Gənclər “Daş yuxular”ı kəskin tənqid etdilər
YAP Gənclər
Birliyinin təşkilatçılığı ilə
baş tutan tədbirdə Əkrəm Əylislinin “Daş
yuxular” romanı və yazıçının hadisələrə
qərəzli yanaşması kəskin tənqid edildi.
Tədbiri
giriş sözü ilə açan Yeni Azərbaycan
Partiyasının (YAP) Gənclər Birliyinin sədri Seymur
Orucov qeyd etdi ki, sözügedən roman təkcə ziyalı
təbəqədə deyil, gənclər arasında da
narazılığa səbəb oldu. Onun sözlərinə
görə Azərbaycan üçün həssas hesab edilən
məsələdə müəllifin qərəzli yanaşması
qəbuledilməzdir. “Azərbaycan xalqına qarşı
törədilən cinayətlərin daim yaddaşlarda
qalması, xüsusən də son onilliklərdə yaşanan
faciələrdən zərər çəkənlər,
şəhid ailələri, məcburi köçkün və
qaçqın ailələrinə qayğı göstərilməsi
dövlətimizin diqqət mərkəzindədir. Təəssüflər
olsun ki, özünü “ziyalı” adlandıran bəzi
insanların səhvləri ucbatından dünyada həyata
keçirdiyimiz təbliğat kampaniyasına ciddi ziyan vurulur və
“yaradıcılıq azadlığı” bəhanəsiylə
heç bir tarixi əsası olmayan məlumatlar dünya
ictimaiyyətinin müzakirəsinə verilir. Əkrəm Əylislinin
“Daş yuxular” romanı da bu baxımdan düşmən dəyirmanına
su tökə bilən mənbədir”.
Milli Məclisin deputatlarının
da qatıldığı “dəyirmi masa”da bildirildi ki, roman Azərbaycan
ictimaiyyətində ciddi narazılığa, sadə vətəndaşların
hiddətinə səbəb olmuşdur. Deputat Nizami Cəfərov
romanda Azərbaycan xalqının milli və dini hisslərinin
təhqir edildiyini diqqətə çatdırdı. Onun
sözlərinə görə, hələ keçən əsrin
80-ci illərinin sonlarında milli-azadlıq hərəkatının
geniş vüsət aldığı dövrdə Əkrəm
Əylisli “Drujba narodov” jurnalında xalq hərəkatına mənfi
münasibət bildirmiş, bu fikirlər xalqda qəzəb
oyatmışdı.
Milli
Məclisin deputatı Musa Urud “Daş yuxular” romanına milli
düşüncəli və dövlətçiliyi dəstəkləyən
insanların münasibətinin vacibliyini vurğuladı. Qeyd
etdi ki, bu tip əsərin yazılması içimizdə bəzi
insanların antimilli kimliyini ortaya qoyur. “Bu romanın
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
Azərbaycanın 20 ildən çox davam edən
danışıqlarına, ermənipərəst qüvvələrə
qarşı haqq uğrunda mübarizəsinə arxadan bir zərbə
oldu. Nəzərə almaq lazımdır ki, onun mövqeyi Azərbaycan
xalqının və dövlətinin mövqeyi deyil. Odur ki, cənab
Prezident İlham Əliyevin sərəncamı ilə Əkrəm
Əylisli “ xalq yazıçısı” adından və Prezident
təqaüdündən məhrum edildi. Hesab edirəm ki,
xalqımızın əleyhinə gedən, ona böhtanlar
atan hər bir insanın taleyinin belə olması təəccüb
doğurmamalıdır. Bu, həm də Əkrəm kimi
düşünən, antimilli qüvvələrin təsiri
altında olan bəzi qələm sahiblərinə bir dərsdir”.
“Ulduz”
jurnalının baş redaktoru Elçin Hüseynbəyli çıxış edən
ziyalıların fikri ilə
razı olduğunu deyərək qeyd etdi ki, müəllifin əsas
məqsədi bədii əsər yaratmaq yox, ermənilərin,
guya, azərbaycanlılar tərəfindən qətlə
yetirilmələrini qələmə almaq idi. Onun sözlərinə
görə, qərəz və təhrif dolu əsər bədii
romandan çox neqativ, böhtan xarakterli siyasi nüanslarla zəngindir.
Ülviyyə VAHİDQIZI
Xalq qəzeti.- 2013.-9 fevral.- S. 8.