Dövlətimizin
gənclər siyasəti: uğurlar və
gözləntilər
2 fevral Gənclər
Günüdür
Bu gün ölkəmizdə
dövlət siyasətinin əsas tərkib hissələrindən
birini gənclərlə iş təşkil edir. Müstəqilliyimizin
ilk illərində ölkəmizin düşdüyü
ağır siyasi və sosial durum bu sahəyə maraq və
qayğını xeyli zəiflətmişdi. Lakin ümummilli
lider Heydər Əliyevin siyasi hakimiyyətə
qayıdışı ilə müharibədə atəşkəs
elan olunduqdan və “Əsrin kontraktı” kimi nəhəng neft
müqaviləsi imzalanandan sonra ölkəmizdə nisbətən
siyasi və sosial tarazlıq əldə edilməyə
başlandı. Sözsüz ki, bu, digər sahələr kimi
gənclər sahəsinə də təsirsiz ötüşmədi.
Şübhəsiz, güclü dövlət quruculuğu sahəsində
gənclərin üstünlük təşkil etməsi zamanın tələbidir. Bu
baxımdan gənclərə diqqət və qayğı,
istedadlıların üzə çıxarılması,
onların təşkilatlanması zəruri xarakter
daşımağa başlayır.
Məlum
olduğu kimi, sovetlər dönəmində mövcud olan
bolşevik ideologiyası prinsipləri ilə
formalaşdırılan cəmiyyətdə müasir
dünyamızın tələblərinə uyğun bir
sıra əsaslı islahatlara getməyi qaçılmaz etdi.
Hərtərəfli inkişaf, mənəvi mədəniyyətin
üstünlüklərini tələb edən yeni
baxışlar sistemi formalaşmaqda idi. Müstəqilliyimizi əldə
etməyimiz bu ideoloji əngəllərin aradan
qaldırılmasını və dünya ictimai-mədəni
sisteminə qoşulmağımızı sürətləndirdi.
Bütün bu total dəyişikliklərdən sonra ölkəmizin milli mənafeyinə uyğun bir
sıra prioritet vəzifələri icra etmək dövlətin
prinsipial vəzifəsinə çevrildi. Ən vacib məsələlərdən
biri də gənclərə diqqət və
qayğının artırılması idi. Bu sahədə suveren
respublikamızın atdığı ilk addım “Gənclər siyasət”
haqqında Azərbaycan Respublikasının Qanununun qəbulu
oldu. Kommunist rejimi dövründə mövcud olan gənclər
təşkilatları və onlar haqqındakı qanunlar
artıq öz qüvvəsini itirmişdi. Zəngin potensial
enerjiyə malik gəncləri azərbaycançılıq
siyasəti ətrafında birləşdirmək vacib idi. Bu
qanunun qəbul edilməsi gənclərlə işin uğurla
aparılmasına güclü təkan vermiş oldu.
Respublikamızda
dövlət gənclər siyasətinin formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı
ilə bağlıdır. “Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 1994-cü il 26 iyul tarixli fərmanı,
“Gənclər siyasəti haqqında” Azərbaycan
Respublikasının Qanunu və
gənclər siyasəti sahəsində digər
normativ hüquqi aktlar,
habelə Azərbaycan gənclərinin
forumlarının keçirilməsi gənclərlə iş
sahəsinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən
etmişdir. Ümummilli liderimiz Heydər Əliyevin gənclərə
göstərdiyi diqqət və qayğı onların istər
elm, mədəniyyət, istərsə də idman sahəsində
getdikcə çoxluq təşkil etməsinə zəmin
yaratdı. Ulu öndər gəncliyin inkişafı
dövrünü belə xarakterizə etmişdi: “Gənclər
siyasətinin formalaşmasının birinci mərhələsi
çox çətin idi. Üstəlik, dövlətin gənclərlə
ciddi surətdə məşğul olması üçün
vəsait də yox idi. Azərbaycanda iqtisadi hərc-mərclik
və dağıntı hökm sürürdü. Gənclər,
necə deyərlər, yada düşmürdü. Lakin təxminən
1995-ci ildən Azərbaycanın iqtisadi və sosial həyatında
sabitləşmənin başlandığı vaxtdan bu məsələyə
böyük əhəmiyyət verilir. Gənclər, İdman
və Turizm Nazirliyi yaradılmışdır. Məncə,
heç də bütün ölkələrdə belə
nazirlik yoxdur. Çoxsaylı gənclər təşkilatları
yaradılmışdır. Beləliklə, gənclər həyatın
bütün sahələrində iştirak edirlər.
Parlamentdə də seçkilərdən-seçkilərə
gənclərin sayı artır, dövlət idarəetmə
orqanlarında da həmçinin. Bu isə çox müsbət
meyardır, çünki bütün bu adamlar təxminən
20-30 ildən sonra ölkəmiz üçün məsuliyyət
daşıyacaqlar”.
Azərbaycanda
dövlət tərəfindən gənclərə önəm
verilməsinin bariz nümunəsi olaraq 2 fevral — Gənclər
Gününün təsis olunmasını misal göstərmək
olar. Bu, Azərbaycanın hər
bir gənc vətəndaşı üçün mənəvi aspektdən
yanaşsaq, bir istinad mənbəyidir. Çünki,
inkişafın məhz gənclərə də şamil
olunması, onların da bu dövlətin qüdrətlənməsində
fəal olmalarını xatırlatmaq baxımından bu
günün təsis edilməsinin
əhəmiyyəti çox böyük idi. Buna qədər isə ilk mötəbər
addım, təbii ki, Azərbaycan gənclərinin cəmiyyətin
inkişafında və öz problemlərinin həllində
rolunu artırmaq, ölkənin gələcək
inkişafında iştirakını və məsuliyyətini
yüksəltmək, gənclər və dövlət
qurumları, hökumət nümayəndələri ilə
açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə
2 fevral 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin
ilk forumunun keçirilməsi idi. Sözsüz ki, gəncliyə
verilən bu önəm növbəti ildə 2 fevral
gününün təsis olunmasına gətirib
çıxardı.
1997-ci
ildə 2 fevral — Azərbaycan Gəncləri Gününün
elan edilməsi haqqında sərəncam imzalandıqdan sonra bu
sahəyə göstərilən diqqət daha da
artırıldı. Həmin tarixdən etibarən ənənəvi
olaraq hər il fevralın ikisi
günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli
şəkildə qeyd olunur. Ümumilikdə, Azərbaycan gənclərinin
6 forumu keçirilmişdir ki, bunlardan 4-ü son 10 ilə təsadüf
edir. Gənclərin IV, V, VI
forumunda iştirak edən bir gənc kimi onu deyə bilərəm
ki, əgər bu tədbir Heydər Əliyev Sarayında
keçirilirsə və hər dəfə cənab Prezident
İlham Əliyev başda olmaqla, ən yüksək vəzifəli
məmur elitası gənc nəsilə dəstək
üçün bu qurultaya qatılırsa, dövlət
başçısı gənclərin qarşısında
çıxış edərək, onların problemlərinin
aradan qaldırılması üçün təşəbbüs
göstərirsə, bu, artıq onu deməyə əsas verir
ki, Azərbaycanda bu məsələ dövlət siyasətinin
prioritet istiqamətlərindəndir. Reallıq isə odur ki,
bu gün gənclər dövlət və hökumət
strukturlarında, biznes sahəsində kifayət qədər
ciddi elektoratla təmsil olunurlar və bu say tərkibi getdikcə
daha da artmaqdadır.
2002-ci
il mayın 6-da ölkə
başçısı tərəfindən “Gənclər
siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə qərar verildi. Bundan sonra Prezident İlham Əliyevin
2005-ci il avqust 30-da verdiyi sərəncamla təsdiq
edilmiş “Azərbaycan Gəncliyi Dövlət
Proqramı (2005-2009-cu illər)”
ölkəmizdə gənclər siyasətinin həyata
keçirilməsi yolunda mühüm fəaliyyət sənədinə
çevrilə bilmişdir. Həmin
Dövlət
Proqramının
icrası nəticəsində
gənclərlə iş sahəsində müsbət dəyişikliklər
baş vermiş və uğurlar əldə olunmuşdur.
Xüsusən, gənclərin vətənpərvərlik tərbiyəsi
sahəsində davamlı iş
aparılmış,
istedadlı və yaradıcı gənclərə dövlət qayğısı
genişləndirilmişdir. Məşğulluq sahəsində beynəlxalq təcrübəyə və
gənclərin təşəbbüskarlığına əsaslanan fəaliyyətlər
inkişaf etdirilmiş, regionlarda yaşayan gənclərin fəallığını
stimullaşdıran tədbirlər həyata keçirilmişdir.
Ölkənin ictimai-siyasi həyatında gənclərin
yaxından iştirakı üçün lazımi şərait
yaradılmış və bu sahədə irəliləyişlərə nail
olunmuşdur. Gənclər təşkilatlarının
dövlətin gənclər siyasətində iştirakını təmin edən
hüquqları genişləndirilmiş, onların layihə və
proqramlarına dəstək verilmişdir. Beynəlxalq əməkdaşlıq sahəsində gənclər təşəbbüskarlıq
və davamlı fəaliyyət nümayiş etdirmişlər.
Bütövlükdə, 2005-2009-cu illərdə gənclər
siyasəti üzrə Dövlət Proqramının icrası
baş tutmuş və bu sənədin 100-dən çox bəndi
həyata keçirilmişdir.
2006-cı
ildə dövlət başçısının fərmanı
ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil
edilməklə, gənclər siyasətinin əsas icra
orqanı qarşısında yeni vəzifələr
qoyulmuşdur. 2007-ci ilin isə Prezident tərəfindən “Gənclər
ili” elan edilməsi yeni nəsil üçün unudulmaz hadisəyə
çevrilmişdir.
Dövlət
Proqramının tətbiq edildiyi illər ərzində “
Xüsusi istedada malik uşaqların (gənclərin)
yaradıcılıq potensialının inkişafı üzrə
Dövlət Proqramı (2006-2010-cu illər)”, “Azərbaycan Respublikasında
texniki-peşə təhsilinin inkişafı üzrə
Dövlət Proqramı (2007-2012-ci illər)” gənclər
siyasətinin daha da təkmilləşdirilməsini təmin
edir, onların yaradıcılıq potensialının
aşkara çıxarılması, yaradıcılıq
potensialının reallaşdırılması
üçün lazımi şəraitin yaradılmasına, səmərəli
idarə edilməsinə, gənclərin intellektual səviyyəsinin
yüksəldilməsinə və
müvafiq tədbirlərin həyata keçirilməsinə, sosial problemlərin həllinə təkan
verir.
Gənclər
bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə,
biznes-maliyyə strukturlarında təmsil olunur, dövlətin
və cəmiyyətin inkişafına öz töhfələrini
verirlər. Belə ki, dövlət orqanlarına 2008-2011-ci illərdə
işə qəbul edilənlərin 60 faizindən çoxunu
gənclər təşkil etmişdir. Bələdiyyə
üzvlərinin 30 faizə yaxını gənclərdir.
Onlardan 326 nəfəri bələdiyyə sədridir.
2008-2011-ci illərdə Azərbaycan gənclər təşkilatları
11 beynəlxalq təşkilata üzv qəbul edilib.
Bundan
savayı, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı” çərçivəsində 5000 gəncin
dünyanın nüfuzlu ali məktəblərində təhsil
almağa göndərilməsi nəzərdə
tutulmuşdur. Hər il xarici ölkələrin qabaqcıl ali
təhsil müəssisələrinə yüzlərlə gənc
təhsil almağa göndərilir.
Hazırda
ölkəmizdə 200-ə yaxın gənclər təşkilatı,
20-dən artıq ali məktəbdə isə tələbə-gənclər təşkilatları,
konfederasiyalar fəaliyyət göstərir. Bu qurumlar gənclərin
milli-mənəvi, mədəni və ictimai-siyasi sahədə
təşkilatlanması baxımından bazis rolunu oynayır.
Bakıda
və digər şəhərlərdə gənclər mərkəzinin,
gənclər evlərinin
inşasına diqqət
yetirilir. Artıq 12 rayonda gənclər evləri fəaliyyət
göstərir. Bakı şəhəri və ətraf qəsəbələrin
iqtisadi inkişafı proqramı çərçivəsində
paytaxtın 5 rayonunda gənclər evi tikilməsi
üçün layihələr təsdiq olunub və bu ildən
etibarən inşasına başlanılacaqdır. Yaxın 2-3
ildə isə 15 gənclər evi inşa olunacaqdır.
Həyata
keçirilən tədbirlər gənclərin hərtərəfli
inkişafının təmin olunması üçün
siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və
təminatların yaradılmasını sürətləndirmiş,
onların ictimai-siyasi fəallığının artmasına
kömək etmişdir. Bir vaxtlar Azərbaycan gənci Avropa gəncindən
əksər parametrlərinə görə geridə
qalırdı. Lakin gənclərlə iş sahəsində çoxsaylı islahatların
aparılması nəticəsində problemlərin əksəriyyəti həll
edilmişdir. Bu proses davam etdikcə problemlərin bir maneə
kimi sıradan çıxarılması daha geniş vüsət
alır.
Prezident
İlham Əliyev tərəfindən 2011-ci il aprelin 6-da “Azərbaycan gəncliyi
2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında sərəncam
imzalanmışdır. Gənclər siyasətilə
bağlı elm, təhsil, mədəniyyət və digər
sosial sahələrə yönələn fəaliyyətlərin
stimullaşdırılması məqsədilə Gənclər
Fondu yaradılıb. 2005-2009-cu illər üçün Azərbaycan
Gəncliyi Dövlət
Proqramına büdcədən 8 milyon 375 min manat
ayrılmışdısa, yeni proqrama 80 milyon manat vəsait
ayırmaq planlaşdırılır. Bu, dövlətin gənclər
siyasətinin nə qədər geniş spektrli
olmasının bariz nümunəsidir.
Dövlət
Proqramının əsas məqsədi Azərbaycan
Respublikasında gənclər siyasətini daha da inkişaf
etdirmək, gənclərin menecment sahəsində fəal
iştirakına şərait yaratmaq, onların gələcəkdə
yüksək səviyyəli təhsil almaları
üçün imkanların yaradılması, gənclər
arasında sahibkarlığın inkişaf etdirilməsi, gənc
ailə institutunun möhkəmləndirilməsi, əmək
bazarının tələblərinə müvafiq rəqabətə
davamlı kadrların hazırlanması, gənc mütəxəssislərin
işlə təminatı və digər sosial-iqtisadi problemlərinin
həllini təmin etməkdir.
Azərbaycan
gəncliyinin gücü və
imkanları, dövlətin uğurlu gənclər siyasəti
barədə Prezident İlham Əliyev öz
çıxışında demişdir: “ Bütövlükdə,
Azərbaycanda gənclər siyasəti çox uğurlu
aparılır. Bu siyasətin təməlini ulu öndər
qoymuşdur. Heydər Əliyevin təşəbbüsü ilə
gənclər siyasətinin əsas konturları müəyyən
edilmişdir. Son 20 il ərzində Azərbaycanda bu siyasət
çox uğurla aparılmışdır. Artıq bu illər
ərzində, müstəqillik dövründə gənclər
yetişiblər və ölkəmizin həyatında
mühüm rol oynayırlar.
Dövlətin
siyasəti ondan ibarətdir ki, Azərbaycan gəncləri
bilikli, savadlı, Vətənə bağlı olsunlar və
ölkəmizin gələcək inkişafına töhfələrini
versinlər. Gənclərin vətənpərvərlik ruhunda
böyümələri də çox mühüm əhəmiyyət
daşıyır... Mən gənclərin ictimai həyatda fəaliyyətinə
böyük ümidlərlə baxıram. Gənclər daim cəmiyyətin
ən fəal üzvləridirlər. Bu fəallıq davam
etdirilməlidir. Ölkəmizdə ictimai proseslər çox
müsbət istiqamətdə gedir. Gənclər də bu
proseslərin gücləndirilməsində öz rolunu
oynayırlar və ölkəmizin dünyada
tanıdılması işində ön plana
çıxırlar. Bizim üçün ən
ağrılı problem olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin dünya birliyinə
çatdırılması üçün gənclər də
öz rolunu oynayırlar. Xocalı soyqırımını
tanıtdırmaq prosesi artıq başlamışdır.
Üç ölkə Xocalı soyqırımını
tanıyıb və gənclərin bu işlərdə rolu
çox müsbətdir. Mən çox şadam ki, gənclərimiz
ölkəmizin hərtərəfli inkişafında öz
rolunu oynayırlar. Gənclər vətənpərvərdirlər,
Vətənə bağlıdırlar, milli ruhda tərbiyə
alırlar, gələcəkdə ölkəmizi uğurla idarə
etmək üçün indidən
hazırlaşmalıdırlar. Hərə öz yerində,
çünki bu, daimi prosesdir”.
Prezidentin
gənclərlə hər dəfə görüşündə
bu cür qayğı ilə onlara yanaşması hər
birimizdə sevinc, qürur hissi oyadır. Azərbaycan gənci
başa düşür ki, onun arxasında Azərbaycan
dövləti və respublikanın Prezidenti
dayanmışdır. Hər bir Azərbaycan gənci ildən
- ilə artan bu qayğını və dövlət dəstəyini
öz üzərində hiss edir və inkişafa doğru daha
inamla irəliləyir.
Anar TURAN
Xalq qəzeti.- 2013.- 2 fevral.- S. 4.