ATİ-nin əməkdaşları Britaniya Şurasının təşkil etdiyi təlim kursunda iştirak etmişlər
Azərbaycan
Turizm İnstitutunun xarici əlaqələr və layihələr
şöbəsinin əməkdaşları Vüsalə Qəhrəmanlı
və Nəzrin Əliyeva 2013-cü il
yanvarın 22-dən 25- inədək ali təhsil
müəssisələrindən seçilmiş
nümayəndələrin iştirakı ilə “Azərbaycan
Universitetlərinin Beynəlxalq Əlaqələr Departamentinin
inkişafı” üzrə təlim kursunda
iştirak etmişlər. Qeyd edək ki,
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
dəstəyi ilə Britaniya
Şurasının ali təhsilin beynəlmiləlləşdirilməsi
layihəsi çərçivəsində təşkil edilən
təlim kursunun məqsədi beynəlxalq
əlaqələr sahəsində çalışan mütəxəssislərin
bilik və bacarıqlarının təkmilləşdirilməsidir.
Təlim kursunu aparan ekspertlər Britaniya
Şurası tərəfindən İngiltərənin Varvik Universitetinin beynəlxalq
əlaqələr departamentindən dəvət olunmuşlar. Bu təlimlərdə
Azərbaycanın müxtəlif şəhərlərində—
Gəncədə, Naxçıvanda, Sumqayıtda və
Bakıda yerləşən 15 ali məktəbin
beynəlxalq əlaqələr şöbələrinin əməkdaşları
iştirak etmişlər. Təlimlər interaktiv şəkildə təşkil olunmuş, iştirakçılar təlim
prosesində qarşılıqlı müzakirələrdə
fəallıq göstərmiş, təcrübələrini bölüşmüş və maraqlı təklif
və rəylərlə çıxış etmişlər.
Kursu uğurla bitirən
iştirakçılar üçün gələcəkdə
İngiltərənin Varvik Universitetinə
tanışlıq səfərinin təşkil olunması nəzərdə
tutulmuşdur.
Sonda
iştirakçılar təlimin yüksək səviyyədə
təşkil olunmasından razılıqlarını bildirərək
həm nəzəri və praktiki baxımdan biliklərə
yiyələnmək, həmçinin ölkəmizin universitetləri
arasında ilkin tanışlıqlar qurularaq əlaqələrin
gələcəkdə daha da möhkəmlənməsi
baxımından onun əvəzsiz rolu olduğunu qeyd etmişlər.
Britaniya Şurasının proqramlar üzrə meneceri Əkbər
Daşdəmirov keçirilmiş uğurlu təlimin nəticəsi
olaraq ali məktəblərlə gələcəkdə bu tip
təlimlərin davam etdirilməsi niyyətində
olduqlarını qeyd etmişdir. Təlimin sonunda
iştirakçılara xüsusi sertifikat verilmişdir.
Qeyd
etmək yerinə düşər ki, sözügedən təlim
kursunun birinci mərhələsi 2012-ci ilin 24-28 sentyabr tarixlərində
keçirilmişdir.
Xalq qəzeti.- 2013.- 5 fevral.- S. 6.