Dəvəçidən
Şabrana aparan “yol
Ayağı bu dünyanın
yollarını dolananlar, səyahət etməyi sevənlər
yaxşı bilirlər: Avropanın “şüşə kimi”
rahat yollarında dolanıb inkişaf etmiş Qərbin
möhtəşəm şəhərlərini, bu şəhərlərdəki
tarixi qəsrləri, əsrarəngiz məbədləri,
müasirliyin möhtəşəm abidələrinə
çevrilmiş “papaq salan” göydələnləri seyr edərkən
hərdən
düşünürsən
ki, qismətinə tikmək, qurub - yaratmaq, bu dünyaya bəzək
vurmaq düşən insanlar necə
də xoşbəxtdirlər. Şərq
dünyasının intibahını görəndə daha da vəcdə
gəlir, elmi-texniki tərəqqinin sığal çəkib
dünyaya naxış vurduğu
möcüzələrə heyrətlənməyə
bilmirsən.
Amma uzun illər bir Azərbaycan vətəndaşı kimi gəzdiyim ölkələrdə məni valeh edən bu gözəlliklər təkcə xoş təəssüratlar oyatmır, həm də qəlbimdə saysız hesabsız arzular doğururdu. Dəfələrlə olub ki, bu məqamlarda ixtiyarsız və ünvansız bir sual səsləndirmişəm: “Görəsən, bizim şəhərlərimiz, Azərbaycanımız da nə vaxtsa belə əsrarəngiz gözəllikləri ilə qonaqlarını heyran qoya biləcəkmi?”
Dünyanın
indiki düzənində, vaxtın ömrümüzü yel
kimi alıb apardığı bir dönəmdə doğma Azərbaycanda
tam fərqli bir mənzərənin, hətta insanı vəcdə
gətirən münasibətlərin şahidi olursan. Belə
münsibətlərdən birini elə bu günlər,
Moskvaya qonaq getmiş, ixtisasca memar-dizayner olan qızımdan
eşitdim. Soruşanda ki, Rusiyanın paytaxtı xoşuna gəldimi,
dodaqlarını büzüb tam səmimiyyətlə əlini
bərq vuran şəhərə uzadıb dedi: “Bakı ilə
müqayisəyə belə gəlməz. Bizim şəhərimizi
indi ancaq Parislə müqayisə edərdim”.
Amma
mən bu yazıda Bakıdan yox, paytaxtdan 120 kilometr
aralıda yerləşən,
son beş ildə çox sürətlə dəyişən
və əsl mənada gözəlləşən, Xəzərin
qoynuna aldığı
Şabran rayonundan danışmaq fikrindəyəm.
Söhbətimə,
respublikada gedən və ildən-ilə sürətlənən
tərəqqi və inkişafın hələ ancaq səsini
eşidən, amma üzünü görməyən beş il
əvvəlki Dəvəçidən başlamaq istərdim. Yaxşı yadımdadır, həmkarlarımdan biri
Şimal bölgəsinə səfərdən qayıdandan
sonra redaksiyada bu regionun rayonlarında həyata keçirilən
tikinti-yenidənqurma işlərinin necə böyük
vüsət aldığının, bölgələrdə
insanların quruculuq əzminin yeni dalğasının
başlandığının sevincini
bölüşdüyü bir məqamda birdən əlavə
etdi ki, “amma Bakının iki addımlığında olan Dəvəçi
elə bil bütün bunlardan xəbərsizdir. Bu bölgəni
elə ətalət basıb ki, adam burdan ötəndə
ürəyi darıxır.” O zaman həmkarımın bu fikrinə
çoxları şərik çıxmışdı.
Bu söhbətlərdən bir xeyli vaxt
ötdü. Beş il əvvəl dövlət
başçısının sərəncamı ilə Novruz
Novruzov Dəvəçi Rayon İcra Hakimiyyətinin
başçısı postuna təyinat
aldı.
Bir müddət sonra redaksiya rəhbərliyi məni
Dəvəçiyə yaradıcılıq ezamiyyətinə
göndərdi. Rayonda sözün əsl mənasında
böyük canlanma başlanmışdı. Həyata
keçirilməyə başlanan yenidənqurma, tikinti və
abadlıq işləri ilə
bağlı müşahidələrimi
qələmə almaq məramımı
Novruz müəllimə açıqlayanda, səmimiyyətlə
eyham vurdu ki, “hələ yazılası bir iş görməyib”.
Doğrudur, işlər yeni başlamışdı və
aparılan tikinti-abadlıq
işlərinin tamamlanması üçün ən azından müəyyən
bir vaxt lazım idi. Amma mənim qənaətimə görə,
çox vacib və böyük bir iş gerçəkləşmişdi.
Bu, dəvəçililərin öz dövlətinin
və dövlət başçısının dəstəyini
və diqqətini görərək, qurub-yaratmaq əzmlərinin, işıqlı gələcəyə
inamlarının, bu yurdun tərəqqisində öz əməyinə
olan ehtiyaclərını dərk etmələrinin
günün reallığına çevrilməsi idi. Qurulacaq və
yaradılacaq-xoşbəxt gələcəyin əsas
açarı bu idi.
Bir
il sonra Şabran rayonunda ilin sosial - iqtisadi
inkişafının yekunları ilə bağlı hesabat
yığıncağının
iştirakçılarından olan Sosialist Əməyi Qəhrəmanı
Qərib Orucovla söhbət edəndə, dünya
görmüş bu müdrik insan qətiyyətlə bildirdi
ki, ölkə başçısının mövqeyi bu
məsələlərdə həlledici rol oynayır. Əslində
onun qərarı görmək istədiklərinin mahiyyətini
açır. Rayonun yeni rəhbərliyinin işə ciddi və
yaradıcı münasibəti, operativliyi Dəvəçidəki
ətaləti çox az bir zamanda aradan qaldırdı,
insanlarda ruh yüksəkliyi yaratdı və təşəbbüskarlığı
artırdı.
Azərbaycan
Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə
“Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü
illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı” qəbul edildikdən sonar Dəvəçidə
tikinti, yenidənqurma işləri daha böyük sürətlə
getməyə başladı. Bir vaxtlar qonşu rayonlarda həyata
keçirilən quruculuq işlərinə həsədlə
baxan sakinlərin gözü qarşısında hər
şey kökündən dəyişməkdə, Dəvəçi
abad və müasir bir bölgəyə çevrilməkdə
idi...
Son
beş ilin uğurlarla zəngin olmasına baxmayaraq, rayonun sakinləri 2010-cu
ili Dəvəçi üçün bir neçə cəhətdən
müstəqillik dövrünün ən yaddaqalan və
uğurlu ili hesab edirlər. Bunlardan birincisi,
dövlət başçısının həmin ildə regionlara səfərləri
çərçivəsində iki dəfə bu rayonda
olması idi. İlk səfərindən çox keçmir
ki, 2010-cu ilin aprel ayında
dövlət başçısı tarixi bir qərara imza
atır və sərəncamla
İpək Yolunun üstündə yerləşən,
Azərbaycan xalqının 2300 yaşlı qədim
yaşayış məskənlərindən olan rayonun tarixi adını - Şabranı
özünə qaytarır.
İkinci
səfərində - 2010-cu il
avqustun 12-də isə Prezident nəhəng Bakı-Rusiya
magistral yolunun çəkilişi layihəsi çərçivəsində
Dəvəçi çayının üzərində
tikilmiş, ölkə ərazisində ən böyük -
uzunluğu 540 metr olan körpünün
açılışında iştirak edir, rayonun ərazisindəki
qədim Şabran şəhərinin tarixi qalıqları,
“Çıraq qala” abidələr kompleksinin elementləri əsasında
tikilmiş seyrəngahla tanış olur. Səfərdən
sonra Azərbaycan Prezidentinin tapşırığına əsasən
rayonda aparılan abadlıq işlərinə kömək məqsədi
ilə Dövlət Neft Fondundan 1 milyon manat vəsait
ayrılır.
Elə
həmin 2010-cu ildə artıq Dəvəçinin deyil,
Şabran rayonunun müasir tarixinə sosial-iqtisadi sahədə
də bir çox uğurlar yazılır. Bir ildə rayonda 23,7 milyon manat həcmində
tikinti, abadlıq, quruculuq işləri görülür. Bu isə ondan əvvəlki iki il ərzində
rayonda həyata keçirilən tikinti, abadlıq işlərinin
ümumi həcmindən çox idi. Ümumilikdə isə 3
ilə 46,7 milyon manatlıq iş görülür ki, bunun
23,4 milyon manatı rayonda dövlət sifarişi ilə yerinə
yetirilən iri layihələrə, 22,3 milyon manatı isə
biləvasitə Şabran şəhəri və onun kəndlərində
görülən işlərə sərf edilir.
Artıq tarixi Şabran adına layiq
olaraq rayonda abadlıq işləri daha geniş vüsət
alır. Bakı-Rusiya yolunun Şabran şəhərindən
keçən hissəsinin şəhərdən kənara
çıxarılması rayon mərkəzinin səliqə-səhmanına
ciddi təsir göstərir. Mərkəzi
yollara asfalt döşənir, yeni parklar salınır, mərkəzi
yollardakı yaşayış evləri əsaslı təmir olunur, dam
örtükləri və pəncərələri dəyişdirilir,
fasadları alkaponla üzlənir, küçələrdə
müasir işıqlandırma sistemi qurulır,
yaşıllıq zolağı salınır. Tarix-etnoqrafiya muzeyi yenidən qurulur, Heydər Əliyev
Mərkəzinin, poeziya evinin,
böyük Azərbaycan şairi Xaqaninin heykəlinin
postamentinin və qarşısındakı meydanın tikintisi
sürətlə həyata keçirilir, Heydər Əliyev
meydanında və şəhər Mədəniyyət və
İstirahət parkında yenidənqurma işləri başlanır, Heydər parkının abadlaşdırılması
işi davam etdirilir. Ölkə
başçısının, “əhalinin sosial rifahına
yönəldilmiş çox böyük əhəmiyyət
daşıyan nəhəng layihələrdən biri” kimi qiymətləndirdiyi
və məhz bu rayonun ərazisində inşa olunan
“Taxtakörpü” su anbarınıın və
su elektrik stansiyasının tikintisi ilk növbədə
Şabranın iqtisadi-inkişafında, adamların həyat şəraitinin
yaxşılaşdırılmasında, daimi iş yeri ilə
təmin edilməsində ilk gündən böyük əhəmiyyət
daşımağa başlayır.
Yeri gəlmişkən, Şabran həm də kənd təsərrüfatı məhsulları istehsalı və turizm sənayesi baxımından, böyük iqtisadi potensiala malik bir region olsa da uzun illər bu istiqamətdə də ciddi bir iş görülməmişdi. Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov fəaliyyətə başladığı gündən bu sahəyə də xüsusi diqqət ayırmış və bu potensialı hərəkətə gətirmək üçün, ölkədə həyata keçirilən strateji xəttə sadiq qalaraq, sahibkarlıq fəaliyyətinə geniş meydan açır. İcra başçısının müxtəlif sahələrin mütəxəssisləri və iş adamları ilə birgə hazırladığı və həyata keçirdiyi, rayonda sosial-iqtisadi inkişafın bütün aspektləri ilə bağlı tədbirlər planında bu istiqamətdə prioritet vəzifələr müəyyənləşdirilir. Bu vəzifələrdən ən başlıcası kənd təsərrüfatı və ərzaq məhsulları istehsalı sahələrinə investisiyaların cəlb edilməsi idi. Bu işdə ilkin hərəkətverici qüvvə yenə respublika höküməti oldu və rayonda fəaliyyət göstərən sahibkarlara ayrılan kreditlərin həcmi ildən ilə artmağa başladı.
İnvestisiyaların
artımı ilə paralel olaraq, həmin dövrdə rayonun
iqtisadiyyatı da artmış, istehsalın həcmi əvvəlki
illə müqayisədə 35 faiz artaraq 296,9 milyon manat
olmuşdur. Maraqlıdır ki, sənaye məhsullarının
84,2 faizi, kənd təsərrüfatı məhsulları
istehsalının isə 99,8 faizi özəl sektorun payına
düşür. Bu isə rayon iqtisadiyyatında, əvvəldə
qeyd etdiyimiz kimi, dövlət başçısının tərəqqi
və inkişaf strategiyasının əsas mexanizmi hesab
etdiyi sahibkarlığın həqiqətən
hərəkətverici qüvvəyə çevrildiyini
göstərir.
Göstərilən
faktlardan və rəqəmlərdən elə təəssürat
yaranmasın ki, Şabran rayonunda sosial-iqtisadi inkişaf
yalnız 2010-cu ildə özünün zirvəsinə
çatmışdır. Əsla yox. Bu dövrü bir qədər
geniş təhlil etməkdə məqsəd Şabran rayonunun
məhz bu ildə respublikada gedən ümumi tərəqqi və
inkişaf dinamikasına qoşulduğunu göstərmək
idi. Sual oluna bilər ki, bəs indi ulu Şabran hansı
qayğılarla yaşayır, 2012-ci ili hansı nailiyyətlərlə
başa vurub?
Təbii
ki, inkişaf və tərəqqinin gerçək mənzərəsini
göstərmək üçün, nə qədər yorucu
olsa da, ilin yekunları ilə bağlı statistikaya müraciət
etməli olacağıq. Rayon İcra Hakimiyyətinin
təqdim etdiyi məlumatlarda göstərilir ki, ötən il
rayonda məhsul buraxılışının həcmi 282,8
milyon manat olmuş, bunun 11,99 milyon manatlığı sənaye
məhsulları, 175,6 milyon manatlığı isə kənd
təsərrüfatı məhsulları olmuşdur.
Ümumilikdə adambaşına düşən məhsul
istehsalı 7 faiz artaraq 5,2 min
manat təşkil etmişdir. Orta aylıq əmək
haqqı 9 faiz artaraq 287manata çatmışdır. 6 il əvvəl
isə bu rəqəm cəmi 102,6 manat olmuşdur.
Şabranın bu iqtisadi uğurlarının əldə
olunmasında “Dəvəçi Broyler” ASC, “Dəvəçi
Dəyirman” ASC, “Şirə-şərab” zavodu və sayı
2411-ə çatmış sahibkarlıq subyektlərinin fəaliyyəti xüsusi qeyd
olunmalıdır. Ümumiyyətlə,
sahibkarlığın inkişafı ümumdaxili məhsul
istehsalının artım dinamikasında da özünü
göstərir və rayonda istehsal olunan sənaye məhsulunun
84,8 faizi, kənd təsərrüfatı məhsullarının
isə 99,8 faizi bu gün özəl sektorun payına
düşür. Məsələn,
məhsulları respublikanın bir çox regionlarının
sakinlərinin süfrələrini bəzəyən “Dəvəçi
Broyler” ASC 2012-ci ildə diri
çəkidə 18,1 min ton quş əti, “Dəvəçi
Dəyirman” ASC 38,2 min ton un məmulatları istehsal
etmişdir. Respublikada quş əti
istehsalına olan tələbatı nəzərə alan “Dəvəçi
Dəyirman” ASC müəssisənin nəzdində, tikintisinə
2011-ci ildən başlanan orta güclü quşçuluq
fabrikində quraşdırma işləri başa
çatdırılmış və hazırda 40 nəfərin
çalışdığı müəssisədə 448,4
min manatlıq yarımfabrikat məhsulları istehsal
edilmişdir. Rayonun Gəndov kəndində “Turaz” MMC tərəfindən
12 min tonluq soyuducu anbarın tikintisi, elə bu kənddə
orta güclü şərab emalı və istehsalı müəssəsinin
istifadəyə verilməsi də 2012-ci ilin iqtisadi
uğurları sırasındadır.
Son
illər taxılçılığın inkişafı ilə
əlaqədar həyata keçirilən tədbirlər də
öz gerçək bəhrəsini verməkdədir. 2012-ci ildə rayonda
27,8 min tondan çox taxıl istehsal edilmişdir ki, bu da
ötən illə müqayisədə 5,3 min ton çoxdur.
Lakin bununla kifayətlənməyən fermerlər bu ilin məhsulu
üçün ötən ilin payızında əvvəlki
ilə nisbətən 28 min hektar çox taxıl əkmişlər.
Taxılçılıqla yanaşı kənd təsərrüfatının
digər sahələrində də uğurlu nəticələrə
imza atılmışdır. Belə ki, ötən il 7,4 min ton tərəvəz, 834 ton
meyvə və 835 ton üzüm istehsal edilmişdir.
Son
bir neçə ildə Şabran rayonunda meyvəçiliyin və
üzümçülüyün sürətlə inkişaf
etdiyini də nəzərdən qaçırmaq doğru
olmazdı. Təkcə ötən il 226
hektar meyvə və 16 hektar üzüm bağları
salınmış və beləliklə meyvə
bağlarının sahəsi 1665 hektara, üzüm
bağlarının sahəsi isə
380 hektara çatdırılmışdır. Dövlət
Proqramına uyğun olaraq 2020-ci ilə qədər rayonda
üzüm bağlarının sahəsinin 2500 hektara
çatdırılması üçün müvafiq tədbirlər
görülməkdədir. Üzümün emalı
üçün keçmiş Gəndov üzüm emalı
müəssisəsi yenidən bərpa olunmuş, Gəndov
Şirə zavodu, Uzunboyad şirə-şərab zavodu, tara
sexi tikilmişdir.
Ərzaq
təhlükəsizliyinin təmin olunmasında
heyvandarlığın xüsusi rolu olduğunu yaxşı
bilən Şabran sahibkarları bu sahəni də həmişə
diqqət mərkəzində saxlamış və onun inkişafı istiqamətində
bir çox ugurlara nail olmuşlar. Hazırda
rayonun təsərrüfatlarında mal-qaranın sayı 24 min
496 başa, qoyun və keçilərin sayı 46 min 250
başa çatmışdır. 2012-ci ildə 20,0 min ton ət, 12,4 min ton süd, 17,7 milyon ədəd
yumurta istehsal edilmiş, 200 min başlıq kiçik
quşçuluq sexləri və 300 min
başlıq broyler fabriki tikilib istifadəyə verilmişdir.
Ümumilikdə isə 2012-ci ildə kənd təsərrüfatı
məhsulları istehsalı 21 faiz artmışdır. İl ərzində
Bakı və Sumqayıt şəhərlərinin
bazarlarına 14 adda 303 tondan çox kənd təsərrüfatı
məhsulları göndərilmişdir.
Bütün
bunların nəticəsidir ki, “2008-2015-ci illər Ərzaq Təhlükəsizliyi”
proqramının qarşıya qoyduğu vəzifələrin
uğurla həyata keçirildiyi rayonda, istehsal olunan kənd təsərrüfatı
məhsullarının pul ifadəsi ilə dəyəri 76
milyon 794,5 min manata çatmışdır ki, bu da ötən
ilin müvafiq dövrünə nisbətən xeyli çoxdur.
İndi Şabranda əhalinin adambaşına pul gəlirləri
165 manat artaraq 1065 manata çatmışdır.
Etiraf
etmək lazımdır ki, bütün bu nailiyyətlərin əldə
olunmasında respublika hökümətinin kənd zəhmətkeşlərinə,
fermer və sahibkarlara verdiyi dəstəyin də xüsusi rolu
olmuşdur. Tanış olduğumuz məlumatlardan aydın
olur ki, təkcə 2012-ci ildə rayon sahibkarlarına bank
filialları tərəfindən 19, 95 milyon manat güzəştli
kredit, Sahibkarlığa Kömək
Milli Fondu tərəfindən isə 9 sahibkara Şabran
rayonunda iş görmək üçün 7,1 milyon manat vəsait
verilmişdir.
Rayonda
kənd təsərrüfatı məhsulları
istehsalçılarına əkin sahələrinin becərilməsində
istifadə etdikləri yanacaq və motor yağlarına görə
2012-ci ilin 6 ayında əkdikləri 14232 hektar əkin və
çoxillik əkmələrə görə, o cümlədən
11652 hektar taxıl sahəsinə görə 569 min manatdan
çox yardım verilmişdir.
Təkcə ötən il kənd təsərrüfatı
ilə məşğul olan 420 fərdi ailə təsərrüfatına
3,8 milyon manat kredit
verilmişdir. Mineral gübrələrin güzəştli
qiymətlə satılması, fiziki və hüquqi şəxslərə
16 min 778 manat subsidiya verilməsi də dövlət dəstəyinin
bariz göstəricilərindəndir.
Rayonun
iqtisadi potensialı artdıqca onun siması da sürətlə
dəyişir, yeni məktəblər, mədəni-maarif
obyektləri, istirahət və əyləncə parkları
tikilir, yollar salınır, küçə və meydanlar
abadlaşır. Əvvəldə də
qeyd etdiyimiz kimi, 2007-ci ildən başlayarq Şabran rayonunda
istər iqtisadyyatın bütün sahələrində,
istərsə tikinti və quruculuq işlərində daim artan
dinamika müşahidə edilməkdədir. Məhz ona görə
2011-ci ildə Şabran rayonunda səfərdə olan Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev rayon ictimaiyyətinin
nümayəndələri ilə görüşü
zamanı deyib: “Mən Şabran rayonuna dəfələrlə
səfər etmişəm, buraya bir neçə dəfə gəlmişəm,
vəziyyətlə tanış olmuşam. Deyə bilərəm
ki, rayon çox sürətlə inkişaf etmişdir.” Əlbəttə
bunun gerçək əsasları vardır. Təkcə tarixə
qovuşan 2012-ci ildə rayonda 48,5 milyon manatlıq tikinti,
abadlıq və quruculuq işləri
görülmüşdür ki, bu da 2011-ci ilin müvafiq
dövrü ilə müqayisədə 20,4 milyon manat və
yaxud 72 faiz çoxdur. Sevindirici haldır ki, bu müddətdə sahibkarlar tərəfindən 8,2
milyon manatlıq tikinti işləri aparılmışdır.
Son 5 ildə isə rayonda 123,5 milyon manatlıq tikinti,
abadlıq-quruculuq işləri yerinə yetirilmişdir.
Şabran
şəhərinin görkəmini kökündən dəyişən
son iki ilin tikililərinə diqqət yetirək; Heydər Əliyev
Mərkəzi, Heydər parkı, Şabran Tarix
Diyarşünaslıq Muzeyi, Uşaq Yaradıcılıq Mərkəzi,
2 Uşaq Əyləncə Kompleksi, əsaslı təmir
olunan Mədəniyyət Sarayı, 80 çarpayılıq
rayon Mərkəzi Xəstəxanasının yeni binası,
şəhərin mərkəzi prospektində ucaldılmış görkəmli
Azərbaycan şairi Xaqaninin heykəli və
qarşısındakı meydan,
Qarabağ əlilləri və şəhid ailələri
üçün 16 mənzilli yaşayış evi, Yeni Azərbaycan
Partiyası rayon təşkilatının yeni inzibati
binası. Ağsaqqallar evi, “Məktəbli
Dünyası”, Çay evi və sair. Bunlarla
yanaşı 80 şagird yerlik Vələsli, Çuxurazəmi
ümumi orta məktəblərinin müasir tələblərə
cavab verən yeni binaları, Pirəbədil tam orta, Təzəkənd
ümumi orta məktəbin yeni binaları tikilib istifadəyə
verilmişdir.
Ötən
ilidə Heydər Əliyev parkında tikinti və abadlıq
işləri başa çatmış, burada 2 fəvvarə,
2 söhbətgah tikilmiş, 60 mənzilli 5 mərtəbəli
yaşayış binasının əsaslı təmiri
yekunlaşmış, rayonun cənub girişində milli ornamentlərlə
cılalanmış möhtəşəm giriş
qapısı tikilmiş, 5,4 kilometrlik
9 küçəyə 39,6 min kvadratmetr asvalt döşənərək
əsaslı təmir olunmuş, Bayraq meydanında Qalanın və
süni ot örtüklü mini futbol meydançasının
tikintisi başa çatmış, meydanın ərazisinin abadlaşdırılması
davam etmişdir. Surra yaşayış sahəsində Dəvəçi
çayı üzərində piyada körpüsü tikilib
istifadəyə verilmiş, 12 mənzilli 5 ictimai
yaşayış binası əsaslı təmir olunmuş,
fasadı üzlənmiş, 12
mənzilli 3 ictimai binanın dam örtüyü dəyişdirilmişdir.
Ötən ilin ən uğurlu işlərindən biri, rayonu ölkəmizdə kifayət qədər şöhrətləndirəcək Qalaaltı sanatoriyasının yenidən qurulaması və yeni “Qalaaltı Hotel SPA” kompleksinin tikintisinə başlanmasıdır. Bu layihənin icrası hazırda sürətlə həyata keçirilir və bu ilin noyabrında istifadəyə verilməsi planlaşdırılır.
Şabran Rayon İcra Hakimiyyətinin
başçısı Novruz Novruzov regionun perspektiv
inkişafından danışarkən, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
tapşırığı ilə respublikanın bölgələrində
infrastruktur layihələrin həyata keçirilməsi
çərçivəsində Şabran şəhərinin
içməli su və kanalizasiya sisteminin yenidən
qurulması layihəsinin xüsusilə mühüm əhəmiyyət
daşıdığını qeyd edərək dedi:
—"Azərbaycan
Respublikası Regionlarının 2009-2013-cü illərdə
Dövlət Proqramı çərçivəsində
dövlət investisiya vəsaiti hesabına Meliorasiya və Su
Təsərrüfatı Səhmdar Cəmiyyətinin
sifarişi ilə Şabran şəhərinin içməli
su təchizatı və kanalizasiya sisteminin tikintisinə 2011-ci
ilin fevral ayında başlanmışdır. Ötən ilin sonuna
işin icrası təqribən 80-90 faizə
çatmışdı. Tutumu 3,7 min kub metr olan 3 su anbarının tikintisi başa
çatmış və təmizləyici qurğunun tikintisinə
başlanmışdır. İçməli su xətləri
və kanalizasiya xətlərinin də böyük bir hissəsi
çəkilmişdir.
Səmimi
etiraf edim ki, 10-15 il əvvəl
hər bir evə ayrıca su və kanalizasiya xəttinin
çəkilməsi yalnız bir arzu ola bilərdi. Möhtərəm
cənab Prezidentin diqqət və qayğısı sayəsində
bu arzu reallığa çevrilməkdədir. Artiq 600 ailəyə
və ya 24 min şəhər əhalisinə xidmət edəcək
su və kanalizasiya şəbəkəsinin tikintisi başa
çatmaq ərəfəsindədir. Bu layihə
təkcə şəhər çərçivəsində
məhdudlaşmır və artıq kəndlərdə də
içməli su təminatı ilə bağlı müvafiq
layihələrin icrasına başlanmışdır.
Çölquşçu İƏD-nin 7 kəndini su ilə təchiz
edəcək Şabran-Çayqaraqaşlı su xəttinin
çəkilməsi üçün tədbirlər
görülür. Ağbaş və Uzunboyad kəndlərinin
su şəbəkəsinin bərpası nəzərdə
tutulmuşdur.
“Azərsu”
ASC-nin köməyi ilə Şabran Su-kanal idarəsi tərəfindən
Ağbaş kəndində 1800 metr yeni su xətti çəkilmiş,
iş adamlarının köməyi ilə Şahnəzərli
kəndində 2 artezian quyusu qazılıb istifadəyə
verilmişdir. Ucqar Zeyvə və Giləvar kəndlərində
içməli su təchizatı şəbəkəsi qurulur.
Şabranda
günün vacib tədbirləri sırasında olan rayon
elektrik şəbəkəsinin yenidən qurulması işi də yüksək templə həyata
keçirilir. Ötən il Şabran şəhərinin
elektrik təchizatı şəbəkəsinin yenidən
qurulması ilə yanaşı, rayonun Zeyvə və Giləvar
kəndlərinin elektrik təchizatı şəbəkəsi də yenidən qurulmuşdur. Şəhərdə
4 kilometr hava xətti SİB kabel xətti ilə, 400 metr 10
voltluq hava xətti yeraltı kabellə, 3 transformator yenisi ilə əvəz
edilmiş, 1 yeni yarımstansiya
quraşdırılmışdır. İstismar müddəti
bitmiş 150 dayaq və 17 kilometr naqil dəyişdirilmişdir.
Şabran
şəhərinin qaz təchizatı ilə bağlı
görülən tədbirlər də öz sürətli
tempi ilə seçilməkdədir. Dövlət Proqramına
uyğun olaraq rayonun kənd yaşayış məntəqələrini
təbii qazla təchiz edən 20 kilometrlik Şabran-Vəlvələçay
magistral qaz xətti yeraltı polietilen boru ilə əvəz
olunmuş və həmin xətdən qidalanan bütün kəndlərə yeni qaz xətləri çəkilmişdir.
11
yaşayış məntəqəsinə xidmət edəcək
22 kilometrlik Şabran-Pirəbədil-Zeyvə qaz xətti
çəkilib başa çatmış, Zeyvə və Giləvar
kəndlərinin daxili xətlərinin çəkilməsi
davam etmişdir. Şabran Qaz İstismar sahəsinin daxili
imkanları ilə rayonun Ağalıq, Gəndov, Rəhimli,
Şahnəzərli, Padar, Bor-Bor, Uzunboyad kəndlərində
2273 metr köhnə qaz xətti dəyişdirilmiş, 2600
metrdən çox qaz xətti təmir olunmuşdur.
Son
ildə magistral yollarla bərabər yerli əhəmiyyətli
yolların təmir və tikintisi də dövlət səviyyəsində
diqqət mərkəzində saxlanılır. Bu məqsədlə
və ümumiyyətlə,
Şabranda yerli əhəmiyyətli
yolların istismarını həyata keçirən 87 saylı Yol İstismar İdarəsi
üçün yeni asfalt zavodu tikilib, quraşdırılıb
istifadəyə verilmişdir. Bundan sonra 2012-ci
ildə Azərbaycan Prezidentinin sərəncamı ilə
dövlət büdcəsindən ayrılan 7,5 milyon manat vəsaitlə
11 yaşayış məntəqəsinə xidmət edən
36 kilometrlik Şabran-Pirəbədil-Zeyvə yolu, həmin
layihə çərçivəsində Pirəbədil-Qorğan
yolu və Magistral-Qələgah yolu əsaslı təmir
olunmuş və asfalt döşənmişdir.
Son səfərimizdə
Rayon İcra Hakimiyyətinin başçısı Novruz
Novruzov vaxtımız olarsa bu yolla tanış
olmağımızı tövsiyə etdi. Əslində
bu tanışlıq bizim üçün də maraqlı
olduğundan həvəslə razılaşdıq. Rayon mərkəzindən
çıxan avtomobilin Pirəbədilə çatması
heç on beş dəqiqə çəkmədi. Yolun
görüntülərini fofoaparatın yaddaşına
köçürərkən kənd ağsaqqallarından biri
yaxınlaşıb bunu nə məramla etməyimiz və
kimliyimizlə maraqlandı. Jurnalist olduğumuzu biliəndə
sevincək dedi:
– Ay
oğul, bu yaşa çatmışam, hələ kəndimizə
gedən belə abad, rahat yol görməmişəm. Açığı,
dünənə qədər bizə elə gəlirdi ki, belə
yollar ancaq şəhərdə olur. İndi görürük
ki, yox, bizi də düşünən var və Prezidentimiz kəndlərimizi də, bizi də,
unutmayıb...
İşimizi
qurtarıb elə bu rahat və abad yolla Şabran şəhərinə geri
dönərkən öz-özümə
düşünürdüm ki, bu yerlərin insanları Dəvəçidən
Şabrana bir qərinə yol gəliblər. Bu yol elə
də rahat və abad yol olmayıb. Lap elə
xalqımızı müstəqilliyə və istiqlala aparan
yol kimi. Amma
indi Şabranadan çıxan və Şabrana aparan yollar
çox rahat və abaddır.
İlqar RÜSTƏMOV
Xalq qəzeti.- 2013.- 7 fevral.- S. 6.