Azərbaycan Turizm İnstitutunda “Regionlarda turizmin
inkişafı” adlı treninqlərə
başlanmışdır
Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycan
Turizm İnstitutu “Turizmin İnkişafına Dəstək”
İctimai Birliyi ilə birgə fevralın 4-də ATİ-də
rayon (şəhər) mədəniyyət və turizm
şöbələrinin (idarələrinin) müdirlərindən
və turizm informasiya mərkəzlərinin rəhbərlərindən
ibarət heyətlə seminar-treninqlərə
başlamışdır. Məlumat üçün qeyd etmək
lazımdır ki, kurslara 40 rayonun mədəniyyət və
turizm şöbəsinin müdirləri və 9 regional turizm
informasiya mərkəzinin rəhbəri dəvət
olunmuşdur.
“Regionlarda
turizmin inkişafı” mövzusunda keçirilən treninqlərin
ilk günündə mədəniyyət və turizm nazirinin
müavini Nazim Səmədovun, nazirliyin turizm şöbəsinin
müdiri Aydın İsmiyevin və ATİ-nin rektoru Cəfər
Cəfərovun iştirakı ilə tədbir
keçirilmişdir. Nazim Səmədov tədbirdə
çıxış edərək ölkəmizdə yeni
infrastruktur layihələrin həyata keçirilməsindən,
beynəlxalq şəbəkəyə daxil olan hotellər və
turizm obyektlərinin açılmasından
danışmışdır. Bildirmişdir ki, bu turizm obyektlərində
çalışmaq üçün işçi qüvvəsinin
peşəkarlıq səviyyəsi
qaldırılmalıdır. Bu mənada regionlarda turizmin
inkişafına nail olmaq üçün rayon mədəniyyət
və turizm şöbələrinin üzərinə
böyük iş düşür. Onlar hər bir bölgəyə
xas olan müxtəlif festivallar təşkil etməli və
regionlardakı mədəniyyət müəssisələrinin
turizm firmaları ilə yaxından əməkdaşlıq etmələrinə
yardımçı olmalıdırlar.
ATİ-nin
rektoru Cəfər Cəfərov rayonların mədəniyyət
və turizm idarələrində işləyən əməkdaşlarının
mədəniyyət və mədəni abidələrin
qorunması sahəsi üzrə sovet dövründən qalan
müəyyən təcrübələri olduğunu qeyd
etmişdir. Çıxışında bu istiqamətdə nə
qədər mədəni abidələrin bərpa olunması,
reyestrə salınması və s. kimi müəyyən
işlər görülməsini vurğulayan rektor, bunlarla
yanaşı turizm sahəsinin də sürətlə
inkişaf etdiyini bildirmişdir. O demişdir: “Regionların
turizm potensialını ortaya qoymaq, əsaslandırıb
dövlət proqramlarına salmaq, rayona gələn
investorları maraqlı ideyalarla turizm potensiallı ərazilərə
yönləndirmək və burada yaxşı bir turizm məhsulunun
ortaya çıxarılmasına vəsilə olmaq
baxımından bu biliklər təbii ki, yetərli deyil. Bu
baxımdan Turizm İnstitutu Mədəniyyət və Turizm
Nazirliyinin Turizm şöbəsi ilə birlikdə
rayonların mədəniyyət və turizm idarələrinin
əməkdaşları üçün silsilə
seminar-treninqlər təşkil etmişdir. Bu həm
Bakıda, həm də regional müşavirələr
formasında davam edəcək. Bu seminar-treninqlərdə
ölkənin bu sahədə ümumi siyasi kursunu müəyyənləşdirən
mövzularla yanaşı, daha konkret məsələləri əhatə
edən təlimlər keçiriləcək”.
Tədbirdə
seminar-treninqlərin fevralın 8-dək davam edəcəyi və
treninqlər başa çatdıqdan sonra
iştirakçılara Mədəniyyət və Turizm
Nazirliyinin və Azərbaycan Turizm İnstitutunun birgə
sertifikatının təqdim olunacağı bildirilmişdir.
Z.BƏŞİRQIZI
Xalq qəzeti.- 2013.- 8 fevral.- S. 5.