Haqq-ədalət Azərbaycan xalqının tərəfindədir

 

 Son günlər Azərbaycan cəmiyyətində böyük hiddət yaradan “Daş yuxular” əsərinin “xalq yazıçısı” kimi şərəfli bir ada, “İstiqlal” və “Şöhrət” ordenlərinə layiq görülmüş bir yazıçı tərəfindən qələmə alınmasına böyük təəssüf hissi keçirirəm.

 

 Azərbaycanın azadlığı uğrunda canından keçib şəhid olan, namusu tapdanan qız-gəlinlərin acı taleyini görə bilməyən, erməni separatizminə haqq qazandıran, bununla da xalqını təhqir edən bir insanın Azərbaycanın  fəxri ad və titullarını daşımağa mənəvi haqqı çatmır.

 Cənab Prezidentin   zamanında  onun “xalq yazıçısı”  adından və Prezidentin fərdi təqaüdündən məhrum edilməsi ilə bağlı imzaladığı sərəncamlarını alqışlayıram. Əslində, bu sərəncamlar xalqımızın milli-mənəvi dəyərlərinə hörmətlə yanaşmayan, tarixi həqiqətlərimizi təhrif edən insanların hər birinə böyük bir dərs olacaq.

 Azərbaycan xalqı güclüdür, haqq-ədalət hər zaman onun tərəfindədir, heç bir qüvvə onu sarsıda, mənliyinə toxuna bilməz. Əks halda həmin şəxs öz layiqli cavabını alacaq.

 

 

Leyla GƏRAYZADƏ,

filologiya elmləri doktoru,

“Əsgər Anaları” Şurasının sədri

 

Xalq qəzeti.- 2013.- 9 fevral.- S. 8.