Azərbaycanda gənclər
siyasəti dövlət siyasətinin mühüm
tərkib hissəsidir
Dövlət gənclər siyasəti
- gənclərin öz bilik və bacarıqlarının, təbii
potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə
layiqli yer tutmasını təmin edən şəraitin
yaradılması məqsədilə dövlət tərəfindən
müəyyən edilmiş prioritetlər və həyata
keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli
inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni
inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə
davamlılığının, milli təhlükəsizliyinin
vacib şərtlərindəndir.
Ulu
öndər Heydər Əliyev Azərbaycana rəhbərlik
etdiyi bütün dövrlərdə
həmişə gəncliyin qüvvəsini,
potensialını yüksək qiymətləndirmiş, bu sahəyə
daim xüsusi diqqət və qayğı bəsləmiş, gənclərin
fiziki və mənəvi cəhətdən sağlam, hərətərəfli
biliyə malik olmaları üçün hər cür şərait
yaratmışdır. Hələ 1969-1982-ci illərdə Azərbaycana
rəhbərlik edərkən Heydər Əliyev gənclərimizin
keçmiş SSRİ - nin ən qabaqcıl və
tanınmış təhsil ocaqlarında təhsillərini
davam etdirməsi üçün bütün imkanlardan istifadə
etmişdir. Həmin dövrdə minlərlə gəncimiz
müxtəlif peşələrə yiyələnərək
respublikamızın inkişafına öz töhfələrini
vermişlər. Bu, ulu öndərin uzaqgörən siyasətinin
bariz nümunəsi idi.
Azərbaycanda
müstəqillik dövrünün ilk illərində hökm
sürən hərc-mərclik şəraitində çox
sayda gənclər təşkilatları yaransa da, onların əksəriyyətində
siyasiləşmə meylləri öz əksini
tapmışdı. Lakin Azərbaycanın müstəqilliyi və
ərazi bütövlüyünün qorunması, ölkədə
hüquqi, demokratik dövlət quruculuğu prosesinin həyata
keçirilməsi vəzifələri gənclərin
ümummilli dövlət mənafeləri əsasında səfərbər
olunması, vahid gənclər siyasətinin işlənib
hazırlanması zərurətini ortaya atdı. Bütün
bunlar isə ulu öndər Heydər Əliyevin ikinci dəfə
Azərbaycana rəhbərlik etdiyi dövrdən başlandı.
Heydər
Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi ilk illərdən gənclərin
himayədarı olaraq sağlam düşüncəli yeni nəslin
yetişdirilməsini dövlət və cəmiyyətin
mühüm vəzifəsi hesab etmişdir. Ulu öndər
deyirdi:" Mənim üçün ən əziz nemət Azərbaycanın
uşaqlarıdır, Azərbaycanın gəncləridir.
Çünki Azərbaycan Prezidenti kimi mən bu gün
haqqında yox, Azərbaycanın gələcəyi haqqında
düşünürəm. Azərbaycanın gələcəyi
də Azərbaycanın gənclərindən və uşaqlarından
asılıdır".
Prezident Heydər Əliyev gənclərin
dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi
və mədəni həyatında iştirakının təmin
edilməsini zəruri məsələlərdən biri hesab etmiş və bu məqsədlə 1994-cü il iyulun 26-da Gənclər,
İdman və Turizm Nazirliyinin yaradılması barədə sərəncam
imzalamışdır. 1995-ci ildə isə o, Azərbaycan gənclərinin
forumunun keçirilməsi təşəbbüsünü irəli
sürmüşdür. Bir il
sonra fevralın 2-də müstəqil Azərbaycan gənclərinin
ilk forumu keçirilmişdir. Forumda Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev şəxsən
iştirak etdi.
1997-ci il
fevralın 1-də forumun ildönümü münasibəti
ilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev
“2 fevral - Azərbaycan gəncləri gününün elan
edilməsi haqqında” sərəncam imzaladı. Həmin
vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral
günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli
şəkildə qeyd olunur. 2 fevral 1998-ci ildə Heydər Əliyev
Azərbaycan Gəncləri Gününün ilk
ildönümü münasibətilə keçirilən təntənəli
mərasimdə
çıxış edərək gənclərə müraciətində
demişdir: “Mən sizi gördükcə daha da ruhlanıram,
siz mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı
daha da qüdrətli etməyə çalışıram. Əmin
ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın
Prezidenti sizin - gənclərimizin bütün
hüquqlarının qorunmasının təminatçısı
olub və bundan sonra da təminatçısı olacaqdır. Əmin
ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı
yaşaması, təhsil alması üçün,
yaxşı əmək fəaliyyəti göstərməsi
üçün bundan sonra da əlimizdən gələni edəcəyik.”
1999-cu
ildə Heydər Əliyev tərəfindən imzalanan
“Dövlət gənclər siyasəti haqqında” fərman bu
sahəyə Prezident səviyyəsində böyük önəm
verildiyinin təzahürü kimi qiymətləndirilir.
“Dövlət gənclər siyasəti haqqında” fərman
çox geniş spektri - gənclərin təhsili, tərbiyəsi,
sağlamlığı, intellektual və mənəvi
inkişafı, asudə vaxtın təşkili problemlərinin
həlli, hüquqların müdafiəsi, respublikanın
ictimai-siyasi və mədəni həyatında iştirakı
ilə bağlı məsələləri əhatə edir. Fərmana
müvafiq olaraq ‘’Gənclər siyasəti haqqında’’ Azərbaycan
Respublikasının Qanunu qəbul edilmiş və 2002-ci
il aprelin 9-da Heydər Əliyev tərəfindən
imzalanmışdır. Bu qanunda gənclər siyasətinin əsas
istiqamətləri gənclərin
mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda
iştirakı, istedadlı gənclərə dövlət
qayğısı, gənclərin sağlamlığının
qorunması və fiziki inkişafı,gənclərin məşğulluğunun
təmin edilməsi, gənc ailələrə dövlət
yardımı və gənclər təşkilatlarına
dövlət yardımı kimi
müəyyənləşdirilmişdir.
Ulu
öndərin daxili və xarici siyasətini siyasi uzaqgörənliklə
davam etdirən möhtərm Prezidentimiz İlham Əliyev Azərbaycan
gəncliyinin hərtərəfli inkişafı, beynəlxalq
aləmə inteqrasiyası və dünya birliyində fəal iştirakının təmin
olunması üçün bütün imkanlardan istifadə
etdi. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycanda gənclər
siyasəti dövlət siyasətinin mühüm tərkib
hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın
bütün sferalarında aktiv fəaliyyəti ilə
seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin
həyata keçirilməsində mühüm rol oynayır.
Dövlətin gənclərin fəaliyyəti üçün
yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə
cəmiyyətin avanqard qüvvəsinə çevrilib.
Prezident
İlham Əliyev gənclərin potensialından ölkənin
mənafeyi naminə tam və düzgün istifadə
olunmasını daim diqqət mərkəzində saxlayır.
Gənclərin məşğulluğunun
təmin edilməsi, dövlət idarəçiliyi sistemində
iştirakının gerçəkləşdirilməsi məqsədilə
ölkə başçısının 2005-ci il avqustun 30-da
imzaladığı “Azərbaycan Gəncliyi Dövlət
Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi
haqqında” Sərəncamı
gənclərə dövlət qayğısının
artırılması istiqamətində qətiyyətli
addım idi. Bu əhəmiyyətli sənəddə ölkəmizdə
gənclərlə bağlı dövlət siyasətinin əsas
istiqamətləri müəyyənləşdirilmişdir.
Proqrama uyğun olaraq gənclərin sosial müdafiəsi, məşğulluğunun
təmin edilməsi, yaradıcılıq
axtarışlarının stimullaşdırılması,
milli ruhda təlim-tərbiyəsi, hərbi-vətənpərvərlik
tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin
təbliği istiqamətində tədbirlər həyata
keçirilmişdir. 2005-2009-cu illərdə gənclər
siyasəti üzrə Dövlət Proqramı reallaşdırılmış
və bu proqramın 100-dən çox bəndi həyata
keçirilmişdir. Dövlət
başçısının fərmanı ilə Gənclər
və İdman Nazirliyi 2006-cı ildə yenidən təşkil
edilmiş, gənclər siyasətinin əsas icra orqanı
qarşısında yeni vəzifələr qoyulmuşdur. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
2007-ci il ölkədə “Gənclər ili” elan edilmişdir.
Gənclər
siyasətinin daha da təkmilləşdirilməsinin təmin
edilməsi, gənclərin
yaradıcılıq potensialının aşkara
çıxarılması və
reallaşdırılması üçün lazımi
şəraitin yaradılması,
gənclərin intellektual səviyyəsinin yüksəldilməsi,
xüsusi istedadlı gənclərin seçilməsi və
onlarla müvafiq tədbirlərin həyata keçirilməsi
qarşıya qoyulmuş prioritet vəzifələrdəndir.
“Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq
potensialının inkişafı üzrə Dövlət
Proqramı” (2006-2010-cu illər), “Azərbaycan Respublikasında
texniki-peşə təhsilinin inkişafı üzrə
Dövlət Proqramı” (2007-2012-ci illər) bu sahədə
qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsini
istiqamətləndirmiş və gənclərin sosial problemlərinin
həllinə böyük zəmin yaratmışdır.
Gənclər
bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə,
biznes strukturlarında, beynəlxalq tədbirlərdə fəal
təmsil olunur və cəmiyyətin inkişafına öz
töhfələrini verirlər. Fakt üçün bidiririk
ki, 2008-2011-ci illərdə dövlət orqanlarına işə
qəbul edilənlərin 60 faizdən çoxunu gənclər
təşkil etmişdir. Azərbaycan gənclər təşkilatlarının
beynəlxalq təşkilatlarla əməkdaşlığı
istiqamətində də mühüm əhəmiyyətli tədbirlər
həyata keçirilmişdir. Məhz bunun nəticəsi
olaraq son illər gənclər
təşkilatlarımız 11
beynəlxalq təşkilata üzv qəbul edilmişdir.
Azərbaycan
gəncliyinin dünya birliyinə inteqrasiyasını daha da
sürətləndirmək və gənclərimizin nüfuzlu
beynəlxalq tədbirlərdə iştirakını təmin
etmək istiqamətində həyat keçirilən tədbirlərdən
biri də Dünya Azərbaycanlı
Gənclər Birliyinin təsis
olunmasıdır. Birliyin təsis qurultayı 2012-ci il
martın 12-də Bakıda
keçirilmişdir. Qurultayda dünyanın bir çox
ölkələrində fəaliyyət göstərən
beynəlxalq təşkilatların və xaricdə yaşayan
azərbaycanlı gənclər birliklərinin nümayəndələri
iştirak etmiş və bu təşkilatın
yaranmasını müsbət hal kimi qiymətləndirmişlər.
Sözügedən birlik, öz sıralarında
dünyanın müxtəlif ölkələrində fəaliyyət
göstərən gənclər təşkilatlarını
birləşdirir.
Dünya
Azərbaycanlı Gənclər Birliyinin başlıca məqsədi
Azərbaycan Respublikasında və xarici ölkələrdə
yaşayan azərbaycanlı gənclərin hərtərəfli
inkişafının təmini, elm, təhsil, mədəniyyət,
sahibkarlıq, idman, könüllülük işinin
inkişafı və vətənpərvərlik sahəsində
fəaliyyətin qurulması istiqamətində işlərin
aparılması, dünya azərbaycanlılarının
milli-mənəvi dəyərlər əsasında səfərbər
olmasıdır. Bundan əlavə, dünyanın müxtəlif
ölkələrində yaşayan azərbaycanlı gənclərin
Azərbaycan Respublikasının milli maraqlarının
qorunması, xalqımızın zəngin mədəni irsinin
təbliği, Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması,
soydaşlarımızın hüquq və
azadlıqlarının müdafiəsi işinə cəlb
olunması və beynəlxalq səviyyədə əməkdaşlığın
təmin olunmasıdır. Ölkədən kənarda təhsil
almış vətəndaşlarımızın uyğun fəaliyyətlərini
təşkil etmək, gənc kadrlar bazasının təşkili,
xarici ölkələrdə
yaşayan azərbaycanlı gənclərin şəbəkələşmə
işinin təşkil edilməsi,
azərbaycanlı gənclərin yaşadıqları cəmiyyətə
inteqrasiyası, ictimai-siyasi həyatda daha fəal
iştirakının təmin olunması məqsədilə
layihələr həyata keçirmək, habelə bu cür
layihələrin həyata keçirilməsinə dəstək
vermək birliyin qarşıya qoyduğu əsas vəzifələrdəndir. “2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı” çərçivəsində
5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində
təhsil almağa göndərilməsi nəzərdə
tutulmuşdur. Bu günədək
1204 azərbaycanlı gənc ölkəmizin ehtiyac duyduğu
sahələr üzrə müxtəlif təhsil səviyyələri
üzrə dünyanın ən qabaqcıl universitetlərinə
göndərilmişdir. Hazırda ölkədə 200-ə
yaxın gənclər təşkilatı, 20- dən artıq
ali məktəbdə fəaliyyət göstərən tələbə
gənclər təşkilatları var. Onların əhatə
etdikləri məsələlər də kifayət qədər
genişdir: gənclərin vətənpərvər ruhda tərbiyəsi,
məlumatlandırılması, işsizliyin azaldılması,
onların sağlamlığı, təhsili, fəal vətəndaş
mövqeyi, mədəniyyətin geniş kütlələr
arasında təbliği və digər məsələlər
kifayət qədər aktualdır.
Bakıda
Gənclər Mərkəzinin, regionlarda isə gənclər
evlərinin inşa edilməsi üçün müvafiq
addımlar atılmışdır. Artıq 12 rayonda gənclər
evləri fəaliyyət göstərir. Bakı şəhəri
və ətraf qəsəbələrinin sosial-iqtisadi
inkişafı proqramı çərçivəsində
paytaxtın 5 rayonunda gənclər evi tikilməsi
üçün layihələr təsdiq olunmuşdur. Yaxın 2-3 ildə isə daha 15 gənclər
evi inşa olunacaq.
Son
illər həyata keçirilən tədbirlər gənclərin
hərtərəfli inkişafının təmin olunması
üçün siyasi, sosial-iqtisadi, təşkilati -
hüquqi şərait və təminatların
yaradılmasını sürətləndirmiş, onların
ictimai-siyasi fəallığının artmasına kömək
etmişdir. 6 aprel 2011-ci il tarixində Prezident İlham Əliyev tərəfindən
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət
Proqramının təsdiq olunması ilə əlaqədar sərəncam
imzalanmışdır. Gənclər siyasətilə
bağlı elm, təhsil, mədəniyyət və digər
sosial sahələrə yönələn fəaliyyətlərin
stimullaşdırılması məqsədilə Gənclər
Fondu yaradılıb. Bütün bunlarda əsas məqsəd gənclər siyasətini daha da
inkişaf etdirmək, gənc
mütəxəssislərin işlə təminatı və
digər sosial-iqtisadi problemlərin həllinin təmin
olunmasıdır. Artıq
ölkəmizdə dövlət
gənclər siyasətinin yeni mərhələsi
başlanmışdır ki, bu da dövlətin həyata
keçirdiyi düşünülmüş, ardıcıl
ictimai-sosial islahatlardan əhalinin bütün təbəqələri
kimi gənclərin də hərtərəfli
yararlanmasına şərait
yaradacaqdır.
Respublikamızın son illərdə
əldə etdiyi iqtisadi və siyasi nailiyyətlər
bütün vətənpərvər azərbaycanlılar kimi,
xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərdə
də qürur hissi doğurur. Dövlətimizin
başçısının rəhbərliyi altında həyata
keçirilən ardıcıl islahatlar nəticəsində
müasir Azərbaycan regionun ən güclü dövlətinə
çevrilmişdir. Təqdirəlayiq
haldır ki, bu nailiyyətlərin əldə olunmasında gəncliyin
də özünəməxsus yeri və rolu vardır. Eyni
zamanda respublikanın artan siyasi və iqtisadi imkanları gənc
nəslin təlim-tərbiyəsinin daha yüksək səviyyəyə
qaldırılmasına, müasir düşüncə tərzi,
universal dünyagörüşü, dərin intellektə
malik kadr potensialının formalaşdırılmasına
yönəlmiş layihələrin də həyata
keçirilməsinə öz təsirini göstərir.
Azərbaycan
gənclərinin qarşısında böyük perspektivlər
açılmışdır. Azərbaycan gəncliyi bu
gün hər addımda öz arxasında qüdrətli bir
dövlətin dayandığını hiss etməkdədir.
Bu da gəncliyin yüksək vətənpərvərlik
ruhunda yetişməsinə, özünə inamının
artmasına, gələcəyə daha optimist nəzərlərlə
baxmasına stimul yaradır.
Bu
gün Azərbaycan gəncliyinin qarşısında bir
sıra mühüm vəzifələr dayanmaqdadır.
Torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən
işğal edilməsi, bir milyondan çox insanın bu təcavüz
nəticəsində öz yurd-yuvalarından didərgin
salınması və xalqımızın məruz
qaldığı soyqırımı aktları barədə həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılması, XX əsrin
ən dəhşətli bəşəri cinayətlərindən
biri kimi tarixin yaddaşına həkk olunmuş Xocalı
soyqırımı müəlliflərinin ifşa olunması
prosesində gənclərin iştirakı olduqca vacibdir. Onu da
qeyd edək ki, gənclərimiz bu sahədə artıq qətiyyətli
addımlar atmış, Ermənistanın terror təşkilatlarının
zaman - zaman azərbaycanlılara qarşı törətdikləri
soqırımı barəsində dünya ictimaiyyətinə
mükəmməl məlumat vermişlər. “Xocalıya ədalət”
beynəlxalq kampaniyasının fəaliyyəti xüsusi qeyd
olunmalıdır. Bu kampaniya
çərçivəsində Xocalı
soyqırımı haqqında əsl
həqiqətlərin dünyaya çatdırılması, bu
faciənin Azərbaycan xalqına qarşı
soyqırımı aktı kimi tanınması istiqamətində
həyata keçirilən tədbirlər böyük vüsət
almışdır. “Xocalıya ədalət” beynəlxalq
kampaniyası 2009-cu ildə Heydər Əliyev Fondunun
vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası
dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın
təşəbbüsü ilə başlanmışdır.
Bu kampaniyanın getdikcə daha geniş vüsət
almasının nəticəsidir ki, bu gün bir neçə
dövlət Xocalı qətliamını
azərbaycanlılara qarşı törədilmiş
soyqırımı kimi tanımışdır.
Hazırda gənclərimizin daha mötəbər
beynəlxalq tədbirlərdə iştirakı və ölkəmiz
haqqında əsil həqiqətlərin olduğu kimi dünya
ictimaiyyətinə çatdırılması istiqamətində
mühüm addımlar atılır. Dövlətimizin
başçısı tərəfindən təsdiqlənmiş
dövlət proqramları qarşıya çox mühüm
vəzifələr qoymuşdur. Bu vəzifələrin yerinə
yetirilməsi gənclərimizin dünya birliyinə
inteqrasiyasında və onların səsinin daha yüksək
tribunalardan eşidilməsində mühüm rol oynayacaq.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2013.- 1 fevral.- S. 3.