Tibb sahəsində yeni, müasirvarsa Gəncədə tətbiq olunur

 

Əslində, Gəncədə elə bir sahə yoxdur ki, inkişaf, tərəqqi etməsin. Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncədə müasirliklə tarixiliyin tətbiqi, qorunub saxlanması işinə xüsusi həssaslıqla yanaşır. Özü də bu yanaşma təkcə geniş abadlıq, quruculuq işlərinə şamil olunmur, həm də elm, təhsil, səhiyyə ocaqlarına, digər təşkilatların işinə tətbiq edilir.

 

Belə bir fikir dönə-dönə vurğulanır ki, əvvəla, Gəncə Bakıdan sonra Azərbaycanın ikinci böyük şəhəridir. Digər tərəfdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncənin inkişafına xüsusi diqqət yetirir, konkret köməklik göstərir. Belə olan tərzdə nə üçün qədim Nizami yurdunda, onun müəssisə və təşkilatlarında elmin son nailiyyətləri tətbiq olunmasın?

Bu baxımdan son illər Gəncə səhiyyəsində nəzərəçarpacaq irəliləyişlər  var. Adi bir faktı nəzərə çatdırmaq istərdik. Bu yaxınlarda şəhərdəki onkoloji xəstəxanada yenidənqurma və əsaslı təmirdən sonra yeni şüa -müayinə diaqnostikası bölməsi istifadəyə verildi. Açılışında şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin də iştirak etdiyi bu bölmənin istifadəyə verilməsi təkcə Gəncə şəhəri üçün deyil, region üçün çox mühüm bir hadisədir. Təsəvvür edin ki, neçə illər boyu ağır xəstələr müayinə üçün Bakıya və digər ölkələrə üz tutublar. Amma indi onkoloji xəstələrin şüa müalicəsinin səmərəli planlaşdırılması məqsədi ilə quraşdırılmış kompüter tomoqraf aparatlarının bölmədə quraşdırılması həmin problemi aradan qaldırıb.

Bu gün Gəncənin bir çox tibb müəssisələrinin maddi-texniki bazası heç də respublikamızın paytaxtındakı qabaqcıl səhiyyə  müəssisələrindən geri qalmır. Təbii ki, hələ çatışmazlıqlar az da deyil, təmirə ehtiyacı olan tibb ocaqları var, həkim-xəstə münasibətlərində, peşəkarlıq səviyyəsində müəyyən problemlər qalır. Amma sevindirici haldır ki,  bunlar tədricən aradan qaldırılır, müasir texnologiyaya üstünlük verilir. Şəhər səhiyyə idarəsinin rəisi, respublikamızın əməkdar həkimi Mehman Rzayevin özü daim yeniliyə böyük həvəs göstərən və tətbiqinə çalışan mütəxəssislərdəndir. Deyir ki, Səhiyyə Nazirliyi və şəhər icra hakimiyyəti bu məsələdə bizə həm nümunə göstərir, həm də köməyini əsirgəmir.

Şəhərdəki regional perinatal mərkəzdəki şəraiti bir sıra inkişaf etmiş Avropa ölkələri ilə müqayisə etmək olar. Səliqə-sahman, qadınlar üçün yaradılan şərait, yeni doğulanlara münasibət, həkimlərin peşəkarlığı, ən müasir tibb avdanlıqları və digər amillər bunu cəsarətlə deməyə imkan verir.

Hazırda Gəncədə tibb müəssisələrinin çarpayı problemi həll olunub. Söhbət  adi çarpayılardan getmir. Hər cür texniki imkanları olan, xəstələrə hərtərəfli, necə deyərlər, kömək edən çarpayılardan gedir. Vaxt var idi ki, xəstələr palatalarda altına “kubik” daşlar düzülmüş “çarpayılar”da yatırdılar. Qapı - pəncərələr, içəridəki şərait yarıtmaz vəziyyətdə idi.

Səhiyyə nazirinin ötən ilin avqustunda qəbul etdiyi “Gəncə şəhərinin tibb müəssisələri şəbəkəsində dəyişikliklərin edilməsi barədə qərarından sonra səhiyyə ocaqlarında bir sıra mühüm irəliləyişlər olmuşdur.  Belə ki əvvəllər bəzi tibb ocaqları bir-birini təkrarlayırdı, səmərəli fəaliyyət göstərə bilmirdi. Məsələn, şəhərdəki tələbə poliklinikası ləğv edildi və onun ştat vahidləri hesabına yerlərdə tələbələrə xidmət göstərən həkim məntəqələri yaradıldı.

Yaxud, ağciyər xəstəlikləri dispanseri vərəm əleyhinə xəstəxanaya, rayonlararası kardioloji dispanser Kardiologiya xəstəxanasına, onkoloji dispanser Onkoloji Xəstəxanaya birləşdirildi. Digər oxşar səhiyyə ocaqlarında da islahatlar aparıldı və şəhər üzrə çarpayı fondu 2443-dən 1455-ə endirildi və başqa sözlə, 40 faiz azaldıldı.

Gəncədə özü-özünü dolandıran, tam təsərrüfat hesabı prinsipi ilə işləyən müəssisələr də az deyil. Hazırda 1 və 4 nömrəli poliklinikalar, Diaqnostika Mərkəzi, Nikah və Ailə Məsləhətxanası, reproduktiv sağlamlıq və ailə planlaşdırılması mərkəzi bu prinsiplə işləyir və özünü doğruldur.

Diqqətçəkən məqamlardan biri də budur ki, şəhərin tibb ocaqları əsaslı təmir olunduqdan sonra köhnə tibb avadanlıqlarından və cihazlarından əsər-əlamət belə qalmır. Ən müasir  nə varsa, Gəncə şəhərinə gətirilir, avadanlıqları öyrənmək üçün kurslar təşkil olunur, mütəxəssislər dəvət olunur, həkimlər ezamiyyətə göndərilir, səhiyyə idarəsinin nəzdində təşkil olunmuş tədris mərkəzi böyük bir təcrübə mübadiləsi məkanına çevrilir.

Bu il bölgədə ən böyük tibb müəssisələrindən sayılan 245 çarpayılıq  A.Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında, 80 çarpayılıq yoluxucu xəstəliklər xəstəxanasında, 6 nömrəli poliklinikada əsaslı təmir işlərinə başlanmışdır. Təcili tibbi yardım xəstəxanasının müştərək travmalar şöbəsində yenidənqurma və əsaslı təmir, daxili xəstəliklər şöbəsində, müəssisənin girişində əsaslı təmir işləri başa çatdırılmışdır. Qeyd edək ki, bu işlərin hamısına səhiyyə idarəsinin rəhbərliyi özü birbaşa nəzarət edir. Nəticədə keyfiyyət göz qabağındadır: ən yüksək səviyyə, səliqə-sahman, əsl tibb müəsssəsi.

Təmir gedən tibb müəssisələri az deyil. Psixatriya xəstəxanası, uşaq stomotologiyası, 1,2,3 və 4 saylı poliklinikalar, digər uşaq poliklinikaları, kardioloji və göz xəstəxanaları öz görkəmini dəyişmişdir. Lakin hələ çox iş görülməlidir.

Səhiyyə Nazirliyinin “2011-2015-ci illər üçün vərəmlə mübarizə üzrə tədbirlər Proqramı”na uyğun olaraq Gəncədə çox vacib və xeyirxah bir iş başa çatdırılmış, yəni rayonlararası bakterioloji laboratoriya inşa olunmuşdur. Burada bölgə üzrə davamlı formaların diaqnostikası məqsədi ilə mikrobioloji müayinələrin aparılması üçün elə tibbi laborator avadanlıqlar, bərk inventarlar quraşdırılmışdır ki, inanmaq olmur, kimsə müayinə üçün başqa yerə müraciət etsin.

Səhiyyə Nazirliyi Gəncə şəhərinə daim diqqət, qayğı göstərir. Təkcə bu ilin ötən ayları ərzində şəhərin tibb müəssisələrinə 2 ədəd üçkanallı “EKQ” aparatı, 1 ədəd “İFA” analizator verilmişdir. Kardioloji xəstəxanada tredmil aparatının quraşdırılaraq istifadəsinə başlanmışdır. Şəkərli diabet xəstələrə özünənəzarət vasitələri üçün strip-testlər verilmişdir.

Gəncə səhiyyəsinin bu günü çoxlarını maraqlandırır. Məqsəd budur ki, Azərbayacanın ikinci şəhərində səhiyyə daha da inkişaf etsin. Elə bu yaxınlarda Milli Onkoloji Mərkəzdə  şəhərin onkoloji xəstəxanasına “Rum 7” rentgen müalicə aparatının verilməsi onu göstərir ki, Gəncəyə diqqət, qayğı çoxdur.

Hazırda Gəncədə elə xəstəxana, poliklinika, hətta tibb məntəqəsi yoxdur ki, orada kompüter olmasın. Şəhər bütövlüklə bu ilin yanvarından Səhiyyə Nazirliyinin “stasionarların fəaliyyətinə elektron nəzarət sisteminin tətbiqi barədə Proqramı”na uyğun işləyir. Bütün xəstələrin məlumatları sistemə daxil edilmişdir. Başqa sözlə, elektron sağlamlıq kartı, elektron əmr, o cümlədən adını çəkdiyimiz stasionarların  elektron fəaliyyətinə elektron nəzarət sistemi ən yüksək səviyyədə Gəncədə tətbiq olunmuşdur.

 

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2013.- 3 fevral.- S. 6.