Azərbaycanın ilk təyyarəçilərindən biri–Əli Verdiyev

 

Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda Azərbaycan aviasiya tarixinə aid unikal bir sənədlə bağlı araşdırmalar aparılır. Muzeydən aldığımız məlumatda deyilir:“Bu vaxta qədər haqqında çox az məlumata malik olduğumuz Əli Verdiyevin şəxsi sənədləri arasında 1916-cı ildə Parisdə ona verilmiş təyyarəçi patenti xüsusi yer tutur.

 

Sənəddən məlum olur ki, 1891-ci il yanvarın 1-də Yelizavetpol şəhərində (indiki Gəncə) anadan olmuş Əli Verdiyev 1916-cı ildə Parisdə aviasiya məktəbini bitirmişdir. Beynəlxalq Aeronavtika Federasiyasının Paris bölməsi tərəfindən verilən aviasiya patentinə əsasən Əli Verdiyev 1916-cı il iyunun 22-də “pilot-aviator” normativlərini tam yerinə yetirərək bu ada layiq görülmüşdür.”

 Aşkar olunmuş bu patent Azərbaycan aviasiya tarixinə  yeni bir şəxsiyyətin adını yazmağa tam əsas verir.

Muzeydə qorunan digər sənədlərdən və fotoşəkillərdən aydın olur ki, 1912-ci ildə Varşavada təhsil alan Əli Verdiyev Parisə gedərək Beynəlxalq Aeronavtika Federasiyasının Paris bölməsində patent almış,  ehtimal ki, 1923-cü ilədək xaricdə yaşamış, sonralar Vətənə qayıtmışdır. Hazırda Azərbaycanın ilk təyyarəçilərindən biri olan Əli Verdiyevin həyat və fəaliyyətinin araşdırılması istiqamətində Milli Azərbaycan Tarixi Muzeyində araşdırmalar davam etdirilir.

 

 

Samirə ƏLİYEVA

 

Xalq qəzeti.- 2013.- 5 fevral.- S. 5.