Müstəqil Azərbaycanın qurucuları Tarix və şəxsiyyət

 

Tarix boyu alimlər və siyasətçilər  bəşəriyyətə çox şey bəxş ediblər. Amma  elə həmin  alim və  siyasətçilər həm də bəşəriyyəti çox şeydən məhrum ediblər. Yəni, hər cür həqiqətləri  bəşəriyyətə qandıran da,  bununla yanaşı, bəzi həqiqətləri dandıran da daha çox  məhz alim və  siyasətçilər olublar. Bu tezisə    antitezisə dair  çoxsaylı misallar  göstərmək olar. Məsələn, uzun illər ərzində  marksizm-leninizm  fəlsəfəsində tarixdə şəxsiyyətin  rolu və yeri  məsələsi  əsasən  birtərəfli və dolaşıq  şəkildə şərh olunmuşdur. Başqa sözlə,  marksist-leninçi  ideologiya  hər vasitə  ilə xalq  kütlələrinin rolunu həddən artıq  şişirtməklə, əslində tarixi  şəxsiyyətlərin adi fərd  səviyyəsindən  yuxarı  yüksəlməsinə mane olub.

 

Amma elə  marksist-leninçi  ideologiyanın özünün  mahiyyətindən irəli gələn ziddiyət  zaman-zaman bu kursun da ardıcıl həyata keçirilməsinə  əngəl olub. Baxın, zaman və şəraitin  özünün yetirmiş olduğu bir sıra güclü tarixi  şəxsiyyətlərin ümumi  inkişafdakı  rolunu və xidmətlərini  qəbul etməyən  bu ideologiya bəzi hallarda  özü  süni olaraq  “siyasi lider”lər və “ictimai xadim”lər “yetişdirərək” onları hər vasitə ilə cəmiyyətə  sırıyırdı. Əslində, bu,  təkcə  marksist-leninçi  ideologiya üçün  deyil,  bütövlükdə totalitar rejimlər üçün  səciyyəvi  olan bir  xüsusiyyətdir. Bəli,  məhz totalitar rejim və  onun siyasi  ideologiyası  Stalini, Xruşşovu, Brejnevi, hətta cəmiyyətin illər boyu tanımadığı, səsini eşitmədiyi və üzünü görmədiyi Çernenkonu belə  fetişləşdirərək parlaq siyasi lider obrazında  cəmiyyətə təqdim etməyə çalışırdı. Zaman və şəraitdən  asılı olaraq bu cəhdlər  bəzən  alınsa da, çox vaxt uğursuzluqla nəticələnirdi. Bunu fiziki cəhətdən  sağlam olmayan Çernenkonun və az bir zaman  içərisində  siyasət aləmində riyakarlığı, avantüristliyi, satqınlığı və boşboğazlığı ilə məşhurlaşan Qorbaçovun timsalında hər kəs çox aydın gördü.

Kimlərin necə düşünməsindən, alimlərin necə şərh etməsindən  və fərqli ideologiyaların  hansı mövqedən  çıxış  etməsindən asılı olmayaraq, ayrı-ayrı tarixi şəxsiyyətlərin-nüfuzlu ictimai xadimlərin və fövqəl zəka sahiblərinin  xalqların, bütövlükdə bəşəriyyətin ümumi inkişafındakı xüsusi xidmətləri danılmazdır. Məhz bu cür  tarixi xidmətlərinə görədir ki, hind xalqı Cəvahirləl Nehrunun, almanlar  Bismarkın, türklər Atatürkün, ruslar Böyük Pyotrun, fransızlar general Şarl de-Qollun, amerikanlar Franklin Ruzveltin... xatirəsini daim əziz tuturlar. Bu insanların tarixi xidmətləri sayəsində ən azı  onları yetirən xalqlar,  rəhbəri olduqları dövlət və hökumətlər çox böyük uğurlar qazanıb. Məhz həmin insanların  tarixi xidmətləri sayəsində həmin xalqlar və dövlətlər çox böyük bəlalardan, ağır müharibə və kataklizmlərdən mümkün qədər az itkilərlə  ötüşə biliblər. Bu mənada Azərbaycan xalqı da ayrı-ayrı tarixi dövrlərdə  dünya miqyasında tanınan,  məşhur olan çox güclü  xadimlər yetirib.  Cavanşir və Şah İsmayıl Xətai kimi  tədbirli və qüdrətli dövlət xadimlərini, Babək, Bəndər və Mübariz İbrahimov kimi igid oğulları, Nizami, Füzuli, Şəhriyar, Səməd Vurğun, Üzeyir bəy, Bülbül, Qara Qarayev, Rəşid Behbudov, Müslüm Maqomayev  kimi söz və sənət  dühalarını, Nəsirəddin Tusi, Yusif Məmmədəliyev,  Ziya Bünyadov və Lütfizadə kimi elm karifeylərini dünyaya  bəxş edən  məhz Azərbaycan  xalqı olub.  Dünyanın bir çox yerlərində tanınan, hörmət və ehtiramla yad edilən yüzlərlə  digər azərbaycanlının da adını  bu siyahıya  əlavə etmək olar. Amma xalqımızın dünya  xalqları içərisində yerini müəyyən etmək üçün  təkcə ulu öndər Heydər Əliyevin adını  xatırlamaq da  kifayət edər. Çünki Heydər Əliyev şəxsiyyətinin qüdrəti və onun  böyüklüyü  dünyanın ən  ucqar guşələrindən belə  çox aydın görünür, dərk edilir və qəbul olunur. Ona görə ki,  bütün dünya böyük  dövlətlərin liderlərinin, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Yaponiya, Rusiya, Ukrayna kimi dövlətlərin rəhbərlərinin dilindən Ulu öndərlə  bağlı dəfələrlə xoş sözlər eşidib.

XX və XXI əsrlərin, demək  olar ki, bütün  görkəmli siyasətçiləri, elm və sənət adamları, ictimai xadimlər Heydər Əliyev şəxsiyyətinə, onun siyasi fəaliyyətinə, dövlət idarəçiliyi sahəsindəki misilsiz təcrübəyə malik  olmasına olduqca  yüksək  dəyər veriblər. Bunlar hamısı çox yaxşı. Təbiidir ki, xalqımızın ümummilli lideri  barəsində tanınmış insanlar tərəfindən deyilən və  yazılan hər xoş  söz üçün  sevinməyə və qürur  hissi  yaşamağa dəyər. “Heydər Əliyev müstəqil Azərbaycanın  baş memarı və  qurucusudur”. Prezident  İlham Əliyev tərəfindən  deyilmiş bu sözlərdə ulu öndərin ömür yolu, onun Azərbaycan xalqı və Azərbaycan dövləti  qarşısındakı xidmətləri olduqca  yığcam şəkildə öz  ifadəsini tapmışdır.

Ulu öndər 1969-cu  ildə  Azərbaycan  KP MK-nın I katibi seçiləndə mən ali məktəbin I kursuna yenicə  daxil olmuşdum. Onun  MK-nın plenumundakı geniş məruzəsi dərc olunmuş “Kommunist” qəzeti uzun müddət bir çoxları kimi, mənim də əlimdən düşmədi. Mən ilk dəfə respublikada işlərin nə vəziyyətdə olduğunu məhz həmin  məruzə əsasında öyrəndim. Xatırladaq ki, bütün respublikanı yerindən oynadan, insanları sanki qış yuxusundan  oyadan bu  plenumun sənədlərində Azərbaycanda sənayenin, kənd təsərrüfatının, xidmət sahələrinin, dövlət orqanlarının  fəaliyyətinin  bütün sahələrinin  dərindən təhlili verilməklə, nöqsanlar üçün  məsul olan  şəxslərin  fəaliyyəti kəskin şəkildə  tənqid olunmuş, respublikanı dinamik  inkişaf  yoluna çıxarmaq məqsədilə konkret  təkliflər,  əməli tövsiyələr və geniş tədbirlər kompleksi öz əksini tapmışdı.

Heydər Əliyevi  əvvəlki rəhbərlərdən fərqləndirən əsas  keyfiyyətlərdən biri  bu idi ki, o elə ilk  vaxtlardan  əhalinin ən müxtəlif  zümrələri  ilə fəal  təmas qura  bildi. Bu isə ona  hər yandan  və hər şeydən  xəbəri olmaq imkanı yaradırdı. Belə olan halda  təbiidir ki, vəzifəli  şəxslərin   böyük  əksəriyyəti öz üzərində birbaşa respublika rəhbərinin şəxsi  nəzarəti  olduğunu düşünür və bu səbəbdən də  ehtiyatla    səhvsiz  işləməyə məcbur idi. Yolundan sapanların, plan və icra intizamını pozanların, xalqın milli-mənəvi dəyərlərinə münasibətdə  biganəlik, diqqətsizlik və sayğısızlıq  edənlərin  ciddi şəkildə cəzalandırılması və ardıcıl olaraq  həyata keçirilən  dərin kadr islahatları digərlərinə də dərs oldu. Məhz yeni rəhbərin qətiyyəti və prinsipial mövqeyi sayəsində Azərbaycan Dövlət Universitetinin  hüquq fakültəsinin  qapıları  vəzifəsi, titulu və maddi imkanları olmayan sadə insanların balalarının da üzünə açılmış oldu. Hansı ki, 1969-cu ilədək həmin  fakültədə əsasən nazirlərin, raykom katiblərinin, prokurorların, digər  yüksək çinli şəxslərin övladları və ya  qohumları təhsil alırdılar. O illərdə ulu öndərin şəxsi təşəbbüsü  və təşkilatçılığı  ilə yüzlərlə istedadlı gənc təhsil almaq üçün SSRİ-nin  ən nüfuzlu ali məktəblərinə göndərildi.

Maraqlıdır ki, Heydər Əliyevin  rəhbərliyi ilə həyata keçirilən  bu kimi tədbirlər təkcə Azərbaycan ictimaiyyəti tərəfindən deyil, SSRİ-nin digər respublikalarının  sakinləri tərəfindən  də çox  geniş şəkildə müdafiə olunurdu. Təsadüfi deyildir ki, qeyd olunan məsələ ilə bağlı  o dönəmdə Heydər Əliyevin “Literaturnaya qazeta”da  dərc olunmuş geniş müsahibəsi  uzaq Kalininqraddan tutmuş Kamçatkayadək, Kuşkadan tutmuş ucqar şimal torpaqlarınadək hər kəsin böyük marağına səbəb oldu. Təqribən  bir ilə yaxın  müddət ərzində  qəzetdə bu mövzu  ətrafında müzakirələr getdi. Əlbəttə, bütün bunlar Azərbaycanın daha 50-60-cı illərin Azərbaycanı olmadığından xəbər verirdi.

Görün, cəmi bir neçə il ərzində ulu öndərin rəhbərliyi ilə Azərbaycan necə də dəyişdi, inkişaf etdi. 60-cı illərdə SSRİ-nin ən geridə qalan, qanunsuzluqların tüğyan etdiyi respublikası kimi tanınan Azərbaycan 1969-cu ildən başlayaraq hər il ardıcıl olaraq Ümumittifaq  sosializm  yarışının  qalibi oldu və Keçici Qırmızı bayraqlar aldı. Maraqlıdır ki, bayraqlar “Keçici” olsa da, onlar sonadək Azərbaycanda qaldı. Çünki Azərbaycan digər respublikalardan fərqli olaraq bütün sahələrdə  dinamik inkişaf yolunda idi. Bu inkişaf və artımlar bazar və dükanlarda, əhalinin sosial vəziyyətində, ən başlıcası isə bütövlükdə ölkənin  mədəni simasında da öz  əksini tapmaqda idi. Bir anlığa 70-80-ci illərdə Bakıda və respublikanın  digər şəhər və rayonlarında  tikilən, istifadəyə verilən iri tutumlu  sənaye və xidmət obyektlərini göz önünə gətirin. Mədəniyyət sahəsində  həyata keçirilən  böyük miqyaslı, daha doğrusu, qlobal əhəmiyyətli işləri də həmçinin. Yada salın, görün 70-ci illərin sonu-80-ci illərin əvvəllərində Azərbaycanda nə qədər insan SSRİ-nin fəxri adlarına, o cümlədən Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldü.  Onların arasında Rəşid Behbudov, Niyazi, Fikrət Əmirov, Mirzə İbrahimov, Süleyman Rüstəm, Rəsul Rza, Süleyman Rəhimov, Zeynəb Xanlarova kimi görkəmli sənət və ədəbiyyat xadimləri də var idi. O zaman əhalisinin sayı və ərazisi Azərbaycandan  bir neçə dəfə artıq olan respublikalar heç bunun yarısı qədər  fəxri ad ala bilməmişdi. Bu, bir tərəfdən ümumilikdə  Azərbaycan xalqının istedadından, digər tərəfdən respublika  rəhbəri kimi Heydər Əliyevin  nüfuzundan xəbər verirdi.

Heydər Əliyev öz nümunəsi ilə hər kəsə  subut etdi ki, tarixdə şəxsiyyətin  rolunu və xidmətlərini  dananlar yanılırlar. 80-ci illərdə SSRİ rəhbərliyi Heydər Əliyevi Moskvaya çox  istədiyindən  deyil,  onun gücünə, təcrübəsinə və səriştəsinə  ehtiyacları olduğundan apardı. Çünki, Siyasi Büronun rəhbərliyini  zəbt etmiş qocaların  əksəriyyəti artıq əldən  düşmüşdü. Çökməkdə olan iqtisadiyyatı yenidən canlandırmaq və dövlət idarəçiliyini səhmana salmaq onların işi deyildi. Ümid  ancaq Heydər Əliyevə idi. Amma dövlət idarəçiliyinin  baş postunu  ona verməyə də qorxurdular. Ona görə də, hələlik ən çətin və geridə qalan  sahələri  ona həvalə etdilər. Görün, Heydər Əliyev illərin  bataqlığına  çevrilən həmin  sahələrdə  necə möcüzələr yaratdı?! Dəmir  yolunda ritm dəyişdi, gecikmələr minimuma düşdü, Baykal-Amur magistralının  tikintisi böyük vüsət aldı... Bir sözlə, hər kəsə bir daha  ayan  oldu ki, Heydər Əliyev kimdir və nəyə  qadirdir. Elə o məqamdan başlayaraq  SSRİ rəhbərləri, xüsusən  də Mixail Qorbaçov Heydər Əliyevin  gücündən və təcrübəsindən istifadə  etmək imkanları barədə deyil, daha çox onun artan nüfuzunun  təhlükəsi barədə düşünməyə  başladılar.

Heydər Əliyevin nümunəsi  bir daha təsdiq etdi ki, böyük şəxsiyyətlər  hakimiyyət kreslosundan  kənarda olduqları dönəmdə də öz xalqının  gözündə və  qəlbində  yenə də böyük olaraq qalırlar. Təsəvvür edin, Siyasi Bürodan  və SSRİ rəhbərliyindən  istefaya  gedəndən sonra Heydər Əliyevi ümumiyyətlə bütün  siyahılardan  birdəfəlik silmək üçün  birbaşa şəxsən Qorbaçovun göstərişləri əsasında sovet  rəhbərliyi tərəfindən  ən çirkin üsullardan istifadə olundu. Amma ona qarşı yönələn  təxribatlar gücləndikcə, xalqın öz liderinə   hörmət və ehtiramı da sürətlə artmaqda idi. Beləliklə, yenidən Moskvadan Azərbaycana dönən Heydər Əliyevi onun doğulduğu, boya-başa çatdığı, gənclik illərini və əmək fəaliyyətinin  ilk çağlarını yaşadığı  Naxçıvanda, sözün əsl mənasında,  ümummilli lider  kimi qarşıladılar, əzizlədilər, qorudular.  Xalqla siyasi liderin  yenidən, özü də  son dərəcə mürəkkəb və  ekstremal  şəraitdə  baş tutan  bu növbəti görüşü  əvvəlcə Yeni Azərbaycan Partiyasının təşəkkülü, daha sonra isə yeniləşməkdə olan müstəqil Azərbaycanın günü-gündən inkişaf edərək daha da qüdrətlənməsi ilə yadda qaldı.

Məşhur el məsəlində deyildiyi kimi “igid odur atdan düşə,  atlana...” Lakin SSRİ çökəndən sonra Sovet rəhbərlərindən  heç biri  bir daha öz  qəddini düzəldə bilmədi. Amma ulu öndər Heydər Əliyev  səhhətində  yaranan  çox ciddi  problemlərə baxmayaraq,  sonadək xalqının yanında oldu, Azərbaycanı bir dövlət olaraq  dağılmaq və parçalanmaq  təhlükəsindən  xilas etdi. Məhz Heydər Əliyevin rəhbərliyi ilə  həyata keçirilmiş olan uğurlu daxili və xarici  siyasət nəticəsində Azərbaycan qısa vaxt ərzində  dünya  düzənində  özünə layiq yer tuta bildi. Hesab edirəm ki,  tarixdə şəxsiyyətin  mühüm rolu və yeri olduğunu  elmi cəhətdən  sübut etmək üçün bundan daha tutarlı  nümunələr tapmaq çətindir.   

2004-cü ildə prezident seçkilərinə hazırlığın vəziyyəti və seçkilərin gedişini izləmək məqsədilə Azərbaycandan ABŞ-a ezam edilən 6 nəfərin içində mən də  var idim.  İnanın, o günlərdə təmasda olduğumuz siyasətçilərin və dövlət adamlarının, demək olar ki,  hamısı  Heydər Əliyevlə  maraqlanırdı. Vircinya ştatında görüşdüyümüz  tanınmış senatorlardan biri haradan  gəldiyimizi soruşanda əvvəlcə Azərbaycanı tanımadı. Heydər Əliyevin prezident olduğu ölkədən gəldiyimizi bildikdə isə, ağsaçlı senator ayağa qalxaraq, o dahi şəxsiyyəti  hələ sovet dövlətinin  rəhbərlərindən biri olduğu  dövrdən yaxşı  tanıdığını  və onunla  bir neçə dəfə şəxsən  görüşdüyünü  bildirdi. O məqamda qeyri-ixtiyari  olaraq  klassiklərin birindən oxuduğum məşhur kəlam yenidən yadıma düşdü: “Xalqlar sayı ilə deyil, bəşəriyyətə bəxş etdikləri dühalarla böyük olur”. Bəli, Heydər Əliyev həqiqətən də öz tarixi xidmətləri ilə Azərbaycan xalqını dünyanın  hər yerində, həm də  daha geniş  miqyasda tanıtdı, məşhur etdi.

Keçən əsrin 80-ci illərinin ikinci yarısı-90-cı illərinin əvvəlləri tariximizə Azərbaycanın ən ağır illəri kimi düşdü. O illərdə  hakimiyyət kürsüsündə bir-birini əvəz edən uğursuz, qətiyyətsiz, maymaq və səriştəsiz  rəhbərlər  respublikanı elə dərin  quyunun  dibinə saldılar ki, xalq bunun  acısını hələ də  çəkməkdədir. Məhz həmin rəhbərlərin maymaqlığı və qətiyyətsizliyi ucbatından 100 minlərlə soydaşımız Ermənistandakı ata-baba yurdlarından vəhşicəsinə qovuldu, Qarabağ və ətraf ərazilərdəki torpaqlarımız işğal altına  düşdü və s.

Ulu öndər İlham Əliyevin gələcəyinə böyük ümidlər bəsləyirdi. Dünyanın bir çox nüfuzlu xadimləri də İlham Əliyev kimi layiqli övlad və praqmatik düşüncəyə malik  görkəmli siyasətçi yetişdirməsini Heydər Əliyevin həm də valideyn olaraq çox böyük tarixi xidməti kimi dəyərləndirirlər. Ulu öndərin ABŞ-ın Klivlend  xəstəxanasından Azərbaycan xalqına  ünvanladığı 1 oktyabr 2003-cü il tarixli müraciətində deyilirdi: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını  gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir... İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin  köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ulu öndərin bu sözlərinin  nə qədər  müdrikcəsinə və uzaqgörənliklə qələmə alındığını, başqa sözlə, Prezident  İlham Əliyevin necə siyasətçi, necə dövlət başçısı və necə şəxsiyyət olduğunu bilmək üçün sadəcə bugünkü Azərbaycan reallıqlarını görmək kifayətdir. Bəli, məhz möhtərəm cənab Prezidentimizin  gərgin və səmərəli fəaliyyəti nəticəsində bu gün Azərbaycan  hərtərəfli və coşqun inkişaf yolundadır. Ölkəmiz artıq neçənci ildir ki, ümumi daxili məhsul istehsalının artım sürətinə görə dünyada ön sıralardadır. Azərbaycanın Avropa və Qərbin enerji təhlükəsizliyi sistemindəki iştirakı və çəkisi  ildən-ilə artmaqdadır.

Hələ antik və orta əsrlərdən  başlayaraq Azərbaycana  hər zaman  böyük maraq olub. Amma Azərbaycan heç zaman dünyanın diqqətini indiki qədər cəlb etməyib. Əlbəttə, bütün bunlar birbaşa Azərbaycan dövlətinin  yeritdiyi uğurlu daxili və xarici siyasətin  nəticəsidir. Azərbaycan indi 10-15 il öncə olduğu kimi,  təkcə neft-qaz ölkəsi kimi tanınmır. Azərbaycan bu gün həm də, kifayət qədər  yaxşı imicə malik idman ölkəsi kimi tanınır. Azərbaycan idmançıları  dünyanın  yarış meydanlarında bir-birinin ardınca yeni-yeni zəfərlər qazanmaqdadırlar. Olimpiada və dünya  çempionatlarındakı uğurlarımız kimlərə bəlli deyil?!  Bu gün  Azərbaycan idmançıları qazanılan uğurlarla  kifayətlənməyərək daha ciddi hədəflər uğrunda  mübarizə aparırlar. Son illər bir-birinin ardınca çoxsaylı beynəlxalq yarışlara uğurla ev sahibliyi edən  respublikamız indi də Avropanın ilk Olimpiya oyunlarını keçirməyə hazırlaşır.

Aparılan məqsədyönlü  siyasətin nəticəsi olaraq  Azərbaycanın mədəniyyəti, musiqisi dünyanın  bütün sərhədlərini aşmaqdadır. Azərbaycan muğamının və aşıq sənətimizin  şöhrəti az qala bütün dünyanı sehrləmişdir. Azərbaycan xalçaları, respublikamızın çoxsaylı  nadir  memarlıq  inciləri də dünyanın maraq  dairəsindədir. Hər kəsə bəlli olduğu kimi, Azərbaycan cəmisi 5 ildir ki, Avropanın ən nüfuzlu və populyar musiqi  yarışması olan “Avrovision”-da iştirak  edir. 2011-ci ildə İsveçdə keçirilən  yarışma zamanı Azərbaycan ifaçıları Eldar Qasımov və Nigar Camal  dueti qalib olmaqla  “Avroviziya-2012”-ni  Bakıya gətirdilər. Hər gün, hər saat böyüyən, gözəlləşən  Bakımız o günlərdə  daha da  cazibədar oldu. O vaxtdan başlayaraq  dünya mediasının  Bakının sinonimi  olaraq işlətdiyi “Qafqazın Dubayı” termini  dillər əzbərinə  çevrildi.

Azərbaycan bu gün, eyni zamanda, həm Qərb üçün, həm də Şərq üçün cəlbedici bir  turizm diyarına çevrilib. Elə isə  xarici turistləri buraya cəlb edən  nədir? Birinci növbədə, Azərbaycanda  hökm sürən  etibarlı daxili siyasi sabitlik. İkincisi, Azərbaycanın zəngin  və rəngarəng  təbiəti. Üçüncüsü,  ölkəmizdəki bir-birindən  qədim və  maraqlı tarixi abidələrin çoxluğu. Dördüncüsü, buradakı maraqlı etnopalitra və dini  tolerantlıq. Beşincisi, Azərbaycanın,  demək olar ki,  bütün bölgələrində  münasib  infrastrukturun olması. Etiraf edək ki, 7-8 il öncə  nəinki  bölgələrdə, hətta Bakının özündə xarici turistləri qane edə biləcək  infrastruktur yox  dərəcəsində idi. İndi Qəbələ, Xaçmaz, Quba, Gəncə, Şəki, Qax, Lənkəran, hətta  Lerik və Yardımlı  da böyük turist axınına hazırdır.

Təbiidir qəlbində azacıq da olsa, Vətən təəsübkeşliyi və ədalət hissi olan hər kəsə gün kimi aydındır ki, bütün bu uğurların təməlində ulu öndər Heydər Əliyev  tərəfindən əsası  qoyulmuş Azərbaycanın uzunmüddətli strategiyası durur. Prezident İlham Əliyev isə bu strategiyanın bütün istiqamət və xətlərinin  kompleks halında, həm də balanslı şəkildə həyata keçirilməsi sahəsindəki uğurlu sürprizləri ilə artıq onuncu ildir ki, bütün  dünyanı heyrətləndirməkdə davam edir. Onu da nəzərə alın ki, ölkə Prezidentinin təşəbbüsü ilə həyata  keçirilən və yaxud hazırda həyata  keçrilməkdə olan  bütün  layihələr Azərbaycanın  gələcəyinə yönəlib. Mən bu layihələrin  hamısını necə  sadalayım?!  Gəlin,Oğuz-Qəbələ-Bakı su kəmərindən  başlayaq. 97 il bundan  öncə  xeyriyyəçi  H.Z.Tağıyevin  təşəbbüsü ilə Bakıya Şollar su xətti çəkilib.  Bunun üçün Azərbaycan  xalqı hər zaman  H.Z.Tağıyevə rəhmət diləyir. Deməli, Oğuz-Qəbələ-Bakı su kəmərinin Prezident İlham Əliyevin  hakimiyyəti dövründə, həm də şəxsən onun təşəbbüsü ilə  çəkildiyi də Azərbaycan xalqı tərəfindən heç  zaman unudulmayacaqdır.

Ötən əsrin 70-ci illərinin ortarından  80-ci illərinin əvvəllərinədək İsmayıllı Rayon Partiya Komitəsində və rayonda çıxan “Zəhmətkeş” qəzetində  məsul   vəzifələrdə  işləmişəm. Birinci katibimiz Qəşəm Aslanov olduqca işgüzar və bacarıqlı kadr idi. O, nə qədər  çalışdısa da İsmayıllının kanalizasiya məsələsini beşillik plana  saldıra bilmədi. Bunun üçün o, kimlərin qapısını döymədi,  kimlərin yanına  xahişə, minnətə getmədi. Alınmadı ki,  alınmadı. Baxın, o  nəhəngliyində sovet  dövlətinin  imkanları  fonunda  belə kiçik  bir əyalət  şəhərinin  ən ciddi  sosial  problemi illər  boyu həllolunmaz  vəziyyətdə  qaldı.  Allah Prezidentimizi pis  nəzərlərdən  qorusun, görün indi birbaşa onun tapşırığı ilə eyni  vaxtda İsmayıllı  ilə yanaşı, Ağsu, Şamaxı, Oğuz, Quba və  onlarca digər  əyalət  şəhərimizdə həm su,  həm də kanalizasiya  xətləri  çəkilməkdədir. Bu, əlbəttə, hər şeydən öncə, dövlətin iqtisadi  qüdrətindən  və dövlət  başçısının  region  sakinlərinə, bütövlükdə öz xalqına  olan  məhəbbətindən xəbər verir.

Etiraf edək ki,  bu qəbildən olan qayğı və problemlər illər boyu   bəzi  rəhbərlərin, ümumiyyətlə heç  yadına belə  düşməyib. Bəziləri isə  problemin həlli istiqamətində müəyyən  səy  göstərsələr də son olaraq heç bir  nəticə əldə olunmayıb.

Deyirlər, dağın əzəmətini görmək üçün gərək onu kənardan seyr edəsən. Bu mənada  son illər Azərbaycanda  baş  verən irimiqyaslı dəyişiklikləri görmək, duymaq və dəyərləndirmək üçün ona  bir qədər  kənardan  baxmaq  pis olmaz. Bu yaxınlarda  mədəni irs və  media  məsələlərinə həsr olunmuş  beynəlxalq  konfransda  iştirak etmək məqsədilə Makedoniyada olarkən mənim və daha  bir neçə həmkarımın  belə imkanımız oldu. Əvvəlcə “Azal”ın  xidmətindən başlamaq  istərdim. Gedəndə Bakıdan İstanbula, geri dönəndə isə İstanbuldan Bakıya  “Azal”a məxsus “Boinq”  təyyarəsində uçduq. Yeni alınmış müasir və səliqəli bir hava  gəmisi. Sərnişinlərə  az qala  lap evlərindəki kimi  isti və keyfiyyətli yeməklərdən  tutmuş? hər cür  içkilərədək xidmət göstərilir. İstanbuldan Skopyeyə və  geri uçduğumuz  təyyarə və oradakı  xidməti “Azal”la heç bir halda  müqayisə  etmək olmaz. Bu fərqi İtaliya, Ukrayna və digər  ölkələrə uçarkən  də açıq-aydın hiss etmişəm.

Makedoniyada gördüklərim də  müqayisə  baxımından çox  əhəmiyyətlidir. Məsələn, paytaxt Skopyedə  saatlarla  gəzsən bir-iki  yeni  bina görərsən. Sanki ən azı son 20 il ərzində  yeni heç nə tikilməyib. Yolları da həmçinin. Skopyedə, habelə ilboyu turist axınının güclü  olduğu Ohrid şəhərində  son vaxtlar asfalt örtüyü vurulmuş yollara, demək olar ki,  rast  gəlmədik.

Tədbirlərin  keçirildiyi binaların şəraiti barədə. Əvvəlcə onu deyim ki,  konfransın açılış  mərasimi Ohrid  şəhərindəki Apostol Müqəddəs Pavel Universitetinin  iclas salonunda baş tutdu. Zal qızdırılmadığından iştirakçıların çoxu palto və kurtkada əyləşmişdi.  Bölmə iclaslarının  və yekun iclasın  keçirildiyi  3 salondan  ikisinin  vəziyyəti türklər  demişkən ondan da fəna idi. Tərcümə işi də yaxşı  təşkil olunmamışdı. Halbuki, bundan 4 ay öncə Lahıc yolu üstündəki Qaya" istirahət mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin  dəstəyi ilə  təşkil etdiyimiz IV Avroasiya Arxelogiyası Konfransında sinxron tərcüməyədək  hər şey çox yüksək  səviyyədə təşkil olunmuşdu.    Əlbəttə, bunların hər biri  ilk baxışda çox xırda “detallar” olsa da,  hər halda müqayisə baxımından diqqət çəkməyə bilməz.

Azərbaycanın Avropa və dünya məkanında günü-gündən möhkəmlənən  mövqeyindən xəbər verən daha bir çox ciddi  faktı da yada salmaq istərdim. Bir neçə gün öncə Avropa Şurasında Almaniyadan olan deputat Kristofer Ştrasserin Azərbaycanla bağlı qərəzli hesabatına  münasibəti nəzərdə tuturam. Məlum olduğu kimi Almaniya, Fransa, Niderland və Ermənistandan olan deputatların  səylərinə baxmayaraq, Avropa Şurası böyük səs çoxluğu ilə  həmin hesabatın  qəbul olunmamasına  səs verdi. Bu, bir tərəfdən haqq-ədalətin, digər tərəfdən isə Azərbaycanın Avropanın orta göbəyində avropalı deputatlar üzərində  qələbəsi idi. Xatırladaq ki, təqribən bir il öncə Qarabağ məsələsi ilə bağlı  müzakirələrin BMT müstəvisinə  çıxarılması ilə bağlı məsələ  gündəmə gələndə də analoji vəziyyət yaranmışdı. Bildiyimiz kimi, o zaman  həmsədr ölkələrin hər üçü, yəni həm ABŞ, həm Rusiya, həm də Fransa Azərbaycanın təklifinin  əleyhinə  səs versə də, BMT böyük səs çoxluğu ilə məhz  Azərbaycanın  təklifi əsasında qərar qəbul etdi. BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçkilər zamanı da Azərbaycan dünya birliyi ölkələri tərəfindən olduqca fəal şəkildə müdafiə olundu və qalib gəldi. Bütün bunlar isə gənc və müstəqil Azərbaycan  dövlətinin beynəlxalq sahədəki uğurlarının bariz göstəricisidir.

Qədirbilən xalqımız  yaxşı bilir ki, bütün  sahələrdə qazanılan uğurlarımız hər şeydən öncə məhz ölkə Prezidentinin şəxsi fəallığı,  bir qədər də dəqiq desək, onun fədakarlığı  sayəsində əldə olunub. Yəni, Prezidentimiz dövlət rəhbəri olaraq özünün intellekti və bacarığı, idarəçilik səriştəsi, qərarlarında  çevik, ədalətli, ardıcıl və prinsipial olması ilə yanaşı, həm də sadəliyi, səmimiliyi, mediaya çox yaxın və açıq olması, ən başlıcası isə xalqımıza  xas olan milli-mənəvi dəyərlərə qəlbən  bağlılığı ilə hər kəsə nümunədir. Bəli, həyat da göstərdi ki, ulu öndər Heydər Əliyev siyasi varis məsələsində   düzgün, həm də çox uğurlu seçim edib.

 Əlbəttə, bir qəzet məqaləsində Azərbaycanın bütün uğurları barədə təfsilatı  ilə söhbət  açmaq  qeyri-mümkündür. Əsas olan odur ki,  belə uğurlarımız  çoxdur və getdikcə də  onların sayı  və miqyası durmadan  artmaqdadır. Bir daha deməliyəm ki, bütün bu uğurların bünövrəsi hələ ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə qoyulub. 1993-ci ildə yenidən hakimiyyətə qayıdışından sonra isə müstəqil  Azərbaycanın uzun bir tarixi dövr üçün ümümi inkişaf strategiyası müəyyən olunaraq həyata keçirilməyə başlanmışdır.

Azərbaycan xalqı öz Prezidenti İlham Əliyevə dönə-dönə minnətdardır ki, o, doğma respublikamızın ulu öndərin müəyyən etdiyi həmin strateji yolla irəliləyərək, daha da inkişaf edərək çiçəklənməsi üçün  əlindən gələni əsirgəmir. Təəssüflər olsun ki, bu gün həm ölkə daxilində, həm də kənarda Azərbaycanın uğurlarını görmək istəməyən bəzi qara qüvvələr var. Hansı ki, həmin qüvvələr kimlərinsə sifarişi ilə Azərbaycan əleyhinə durmadan çirkin böhtan kampaniyası aparmaqla məşğuldurlar. Amma Azərbaycan xalqı kimin kim olduğunu çox yaxşı bilir. Qoy, həmin qüvvələr də nəhayət, anlasınlar ki, insanlar hər zaman göydən yerə nur yaydığının, Yerdən göyə isə toz qalxdığının fərqində olublar və bu gün də fərqindədirlər.

 

 

Qafar CƏBİYEV,

Azərbaycan Respublikasının

əməkdar  jurnalisti,

tarix  elmləri  doktoru

 

Xalq qəzeti.- 2013.- 2 fevral.- S. 3.