Pələng saxta dostluğu “faş” etdi
Firuz Mustafanın “Pələng ili” dramının premyerası barədə
qeydlər
Ötən ilin son günlərində
Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrında görkəmli dramaturq Firuz Mustafanın “Pələng
ili” dramının premyerası oldu. Ekstremal şəraitdə
insan xarakterində baş verən təzadlardan bəhs edən
bu əsər tamaşaçını Vətən, dostluq,
karyera, var-dövlət kimi anlayışlar və real həyat
həqiqətləri barədə bir daha dərin
düşüncələrə qapılmağa vadar etdi.
Tamaşadan dərhal sonra bir
çox nüfuzlu tənqidçilər “Pələng ili”nin
2012-ci ilin teatr həyatında uğurlu bir sənət hadisəsinə
və əsl teatr bayramına çevrildiyindən yazdılar.
Onların fikrincə, tamaşada dramaturji materialın ən
yüksək müasir estetik tələblərə
cavab verməsi onun uğurunu təmin etmişdir.
Tamaşanın rejissor yozumu (rejissor Ağalar İdrisoğlu)
da teatr bilicilərini razı salmışdır.
Qeyd edək ki, çoxsaylı hekayə,
esse, povestlərin, 40-dan çox səhnə əsərinin
müəllifi olan F. Mustafa, bir əsr yarımdan çox bir
dövrdə şanlı inkişaf yolu keçmiş milli
dramaturgiyamızda yeni mərhələ olan fəlsəfi-pisoxoloji
dram janrının yaradıcısıdır. Onun “Ağıllı adam”, “Qəfəs”,
“Vida marşı”, “Müqəvva”, “Qara qutu”, “Tabut”, “Adsız” və başqa dram
əsərləri (bütövlükdə 33 əsəri səhnəyə
qoyulub-M.H) paytaxt və bölgə teatrlarında, hətta Azərbaycandan
kənarda uğurlu səhnə taleyi yaşayır.
Fikrimcə, son illər Firuz Mustafa
dramaturgiyasına maraq və diqqətin artması bir tərəfdən
onun məhsuldar yazıb-yaratması, digər tərəfdən
də bir qədər yuxarıda qeyd etdiyim kimi, müəllifin
fəlsəfi-psixoloji janr vasitəsi ilə teatrımıza yeni ab-hava, fəlsəfi
düşüncə gətirməsi ilə
bağlıdır.
“Pələng
ili” dramının premyerası maraqlı təqdimatla
başladı. Milli Məclisin Mədəniyyət komitəsinin
sədri, AMEA-nın müxbir üzvü professor Nizami Cəfərov
səhnəyə çıxaraq premyera, bütövlükdə
müəllifin yaradıcılığı barədə
danışdı, F.Mustafanı həyat hadisələrini mənalandırmağı
bacaran, onların fəlsəfi mahiyyətinə dərindən
varan, əsərlərində rasionallıqla bədii estetik
hisslərin harmoniyasını yaradan, bu baxımdan seçilən
və sevilməyə layiq olan görkəmli
yazıçı-dramaturq kimi dəyərləndirdi.
Beləliklə, premyera
başlandı. Tamaşa ilk anlardan öz dinamikliyi,
dialoqların orijinallığı, mükalimələrin həyatiliyi
və məntiqliliyi ilə tamaşaçışını
öz sehrinə saldı.
Bu yerdə, əlbəttə, əsərin
məzmununu qısa olsa da, nəql etməyə ehtiyac var. “Pələng
ili” dramının ədəbi qəhrəmanları (kişilər)
dostdurlar, bir yerdə oxuyublar, ancaq biri (Tumaş) vəzifə
sahibidir, biri (Nihad) yazıçıdır, biri də
(Çinar) hələ ki, kiçik vəzifəsini Tumaş
Safoyeviçin vasitəsilə böyütmək istəyir.
Çinar bu haqda Tumaş Safoyeviçə deyir, o da vəzifə
üçün böyük məbləğdə pul
lazım olduğunu bildirir. Elə bununla da onların üzdə
olan saxta “dostluq” münasibətləri pozulur.
Sonra məlum olur ki, Tumaşın
arvadı Sevda da vaxtilə Çinarın “adamı” olub. Bu
zaman pələng peyda olur və bir az əvvəl igidlikdən,
qorxmazlıqdan dəm vuran
Tumaş hamıdan çox qorxur. Bir qədər əvvəl
onların ironiya ilə müraciət etdikləri
yazıçı Nihad isə təmkini və qorxmazlığı ilə
seçilir.
Əslində bu insanların
çoxu təbiət vurğunu-filan deyillər. Qəflətən
pələngin peyda olması yalançı və
bayağı münasibətlərin ifşası
üçün dramaturqa lazım olmuşdur.
Çinardakı saxta sədaqət və məqsədli nəzakət
Tumaşdan aldığı rədd cavabından sonra dərhal
üzə çıxır. Tumaşın bütün hərəkətləri,
həyat tərzi saxtalıq örnəyidir. Pələng
insan üçün qorxulu
deyil (Tumaş “çarə tapıb” pələngi sıradan
çıxarır), ən böyük
yırtıcılıq, qəddarlıq - insanın öz
içindədir, bundan isə xilas olmaq çətindir...
Tamaşada orijinal bədii priyomdan
istifadə etməsi müəllifə
qəhrəmanların iç dünyasını bütün
çılpaqlığı ilə açmağa imkan verir.
Sadə, aydın, lakin təbii və məntiqli dialoqların
vasitəsilə müəllif yırtıcı vəhşi heyvan təhlükəsi
önündə “bəzi ikiayaqlı insan xislətindəki qəddarlıq
və riyakarlığı” elə təsvir edə bilir ki,
tamaşaçı obrazların iş dünyalarını
aşkar görə bilir.
Yeri gəlmişkən,
tamaşanın baş rejissoru Ağalar İdrisoğlu
tamaşada iştirak edən aktyorların
yaradıcılıq imkanlarını əsərin ümumi qayəsinin
açılmasına yönəldə bilmişdir. Təbii
ki, uğurlu aktyor seçimi rejissorun aktivinə
yazılmalıdır. Premyera axşamı məlum oldu ki,
aktyor Sabir Məlikov 20 ildən sonra doğma teatrın səhnəsinə
qayıdaraq əsas qəhrəmanlardan birinin rolunu oynayacaq. S.Məlikov
Tumaş Safoyeviç rolunu elə məharətlə ifa etdi
ki, belə bir istedadlı aktyorun səhnədən uzun illər
ayrı düşməsinə tamaşaçılar bir daha
heyifsləndilər.
Aktyor Ədalət Əbdəlsəməd
də Çinar obrazının təzadlı xislətini
ustalıqla aça bildi. Xalq artisti Tariyel Qasımovun ifaçında yazışı
Nihad obrazı maraqlı, təsirli və
düşündürücü alındı. Dostların həyat
yoldaşlarının - Elayə,
Sevda, Türfə
obrazlarını yaradan aktrisalar - Nuriyyə Əhmədova,
Mehriban Abdullayeva və Hüsniyyə Əhmədovanın, eləcə
də meşə gözətçisi Ağanın rolunu ifa
edən Rasim Səfərovun ifaları
tamaşaçını tam qane edirdi. Zəngin dramaturji
material, sadə və səmimi, mənalı dialoqlar aktyorlara
öz istedadlarını tam sərgiləməyə imkan
yaradırdı.
Premyera başa çatandan sonra
tamaşaçılardan əsər barədə rəylərini bildirmələrini xahiş etdim. Filologiya elmləri namizədi
Elman Nəcəfov dedi:
-
Tamaşa bitsə də, hələ də onun təsiri
altındayam. Belə tamaşalar insanı daxilən zənginləşdirir,
ruhən güclü edir. Hər birimizin, xüsusilə də
gənclərimizin belə əsərlərə tamaşa etmələri
çox faydalı ola bilər.
İlham
Abbasov, tanınmış ədəbiyyatşünas:
-
Firuz Mustafa ədəbi qəhrəmanların mükəmməl
obrazını yaratmaq, əsərlərini janr və
struktur baxımından
müasir bədii düşüncə ölçülərində
qurmaq, onların bədii dil və ifadə vasitələrini
peşəkar tələblərə uyğun işləmək
mıənasında da talantlı bir adamdır. “Pələng
ili” də məhz belə əsərlərdən biridir.
Süleyman
Qaradağlı adlı teatr həvəskarı olan bir
tamaşaçı isə dedi:
-Mən
Firuz Mustafanın bir neçə pyesinə tamaşa etmişəm.
Şübhəsiz, Firuz müəllim çox istedadlı
dramaturqdur. Onun bu əsəri də məni yaxşı mənada
heyrətə gətirdi. Bircə şeyi anlamıram ki, niyə
F.Mustafa kimi görkəmli dramarurqun əsərləri - ana
teatrımızın (Azərbaycan Dövlət Dram Teatrı nəzərdə
tutulur-red) səhnəsində oynanılmır.
Sadə tamaşaçının
son sözləri, əslində bu gün əksər teatr pərəstişkarlarını
çoxdan düşündürür. Azərbaycan Dövlət
Dram Teatrının onlarla əsəri ölkəmizin müxtəlif
teatrlarında, hətta xarici ölkələrdə uğurla
tamaşaya qoyulan Firuz Mustafanın dram əsərlərinə bir dəfə də olsun müraciət
etməməsi, sadəcə təəccüb doğurur.
Halbuki teatrın məzmun və formaca daim yeniləşməsinə
ehtiyac var. Tanınmış
teatr tənqidçisi Əsəd Cahangirin yazdığı
kimi, ən azı müxtəliflik baxımından ana
teatrımız F.Mustafa yaradıcılığına
çoxdan müraciət etməli idi. Ümid edək ki, bu məsələ
gec-tez öz ədalətli həllini tapacaq, çünki bu,
bütövlükdə milli teatrımızın tərəqqisinə
yalnız fayda verə bilər.
...Həmin gün bərk yağış
yağırdı. İstər-istəməz məşhur bir
türk mahnısını xatırladım: Hava qara buludlu, yenə
yağmur yağıyor... Belə bərk yağışda
teatra az adamın gələcəyini
düşünürdüm. Tamaşa başlananda zalda boş
yer olmadığını görüb sevindim. Bir daha yəqin
etdim ki, yaxşı əsərin tamaşaçısı həmişə
olacaq.
...Premyera başa çatanda isə
yağış kəsmişdi. Yağış kəsməsəydi
belə, uğurlu premyaradan
aldığım mənəvi zövq, bəlkə də mənə
həmin anlarda yağışı, soyuğu da
unutduracaqdı...
M.HACIXANLI
Xalq
qəzeti.- 2013.- 3 fevral.- S. 7.