Naxçıvan Muxtar Respublikası Ali Məclisində
müşavirə keçirilmişdir
Fevralın 4-də
Naxçıvan Muxtar Respublikası Ali Məclisində “2012-ci ilin
yekunları və qarşıda duran vəzifələr”
mövzusunda müşavirə keçirilmişdir. Məsələ ilə
bağlı Naxçıvan Muxtar Respublikasının
iqtisadi inkişaf naziri Famil Seyidov
və Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin sədri
Bəxtiyar İsmayılov çıxış etmişlər.
Naxçıvan Muxtar
Respublikası Dövlət Gömrük
Komitəsinin sədri Asəf Məmmədov, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin baş direktoru Yasin Səfərov, Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri
Rövşən Məmmədov, Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Xalid İsgəndərov, Azərbaycan Respublikası Mərkəzi
Bankının Naxçıvan Muxtar
Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov,
Naxçıvan Muxtar Respublikasının
səhiyyə naziri Niyazi
Novruzov, Naxçıvan Muxtar
Respublikasının vergilər naziri Əli
Mahmudov və Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Suliddin Əliyev
müzakirə olunan məsələ
ilə əlaqədar məlumat vermişlər.
Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin
Sədri Vasif Talıbov müşavirədə
çıxış edərək demişdir: – Hər bir
ölkədə, regionda görülmüş işlərin
nəticəsi makroiqtisadi sabitliyi təmin edən iqtisadi
artımla müəyyənləşir. Bu baxımdan, hər
il olduğu kimi, 2012-ci ildə
də muxtar respublikada ümumi daxili məhsulun həcmində
artım təmin olunmuş, sənaye və digər istehsal sahələrinin
inkişafına diqqət artırılmışdır. Bir
sıra irimiqyaslı layihələr həyata
keçirilmiş, sahibkarlığın inkişafı
üçün əlverişli şərait
yaradılmış, yerli xammaldan istifadəyə əsaslanan
yeni istehsal və xidmət sahələri işə
salınmışdır. Nəticədə, muxtar
respublikanın idxaldan asılılığı əhəmiyyətli
dərəcədə azalmış, iqtisadiyyatın daxili
resurslar hesabına ixracyönümlü inkişaf xətti
götürməsi təmin edilmişdir. İstifadəyə
verilmiş onlarca təhsil, səhiyyə, mədəniyyət
obyektləri, dünya standartları səviyyəsində
çəkilmiş yollar iqtisadi tərəqqinin mühüm
göstəricilərindəndir. Əldə olunmuş nəticələr
arxayınlaşmaq üçün əsas vermir. Bu nəticələrin
daha da yaxşılaşdırılması üçün fəaliyyət
gücləndirilməli, bəzi sahələrdə
buraxılmış nöqsan və
çatışmazlıqlar aradan
qaldırılmalıdır.
Ali Məclisin
sədri ötən il işdə buraxılmış
nöqsanlara toxunaraq demişdir ki, müvafiq
tapşırıqların verilməsinə baxmayaraq, daxili
bazarın qorunması və yerli istehsalın inkişafı
sahəsində imkanlardan hələ də tam istifadə
olunmur. Muxtar respublikada iqtisadi inkişafın nəticəsi
olaraq əhalinin gəlirləri artır. Bu, təbii
haldır. Lakin yol vermək olmaz ki, gəlirlərin həcmində
müşahidə olunan artım istehlak bazarında qiymətlərin
də heç bir səbəb olmadan artması ilə nəticələnsin.
İstehlakçıların
elektrik enerjisi və təbii qazdan səmərəli və
düzgün istifadəsinə lazımi səviyyədə nəzarət
olunmur. Pərakəndə çəkilmiş elektrik dirəkləri
və xətləri vaxtında dəyişdirilmir, xətlərə
toxunan ağacların budanması davamlı təşkil
olunmur. İstər rayon mərkəzlərində, istərsə
də qəsəbə və kəndlərdə nizam-intizam
aşağı səviyyədədir. Yeni tikilən inzibati
binaların saxlanma vəziyyəti qənaətbəxş
deyil. Şəhər və rayon mərkəzlərində təmir
olunmayan çoxmərtəbəli yaşayış
binalarında blokların qapı və pəncərələri,
həmçinin dam örtüklərinin bir çoxunun nasaz vəziyyətdə
olması qış mövsümünə hazırlığın
yerlərdə aşağı səviyyədə təşkil
olunduğunu göstərir.
“Qeyd
olunan nöqsan və çatışmazlıqlar aidiyyəti
qurumların məsuliyyət hissinin artırılmasını
tələb edir. Qarşıdakı dövr ərzində istər
mərkəzi, istərsə də yerli icra hakimiyyətləri
işə münasibəti kökündən dəyişməlidirlər”,-deyən
Ali Məclisin sədri aidiyyatı orqanlara konkret
tapşırıqlar verərək bildirmişdir ki, muxtar
respublika büdcəsinin həcminin ildən-ilə artması
nəzərə alınaraq Maliyyə Nazirliyi və onun yerli
qurumları büdcə vəsaitinin təyinatına uyğun
və səmərəli istifadəsinə nəzarəti
artırmalı, debitor borcların yaranmasının
qarşısını almalı, qanunsuz xərclərə yol
verməməlidirlər. İqtisadi fəaliyyətin
bütün sahələrində həyata keçirilən və
mümkün olan maliyyə əməliyyatlarının
nağdsız hesablaşmalar vasitəsilə aparılması
təmin olunmalıdır.
Ali Məclisin
sədri Naxçıvan Muxtar Respublikası İqtisadi
İnkişaf Nazirliyi üçün də konkret vəzifələr
müəyyənləşdirmişdir. Qeyd olunmuşdur ki,
daxili bazarın xarici amillərin təsirindən
qorunmasında yerli istehsalın inkişafının xüsusi
rolu nəzərə alınaraq yerli xammaldan istifadə əsasında
fəaliyyət göstərən və satış bazarı
olan yeni müəssisələrin yaradılması İqtisadi
İnkişaf Nazirliyi tərəfindən bundan sonra da daim diqqət
mərkəzində saxlanmalı, daxili bazarda süni qiymət
artımının qarşısının alınması məqsədilə
həyata keçirilən tədbirlərin təsirliliyi
artırılmalıdır.
Ali Məclisin
sədri qeyd etmişdir ki, həyata keçirilən
islahatların nəticəsi olaraq kənd təsərrüfatı
məhsulları istehsalında hər il artım müşahidə
olunur. İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı
Nazirliyi və yerli icra hakimiyyətləri qiymət
artımına yol verməmək üçün istehsal
olunmuş məhsulların yarmarkalar vasitəsi ilə
birbaşa istehsalçılar tərəfindən
satışını davam etdirməlidirlər. Soyuducu anbarlarda
məhsulların saxlanmasının normativ qaydalara
uyğunluğunun təmin edilməsi, eləcə də
mövsüm ərzində tələbatdan artıq məhsulun
anbarlara cəlb olunması üçün İqtisadi
İnkişaf Nazirliyi öz fəaliyyətini gücləndirməlidir.
Müşavirədə
bildirilmişdir ki, Dövlət Meliorasiya və Su Təsərrüfatı
Komitəsi torpaqların şoranlaşmasının
qarşısını almaq üçün meliorativ tədbirləri
davam etdirməli, yerli icra hakimiyyətləri ilə birlikdə
suvarma suyundan səmərəli istifadəni daim nəzarətdə
saxlamalıdır. Dövlət Baytarlıq Xidməti və
onun yerli orqanları yaradılmış şəraitdən
düzgün istifadə etməli, profilaktiki tədbirləri
gücləndirməli, xəstəliklərin
qarşısının alınması, heyvanların cins tərkibinin
yaxşılaşdırılması üçün əlavə
tədbirlər görməli, süni mayalanmanın
üstün cəhətlərinin təbliği,
mal-qaranın, xüsusilə gətirilmiş damazlıq cins
mal-qaranın saxlanılma şərtləri ilə
bağlı əhali arasında maarifləndirmə tədbirləri
aparmalıdır.
Ekologiya
və Təbii Sərvətlər Nazirliyi kənd təsərrüfatına
yararsız və ya azyararlı torpaq sahələrində
meşə və qoruyucu meşə zolaqlarının
salınmasını diqqət mərkəzində
saxlamalı, meşə fondundan səmərəli istifadə
olunması, onun qorunması və bərpası ilə
bağlı tədbirləri daha da gücləndirməlidir.
Dövlət
Şəhərsalma və Arxitektura Komitəsi muxtar respublikada
həyata keçirilən tikinti-abadlıq işlərində
keyfiyyət amilinə nəzarəti artırmalı, tikinti
sektorunda bədbəxt hadisələrin
qarşısının alınması üçün
işçilər arasında texniki təhlükəsizlik
qaydaları haqqında təlimatlandırmanın təşkilini,
işçilərin fərdi və xüsusi mühafizə
vasitələri ilə təchiz olunmasını nəzarətdə
saxlamalıdır.
Son
illər geniş vüsət alan quruculuq tədbirlərinin əsas
tərkib hissəsindən birinin də magistral və yerli əhəmiyyətli
yolların yenidən qurulması və bərpası
olduğunu bildirən Ali Məclisin sədri demişdir ki,
müasir tələblər səviyyəsində inşa
olunan yollar əhalinin rahat gediş-gəlişi
üçün imkanlar yaratmış, bununla yanaşı,
ucqar kəndlərimizin iqtisadi inkişafına da müsbət
təsir göstərmişdir. Nəqliyyat Nazirliyi muxtar
respublikanın bütün yaşayış məntəqələrinə
gediş-gəlişi təmin etmək məqsədilə yeni
marşrutların yaradılmasını diqqət mərkəzində
saxlamalı, yerli icra hakimiyyətləri ilə birlikdə,
xüsusən qış aylarında bütün
marşrutların vaxtlı-vaxtında hərəkətini təmin
etməlidir.
Müşavirədə
prioritet sahə olan təhsilin inkişafına xüsusi diqqət
yetirilməsinin vacibliyi vurğulanmış, Təhsil
Nazirliyinin qarşısında konkret vəzifələr
qoyulmuşdur. Ali Məclisin sədri qeyd etmişdir ki, muxtar
respublikada təhsilin keyfiyyətini daha da
yaxşılaşdırmaq məqsədilə Təhsil
Nazirliyi ümumtəhsil məktəblərində
informasiya-kommunikasiya texnologiyalarının imkanlarından
faydalı istifadəni təmin etməli, dərs zamanı
müasir əyani vasitələrin tətbiqi üçün
müvafiq tədbirlər həyata keçirməlidir.
Naxçıvan
Muxtar Respublikası Səhiyyə Nazirliyinə
tapşırılmışdır ki, müvafiq qurumlarla
birlikdə iş yerlərində, bazarlarda, kommunal və
ictimai xidmət obyektlərində sanitar-gigiyena
qaydalarının tətbiqinə nəzarəti
artırsın. Səhiyyə müəssisələrində əmək
intizamına, tibbi heyətin ixtisasartırma kurslarına
göndərilməsinə ciddi əməl olunsun. Tibb müəssisələrində
quraşdırılan müasir avadanlıqların öyrənilməsi
və qorunmasına, vaxtlı-vaxtında servis xidmətinin təşkilinə
nəzarət olunsun, dezinfeksiya işlərinin
aparılması təmin edilsin.
Ali Məclisin
sədri daha sonra demişdir: – Mədəniyyət və Turizm
Nazirliyi tabeliyində olan müəssisə və təşkilatlara
nəzarət etməli, mədəniyyət müəssisələrinin,
klub və kitabxanaların fəaliyyətində ciddi
dönüş yaratmalıdır. İnsanların intellektual
səviyyəsinin artırılması, təhlil aparmaq qabiliyyətinin
formalaşdırılması üçün hər zaman
ehtiyac duyduğu vasitələrdən biri olan kitab oxumaq və
mütaliə mədəniyyətini artırmağın ən
sadə yolu kitabxanaların xidmətindən istifadədir.
Ali Məclisin
sədri qeyd etmişdir ki, muxtar respublikada hər il onlarca yeni
müəssisə istifadəyə verilir, yeni iş yerləri
açılır, əhalinin məşğulluq probleminin həlli
istiqamətində tədbirlər görülür. Buna
uyğun olaraq Dövlət Sosial Müdafiə Fondu özəl
sektorda fəaliyyət göstərən fiziki və hüquqi
şəxslərin məcburi dövlət sosial sığorta
haqlarının ödənilməsinə tam şəkildə
cəlb olunması üçün tədbirlərin
ardıcıllığını və nəticəli
olmasını təmin etməlidir.
Hüquqi
maarifləndirmə işinin səviyyəsinin
artırılması, vətəndaşların hüquq və
vəzifələrinin izah olunmasında yaxından iştirak
edilməsi muxtar respublikanın məhkəmə və
prokurorluq orqanlarına tapşırılmışdır.
Ali Məclisin
sədri qarşıya qoyulmuş vəzifələrin
icrasında müşavirə iştirakçılarına
uğurlar arzulayaraq demişdir ki, muxtar respublikanın
inkişafı bizim hər birimizi düşündürməli,
hər bir sahədə məsuliyyət hissi
artırılmalı, Heydər Əliyev ilində daha da səylə
çalışmalıyıq.
Xalq qəzeti.- 2013.- 5
fevral.- S. 3.