-ci ildə rayonda 2697 daimi yeni iş yeri açılmışdır. Ümumiyyətlə, 2003-cü ildən 39 mindən artıq daimi iş yeri yaradılmışdır.
Ölkə Prezidentinin diqqət və himayəsi
Ötən il rayonda yerləşən
müxtəlif təyinatlı obyektlərin inşası, təmir-yenidənqurulma
işləri müvəffəqiyyətlə davam
etdirilmişdir. Həmin obyektlərin
açılışında və tikinti
işlərinin gedişatı ilə tanışlıq mərasimlərində
ölkə başçısı şəxsən iştirak etmişdir.
Yanvar
ayının 12-də Prezident İlham Əliyev və
xanımı Mehriban Əliyeva Bakı – Ələt avtomobil
yolunun Dövlət Bayrağı Meydanına qədər olan
hissəsinin tikintisi, yeni bulvarın salınması ilə
bağlı görülən işlər, Dövlət
Bayrağı Meydanı və onun ətrafında həyata
keçirilən tədbirlərlə tanış olmuşlar.
Mart ayının 16-da dövlət
başçısı“Bakıelektrikşəbəkə” ASC-nin “İçərişəhər”
yarımstansiyasının açılış mərasimində
iştirak etmişdir.
Aprel
ayının 1-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda beşulduzlu
“CW Mariott Abşeron” otelinin açılışında iştirak etmiş, aprelin 3-də isə Dövlət
Bayrağı Meydanı, onun ətrafında
görülən abadlıq, quruculuq tədbirləri
və İdman-Konsert Kompleksində həyata
keçirilən inşaat işlərinin
gedişi ilə tanış olmuşlar. Aprelin 25-də ölkə başçısı iki dəfə Sovet
İttifaqı Qəhrəmanı, general
Həzi Aslanovun abidəsinin, Bakı Funikulyorunun əsaslı şəkildə
yenidən qurulması, Dağüstü Parkda İstiqlal Müzeyinin inşası və Dənizkənarı
Milli Parkın genişləndirilməsi ilə bağlı həyata
keçirilən işlərin gedişatı ilə, may ayının 6-da “Hilton-Baku”
otelinin qarşısındakı parkın
abadlıq və quruculuq işlərindən
sonrakı vəziyyəti ilə tanış olmuşdur.
May
ayının 23-də isə Prezident İlham Əliyev və
xanımı Mehriban Əliyeva əsaslı təmir və
yenidənqurmadan sonra Bakı Funikulyorunun istifadəyə verilməsi
mərasimində, “Azneft” döngəsində inşa
olunmuş yeraltı piyada keçidinin
açılışında iştirak etmişlər. Sonra
onlar Dənizkənarı Milli Parkda xüsusi memarlıq
üslubunda inşa olunan Azərbaycan Xalçası və
Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində və
“Venesiya” adlanan ərazidə həyata keçirilən
abadlıq və quruculuq işlərinin gedişi ilə
maraqlanmış, bulvarın Dövlət Bayrağı
Meydanına qədər olan hissəsinə baxmış,
istifadəyə verilən yeni iaşə obyektləri ilə
də tanış olmuşlar.
Mayın
28-də Prezident Respublika Günü münasibəti ilə
İstiqlaliyyət küçəsində Azərbaycan Xalq
Cümhuriyyətinin şərəfinə
ucaldılmış abidəni ziyarət etmişdir. Həmin
gün dənizkənarı Milli Parkda ölkə
başçısı İlham Əliyevin iştrakı ilə
“Kiçik Venesiya şəhərciyi” əsaslı yenidənqurmadan
sonra istifadəyə verilmişdir.
İyunun
22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Səbail rayonunun Badamdar qəsəbəsində Heydər Əliyev
parkının əsaslı təmir və yenidənqurma
işlərindən sonrakı vəziyyəti ilə
tanış olmuşdur. İyul ayının 5-də Səadət sarayı əsaslı
təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində
iştirak etmişlər.
Sentyabrın 3-də Bakıda daha bir beşulduzlu otelin - “Four Seasons Hotel Baku”nun açılışı olmuş, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər. Sentyabrın 4-də Bakının Səbail rayonunun Badamdar qəsəbəsində yeni inşa olunan 329 nömrəli tam orta məktəbin və uşaq bağçasının binaları istifadəyə verilmişdir. Dövlət başçısı İlham Əliyev açılış mərasimlərində iştirak etmişdir. Sentyabr ayının 5-də isə Prezident İlham Əliyev Bakının Səbail rayonundakı 49 nömrəli “İntellekt” məktəb-lisey binasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur. Oktyabrın 11-də Prezident İlham Əliyev yenidən Dövlət Bayrağı Meydanında və onun ətrafında görülən abadlıq-quruculuq işlərinin gedişi ilə tanış olmuşdur. Oktyabrın 31-də ölkə rəhbəri Bülbül prospektində görkəmli opera müğənnisi, SSRİ xalq artisti Bülbülün xatirəsinə ucaldılmış abidənin açılışında iştirak etmişdir. Noyabrın 12-də Prezident İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalının açılışında iştirak etmişdir. Noyabrın 16-da isə İlham Əliyev və xanımı Mehriban Əliyeva bir daha Dövlət Bayrağı Meydanı ətrafında görülən abadlıq işlərinin gedişi ilə tanış olmuşlar, dövlət başçısı müvafiq tapşırıqlarını vermişdir. Dekabrın 29-da Prezident İlham Əliyev paytaxtın “Azadlıq” meydanında tikilən yeraltı avtomobil dayanacağında inşaat işlərinin gedişi ilə tanış olmuşdur.
“Avroviziya
– 2012”
2012-ci il ölkəmizin mədəni
həyatında, onun dünyadakı
müsbət imicinin möhkəmlənməsi
istiqamətində çox böyük və yaddaqalan
bir hadisə kimi
Bakı şəhərində 57-ci “Avroviziya”
mahnı müsabiqəsi keçirilmişdir.
Müsabiqəyə hazırlıqla bağlı qısa
müddətdə rayon ərazisində
genişmiqyaslı işlər görülmüşdür.
Mikayıl
Müşviq küçəsində Botanika
bağının hasarları yenidən tikilib üzlənmiş,
Badamdar şossesi boyunca yeni istinad divarı çəkilmişdir.
Dövlət Bayrağı Meydanı
yaxınlığında Almaniya şirkətləri
tərəfindən tikilmiş 23 min tamaşaçı yerlik
“Baku Cristal Hall”ın ətrafında
sürətlə abadlıq-quruculuq işləri aparılmış,
yol kənarı
abadlaşdırılmış, ərazidə yeni
infrastruktur yaradılmışdır.
Bakı Bulvarı genişləndirilmiş, şəhərimizin
simvollarından olan Bakı Funikulyoru əsaslı təmir-yenidənqurmadan
sonra istifadəyə verilmiş,
Bayraq Meydanına kimi yeni yol çəkilmişdir.
On beş gün ərzində Avropanın qəlbi Bakıda döyünmüşdü. Müsabiqə ilə bağlı Bakı şəhərinə gələn 42 ölkənin təmsilçiləri, çoxsaylı qonaqlar hərtərəfli diqqət və qayğı ilə əhatə olunmuşdular. Şəhərin mərkəzi rayonu olaraq Səbail Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, təsərrüfat və digər xidmətlərinin işçiləri müsabiqənin keçirilməsi dövründə xüsusi iş rejimində çalışmış, yaranan hər bir problem operativ şəkildə aradan qaldırılmışdır. Təşkilat komitəsinin gərgin fəaliyyəti, dövlət rəhbərliyinin göstərdiyi böyük dəstək nəticəsində müsabiqə müvəfəqiyyətlə başa çatmış, iştirakçı dövlətlərin nümayəndə heyətləri, çoxsaylı qonaqlar ölkəmizdən xoş təəssüratla ayrılmışlar.
Tikinti-quruculuq
Son bir il ərzində
şəhərin mərkəzi hissəsində, xüsusilə
də Dənizkənarı Milli Parkın ərazisində,
Dövlət Bayrağı Meydanının ətrafında həyata
keçirilən layihələr, Bakı – Ələt yolunun bu ərazidən
keçən hissəsinin tikintisi
paytaxtın sahilboyu simasını tamamilə
dəyişmiş, şəhərin girişini
gözəlləşdirilmişdir.
Bunlarla
yanaşı, Səbail rayonunda digər irimiqyaslı işlər
də həyata keçirilmiş və bir sıra
mühüm layihələrin icrası davam etməkdədir. 2012-ci il ərzində İncəsənət
Muzeyi üçün
keçid korpusun, Bayraq Meydanına uzanan magistral yolda yeni yeraltı keçidlərin, Dövlət
Yanğından Mühafizə Xidmətinin
Səbail rayon şöbəsinin yeni inzibati binasının
və deponun, Ü.Hacıbəyov
küçəsində 6 mərtəbəli, 200 maşın
yerlik yeni qarajın,
“Bakıelektrikşəbəkə” ASC-nin
“Yeni Bayıl” və “Bayraq
Meydanı” yarımstansiyalarının inşası, mərkəzdə
Səməd Vurğunun ev
muzeyinin əsaslı və Dövlət
Filarmoniyasının binasının cari təmiri
başa
çatdırılmışdır. Yay
aylarında paytaxtın əsas magistrallarından olan Neftçilər prospektində təmir
işləri aparılmış, prospekt ətrafındakı
kommunikasiya xətləri yeniləşdirilmiş,
yağış sularını yığan xətlər qurulmuş, yeni asfalt örtüyü
salınmışdır.
Hazırda
rayon ərazisində dövlət əhəmiyyətli iri
obyektlərin tikintisi aparılır, bir sıra ünvanlarda təmir-bərpa
işləri davam etdirilir. Bu gün Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, “Alov
qüllələri” kompleksinin, Badamdar qəsəbəsində Bakı-Oksford
Məktəbi üçün yeni tədris korpusunun tikintisi davam edir. “Azadlıq” meydanında 2 mərtəbəli,
2000 avtomobil yerlik
yeraltı və Fəvvarələr Meydanında 7 mərtəbəli,
500 avtomobil yerlik yerüstü qarajların, “Cənub”
mehmanxanasının yerində 7 mərtəbəli yeni mehmanxananın tikintisi,
Dövlət Musiqili Komediya
Teatrının binasının əsaslı təmiri
aparılır. “20-ci sahə”də “Bakıelektrikşəbəkə”
ASC-nin 2 yeni
yarımstansiyasında işlər başa
çatmaq üzrədir.
Abidələrin
bərpa və konservasiyası üzrə “Master plan”a uyğun
olaraq Avstriyanın “Remmers” şirkəti “Qız qalası”nda mərhələlərlə
bərpa və konservasiya işləri aparır. Bərpa
işlərinin 2013-cü ilin sonuna kimi
yekunlaşdırılması nəzərdə tutulmuşdur.
“20-ci
yaşayış sahəsi”ndə “Neftçi”
İdman-Sağlamlıq Mərkəzinin “Bibiheybət”
stadionunun yerində 3200 yerlik yeni “Bayıl” stadionu və
inzibati bina inşa edilmişdir. Əhəd
Yaqubov küçəsində kütləvi
informasiya vasitələri işçiləri
üçün 16 mərtəbəli,
146 mənzilli yeni binanın tikintisi aparılır və
2013-cü ilin sentyabr
ayında istifadəyə veriləcək. 2012-ci il aprel ayının 4-də
həmin küçədə Müasir İstedadlar Məktəbinin təməli qoyulmuşdur. 1200 şagird
üçün nəzərdə tutulmuş bu kompleksdə
məktəbəqədər, natamam və
orta təhsil şöbələri fəaliyyət
göstərəcəkdir. Kompleksin ümumi sahəsi 7 hektar, tikinti sahəsi isə 13000 kvadratmetr
olacaq və 2013-cü ilin
sonunda istifadəyə veriləcək.
Bakı
— Ələt magistral yolunun 4-6-cı kilometrinin istifadəyə
verilməsindən sonra həmin yolun Bibiheybət qəsəbəsinə
tərəf uzanan hissəsinin ətrafının
abadlaşdırılması, Bakı Bulvarının Dövlət
Bayrağı Meydanından Bibiheybət istiqamətində
uzadılması işləri davam etdirilir.
Hazırda
“Şəhidlər Xiyabanı” kompleksinin bir hissəsində əsaslı
təmir-yenidənqurma işləri və “İstiqlal” muzeyinin
tikintisi aparılır. Xiyabanın digər
ərazisində ictimai təşkilatlar və
xidmət sahələri işçiləri, həmçinin yeni yaradılmış Səbail Rayon İcra Hakimiyyəti
Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi
üçün birmərtəbəli bina tikilmişdir. Xiyabanda çalışan xidmət
işçiləri üçün Badamdar qəsəbəsində 2 mərtəbəli,
10 mənzilli yaşayış binasının tikintisi
davam etdirilir.
Keçən
il baş vermiş sürüşmənin nəticələrinin
aradan qaldırılması üçün görülən
işlər çərçivəsində Bayıl
yamacının alt hissəsində - Neftçilər
prospektində yeni beton istinad çəkilmiş, divarlar
dekorativ üzlüklə üzlənmişdir. Qurban Abbasov
küçəsinin başlanğıcında istinad
divarı aqlay daşla üzlənmiş, üzbəüz tərəfdə
isə yeni dekorativ məhəccərli hasar tikilmişdir.
Rayon
ərazisində aparılan abadlıq işləri ilə bərabər,
bu ilin yanvar ayında Səbail Rayon İcra Hakimiyyətinin həyətində
də abadlıq aparılmış, 700 kvadratmetr sahədə
dekorativ plitə döşənmiş, divarlar və darvaza rənglənmiş,
binanın qarşısında yeni güllər əkilmişdir.
Bu ilin əvvəlində paytaxtımızın kanalizasiya şəbəkəsinin əsas hissələrindən sayılan “Sahil” kollektorunda əsaslı təmir və təmizləmə işlərinə başlanmışdır. Bayıl yaşayış sahəsindəki Gülbala Əliyev küçəsində yeni kanalizasiya kollektorunun çəkilməsi, Dövlət Proqramına uyğun olaraq bu ərazilərdə su və kanalizasiya sistemlərinin yenilənməsi işləri aparılır.
Əlavə proqramlar, layihələr
Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafı məsələləri daim
Prezident İlham Əliyevin
diqqət mərkəzindədir.
2011-ci
ilin mart ayında Bakı Şəhər İcra Hakimiyyətində
keçirilən geniş toplantıdan sonra dövlət
başçısının may ayının 5-də
imzaladığı “2011-2013-cü illərdə Bakı şəhərinin
və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramı”nda Səbail
rayonuna geniş yer ayrılmış, 11 bənd üzrə 44
tədbirin həyata keçirilməsi
planlaşdırılmışdır.
Artıq ölkəmizdə proqrama daxil edilmiş işlərin böyük hissəsi həyata keçirilmiş, digərlərinin icrası ilə bağlı işlər davam etdirilir. Dövlət proqramına əsasən, 900 nəfər şagirdin təhsil aldığı 7 saylı pilot məktəbi üçün yeni korpus tikilmişdir. 1937-ci ildə tikilmiş Bibiheybət qəsəbəsindəki 50 saylı orta məktəbin təmiri də müvafiq dövlət proqramına uyğun olaraq 2012-ci ildə başa çatdırılmışdır.
Bayıl
yaşayış sahəsində yerləşən 203
saylı orta məktəbdə də dövlət
proqramına uyğun olaraq əsaslı təmir işləri
aparılmışdır. Cövdət Hacıyev adına 3
saylı uşaq musiqi məktəbinin binası isə yenidən
tikilmişdir.
Badamdar qəsəbəsindəki “Könül” körpələr evi əsaslı təmirdən sonra iyul ayında istifadəyə verilmişdir. Mərkəzdəki 44 saylı uşaq bağçasının əsaslı təmiri də başa çatmışdır. 2012-ci ildə Badamdar qəsəbəsində özəl “Ahu” uşaq bağçası istifadəyə verilmişdir. Dövlət proqramının icrası ilə bağlı rayondakı 1 saylı şəhər poliklinikasında və 3 saylı vərəm əleyhinə dispanserdə də əsaslı təmir işləri aparmışdır. Bibiheybət qəsəbəsində isə mədəniyyət evi və kitabxanada əsaslı təmir-möhkəmləndirmə işləri davam edir, burada əlavə tikili inşa olunur.
Qədim rayonun yeni
siması
Şəhərimizdə aparılan
genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində
rayonun mərkəzi hissəsində bir sıra yaşayış binaları üzlənib
təmir edilir. Bir çox tarixi və
memarlıq binalarının fasadları, eyvanları, dam örtükləri təmir olunmuşdur.
Səbail
Rayon İcra Hakimiyyətinin və Bakı Şəhər
Prokurorluğunun binasının da müasir şəkildə
üzlənərək yenidənqurulması, RİH-nin iclas
zalının genişləndirilməsi ilə bağlı
layihə hazırlanmış və onun da icrası davam
etdirilir. Səbail RİH-in
“Abad həyət” layihəsi əsasında
Badamdar qəsəbəsində “Abad həyət” sakinlərin istifadəsinə
verilmişdir. İl ərzində
əsas kuçə və prospektlərlə yanaşı, qəsəbədaxili
və məhəllədaxili küçə və
yolların da təmiri
aparılmış, ümumilikdə, 2012-ci il
ərzində 275500 kvadratmetr sahəyə
yeni asfalt örtüyü salınmışdır. Badamdar qəsəbəsinin
su təchizatının və kanalizasiya sisteminin
yaxşılaşdırılması istiqamətində
görülən işlər çərçivəsində
qəsəbədəki 3-cü yaşayış massivində
5 ədəd yeni su
anbarları tikilmiş, digərlərinin
də tikintisi davam edir və bu işlərin
2013-cü ilə kimi başa
çatması nəzərdə tutulmuşdur.
2012-ci
ildə Səbail Rayon İcra Hakimiyyəti bir sıra tədbirlər
və görüşlər də təşkil etmiş,
silsilə mədəni-kütləvi layihələr həyata
keçirmişdir.
Hazırladı: Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2013.- 1
fevral.- S. 5.