ATİ və Naxçıvan Özəl Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanmışdır

 

Azərbaycan Turizm İnstitutunun mətbuat xidmətindən bildirmişlər ki, Naxçıvan Özəl Universitetinin rektoru, professor İsmayıl Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ATİ-də olmuşdur. Geniş tərkibli görüşdə institutun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov rəhbərlik etdiyi 7 yaşlı ali təhsil ocağının bu günə qədər keçdiyi inkişaf strategiyasını ətraflı şərh etmişdir.

 

ATİ-nin rektoru C. Cəfərov rəhbərlik etdiyi institutun beynəlxalq təşkilatlarda, o cümlədən qurumlarda təmsilçilik missiyasından danışmış, dünyanın nüfuzlu universitetləri ilə bağlanmış akademik əməkdaşlıq və mübadilə müqavilələrinin turizm sahəsi üzrə ixtisaslı kadr hazırlığına müsbət təsiri olduğunu bildirmişdir. O, söhbət əsnasında ATİ ilə Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti arasında həm bakalavr, həm də magistr pilləsi üzrə kadr hazırlığı sahəsində akademik müqavilə və saziş imzalandığını diqqətə çatdırmışdır. Ölkə rəhbərinin turizm sənayesinin inkişafında başlıca amil sayılan ixtisaslı kadr hazırlığına böyük diqqət və qayğı göstərdiyini xüsusi vurğulamışdır.  Naxçıvan Özəl Universitetinin rektoru, professor İsmayıl Əliyev səmimi qarşılandıqları üçün rektor C. Cəfərova təşəkkürünü bildirmişdir. Naxçıvan Özəl Universitetinin Azərbaycan paytaxtından kənarda yerləşən yeganə özəl ali təhsil ocağı olduğunu, universitetdə 14 ixtisas üzrə 200 tələbənin təhsil aldığını bildirmişdir. ATİ-nin təhsil-təlim-təcrübə-tədqiqat sahəsində qazandığı uğurlardan bir təhsil müəssisəsi olaraq bəhrələnə biləcəklərini xüsusi qeyd etmişdir.

Sonda ATİ və Naxçıvan Özəl Universiteti arasında təhsil, elm və mədəni əməkdaşlığa dair müqavilə imzalanmışdır. Mətbuat xidmətindən həmçinin bildirmişlər ki, Naxçıvan Özəl Universiteti ilə imzalanmış bu sənəd Azərbaycan Turizm İnstitutunun ölkədaxili özəl və dövlət universitetləri arasında bağlanmış ilk əməkdaşlıq müqaviləsidir.

 

 

Z.BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2013.- 8 fevral.- S. 2.