Nərimanov rayonunda 2012-ci ilin yekunları müzakirə olunmuşdur
Dünən
Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətində 2012-ci ildə rayonun sosial-iqtisadi
inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat
yığıncağı keçirildi.
Tədbir iştirakçıları öncə müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli
lideri Heydər Əliyevin rayon
icra hakimiyyəti binasının foyesindəki
büstü önünə gül dəstələri qoydular.
Rayonun sənaye, təhsil, səhiyyə və mədəniyyət təşkilatlarının, hüquq-mühafizə orqanlarının, ictimai birliklərin, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdikləri yığıncağı Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev açdı. “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında irəli sürülmüş vəzifələrlə bağlı Nərimanov rayonunun sosial-iqtisadi inkişafının ötən ilin yekunları və qarşıda duran vəzifələr barədə” hesabat məruzəsi ilə çıxış edən natiq dövlət başçısının məlum iclasdakı nitqinin bəzi məqamları üzərində geniş dayandı. 2012-ci ildə ölkə həyatının bütün sahələrində əldə olunmuş uğurların Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini və cari ildə bu nailiyyətlərin daha da inkişaf etdirilməsinin, nəzərdə tutulmuş bütün proqram və layihələrin yerinə yetirilməsinin vacibliyinin qeyd edildiyini diqqətə çatdıran A. Fərzəliyev 2012-ci ildə baş vermiş davamlı inkişaf prosesində Nərimanov rayonunun da mühüm rol oynadığını bildirdi. Qeyd olundu ki, 2012-ci ilin yekunlarına görə, rayon iqtisadiyyatının mühüm sahəsi sayılan sənayenin dinamik inkişafı davam etmiş və bu müddət ərzində xidmətlər də daxil olmaqla 1 milyard 851,9 milyon manatlıq məhsul istehsal olunmuşdur. Ümumi məhsulun 83,5 faizi dövlət sektorunun payına düşmüşdür. Ötən il istehlakçılara 1 milyard 882,2 milyon manatlıq sənaye məhsulu göndərilmişdir. İl ərzində sənaye müəssisələrində işləyənlərin sayı 1659 nəfər artaraq 9440 nəfər təşkil etmiş, onların orta nominal əmək haqları 435,2 manata çatmışdır.
2012-ci ildə yeni
iş yerlərinin yaradılması ilə
bağlı tədbirlərin davam etdirildiyini vurğulayan natiq il ərzində Nərimanov
rayonunda 5477 daimi iş yerinin
açıldığını diqqətə
çatdırdı. Ötən il rayon üzrə bütün
mənbələr hesabına əsas kapitala
investisiya qoyuluşu
430,1 milyon manat təşkil
etmişdir. İcra hakimiyyətinin başçısı
onu da bildirdi
ki, 2012-ci ildə rayonun
inşaat sektorunda
yüksək göstəricilər əldə edilmiş,
tikinti təşkilatları tərəfindən
928,7 milyon manatlıq iş
həcmi yerinə yetirilmişdir. Hesabat dövründə tikinti
təşkilatlarında çalışan işçilərin
sayı 11846 nəfər təşkil etmiş,
onların orta aylıq əmək
haqları 464,9 manata
çatmışdır ki, bu da əvvəlki ilə
nisbətən xeyli çoxdur.
Məruzəçi qeyd etdi ki, ötən il iqtisadiyyatın başqa sahələrində olduğu kimi, əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan pullu xidmətlərin həcmi də xeyli artmış, rayon əhalisinə 304,5 milyon manatlıq belə xidmət göstərilmişdir ki, bu da əvvəlki illə müqayisədə 14,6 faiz artıqdır. 2012-ci ildə rayon ərazisində fəaliyyət göstərən ticarət müəssisələri üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 9,2 faiz artaraq 869,9 milyon manata çatmışdır. Bundan əlavə, il ərzində əhaliyə göstərilən ictimai iaşə xidmətinin həcmi 50 faiz artaraq 55,1 milyon manat təşkil etmişdir. Ötən il, həmçinin rayon əhalisinə 60,1 milyon manatlıq nəqliyyat və 16,2 milyon rabitə xidmətləri göstərilmişdir.
İcra hakimiyyətinin başçısı il ərzində rayonda çox mühüm sosial və digər infrastruktur layihələrinin həyata keçirildiyini diqqətə çatdırdı. Qeyd olundu ki, Nərimanov rayonunun geniş quruculuq məkanına çevrilməsinin başlıca səbəbi dövlət başçısı İlham Əliyevin ölkəmizin bütün bölgələri kimi bu rayona da xüsusi diqqət və qayğı göstərməsi ilə bağlıdır. Təsadüfi deyil ki, 2012-ci ildə ölkə Prezidenti 19 dəfə Nərimanov rayonunda olmuş, bir sıra vacib obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, eləcə də inşası davam etdirilən obyektlərdə işlərin gedişi ilə tanış olmuşdur. Rayonda dövlət başçısının tapşırığı və bilavasitə nəzarəti altında iri infrastruktur layihələrinin icrasının uğurla davam etdirildiyini vurğulayan məruzəçi Azərbaycanın simvoluna çevrilmiş Heydər Əliyev Mərkəzinin istifadəyə verilməsini ölkəmizin, o cümlədən Nərimanov rayonunun həyatında əlamətdar hadisə kimi dəyərləndirdi və hazırda adıçəkilən mərkəzin bir sıra mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsini diqqətə çatdırdı. Natiq, həmçinin dövlət başçısının tapşırığı və bilavasitə nəzarəti altında rayon ərazisində aparılan digər abadlıq-quruculuq işləri ilə bağlı da ətraflı məlumat verdi. Qeyd olundu ki, ötən il rayonun Xətai, Azadlıq prospekti, Akademik Həsən Əliyev, Əhməd Rəcəbli, Əliyar Əliyev küçələri yenidən qurulmuş, Gənclik meydanında yeraltı yol ötürücülərinin və yeraltı avtomobil dayanacağının inşası, metronun “Gənclik” stansiyasının ətrafında yerləşən binaların fasadlarının milli memarlıq üslubunda yenidən qurulması, Vaqif prospektinin genişləndirilməsi, eləcə də Ziya Bünyadov prospektinin yenidən qurulması və paytaxtın baş planına uyğun digər layihələrin həyata keçirilməsi davam etdirilmişdir. Hazırda isə “Dədə Qorqud” parkının və yaxınlıqda yerləşən binaların fasadlarının yenidən qurulması işləri aparılır.
A.Fərzəliyev
daha sonra rayonun abadlaşdırılması, mənzil-məişət
obyektlərinin istismarı vəziyyətinin
yaxşılaşdırılması sahəsində 2012-ci ildə
görülmüş işləri diqqətə
çatdırdı. Qeyd edildi ki, ötən il rayonun bir
sıra küçə və prospektlərinə ümumilikdə
419200 kvadratmetr asfalt örtüyü salınmış,
növbəti payız-qış mövsümünə
hazırlıqla əlaqədar olaraq 5061 kvadratmetr sahədə
dam örtüyü təmir edilmiş, daxili kommunikasiya xətləri,
yağış suları axıdılan navalçalar,
ümumi girişlərdəki pəncərə və
qapılar dəyişdirilmiş, zirzəmilərdə
yığılan suların çəkilməsi və kəskin
qəzalı vəziyyətdə olan evlərin təmiri
üçün zəruri tədbirlər həyata
keçirilmiş, həyətdəki oturacaqlar və məişət
tullantıları üçün nəzərdə
tutulmuş konteynerlər rənglənmişdir.
Məruzəçi
rayon əhalisinin elektrik enercisi, qaz və içməli su təminatı
ilə bağlı il ərzində görülmüş
işlər barəsində məlumat verdi, təhsil, səhiyyə,
idman və gənclər siyasəti, həmçinin əhalinin
sosial müdafiəsinin gücləndirilməsi sahələrində
həyata keçirilən tədbirlərdən bəhs etdi. Həmçinin
ölkə Prezidenti cənab İlham Əliyevin bütün
görüşlərində vətəndaşların
müraciətlərinə diqqət və qayğı ilə
yanaşılması, onların problemlərinin həllinə
hərtərəfli kömək göstərilməsi barədə
tapşırıq verdiyini xatırladan natiq bu məqsədlə
ötən il rayonda keçirilən səyyar qəbul və
görüşlərdə vətəndaşlar tərəfindən
qaldırılan məsələlərin əksəriyyətinin
həll edildiyini bildirdi.
Hesabat
məruzəsinin sonunda 2013-cu ildə miqyasına və əhəmiyyətinə
görə qarşıda daha böyük və ciddi vəzifələrin
dayandığını vurğulayan natiq Nərimanov rayonunun
sosial-iqtisadi inkişafının sürətləndirilməsi,
ölkə başçısı cənab İlham Əliyevin
sosial-iqtisadi və siyasi kursunun uğurla həyata keçirilməsi
üçün bütün imkanların gələcəkdə
də səfərbər olunacağını, rayon sakinlərinin
artan maddi və mənəvi tələbatının ödənilməsi
üçün lazım olan bütün tədbirlərin
görüləcəyini bildirdi.
Məruzə
ətrafında çıxış edən natiqlər rəhbərlik
etdikləri sahələrin 2012-ci ildəki fəaliyyəti və
qarşıda duran vəzifələr barədə hesabat
verdilər. Ötən ilin bütün ölkə kimi,
paytaxtın Nərimanov rayonu üçün də əlamətdar
olduğunu bildirdilər, bu uğurların
artırılması üçün daha böyük əzmkarlıqla
çalışmağın vacibliyini qeyd etdilər.
Tədbirdə
Prezident Administrasiyasının məsul işçisi
Tağı Tağıyev, Milli Məclisin deputatı, YAP sədrinin
birinci müavini, icra katibi Əli Əhmədov, eləcə də
deputat Adil Əliyev çıxış edərək 2012-ci
ildə ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində
əldə olunmuş mühüm uğurlara bir daha nəzər
yetirdilər, qazanılmış nailiyyətlərin Nərimanov
rayonunun timsalında da aydın nəzərə
çarpdığını bildirdilər.
Hesabat
yığıncağının sonunda rayonun təhsil, səhiyyə,
idman, sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında
fərqlənənlərə xüsusi mükafatlar verildi.
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2013.- 6
fevral.- S. 7.