Qaradağ rayonu:
quruculuq və inkişaf ünvanı
Müstəqil Azərbaycan
sosial-iqtisadi inkişaf tempinə görə dünyada lider
mövqeyə malikdir. Hazırda regional və dünya əhəmiyyətli
iri iqtisadi layihələri uğurla gerçəkləşdirən
ölkəmiz hüquqi cəmiyyət quruculuğu yolunda inamla
addımlayır. Azərbaycan bütün sahələrdə
bir-birinin ardınca əldə etdiyi mühüm nailiyyətlərlə
öz böyük gələcəyinin etibarlı təməlini
qoyur.
Azərbaycanın
bugünkü sürətli inkişafı məhz
xalqımızın ümummilli lideri Heydər Əliyevin
müdrik, üzaqgörən siyasəti və bu siyasətin
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi sayəsində mümkün
olmuşdur.
Ulu
öndərimiz Azərbaycanı xaos və anarxiyadan, dövlətçiliyin
itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar
yoluna çıxartmışdısa, dövlət
başçısı İlham Əliyevin rəhbərliyi ilə
respublikamız dünyanın ən sürətli inkişaf edən,
yeniləşən, müasirləşən, demokratikləşən
dövlətinə çevrilmişdir.
Bu il
yanvarın 15-də Prezident İlham Əliyevin sədrliyi ilə
Nazirlər Kabinetinin ötən
ilin sosial-iqtisadi
inkişafının yekunlarına və 2013-cü ildə
qarşıda duran vəzifələrə həsr olunmuş
iclasında dövlət başçısının
giriş və yekun nitqlərində respublikamızdakı
iqtisadi-siyasi vəziyyət dərindən təhlil edilmiş,
uğurlar qiymətləndirilmiş, qarşıda duran vəzifələr
və onların həlli yolları müəyyən
olunmuşdur. Respublika Prezidentinin vurğuladığı kimi,
ötən il qarşıya qoyulmuş bütün
iqtisadi-sosial vəzifələr öz həllini tapmış,
ölkəmiz bir sıra mühüm
uğurlara imza atmışdır.
Qısa
zaman kəsiyində Azərbaycan inkişafın özünəməxsus
modelini yaratdı. Ölkəmizin intibah yolu artıq bir çox dünya ölkələri
üçün ən uğurlu nümunələrdən
birinə çevrilmişdir. Prezident İlham Əliyevin
dövlət başçısı kimi fəaliyyət
müddəti ərzində Azərbaycan əsas makroiqtisadi
göstərici olan ümumi daxili məhsulun orta artım tempinə
görə dünya dövlətlərinin reytinq cədvəlində
lider ölkə olaraq qalır. Ötən ilin may
ayında “Eurovizion” mahnı
müsabiqəsinin, qadınlar arasında futbol üzrə
dünya çempionatının, beynəlxalq humanitar forumun Azərbaycanda
keçirilməsi böyük nailiyyətlərdəndir. Azərbaycan
Prezidentinin rəhbərliyi altında həyata keçirilən
iqtisadi strategiya sosialyönümlülük prinspinə əsaslanmaqla
bu sahədə problemlərin kompleks həllinə
hesablanmışdır.
Dünya Bankının hesabatlarında biznesin
aparılması üçün Azərbaycan yüksək
yerlərdən birini tutur. Ümumdünya Davos İqtisadi
Forumunun hesablamalarına görə, ölkə
iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə
46-cı yerdə, MDB məkanında isə 1-ci yerdədir.
2012-ci
ildə ümumi daxili məhsul 2,2 faiz, qeyri-neft sektoru 9,7 faiz
artmış və valyuta ehtiyatlarımız 45 milyard dollardan
çox olmuşdur. Ötən il investisiya xərcləri
rekord səviyyədə-22 milyard dollardan çox qeydə
alınmışdır. Bunun 13 milyarddan bir qədər
çoxu daxili, 9 milyard dollara yaxını isə xarici
investisiyalardır. Daxili investisiyalar artıq bir neçə
ildir ki, ümumi investisiya portfelində üstünlük təşkil
edir. Azərbaycan xarici investorlar üçün də
çox etibarlı tərəfdaşdır.
Ölkəmizin
maliyyə imkanları getdikcə
artır. Bu ilin büdcəsi də rekord səviyyədədir,
yəni 20 milyard manata yaxın vəsait xərclənəcəkdir.
Hazırda respublikamızın valyuta ehtiyatları 46 milyard
dollara çatmışdır. Valyuta ehtiyatları ümumi
daxili məhsulun 70 faizini təşkil edir.
2012-ci il: sosial-iqtisadi inkişafın
mənzərəsi
Ötən
il “2011-2013-cü illərdə Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı”nın icrası uğurla davam
etdirilmişdir. Bu proqram Bakı şəhərinin, o cümlədən
Qaradağ rayonunun qəsəbələrində sosial infrastrukturun
müasir tələblərə uyğun şəkildə
qurulmasında mühüm rol oynamışdır.
Ötən
il rayonun sosial-iqtisadi həyatının bir sıra sahələrində
inkişaf dinamikası qorunub saxlanılmış və bir
sıra yüksək göstəricilər əldə
olunmuşdur. Faktlara diqqət yetirək. Sənayedə
qeyri-dövlət müəssisələri tərəfindən
236 milyon 215,4 min manatlıq və ya ümumi istehsalın 41,6
faizi, dövlət müəssisələri tərəfindən
isə 331 milyon 558,7 min manatlıq və ya ümumi
istehsalın 58,4 faizi qədər sənaye məhsulu istehsal
olunmuş və xidmətlər göstərilmişdir.
İqtisadiyyatın
aparıcı sahəsini təşkil edən neft-qaz sənayesi müəssisələrində
411,6 min ton xam neft və 349,9 milyon kubmetr təbii qaz hasil
olunmuşdur. Rayon üzrə 1 milyon 558,2 min ton sement istehsal
edilmişdir.
Hesabat
ilində rayonun sosial-iqtisadi sahələrinin inkişafına
369 milyon 093,1 min manat investisiya qoyulmuşdur. İstifadə
edilmiş investisiyaların 246 milyon 876,5 min manatı
tikinti-quraşdırma işlərinə sərf edilmişdir
ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən
2,8 dəfə çoxdur.
Nəqliyyat
sektorunda 22 milyon 740,6 min manatlıq xidmətlər göstərilmişdir
ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətdə
39,4 faiz çoxdur. Rabitə müəssisələri tərəfindən
ötən müddət ərzində 1 milyon 649 min
manatlıq və ya 2011-ci ilin müvafiq dövrü ilə
müqayisədə 19,4 faiz çox rabitə xidmətləri
göstərilmişdir. Hazırda müvafiq Dövlət
Proqramına uyğun olaraq rayonun bütün qəsəbələrində
müasir texnologiyalar əsasında ATS-lərin nömrə
tutumlarının, internet xidmətlərinin
artırılması işləri aparılır. Qobustanda yeni
ATS, Ələt qəsəbəsinin Şixlar
yaşayış məntəqəsində, Korgöz qəsəbəsində
yeni poçt şöbələri tikilib istifadəyə verilmişdir.
Hesabat
dövründə əhaliyə 1 milyard 409 milyon 047,5 min manat
məbləğində və ya ötən ilin eyni
dövrünün səviyyəsindən 25,1 faiz çox
istehlak malları satılmışdır. 2012-ci ildə xidmət
müəssisələri tərəfindən əhaliyə 83
milyon 653,1 min manatlıq və yaxud 2011-ci ilin müvafiq
dövrünün səviyyəsindən 6,1 faiz çox pullu
xidmətlər göstərilmişdir.
Təqdirəlayiq haldır ki, pullu xidmətlərin 87,4 faizi
özəl bölmə tərəfindən həyata
keçirilmişdir.
Hesabat
ilində rayonda orta aylıq əmək haqqı 2011-ci ilin
müvafiq dövrü ilə müqayisədə 18,7 faiz
artaraq 731,6 manata, sənayedə çalışanların isə
orta aylıq əmək haqqı 21,6 faiz artaraq 966,4 manata
çatmışdır ki, bu da ümumrespublika göstəricilərindən
yüksəkdir.
Ötən
il ərzində 1087 ailəyə orta hesabla 127,67 manat məbləğində
ünvanlı sosial yardım verilmiş, əhalinin aztəminatlı
təbəqələrinə müxtəlif pensiyalar və
müavinətlər ödənilmişdir.
Hesabat
dövründə rayonda sahibkarlığın
inkişafı, əlverişli biznes mühitinin
yaradılması, yeni istehsal müəssisələrinin
tikintisi və iş yerlərinin açılması istiqamətlərində
də xeyli iş görülmüşdür. Belə ki,
Putada “Xəzər-Boru” şirkətinin istehsalat
bazasının və Metanol zavodunun, Səngəçalda
“AAC” MMC-nin Qazobeton blokları və “As Kompani” MMC-nin Əhəng
istehsalı müəssisələrinin tikintisi başa
çatdırılmışdır.
Sahil
qəsəbəsinin inzibati ərazisində Azərbaycan
İnvestisiya Şirkətinin iştirakı ilə “Holcim-Azərbaycan”
ASC-nin yeni sement zavodu, Qaradağ metal konstruksiyalar zavodu istifadəyə
verilmişdir. Bu iki müəssisənin işə
düşməsi 350-yə yaxın yeni iş yeri deməkdir.
Bütövlükdə 2012-ci il ərzində 1310 yeni iş
yeri açılmışdır ki, bununla da 2004-cü ildən
bu günədək rayonda açılmış daimi iş
yerlərinin sayı 9219-a çatmışdır.
Yaxın
illərdə Ələtdə Beynəlxalq Dəniz
Limanının, Sahildə Gəmiqayırma zavodunun
inşası kimi nəhəng layihələrin icrası nəticəsində
rayonda yüzlərlə yeni iş yeri açılacaqdır.
Kommunal xidmətin səviyyəsi
yüksəlir
Hesabat
ilində rayon əhalisinin, eləcə də sosial obyektlərin enerji
daşıyıcıları və kommunal xidmətlərlə
təminatının yaxşılaşdırılması
istiqamətində xeyli iş görülmüşdür. Belə
ki, istilik enerjisi ilə təchizat sahəsində Lökbatan qəsəbəsində
S.Orucov, V.Əsgərov, Bünyadzadə küçələrindəki
530, 531 və 532 saylı qazanxanalar rayonun 10 saylı istilik
sistemləri istismarı sahəsinin balansına verilmişdir.
Köhnə
tipli 3 qazanxananın daxilində təmir-bərpa işləri
görülmüş, həmin qazanxanaların xidmət
göstərdiyi 14 binadan 11-də istilik sistemi bərpa
edilmiş və 2 ədəd müasir tipli qazanxana tikilib
istifadəyə verilmişdir. Hazırda Qaradağ rayonunda yerləşən
istilikxanalardan 97 yaşayış binası, 9 orta məktəb,
3 uşaq bağçası və 3 səhiyyə obyekti
istiliklə təmin olunur.
Hesabat
dövründə rayonun elektrik enerjisi ilə təchizatının
yaxşılaşdırılması üçün 149 ədəd
“TM” və “KTM” avadanlıqları təmir edilmiş, 52 ədəd
yüksək gərginlikli mufta
quraşdırılmışdır. Rayon ərazisində 5 ədəd
yeni kompleks transformator məntəqəsi və 8 ədəd
yağ açarı yenisi ilə əvəzlənmiş, 2 min 301 metr müxtəlif kilovoltluq
hava xətti, 33 min 494 metr kabel xətti təmir olunmuşdur.
Bundan başqa, abonentlər üçün 1564 ədəd
sayğac quraşdırılmışdır.
Qaz
istismar sahəsi tərəfindən qaz təchizatını
yaxşılaşdırmaq məqsədi ilə 25 ədəd
köhnə qaz tənzimləyici şkaf yenisi ilə əvəzlənmişdir.
Qəsəbələrdə korroziyaya uğramış
müxtəlif diametrli 1567,6 metr qaz xətti təmir
edilmişdir. “Azəriqaz” tərəfindən müxtəlif
diametrli 99817 metr yeni qaz xətti çəkilmiş və 30 ədəd
siyirtmə quraşdırılmışdır. Hazırda bu
istiqamətdə işlər davam etdirilir.
2012-ci
ildə əhali tərəfindən istehlak olunan elektrik
enerjisinin dəyəri 103 faiz, təbii qazın dəyəri
isə 103 faiz ödənilmişdir.
Rayonun
enerji daşıyıcıları ilə təminatı
sistemində elə bir ciddi problem müşahidə edilməsə
də, bu gün müvafiq Dövlət Proqramı çərçivəsində
qəsəbələrin, xüsusi ilə də yeni
salınmış yaşayış massivlərinin elektrik
enerjisi və təbii qazla təchizatının daha da
yaxşılaşdırılması üçün zəruri
tədbirlər həyata keçirilməkdədir.
Hesabat
dövründə əhalinin içməli su ilə təchizatının
və kanalizasiya xidməti ilə təminatının
normallaşdırılması üçün bir sıra
işlər görülmüşdür. Belə ki, 2012-ci il ərzində
Qaradağ Su Kanal Departamenti tərəfindən 9644,5 metr
müxtəlif diametrli su xətti dəyişdirilmiş və
20 ədəd siyirtmə quraşdırılmışdır.
Bu istiqamətdə işlər davam etdirilir.
Abadlıq-quruculuq və
yaşıllaşdırma işləri...
“2011-2013-cü
illərdə Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na
uyğun olaraq 2012-ci il ərzində rayon əhalisinin asudə
vaxtının səmərəli təşkili, mədəni-məişət
şəraitinin yaxşılaşdırılması
üçün geniş abadlıq-quruculuq işləri
aparılmışdır.
Bakı-Astara
magistral avtomobil yolunun rayon ərazisindən keçən sol və
sağ hissələrinin kənarlarında nəzərdə
tutulmuş istinad divarlarının tikintisi
aparılmışdır. Belə ki, hündürlüyü
6 metr olan 15760 metr uzunluğunda, 94560 kvadratmetr
ölçüdə hörülmüş hasarın 36450
kvadratmetr hissəsi xüsusi ornamentli aqlay və qranit tavalarla
üzlənmişdir. Hasarların qarşısında 37375
kvadratmetr tamet döşənmiş, 4972 metr bardür
düzülmüş, divarlar müasir işıqlandırma
sistemi ilə təchiz edilmişdir. Bundan əlavə yolun kənarından
istinad divarlarına qədər olan məsafədə
mövcud boşluqların doldurulması üçün
512715 kubmetr çınqıl əraziyə daşınaraq
yayılmışdır. Həmin ərazidə 750 ədəd
ağac və bəzək kolu əkilmişdir.
İl
ərzində rayon ərazisində 31 obyektdə təmir-tikinti
işləri görülmüşdür.
Rayon
ərazisində olan yollara və məhəllədaxili həyətlərə
146180 kvadratmetr asfalt döşənmişdir. Eyni zamanda
yararsız vəziyyətdə olan küçələrə
328 maşın çınqıl və daş
qırıntıları tökülərək
yayılmışdır. Asfaltlanmış küçələrdə,
məhəllədaxili yollarda və yaşayış
binalarının həyətlərində 10127 metr bardür qurulmuş,
eni 1,5 metr, uzunluğu 7840 metr olan səki tikilmiş və 259 ədəd
küçə işığı
quraşdırılmışdır. Hazırda rayonun qəsəbələrində
bu işlər davam etdirilir və müvafiq proqram üzrə
yaxın iki il ərzində bütün məhəllədaxili
yolları əhatə edən 2 milyon kvadratmetr sahə
asfaltlaşdırılacaqdır.
Uzun
illərdən bəri fasadları və dam örtükləri
yararsız vəziyyətdə olan 25 çoxmərtəbəli
yaşayış binası təmir edilmiş, binalarda 38 ədəd
giriş qapısı, 152 ədəd pəncərə
quraşdırılmış, giriş qəfəslərində
olan pəncərələrə 360 kvadratmetr şüşə
salınmışdır. Rayon üzrə 28657 kvadratmetr dam
örtüyü təmir olunmuşdur. Rayon ərazisində 23
çoxmərtəbəli yaşayış binasının
zirzəmisində olan 1340 metr, çölündə isə
428 metr kanalizasiya xətləri və 1580 metr daxili su xətləri
təmir olunmuş, magistral küçələrdə 9650
metr yeni magistral kanalizasiya xətti çəkilmiş, 92 ədəd
lyuk təmir edilmişdir. 45 binanın qarşısında olan
kanalizasiya xətləri təmizlənmiş və
yuyulmuşdur.
Ötən
il ərzində rayon üzrə yaşıllıq
zolaqlarının genişləndirilməsi məqsədi ilə
6470 ədəd müxtəlif növlü ağac, gül və
bəzək kolları əkilmiş, 3500-ə yaxın
müxtəlif ağac və bəzək kolları
budanılaraq dibləri bellə
boşaldılmışdır.
Qaçqın və məcburi
köçkünlərə qayğı
Rayonda
məskunlaşan 15663 nəfər və ya 3614 məcburi
köçkün və qaçqın ailəsinin
yaşayış şəraitinin
yaxşılaşdırılması və onların sosial
problemlərinin həlli sahəsində müəyyən
işlər görülmüşdür.
Ümid
qəsəbəsində kottec tipli fərdi yaşayış
evlərinə qaz xətlərinin çəkilişi,
xeyir-şər evinin əsaslı təmiri başa
çatdırılmışdır. Qəsəbə ərazisində
“Holcim” ASC tərəfindən Gənclərin İnkişaf Mərkəzinin
inşasına başlanmışdır.
Ötən
dövr ərzində 195 məcburi
köçkün ailəsi ünvanlı sosial yardımla təmin
olunmuşdur.
Qaradağ
rayonunun Müşfiqabad qəsəbəsində 1440 məcburi
köçkün ailəsi üçün yeni
salınmış məhəllə istifadəyə
verilmişdir. “Qaradağ rayonunun sosial-iqtisadi
inkişafına yardım fondu”
tərəfindən 3800 qaçqın və məcburi
köçkün, şəhid,
əlil və aztəminatlı ailələrə “Novruz”
bayramı münasibəti ilə təxminən 15 ton müxtəlif
növ ərzaq məhsullarından ibarət yardımlar
paylanmışdır.
Təhsil, səhiyyə, mədəniyyət...
Hesabat
dövründə humanitar sahələrdə dövlət
siyasətinin layiqincə həyata keçirilməsi, rayonun təhsil,
səhiyyə, mədəni-maarif müəssisələrinin
tikintisi və təmiri ilə bağlı xeyli işlər
görülmüşdür. Dövlət
başçısının “Bakı şəhəri
Qaradağ rayonunun Ələt və Qobustan qəsəbələrinin
sosial-iqtisadi inkişafının sürətləndirilməsi
ilə bağlı tədbirlər haqqında” 6 aprel 2011-ci il
tarixli sərəncamına uyğun olaraq Qobustan qəsəbəsində
800 şagird yerlik yeni ümumtəhsil məktəb
binasının tikintisi başa
çatdırılmışdır.
Müşfiqabad
qəsəbəsindəki 67 nömrəli körpələr
evi-uşaq bağçası əsaslı təmir olunduqdan
sonra körpələrin istifadəsinə verilmişdir.
Ümumi sahəsi 2,389 kvadratmetr olan, 220 yerlik bağçada
körpələrin təlim-tərbiyəsi üçün
hər cür şərait nəzərə
alınmışdır. Burada yeməkxana, həkim, musiqi və
digər otaqlar vardır. Bağçanın ətrafında
geniş abadlıq işləri görülmüş,
uşaqların istirahəti üçün müxtəlif
attraksionlar quraşdırılmışdır.
Bununla
yanaşı, Dövlət Proqramına əsasən,
2013-cü ildə Qızıldaş qəsəbəsindəki
180 nömrəli orta məktəb üçün 15 əlavə
sinif otağının, Sahil qəsəbəsindəki 253 və
273, Lökbatan qəsəbəsindəki 233 nömrəli orta
məktəblərin inşası, Sahil qəsəbəsindəki
301 nömrəli körpələr evi-uşaq
bağçasının əsaslı təmiri, Lökbatan qəsəbəsində
şagird sıxlığına görə 960 şagird yerlik
yeni məktəb binasının, Ümid, Qızıldaş,
Müşfiqabad və
Lökbatan qəsəbələrində hər biri 120 yerlik
olmaqla yeni uşaq bağçalarının tikintisi nəzərdə
tutulmuşdur. Ötən tədris
ilində rayon üzrə orta məktəbi
1206 nəfər bitirmişdir. Onlardan ali təhsil ocaqlarına
sənəd verən 868 nəfər məzundan 373 nəfəri
ali məktəblərə qəbul olmuş və bu da sənəd
verənlərin 42,9 faizini təşkil edir. Ötən il bu rəqəm
40,6 faiz olmuşdur. Məzunlardan 10 nəfəri 600-dən
yuxarı bal toplamışdır.
2011-2012-ci
tədris ilində rayonun bir müəllimi “Əməkdar
müəllim”, iki müəllimi “Tərəqqi” medalına,
253 saylı tam orta məktəb isə “Ən yaxşı
ümumi təhsil müəssisəsi” müsabiqəsində
“İlin məktəbi” adına layiq
görülmüşdür. Orta ümumtəhsil müəssisəsinin
3 şagirdi 600-dən yuxarı bal toplamış və onlardan
biri Prezident təqaüdünə, məktəbin direktoru
Rafiq Şahverdiyev Təhsil Nazirliyi tərəfindən
“Qabaqcıl təhsil işçisi” döş nişanına
layiq görülmüşdür.
Ötən
tədris ilində Lökbatan qəsəbəsindəki 233
nömrəli tam orta məktəbin fizika müəllimi Cəlal
Qurbanov Prezident İlham Əliyevin
müvafiq sərəncamı ilə “Əməkdar müəllim”
adına layiq görülmüşdür.
Hesabat
dövründə rayonun prioritet istiqamətlərindən biri
də rayonun səhiyyə infrastrukturunun inkişafı, əhalinin
sağlamlığının mühafizəsi, sakinlərə
tibbi xidmətin səviyyəsinin yüksəldilməsi,
müalicə-profilaktika işlərinin təkmilləşdirilməsi,
infeksion-yoluxucu xəstəliklərin yayılmasının
qarşısının alınması, sanitar-epidemioloji
sabitliyin təmin olunması təşkil etmişdir. Bununla əlaqədar
bəzi faktlara diqqət yetirək. “2011-2013-cü illərdə
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda
Qaradağ rayonunun səhiyyə sahəsini əhatə edən
7 konkret tədbir nəzərdə tutulmuş və
bunların 3-ü uğurla həyata
keçirilmişdir. Qalan səhiyyə müəssisələrində
təmir-tikinti işləri davam etdirilir. Son illərdə bir
çox tibb müəssisələrində, o cümlədən
4 nömrəli Doğum evində, 39 nömrəli
Kardiorevmotoloji uşaq sanatoriyasında, 9 nömrəli Birləşmiş
Şəhər Xəstəxanasının poliklinika
şöbəsində, 15 və 20 nömrəli Təcili
Tibbi Yardım stansiyalarında, 23 nömrəli Birləşmiş
Şəhər Xəstəxanasının stasionar şöbəsində,
həmçinin bu tibb müəssisəsinin Səngəçal
qəsəbəsində yerləşən ambulator şöbəsində
əsaslı təmir və yenidənqurma işləri
aparılmaqla yeni, müasir tibbi avadanlıqlarla təchiz
olunaraq istifadəyə verilmişdir.
Rayon
sakinlərinin asudə vaxtının, əhalinin mədəni-kütləvi
istirahətinin səmərəli təşkili məqsədilə
rayonun 7 mədəniyyət evi, 1 klub, 10 kütləvi
kitabxana, 2 musiqi və 1 incəsənət məktəbinin
bütün imkanları səfərbər olunmuş,
maraqlı və yaddaqalan mədəni-kütləvi tədbirlər
həyata keçirilmişdir. “2011-2013-cü illərdə
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na
uyğun olaraq Sahil qəsəbəsindəki 5 nömrəli Uşaq incəsənət və 28
nömrəli musiqi məktəbləri əsaslı təmir
olunaraq istifadəyə verilmişdir. Eyni zamanda, Qobustan və
Müşfiqabad mədəniyyət saraylarının əsaslı
təmiri, Lökbatan qəsəbəsindəki 9 nömrəli
musiqi məktəbi üçün yeni binanın tikintisi
davam etdirilir.
Rayon
ərazisində 15 tarixi abidənin, xüsusilə də
dünya əhəmiyyətli Qobustan Milli Tarixi-Bədii
Qoruğunun mühafizəsinin gücləndirilməsi
üçün zəruri tədbirlər
görülmüşdür.
Gənclər siyasəti uğurla
həyata keçirilir
Hesabat
dövründə dövlət gənclər siyasətinin həyata
keçirilməsi, yeniyetmə və gənclərlə
işin təkmilləşdirilməsi və müasir tələblərə
uyğun qurulması diqqət mərkəzində
saxlanılmışdır. Yeniyetmə və gənclərin
vətənpərvərlik işinin gücləndirilməsi məqsədilə
rayon Gənclər və
İdman İdarəsinin yerlərdə 28962 gənci təmsil
edən 51 nümayəndəliyi yaradılmışdır.
Hesabat dövrü ərzində gənclər sahəsi
üzrə 61 tədbir keçirilmişdir.
Hesabat
dövründə yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik
tərbiyəsi işinin gücləndirilməsi
üçün müntəzəm olaraq “Şahin” və “Cəsurlar”
hərbi-idman oyunları, “Vətənin müdafiəsinə
hazıram” çoxnövlük yarışları təşkil
olunmuşdur.
Qaradağ
rayonunun gənc idmançılarının 2012-ci il ərzində
müxtəlif səviyyəli şəhər, respublika və
beynəlxalq yarışlarda iştirakı təmin edilmiş
və bir sıra idman nailiyyətləri
qazanılmışdır. Sədi Namazov və Elxan Musazadə
karate üzrə Avropa çempionatında I yerə layiq
görülmüşdür.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2013.- 8 fevral.- S. 6.