Zəngilan: şəffaf fəaliyyət ciddi uğurlar üçün əsas yaradır

 

Dünən Zəngilan Rayon İcra Hakimiyyəti 2012-cu ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirdi. Tədbirdə Prezident Administrasiyasının məsul işçisi Rövşən Ağayev, Milli Məclisin deputatı İmamverdi İsmayılov, Zəngilan rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

 

Rayon icra hakimiyyətinin başçısı Ramiz Həsənov bildirdi ki, Nazirlər Kabinetinin 15 yanvar 2013-cü il tarixli iclasında prezident İlham Əliyev girişyekun nitqində qeyd etmişdir ki, 2003-cü ildən başlayaraq iqtisadiyyatımızın, dövlət büdcəmizin dünyada analoqu olmayan sürətli artımı, təbii ki, bütün sahələrdə irəliləyiş, canlanma, müasir infrastrukturun formalaşması, ən yeni informasiya-kommunikasiya texnologiyalarının Azərbaycanda tətbiqi, Bakı şəhərində və bütün bölgələrimizdə nəhəng abadlıq və quruculuq işlərinin geniş vüsət almasına əhəmiyyətli şərait yaratmışdır. Qaçqın-köçkün problemlərinə toxunan ölkə başçısı göstərmişdir ki, hazırda məcburi köçkünlər üçün qəsəbələr tikilməsi, onların yeni mənzillərdə yerləşdirilməsi prosesi gedir. Bu layihələrin gerçəkləşməsinə Dövlət Neft Fondu tərəfindən 300 milyon manat vəsait ayrılmış, ayrılan vəsait hesabına 20 mindən çox məcburi köçkün yeni mənzillərə köçürülmüşdür. Ölkə başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bu istiqamətdə gedən danışıqların Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində hələlik dondurulmuş vəziyyətdə olduğunu, məsələnin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapacağını vurğulamışdır.

Ramiz Həsənov qeyd etdi ki, dövlət başçısının icra orqanlarına qarşı ciddi tələbkarlığı rayonda məsuliyyət hissini artırmış, sağlam və işgüzar şərait yaratmış, rayon icra hakimiyyətinin, onun struktur bölmələrinin daha səmərəli işləməsinə, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə müsbət təsir göstərmişdir. Ölkəmizin gələcək inkişafını təmin edə biləcək vacib məsələlərdən biri də kadrların hazırlanmasıdır. Rəhbər vəzifələrə təşkilatçılıq bacarığı, intellekti ilə seçilən təşəbbüskar kadrların - xüsusilə gənclərin və qadınların irəli çəkilməsinə ciddi fikir verilmişdir. Təkcə 2012-ci ilin ikinci yarısında rayon icra hakimiyyətinin aparatında, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə, habelə rayonun idarə-müəssisə və təşkilatlarında boşalmış yerlərinə 40-a yaxın gənc təyin olunmuşdur ki, bunların da üçdə birindən çoxunu qadınlar təşkil edir. Kadrların işə qəbulu zamanı şəffaflığın təmin olunması ilə bağlı ölkə başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə ciddi əməl olunmuşdur.

Rayonun təhsil, səhiyyə, mədəniyyət və turizm şöbələri 2012-ci ildə qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində müəyyən işlər görmüşlər. Hesabat ilində rayonda 34 tam orta, 2 ümumi orta, 3 məktəbdənkənar müəssisə fəaliyyət göstərmişdir. Bu məktəblərdə 3955 şagird təhsilə cəlb edilmişdir ki, onların təlim-tərbiyəsi ilə 823 nəfər müəllim məşğul olmuşdur. 2011-2012-ci tədris ilində 294 nəfər məzun orta məktəbi bitirmiş, onlardan 138 nəfəri ali  məktəblərə daxil olmuşdur. Təhsil müəssisələrimizdə hərbi vətənpərvərlik tərbiyəsinin aşılanması, Vətənə məhəbbət hissinin yüksəldilməsi istiqamətində işlərin düzgün qurulmasının nəticəsidir ki, son illər ali hərbi məktəblərə, Dövlət Təhlükəsizlik və Polis akademiyalarına qəbul olan məzunlarımızın sayı ilbəil artır. Ölkə rəhbərliyinin və Heydər Əliyev Fondunun məktəb tikintisinə göstərdiyi qayğı rayonumuzda da bu sahədə xeyli işlərin görülməsinə imkan yaratmışdır.

Gənclərə qayğı əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə də diqqət mərkəzində olmuş, rayon gəncləri ilə rayon icra hakimiyyəti başçısının bir neçə görüşü keçirilmişdir. İdman sahəsində uğurları ilə rayonumuzu şöhrətləndirən bir qrup idmançı ilə aprel ayında rayon icra hakimiyyətində görüş təşkil edilmiş, onlara fəxri fərmanlar və mükafatlar verilmişdir. Gənclərin hərbi çağırışı rayonda yüksək səviyyədə həyata keçirilir.

Hesabat ilində sosial müdafiəyə həqiqi ehtiyacı olan ailələrə qayğı və diqqət artırılmış, bütövlükdə 1256 nəfəri özündə birləşdirən 314 ailəyə ünvanlı sosial yardım təyin edilmiş, təqaüd və müavinətlər vaxtlı-vaxtında ödənilmiş, habelə 14 nəfər əlil pulsuz putyovkalarla təmin edilərək müalicə üçün sanatoriyalara göndərilmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığına əsasən yaradılmış Regionların İnkişafı Analitik İnformasiya Sistemi (RİAİS) regionların sosial-iqtisadi inkişafını əks etdirən dolğun forma və məlumatların avtomatlaşdırılmış qaydada yerlərdən toplanıb mərkəzə ötürülməsi işinə diqqəti artırmışdır. Bu proqram rayon icra hakimiyyətinin fəaliyyətində də operativlik yaratmışdır. Bu il rayon icra hakimiyyəti www.Zengilan.info saytı yaratmışdır ki, burada rayonun tarixi, coğrafiyası, tanınmış şəxsiyyətləri, günümüzün aktual məlumatları, əhalinin sosial problemləri ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər və həllini gözləyən digər məsələlər yerləşdirilmişdir. Saytda yayımlanan mətnlər ingilis dilinə də tərcümə edilmişdir.

2012-ci ildə rayon icra hakimiyyətinə vətəndaşlardan 1782 müraciət daxil olmuşdur. Ümumiyyətlə, rayon icra hakimiyyəti bu sahəyə və vətəndaşların qəbulu məsələsinə ciddi yanaşır. İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərin iştirakı ilə başçının kütləvi məskunlaşma yerlərində, səyyar görüş-qəbullarının keçirilməsinə diqqət artırılmış, 43 belə səyyar qəbul keçirilmiş, bu qəbullarda ümumilikdə 2536 nəfər iştirak etmişdir.

Azərbaycan Prezidentinin təsdiq etdiyi Dövlət Proqramlarına əsasən, Abşeron rayonunun Mehdiabad və Masazır qəsəbələrində, Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində salınmış çoxmərtəbəli yeni yaşayış massivlərinə ümumilikdə 780-dan cox  ailə köçürülmüş, 63 ailənin mənzil şəraiti yaxşılaşdırılmışdır. Bir çox ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə RİH tərəfindən əlavə tədbirlər görülmüşdür.

Bu gün qətiyyətlə demək olar ki, rayonumuzda tam sağlam mühit yaradılmış, bütün sahələrdə şəffaflıq təmin olunmuş, neqativ hallar aradan qaldırılmışdır.

İH başçısı sonda bildirdi ki, 2012-ci ildə rayonda qazanılmış uğurların daha da artırılması üçün 2013-cü ildə qarşıda çox məsul vəzifələr durur. “Prezident İlham Əliyevi rayon rəhbərliyi və bütün zəngilanlılar adından əmin etmək istəyirəm ki, bundan sonra da ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq ölkə başçısının ətrafında sıx birləşəcək, qarşıda duran vəzifələri layiqincə yerinə yetirmək üçün bütün qüvvə və bacarığımızı səfərbər edəcəyik”.

Rayon təhsil şöbəsinin müdiri Zakir İbrahimov, Mədəniyyət və turizm şöbəsinin müdiri Mehman Nəsirov, Gənclər və idman idarəsinin rəisi Zaur Nəcəfzadə, Mincivan qəsəbə nümayəndəsi Ramilə Əliyeva və digərləri çıxış edərək il ərzində görülən işlər haqqında məlumat verdilər.

Deputat İmamverdi İsmayılov və Prezident Administrasiyasının əməkdaşı Rövşən Ağayev Zəngilan Rayon İcra Hakimiyyətinin hesab ili ərzində şəffaf və səmərəli fəaliyyət göstərdiyini, dövlətin daxili siyasətinin həyata keçirilməsində fəal rol oynadığını qeyd etdilər. İH-nin fəaliyyəti müsbət qiymətləndirildi.

Sonda Prezident İlham Əliyevə müraciət qəbul edildi.  

 

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.- 2013.- 9 fevral.- S. 10.