Cəlilabadda məhsul
bolluğu yaradılır
“Torpaq
deyir: öldür məni,
dirildim səni!” -Ataların bu müdrik kəlamı Cəlilabadda
həyati təsdiqini çoxdan
tapmışdır. Torpağa əyilən,
zəhmət çəkən hər kəs bunun
bəhrəsini mütləq görür,
öz güzəranını düzəldir,
üstəlik də ölkənin məhsul bolluğuna
sanballı töhfələr verir.
Cəlilabadda kənd təsərrüfatına
yararlı torpaqlar 108,6 min
hektardır. Bunun 76 min
hektarı əkin, 2,7 min hektarı
biçənək, 27,5 hektarı otlaq sahələridir.
Rayon üzrə hər nəfərə
0,44 hektar torpaq düşür. Əhalinin 159 min
nəfərinə və ya 32163 ailəyə
torpaq payı verilmişdir.
Taxılçılıq, üzümçülük,
kartofçuluq, tərəvəzçilik,
bostançılıq, meyvəçilik, yemçilik,
eyni zamanda
heyvandarlıq sahələri dinamik inkişaf etdirilir.
Rayonda
kənd təsərrüfatı məhsullarının yarıdan
çoxunu bitkiçilik, qalanını isə heyvandarlıq
məhsulları təşkil edir. Ümumi həcmdə bu fərq
51-49 faiz nisbətindədir. Aqrar sahədə 176 fiziki və
hüquqi şəxs, o cümlədən 4 dövlət
müəssisəsi, 14 xidmət təşkilatı, 13
kooperativ, 144 fərdi sahibkarlıq təsərrüfatı fəaliyyət
göstərir. Torpaq adamları ötən təsərrüfat
ilini uğurla başa çatdırıb, məhsul
bolluğuna nail ola biliblər.
Taxılçılıq rayonda ənənəvi sahədir.
Keçən il hər hektardan 19,1 sentner olmaqla 131 min 200 ton məhsul
götürülmüşdür ki, bu da əvvəlki ildəkindən
16 min 990 ton artıqdır. Faktiki istehsal intensiv inkişaf
etdirilmişdir. Ümumi məhsulun tərkibində
buğdanın xüsusi çəkisi 89 faizdir. Ötən il
Prezident İlham Əliyev tərəfindən
açılışı olmuş 10 min tonluq taxıl elevator
anbarında istehsal olunmuş məhsul bazardan fərqli qiymətlərlə
alınır.
Rayonda
ən çox becərilən və istehsal olunan məhsullardan
biri kartofdur. 2012-ci ildə 5177 hektar sahədə kartof becərilmiş,
hər hektardan 159,8 sentner olmaqla 82 min 750 ton məhsul istehsal
olunmuşdur. Lakin ilkin məhsul yaxşı qiymətə
satılsa da, sonradan bəzi çətinliklər
yaranmış və sahibkarlar müəyyən ziyanla işləmişlər.
Tədarük təşkilatlarının yaradılması
vacibdir. Cəlilabadda 2 min tonluq soyuducu anbar fəaliyyət
göstərir. Daha birinin
tikintisi başa çatmaq üzrədir.
Son
illər inkişaf etdirilən sahələrdən biri də
üzümçülükdür. Rayondakı pay, bələdiyyə
və dövlət torpaqlarında 1214 hektar, həyətyanı
sahələrdə isə 200 hektardan çox
üzümlük var. Hesabat ilində hər hektardan 60,8 sentner
olmaqla 9170 ton üzüm yetişdirilmişdir ki, bu da əvvəlki
ildəkindən 2308 ton çoxdur.
Üzümçülük əməktutumlu sahədir. Burada
adamlar ilboyu işlə təmin
olunur. Rayonda yeni ilkin üzüm emalı zavodunun tikilməsinə
tələbat duyulur.
Üzümçülük
gəlirli sahədir. Onun inkişafı həm də yeni
iş yerlərinin açılması deməkdir. Bunu nəzərə
alaraq Prezidentin sərəncamı ilə 2012-2020-ci illərdə
Azərbaycan Respublikasında
üzümçülüyün inkişafına dair Dövlət
Proqramı» təsdiq edilmişdir. Bu proqrama əsasən
rayonda üzümçülük sahələri 5700 hektara
çatdırılacaq.
Hesabat
ilində rayonda xeyli bostan bitkiləri, qarğıdalı,
günəbaxan, meyvə, şəkər çuğunduru da
yetişdirilmişdir.
Kənd
təsərrüfatı məhsulları istehsalının
artırılmasında əsas şərtlərdən biri əkin
sahələrinin suvarılmasıdır. Rayonda
suvarılan sahələr 10310 hektardır. Bu
da kənd təsərrüfatı təyinatlı
torpaqların 9,5 faizini, əkin yerlərinin
isə 13,6 faizini təşkil edir. Əkin yerlərinin 65,7 min
hektarı dəmyə şəraitində becərilir. Suvarma “Dəmir-beton”
və “Cənubi-Muğan” suvarma
kanalları, “İncəçay”, “Göytəpəçay”
dəryaçaları vasitəsi ilə həyata keçirilir. Əkinçilərin fikrincə,
“Cənubi-Muğan” su kanalının yenidən
qurulması yaxşı olardı. Bu kanal çay
formasını almış, çox yerlərdə
isə istifadəyə yararsız hala düşmüşdür. Rayonda 2 sudan istifadə birliyi fəaliyyət göstərir.
2013-cü ildə daha bir
belə birliyinin yaradılması
planlaşdırılır.
Cəlilabadda
kənd təsərrüfatı işlərinin həyata
keçirilməsi üçün 1004 traktor, 397 kotan, 94
kultivator, 71 toxumsəpən, 157
otbiçən, 228 kombayn, 20 gübrəsəpən, 51
çiləyici və torlayıcı var. Lakin servis xidmətlərinin
işi yaxşılaşdırılmalıdır.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin “Kənd
təsərrüfatı məhsulları
istehsalçılarına dövlət dəstəyi
haqqında” sərəncamına uyğun olaraq rayonda hesabat
ilində əkin sahələrinin becərilməsində
istifadə olunan yanacaq və motor yağlarına görə
istehsalçılara 2 milyon 859,4 min manat, buğda əkininə
görə 2 milyon 408 min manat, mineral gübrələrin
güzəştlə satılmasına görə 2 milyon
059,4 min manat, cəmi 7 milyon 326 min 800 manat büdcə vəsaiti yardım kimi verilmişdir.
Cəlilabad
fermerləri deyirlər ki, onlar torpaq vergisindən başqa
bütün vergilərdən azaddırlar. “Biz bütün bunlara görə
möhtərəm Prezidentimiz cənab İlham Əliyevə
minnətdarıq”.
Kənd
təsərrüfatı məhsulları istehsalında
heyvandarlığın da çəkisi böyükdür. Mal-qaranın,
qoyunların baş sayına və məhsul
istehsalına görə bu rayon respublikada önəmli
yerlərdən birini tutur.
İribuynuzlu mal-qaranın sayı 99133 baş, qoyun və
keçilərin sayı 122463 başdır. Quşların
sayı artaraq 856198 baş
olmuşdur. Heyvandarlıq məhsulları
da artmışdır. Ət istehsalı
17,5, süd istehsalı 26,6, yumurta istehsalı 39,8, yun
istehsalı isə 0,3 faiz
artmışdır. Ət və süd məhsullarının
artmasına təsir göstərən amillərdən biri sürünün cins tərkibinin
yaxşılaşdırılmasıdır. Rayonda ət
istehsalının artmasına təsir göstərən amillərdən
biri də “Cəlilabad-Broyler” quşçuluq təsərrüfatının
uğurlu fəaliyyətidir. Ötən il Prezident İlham
Əliyevin iştirakı ilə ASC-də istehsal
gücü 9 ton/saat olan qarışıq yem dəyirmanı işə salınıb.
Aqrar
sahədə çalışanların sayı da ilbəil
çoxalır. Torpaqlardan səmərəli
istifadə genişlənir. Torpaq
adamları öz həyatlarını yetərincə
təmin edə bilirlər. İndi rayonda elə bir
yaşayış məntəqəsi yoxdur
ki, orada neçə-neçə
yeni, gözəl ev tikilməsin.
Fərdi minik avtomobillərinin də
sayı ilbəil artır. Bütün bunlar torpağa
bağlılığın fərəhli nəticələridir.
Cəlilabad özünün inkişaf dövrünü yaşayır. Sosial sahə yenilənir, iqtisadiyyat, o cümlədən kənd təsərrüfatı sahələri də tərəqqi edir. Dövlət qayğısı inkişaf üçün əsas stimul sayılır.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2013.- 3
fevral.- S. 6.