Xalqını təhqir
edib xalq qəzəbinə
düçar olan Əkrəm
Əylisliyə məktub
Mən sizə “Daş yuxular”
romanınızdan başqa çap olunmuş bütün əsərlərinizi oxumuş oxucu, müharibənin
od-alovunun içindən keçib erməni vəhşiliyini
gözləri ilə görmüş müharibə
veteranı, dünyanın 12 ölkəsində
yazıları çap olunmuş, otuzdan artıq kitab müəllifi olan bir
qələm sahibi kimi müraciət
edirəm.
Etiraf edim ki, yarım əsrə yaxın
müddət ərzində oxuduğum kitablarınızla mənim
xəyalımda əzəmətli
bir “Əkrəm Əylisli abidəsi” ucaltmışdınız.
Yaradıcılığınıza tez-tez müraciət edər,
televiziyada və mətbuatdakı
çıxışlarımda əsərlərinizdən
örnəklər də gətirərdim...
Bilmirəm
nə düşündünüz? Bir ömür sərf edib
kərpic-kərpic ucaltdığınız o abidəni bir
anda niyə uçurub yerlə
yeksan etdiniz? Bu roman sizə hansı
şöhrəti gətirəcəkdi ki, xalqı təhqir
edib özünüzü onun qəzəbinə düçar
etdiniz?..
Mən
hələlik “Daş yuxular”ı tam yox, son günlərdə
əsərdən çap olunan parçaları oxumuşam və
bu mövzuda olayları izləyirəm.
Məni ən çox dəhşətə gətirən odur
ki, siz bütün bu hadisələri
çox laqeyidliklə qarşılayır, həttə bəzi
sualları gülə-gülə
cavablandırırsınız. Gülə-gülə
verdiyiniz cavablardan biri də belə
oldu: “Erməni olsaydım bundan
heç də xəcalət çəkməzdim...”
Siz
Xocalı faciəsini törədən, yüzlərlə, minlərlə
əsir qadın və qızlarımızın namusuna toxunan,
on minlərlə uşağı yetim, ananı-bacını
gözüyaşlı qoyan, torpaqlarımızı
işğal edən, bütün şəhər, rayon və
kəndlərimizə şəhid qəbiristanlıqları “hədiyyə”
edən ermənilərin yerinə olsaydınız bundan xəcalət çəkməzdinizsə,
yəqin ki, bu xalqın qəzəbi,
nifrəti də el qınağı da, bir sözlə,
heç nə sizə təsir etmir... Əslində, ermənilər
törətdikləri fəlakətlərə görə xəcalət
çəkməlidirlər, özünü bunların yerinə
qoyan da utanmalıdır.
Nə
qədər daş qəlbli, nə qədər hissiyatsız
olmaq lazımmış ki, bu boyda faciələri görməyib,
əksinə, öz xalqına
qara yaxasan, hələ ermənilərə də haqq
qazandırasan?..
Müsahibələrinizin
birində “Niyə romanda Xocalı soyqırımından,
Qarabağ faciələrindən bir kəlmə də olsun bəhs
etməyibsiniz?” -sualına cavabınız bu oldu: “Bu masanın
üstündə çaşka
var, mən çaşkadan
yazmışam, siz deyirsiniz ki, samovardan niyə yazmayıbsan? Mən
Əylisdə baş verənləri yazmışam...”
Çox təəssüflər olsun ki, siz Əylis
hadisələrini də düzgün yazmayıb, erməni dəyirmanına
su tökmüsünüz. Əgər siz tanınmış
türk tarixçisi, professor İbrahim Ethem Atnurun 2001-ci ildə
Ankarada Türk Qurumu tərəfindən çap olunmuş 510
səhifəlik “Osmanlı idarəçiliyindən sovet idarəçiliyinə
qədər Naxçıvan” kitabından “Əylis məsələsi”
bölməsini oxusaydınız, sizin, haqqında bəhs
etdiyiniz dövrdə gərgin
mübarizələrdən sonra
Naxçıvandakı
bütün ermənilərin silahı yerə qoyub
hakimiyyətə tabe olduğu halda, təkcə Əylis ermənilərinin
necə müqavimət göstərmələrindən, Əylis
ermənilərinin lideri olan Aşot Məlik Musayanın və Moves
Qulnazaryanın Ermənistan hökumətinə və Zəngəzurdakı müxtəlif erməni təşkilatlarına müraciət edib onları təcili
olaraq Əylisə çağırmaqla, Əylisdə
ayrıca erməni hakimiyyəti yaratmaq cəhdlərindən,
bu məqsədlə daşnak Nejdenin Əylisə gəlməsindən, bundan az sonra
daşnak Xazar Kosparyanın komandanlığı
altında erməni qoşun hissələrinin Dərələyəz–Zəngəzur
yolu ilə Əylisə gəlib
oradakı azərbaycanlı əhaliyə qarşı törətdiyi vəhşiliklərdən
xəbərdar olardınız.
Ondan
bilərdiniz ki, Əylis ermənilərinin
bir qrupu Tiflisə gedərək
orada müsəlmanlar əleyhinə xüsusi təşkilat yaratmışlar. Beləliklə, guya, Əylisdə türklərin erməniləri qırması haqqında
dünya ölkələrinə yalan, uydurma informasiyalar yaymaq kimi
fitnəkar əməllərindən xəbərdar olar və “Daş yuxular” romanınızda ermənilərin
bu əməllərindən də yazardınız.
Çox-çox
təəssüflər olsun ki, siz son əsərinizdə
yaxanıza orden vuran, sizə fəxri adlar verən, sizi millət
vəkili edən xalqın, millətin və dövlətin
yox, zaman-zaman bu xalqa və millətə
öz düşmənçiliyini sübut edib faciələrlə
üz-üzə qoyan ermənilərin mənafeyini qorumusunuz.
Yəqin, məlumatınız olar ki,
(və artıq internet saytlarından da məlumdur ki...)
artıq erməni mətbuatı
(“Qolos Armenii” qəzeti və
digərləri) sizin bu “cəfakeşliyinizi” “vətəndaş qəhrəmanlığınız”,
“Sumqayıtda və Bakıda
yaşananlarla bağlı etirafınız”, “Yüz ildir Türkiyənin və iki onillikdir
Azərbaycanın cəsarət
etmədiyi addım
atmağınız” kimi qəbul
edib dünyaya yaymaqdadır. Bu
xalqa, təhqir və xəyanət, düşmən dəyirmanına
su tökmək deyilmi? Buna satqınlıqdan başqa nə ad
vermək olar?
Məktubumun əvvəlində də
yazdığım kimi, mən müharibəni sizin kimi daş yuxularda yox, canlı
görmüşəm. Doğulub
yaşadığım Naxçıvan Muxtar
Respublikasının Sədərək kəndi 1990-1993-cü illərdə 14 dəfə
erməni hücumuna məruz
qalıb. O torpağın qorunmasında 108 nəfər şəhid olub, 500-dən artıq
insan yaralanıb, yüzlərlə
ev, ictimai bina, sosial obyekt dağılıb, xarabazarlığa
çevrilib, ancaq torpaq qeyrətlə qorunub, oraya erməni
ayağı dəyməyib. Bunlar
sizin yuxuda gördüyünüz yox, mənim içindən
keçdiyim müharibənin statistik məlumatlarıdır.
Bu
gün sizin bu əsəriniz və “erməni
olsaydım bundan xəcalət
çəkməzdim” fikriniz mənim yadıma gördüyüm müharibənin ayrı faciələrini
də saldı... Toyuna hazırlıq görülən 20
yaşlı Qədimov Hamlet Əli
oğlunun erməni gülləsinə tuş gəlməsini,
həyətdə oynayan iki uşağın-Malik və Elvin
qardaşlarının top mərmisindən həlak olmasını, direktor işlədiyim kənd məktəbinin 8-ci sinif
şagirdi Səfərzadə Vidadi Vaqif oğlunu erməni
snayperinin qətlə yetrməsini, toyundan bir ay sonra son damla
qanına qədər vuruşub ələ keçmək məqamında
öz əli ilə şəhidlik zirvəsinə
ucalmasını, Türkiyədən müalicədən
qayıdan Babayev İlqar Kamil oğlunun 5 gün sonra
döyüş səngərində
şəhid olmasını, gündüzlər
döyüşdə şəhid olanları dəfn etməyin
yalnız gecələr mümkün olmasını və s.
onlarca bu cür faciələri...
Bunlar bir kəndə erməni təcavüzünün nəticələri və mənim
gördüklərimdir... Bəs Xocalı faciəsi,
işğal olunmuş rayonlarımızda törədilmiş
faciələr, bir milyon qaçqınımızın taleyi?.. Bütün bunları
törədən ermənilər deyilmi?.. Bunları görə-görə
ermənilərə haqq qazandıranı insanlar
bağışlasa da şəhidlərin ruhu
bağışlayarmı?.. Qətiyyən yox!..
Məktubumun
sonunda bir məsələni də
deyim ki, mətbuatdakı bəzi
yazılarınızdan, qələm dostlarınızın sizə
ünvanladığı məktublardan, bir neçə il
qabaq çap olunmuş “Əylisdən Əylisəcən”
kitabınızdakı bir neçə illik dostlarınıza
qarşı təhqir dolu yazılarınızdan sizin dəyişkən
təbiətli insan olmağınızı, oturduğunuz
ağacı kəsmək xasiyyətinizi hiss etsəm də,
inanmağım gəlmirdi buna. Ancaq
bu son əməliniz hər şeyi və sizin
kimliyinizi aydınlatdı...
Belə
bir deyim var ki, özü özünə edəni el
yığıla edə bilməz...Siz öz
xalqınızı təhqir edib, xalq qəzəbinə
düçar oldunuz... İnsan üçün də el
töhmətindən, xalq nifrətindən ağır cəza
varmı?
Vaqif MƏMMƏDOV,
tarix üzrə fəlsəfə
doktoru,
Azərbaycan Yazıçılar
Birliyinin və
Avrasiya
Yazarlar Birliyinin
üzvü
Xalq qəzeti.- 2013.- 9 fevral.- S. 8.