Nəsillərə
örnək olan ömür
yolu
Görkəmli dövlət xadimi,
uzun illər partiya, sovet və dövlət işlərində
çalışmış, təəssübkeş və səmimi
insan Lidiya Rəsulovanın vəfatından bir il ötür.
L.Rəsulova şərəfli bir
ömür yolu keçmişdir. Əmək fəaliyyətinə
ümumtəhsil müəssisələrində başlayan
Lidiya xanım işlədiyi ilk vaxtlardan
prinsipiallığı, tələbkarlığı, dərin
intellekti ilə fərqlənmiş, qısa zamanda vəzifə
pillələrində irəli çəkilərək 20 ilə
yaxın müddətdə respublikamızın gənclər
təşkilatlarında, partiya və sovet orqanlarında
müxtəlif məsul vəzifələrdə işləmişdir.
1981-ci
ildə L.Rəsulovaya daha böyük etimad göstərilmiş
və o, Azərbaycan Respublikası Həmkarlar
İttifaqları Şurasının sədri
seçilmişdir. Həmin dövrdə bütövlükdə SSRİ məkanında
həmkarlar təşkilatlarının fəaliyyətininin təşkilinə,
ümumiyyətlə, həmkarlar ittifaqları hərəkatına,
onların cəmiyyətdə rolunun öyrənilməsinə
və gücləndirilməsinə münasibətdə yeni
baxış formalaşmaqda idi. Lidiya xanım bu vəzifədə
işlədiyi müddətdə İttifaq çərçivəsində
həmkarlar hərəkatında respublikamızı ləyaqətlə
təmsil etmiş, yüksək təşkilatçılıq
keyfiyyətləri ilə diqqəti cəlb etmişdir. Bu illərdə
ölkəmizdə həmkarlar ittifaqları təşkilatlarının
işinin canlandırılması, onların maddi-texniki
bazasının möhkəmləndirilməsi, istirahət və
müalicə mərkəzlərinin işinin səmərəsininin
artırılması, yeni istirahət və müalicə
şəbəkələrinin yaradılması, insanların
sosial-rifah halının yaxşılaşdırılması
istiqamətlərində bir sıra müsbət işlər
görülmüşdür.
Azərbaycan
Respublikasının sosial təminat naziri, Azərbaycan
Respublikası Dövlət Elm və Texnika Komitəsinin sədr
müavini vəzivələrində işlədiyi dövrlərdə
də Lidiya xanım fəaliyyət sahəsi ilə
bağlı aktual problemlərə özünəməxsus
yanaşma tərzi və idarəçilik qabiliyyəti
nümayiş etdirmiş, ona tapşırılan məsul
dövlət vəzifələrinin öhdəsindən
bacarıqla gəlmişdir. Göstərilən sahələrdə
dövlət siyasətinin və idarəçiliyinin həyata
keçirilməsi ilə bağlı vəzifələrin
yerinə yetirilməsində qazandığı uğurlar onu
mahir təşkilatçı kimi tanıtmışdır.
Ümummilli
lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətdə
olduğu 70-ci illərdə və 80-ci illərin əvvəllərində,
eləcə də Sovet dövlətinin rəhbərlərindən
biri olduğu dövrdə onun
qayğısı və bilavasitə dəstəyi ilə
partiya, sovet və dövlət idarələrində
çalışan bir sıra yüksək səviyyəli
peşəkar kadrlar yetişdirilmişdi ki, onlar
respublikamızın sonrakı mərhələlərdə,
xüsusən müstəqillik illərindəki
inkişafına çox böyük xidmətlər göstərmişlər.
Lidiya xanım da Azərbaycan
dövlətçiliyinin inkişaf tarixində çox əhəmiyyətli və
şərəfli səhifə olan bu dövrdə
formalaşmış bir kadr kimi Heydər Əliyev strateji
kursunun həyata keçirilməsinin fəal
iştirakçılarından biri olmuşdur. Xüsusən
o, təhsil naziri vəzifəsində
çalışdığı dövrdə ölkəmizdə
sovet təhsil sistemindən milli təhsil sisteminə
keçidin ən mürəkkəb anlarında ortaya
çıxan çətin problemlərin həllində
yüksək peşəkarlıq nümunəsi göstərmiş,
gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə
və milli dövlətçiliyimizə sadiq övladlar kimi
yetişməsinə öz layiqli töhfəsini vermişdir.
Lidiya
xanımın təhsil naziri vəzifəsinə təyin
olunduğu dövr ölkəmizin çox çətin və
keşməkeşli dövrlərindən birinə təsadüf
edirdi. O zaman respublikamızın inkişafına əngəllər
törədən, onu parçalamağa çalışan bədniyyətli
qüvvələr hələ də fəaliyyət göstərməkdə,
planlar qurmaqda idilər. Belə mürəkkəb və məsul
anlarda Vətən təəssübkeşlərinə, səriştəli
və dövlətçilik ənənələrimizə
sadiq olan yüksək peşəkar kadrlara böyük ehtiyac
var idi və məhz belə çətin bir dövrdə ulu
öndərimiz təhsil naziri kimi məsul vəzifəni Lidiya
Rəsulovaya tapşırmaqla ona böyük etimad göstərmişdi.
Ulu
öndərimizin respublikanın ali və orta ixtisas məktəblərinə
qəbulla əlaqədar 1994-cü ilin 2 avqust tarixində
Prezident Sarayında keçirilmiş müşavirədəki
giriş nitqində dediyi bu sözlər də məhz bu
etimadın nəticəsi idi: “Mən Lidiya Rəsulovanı təhsil
naziri təyin etdim. Bu addımı atarkən belə fikirdə
idim və öz fikrimdə qalıram ki, Lidiya Rəsulova təcrübəli
kadrdır, respublikada tanınmış adamdır və ali təhsil
sahəsində çox böyük təcrübəsi var,
yüksək mənəviyyata malikdir. Əminəm ki, o,
öz təcrübəsindən, biliyindən istifadə edərək,
hazırladığımız tədbirləri həyata
keçirəcəkdir”.
Təhsili
millətin gələcəyi üçün ən vacib amillərdən
biri hesab edən və təhsilin inkişafına xüsusi
diqqət və qayğısını heç zaman əsirgəməyən
Heydər Əliyevin bu sözləri Lidiya xanımın şəxsiyyətinə,
mənəviyyatına verilən yüksək dəyərin
bariz nümunəsidir.
L.Rəsulova
belə yüksək etimadı doğrultmaya bilməzdi və
o, əsl vətəndaşlıq, yüksək peşəkarlıq
keyfiyyətləri nümayiş etdirərək ölkəmizdə
təhsil sisteminin inkişafı və onun milli xüsusiyyətləri
nəzərə alınmaqla yeni dövrün və
ictimai-siyasi mühitin çağırışlarına
uyğun təkmilləşdirilməsi, zamanın tələbləri
ilə ayaqlaşmağı bacaran intellektual potensiala malik
elmi-pedaqoji müəllim kadrlarının hazırlanması
istiqamətlərində işin təşkili
üçün bütün bilik və
bacarığını səfərbər etmiş, qısa
vaxtda bu sahədə bir çox nailiyyətlərin
qazanılmasında böyük xidmətlər göstərmişdir.
Lidiya xanımın bu xüsusiyyətləri onun pedaqoji fəaliyyətində
də çox aydın nəzərə çarpmış və
o, milli mənəvi və fəlsəfi-əxlaqi
meyarlarımızın və ənənələrimizin
qorunub saxlanması, inkişaf etdirilməsi və gənclərə
aşılanması üçün əlindən gələni
etmişdir.
Bununla
yanaşı, o, bir müddət gender məsələləri
ilə məşğul olmuş, onun rəhbərliyi
altında Gender Araşdırmaları Mərkəzində
aparılan araşdırmaların nəticələri
qadınların cəmiyyətdəki mövcud problemlərinin
həllində müstəsna rol oynamışdır.
Ümumdünya Qadınlar Konfransında Azərbaycanın təmsilçisi
kimi çıxış edərək mütəxəssislərin
diqqətini cəmiyyətdəki gender problemlərinə
yönəltmiş, onların həlli üçün təkliflər
səsləndirmişdir.
Ümummilli
lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa daim
sadiq olan şəxs kimi uzun illər doğma Azərbaycanımızın
mədəni və sosial-iqtisadi inkişafının sürətləndirilməsi
strategiyasının həyata keçirilməsində və
ölkəmizdə demokratik-hüquqi dövlət
quruculuğunun möhkəmləndirilməsində səmərəli
fəaliyyəti və yüksək şəxsi keyfiyyətləri
Lidiya xanıma cəmiyyətdə
dərin hörmət və nüfuz
qazandırmışdır. Bunların nəticəsidir ki, o,
müxtəlif illərdə SSRİ və Azərbaycan Ali
Sovetinin deputatı seçilmiş, bir çox orden və
medallara layiq görülmüş, 1997-ci ildə isə
müstəqil Azərbaycanın dövlət quruculuğunda fəal
iştirakına görə ölkəmizin ali mükafatı
olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Lidiya
Rəsulovanın həyat və fəaliyyəti, dövlətçilik
ənənələrimizin inkişafına göstərdiyi
xidmətlər barədə sonsuz xoş sözlər söyləmək,
onun gördüyü işlər haqqında qalın kitablar
yazmaq olar. Lakin bu gün onun xatirəsinə ən
yaxşı hədiyyə möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanımızın
gündən-günə qüdrətlənməsi, dövlətçiliyimizin
daha da möhkəmlənməsi
və dünya dövlətləri sırasında şərəfli
yer tutmasıdır, xalqımızın firavan gələcəyinə
böyük əminlikdir. Çünki bu nailiyyətlərin
qazanılmasında xidmətləri olan insanların
sırasında Lidiya xanımın da adı şərəflə
çəkilir.
Onun
zəngin, qürur duyulmalı fəaliyyəti və
sonrakı nəsillərə örnək olan
işıqlı ömür yolu bu böyük insanı
bütün cizgiləri ilə canlandırmağa imkan verir.
Lidiya xanım tariximizdə özünə Tomiris, Sara
xatın, Natəvan xanım kimi əbədilik
qazanmışdır və hər zaman hörmət və o, ehtiramla
xatırlanacaqdır.
Natiq İSAYEV,
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü
Xalq qəzeti.- 2013.- 5 fevral.- S. 6.