Ötən il ölkənin qaz təsərrüfatının yeniləşdirilməsi istiqamətində mühüm işlər görülmüşdür

 

Son illər ölkəmizdə sosial infrastrukturun yenidən qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu baxımdan əhalinin və iqtisadiyyatın “mavi yanacaq”la təminatının yaxşılaşdırılması sahəsində görülən işlər də diqqəti  cəlb edir. Xatırladaq ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda bununla bağlı  mühüm tədbirlər nəzərdə tutulmuşdur.

 

ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi 2012-ci ildə ölkənin qazlaşdırılması sahəsində genişmiqyaslı işlər həyata keçirmişdir. Belə ki, ötən il birlik tərəfindən əhalinin və digər istehlakçıların normal və təhlükəsiz qaz təchizatının təmin olunması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpası, qaz təchizatı şəbəkəsinin əsaslı təmiri və digər istiqamətlərdə bir sıra nailiyyətlər əldə edilmişdir. Ötən il “Azəriqaz” İB tərəfindən 13 qazpaylayıcı stansiya və tənzimləyici məntəqə quraşdırılmış, 39-u isə əsaslı təmir olunmuşdur. Bundan əlavə, il ərzində birliyin sifarişi ilə uzunluğu 6362,7 kilometr olan müxtəlif diametrli qaz xətləri çəkilmiş, 2855,3 kilometr qaz kəməri əsaslı təmir edilmişdir. Bütövlükdə isə “Azəriqaz” İB tərəfindən son üç ildə ölkə üzrə 16157,7 kilometr yeni qaz kəməri quraşdırılmış, 5953,9 kilometr uzunluğunda  kəmər isə əsaslı təmir olunmuşdur.

Məlum olduğu kimi, “Azəriqaz” İB-nin əsas vəzifələrindən biri də istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təchiz edilməsidir. Bu istiqamətdə görülən işlərin nəticəsi olaraq 2013-cü il yanvarın 1-nə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1483769-a çatdırılmışdır ki, bunun da 1465254-ü  əhali, 18515-i  isə qeyri-əhali qrupuna aiddir. Bu abonentlərin 664921-i Bakı şəhəri, 818848-i  isə regionların payına düşür. Ötən müddətdə ölkə üzrə 1483451 abonent (99,98 faiz) sayğaclaşdırılmışdır ki, bunun da 1464936-sı əhali (99,98 faiz), 18515-i qeyri-əhali (100 faiz) istehlakçılarıdır. Yeri gəlmişkən, 2013-cü il yanvarın 1-nə əhali abonentlərinin mənzillərində 594 mindən çox “smart-kart” tipli sayğac quraşdırılmışdır. Hazırda “Azəriqaz” İB-də bu tipli sayğacların əhatə dairəsinin genişlənməsi və müvafiq əməliyyatların kəskin artması ilə əlaqədar qeyd olunan kartlara ödənişlərin edilməsində texniki problemlərin yaranmasının qarşısını almaq üçün əsaslı yeniliklərin tətbiqi və islahatların aparılması planlaşdırılır. Belə ki, kütləvi ödənişlərin artması daha güclü proqram təminatına ehtiyac yaratdığından mart ayından yeni proqramın tətbiqinə başlanacaq. Bu isə təxminən 1 milyon abonentə keyfiyyətli xidmət göstərməyə imkan verəcəkdir.

Ötən il yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpası  məsələlərinə xüsusi diqqət yetirilmişdir. Belə ki, il ərzində ölkə üzrə 184 yaşayış məntəqəsi qazlaşdırılmış, 119527 yeni əhali abonenti qazla təmin olunmuşdur. Bütövlükdə isə son üç ildə qazlaşdırılmış yaşayış məntəqələrinin sayı 408-ə, qazla təmin olunmuş yeni əhali abonentlərinin sayı isə 315524-ə çatdırılmışdır. Son illər cəbhə bölgələrinə yaxın yaşayış məntəqələrinin və sərhəd rayonlarının qazlaşdırılmasına diqqət xeyli artırılmış, Ağdam və Qazax rayonlarında isə bu iş tam yekunlaşmışdır. Bununla yanaşı, Füzuli və Tovuz  rayonlarının bir sıra kəndləri də qazlaşdırılmış, adıçəkilən rayonlar üzrə yeni qaz kəmərləri çəkilmişdir.

Son illər Bakı şəhərinin və ətraf qəsəbələrin qazpaylayıcı şəbəkəsinin yeniləşdirilməsi istiqamətində də mühüm işlər həyata keçirilmişdir. 2012-ci ildə paytaxtın Binəqədi, Xəzər, Qaradağ, Səbail, Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayonlarının qaz təchizatının yaxşılaşdırılması, qaz kəmərlərinin və məişət qaz sayğaclarının fərdi həyətlərdən çıxarılması, qaz kəmərlərinin yenidən qurulması məqsədilə 176,7 kilometr boru xətti quraşdırılmışdır. Abşeron rayonu Mehdiabad kəndinin qaz kəmərinin yenidən qurulması, Novxanı və Qobu kəndinin qazlaşdırılması, Saray qəsəbəsində daxili qaz kəmərlərinin yenidən qurulması, yeni yaşayış massivlərinin qazlaşdırılması, Masazır qəsəbəsində “Üzümçülük” adlanan sahədə borunun tikintisi, Fatmayı və Goradil kəndlərinin və bağ massivlərinin daşıyıcı qaz kəmərlərinin polietilen borularla çəkilməsi, Hökməli bələdiyyəsinin Atyalı və Nübar yaşayış sahələrinin, eləcə də  Novxanı qəsəbəsində yerləşən yeni yaşayış massivinin və Zəli gölü ətrafındakı yaşayış məntəqəsinin qazlaşdırılması işləri aparılımış, bu məqsədlə 469,37 kilometr  uzunluğunda qaz kəməri çəkilmişdir.

İl ərzində magistral kəmərlərin etibarlı qaz təchizatı və təhlükəsiz istismarının təmin edilməsinə, eləcə də itkilərin azaldılmasına yönəldilmiş mühüm işlər görülmüşdür.  Bakı şəhərinin dayanıqlı qaz təchizatını və qaz kəmərlərinin təhlükəsiz istismarını təmin etmək məqsədilə Abşeron Magistral Qaz Kəmərləri Sahəsinin  obyektlərində 28 ədəd tənzimləyici quraşdırılmış, 113 ədəd kran və  siyirtmə dəyişdirilmiş və ya təmir olunmuş, 150-yə qədər manometr yenisi ilə əvəz edilmişdir. Sənaye və məişət istehlakçılarına verilən qazın təzyiq rejimlərinin nizamlanması məqsədilə  6 qazpaylayıcı stansiyada  kollektor quraşdırılmış, üç ədəd qaz-ölçü qovşağı inşa edilmişdir. Həmin qovşaqlarda 7255 paqonometr impuls xətləri dəyişdirilmiş və yenidən çəkilmişdir.  Qəbul olunmuş təbii qazı mexaniki qarışıqlardan təmizləmək üçün Abşeron sahəsinin qazpaylayıcı stansiyalarında beş ədəd separator quraşdırılmışdır. Eyni zamanda, “Hövsan-Digah-Qaradağ” və “Qum adası-Qazanlar” magistral qaz kəmərlərində, eləcə də “Qum adası” qazpaylayıcı stansiyasından  şəhər istiqamətində köhnə borular dəyişdirilərək istismara verilmişdir.  Ölkədə qaz infrastrukturunun əsaslı şəkildə yeniləşdirilməsi məqsədilə magistral kəmərlərdə də təmir-tikinti işləri  getdikcə intensivləşir. Ötən il 1220 millimetrlik “Qazıməmməd-Astara” magistral qaz kəmərinin 151-161-ci  kilometrlər arasında  10 kilometr  uzunluğunda  inşa olunmuş qaz kəməri istismarda olan magistral kəmərə qoşulmuş, 131-138-ci kilometrlərarası sahədə Araz çayının məcrasından keçən hissədə 7 kilometr qaz kəməri  yenidən inşa olunaraq  istismara verilmiş,  Hacıqabul rayonunda  kəmərin 2,126 kilometrlik hissəsi yeni borularla əvəz edilib kənarlaşdırılmışdır.  Bundan əlavə, 1200 millmetrlik “Astara-Qazıməmməd” magistral qaz kəmərinin 131-ci kilometrində  Biləsuvar qazpaylayıcı  stansiyasından gələn 325 millimetrlik xətt  yeni borularla əvəz olunaraq üzərində 300 millimetrlik kran quraşdırılıb istismara verilmişdir. İl ərzində “Azadkənd-İmişli” qaz kəmərinin 0-14,7-ci kilometrlərarası sahəsi yenidən tikilərək istismara verilmiş, 0 və 20-ci kilometrində iki ədəd  kran quraşdırılmış, kəmərin 20,089 kilometrlik hissəsi  yeni borularla əvəz edilmişdir.  Ötən il, həmçinin “Altıağac-Ağsu” magistral qaz kəmərinin 59-59,5 kilometr hissəsində  Şamaxı rayonunun Mədrəsə kəndi ərazisində baş vermiş torpaq sürüşməsi ilə əlaqədar olaraq 399 paqonometr uzunluğunda drenaj  qurğusu  quraşdırılmış və dörd yerdə polietilen keçidlər qoyulmuşdur.  Bununla yanaşı, il ərzində “Qazıməmməd-Qazax” birinci və ikinci xətlərində əsaslı təmir işləri aparılmış, köhnə kranlar yeniləri ilə əvəz edilmişdir.

2012-ci ildə ölkənin qaz-kompressor stansiyalarının yenidən qurulması istiqamətində də mühüm işlər həyata keçirilmişdir. Belə ki, Qalmaz yeraltı qaz anbarına verilən təbii  qazın təzyiqinin qaldırılması məqsədilə Qazıməmməd kompressor stansiyasında təmir-bərpa, sınaq-sazlama işləri görülərək quraşdırılmış səkkiz aqreqatdan dördü bütün köməkçi avadanlıqları və sistemləri ilə birlikdə istismara tam hazır vəziyyətə gətirilmişdir. Hazırda isə qazötürücü aqreqatların köhnəlmiş avtomatik idarəetmə sisteminin müasir tipli avtomatik idarəetmə sistemi ilə əvəz edilməsi üçün  layihə işləri aparılır. Bundan əlavə, Qaradağ kompressor stansiyasında Almaniyanın MAN Diesel & Turbo şirkətinin istehsalı olan qazturbinli THM-1304-11D tipli iki aqreqat quraşdırılaraq  tam işlək vəziyyətə gətirilmişdir. Bütün bu tədbirlərin nəticəsidir ki, il ərzində adıçəkilən stansiya Qaradağ yeraltı qaz anbarına qazın vurulması mövsümündə tam gücü ilə işləmişdir.

 Bakı və Abşeron rayonunun qaz təchizatı sisteminin müasirləşdirilməsi və yenidən qurulması layihəsi üzrə “Texniki-iqtisadi əsaslandırma”nın hazırlanması üçün Almaniyanın “E.ON Ruhrgas” şirkəti ilə bağlanmış xidmət müqaviləsinin şərtlərinə uyğun olaraq Abşeron Magistral Qaz Kəmərləri Sahəsinin mövcud şəbəkəsinin təsviri 8 rayon üzrə ArcGIS proqram təminatında, qalan 4 rayon üzrə isə Google Earth proqramında “E.ON Ruhrgas” şirkətinə təqdim edilmişdir. Ötən il layihə-smeta sənədlərinin ekspertizası, razılaşdırılması və texniki şərtlərin hazırlanması istiqamətində də lazımı tədbirlər həyata keçirilmişdir. Belə ki, il ərzində  fiziki və hüquqi şəxslərin müraciətləri əsasında qeyri-yaşayış sahələrinin (obyektlərin) qazlaşdırılması üçün 3728 ədəd texniki şərt verilmişdir. Yeri gəlmişkən, “Azəriqaz” İB-nin sifarişi əsasında tikintisi nəzərdə tutulan qaz təchizatı obyektləri və qurğularının,  yaşayış məntəqələrinin, daşıyıcı kəmərlərin və digər təyinatlı bina, tikili və qurğuların layihələndirilməsi üçün 1156 ədəd texniki şərt, texniki tapşırıq və layihə tapşırıqları hazırlanmışdır. Bundan əlavə, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında 2734 qeyri-yaşayış sahəsinin layihə-smeta sənədləri razılaşdırılmışdır. “Azəriqaz” İB-nin layihə-konstruktor bürosu tərəfindən il ərzində 10129 layihə-smeta sənədi hazırlanaraq birliyə və digər sifarişçilərə təhvil verilmişdir ki, bunun da 5684-ü fərdi yaşayış evlərinə aiddir. Eyni zamanda, kənd və qəsəbələrin qazlaşdırılması üzrə 934, obyektlərin təmiri üzrə 856, sənaye və kommunal, məişət obyektləri və qeyri-yaşayış sahələri üzrə isə 2629 layihə-smeta sənədi hazırlanmışdır. İnzibati binalar, anbar binaları və s. tikinti işləri üzrə də 26 layihə-smeta sənədi hazırlanaraq tikintiyə icraata verilmişdir.

Ötən il birlik üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə 31033 istehlakçı, o cümlədən 12335 əhali, 1223 qeyri-əhali abonentin qaz təsərrüfatına müvafiq “qüsur akt”ı tərtib olunmuş, təbii qazdan qeydiyyatsız istifadəyə görə isə 17475 istehlakçı müvafiq “qüsur aktı”na əsasən abonent bazasında qeydiyyata alınmışdır. Tərtib olunmuş  aktlar əsasında itirilmiş təbii qazın bərpası üzrə 6 615 095 manat dəyərində dəymiş ziyan hesablanmışdır. Eyni zamanda, birliyin  müvafiq şöbəsi tərəfindən 19472 istehlakçının qaz təsərrüfatında, o cümlədən  2968 qeyri-əhali,  13493 əhali, 3011 istixana və qazpaylayıcı stansiyalardan hesabat aparılan 117 ölçü qovşağında  yoxlama-təftiş işləri aparılmışdır. Keçirilmiş yoxlamalar zamanı təbii qazdan istifadə qaydalarının pozulmasına görə 955 istehlakçıya müvafiq “qüsur akt”ı tərtib olunmuş, 1523 istehlakçının qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və aşkar olunmuş digər qüsurların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi barədə yazılı tapşırıqlar verilmişdir.

“Azəriqaz” üzrə qaz kəmərlərinin mühafizə zonasında inşa edilən qeyri-qanuni tikililər haqqında məlumatlar hazırlanmış, onların ləğv edilməsi və qoruq zonasında hazırda aparılan digər işlərin dayandırılması məqsədilə  hüquq-mühafizə orqanlarına və aidiyyəti dövlət qurumlarına müraciətlər olunmuşdur. Birliyin sifarişi əsasında tikinti işləri aparan podratçı təşkilatların işçiləri tərəfindən təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi vəziyyəti daim diqqətdə saxlanılmış, ciddi qayda pozuntularına yol verilmiş tikinti sahələrində həmin pozuntular aradan qaldırılana qədər aparılan işlər müvəqqəti olaraq dayandırılmışdır. Eyni zamanda, birliyin bütün tabeli təşkilatlarının rəhbərlərinə xidməti ərazilərində podrat qaydada aparılan tikinti işləri zamanı texniki və yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinə nəzarət olunması tapşırığı verilmişdir.

Göründüyü kimi, ötən il ölkəmizin qaz təsərrüfatının əsaslı şəkildə yeniləşdirilməsi, istehlakçıların “mavi yanacaq”la fasiləsiz təminatı istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Qarşıda isə adıçəkilən sahədə bir sıra vacib işlərin görülməsi nəzərdə tutulur. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyev ölkənin enerji təchizatından sonra qazlaşdırma layihələrinin də mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırarq demişdir: “Hesab edirəm ki, bu ilin sonunadək ölkəmizin ümumi qazlaşdırılması 90 faizə çata bilər. Hər halda biz buna çalışırıq. Bölgələrdə gedən işlər deməyə əsas verir ki, biz bu hədəfə çatacağıq... Biz əhalimizin böyük hissəsini qazla təmin edəcəyik. Yeni borular çəkilir, yeni ölçü mexanizmləri, sayğaclaşma tamamilə yeni səviyyədə aparılır. Biz bu sahədə infrastrukturumuzu, demək olar ki, tamamilə yeniləşdirəcəyik”.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2013.- 2 fevral.- S. 8.