Böyük etnoqraf-tarixçi
alim
Azərbaycan etnoqrafiya elminin banilərindən
biri, arxeologiya elminin inkişafında xüsusi xidmətləri
olan tarix elmləri doktoru, professor, əməkdar elm xadimi,
akademik Teymur Əmiraslan oğlu
Bünyadov ömrünün 85-ci ilini yaşayır. Tarix
elmində bir sıra uğurlara, yeniliklərə imza atan
görkəmli alimin elmi-ictimai fəaliyyəti,
bütövlükdə mənalı həyatı elm yolu ilə
gedənlər üçün nümunədir.
Teymur Əmiraslan oğlu 1928-ci il yanvar ayının 20-də Qazax
rayonunun İkinci
Şıxlı kəndində anadan olmuşdur. O, kiçik
yaşlarından taleyin acı
sınaqları ilə üzləşmiş, anası
1936-cı ildə dünyasını dəyişmiş, “xalq düşməni” adı ilə həbs
edilən, sonralar bəraət
almış atası Əmiraslan Bünyadov
isə 1938-ci ildə güllələnmişdir. 1945-ci ildə
orta məktəbi “Qızıl medal”la bitirən T.Bünyadov gənc yaşlarından zəhmətsevərliyi,
çalışqanlığı, mübarizliyi
ilə seçilmişdir.
Ali təhsil
almaq arzusunu reallaşdıran Teymur Bünyadov 1946-cı ildə
Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə
daxil olmuş, 1951-ci ildə universiteti uğurla başa vuraraq
Şirvanşahlar dövlət muzeyində işə
başlamışdır. O, SSRİ Elmlər
Akademiyasının Maddi Mədəniyyət Tarixi
İnstitutunun aspirantırasına daxil olmuş, məşhur
Qafqazşünas alim, Lenin mükafatı laureatı
Y.İ.Krupnovun rəhbərliyi altında 1955-ci ildə namizədlik
dissertasiyasını müdafiə edərək vətənə
qayıtmışdır. Geniş arxeoloji, etnoqrafik materiallara,
tarixi sənədlərə əsaslanan, müqayisələrlə
zəngin dissertasiyada Azərbaycanın, Qafqazın bəşəriyyətin
qədim əkinçilik mədəniyyəti mərkəzlərindən
olduğu öz əksini tapmışdır.
Görkəmli
alim 1955-ci ildən Azərbaycan Elmlər Akademiyasının
Tarix İnstitutunda fəaliyyətə başlamış,
1967-1993-cü illərdə Tarix İnstitutunda etnoqrafiya
şöbəsinin müdiri işləmiş, 1993-cü ildən
isə Arxeologiya və Etnoqrafiya İnstitutunun tarixi etnoqrafiya
şöbəsinə rəhbərlik edir.
Teymur
Bünyadov 1968-ci ildə “Azərbaycanın qədim və Orta
əsrlər dövrü təsərrüfat həyatı” adlı doktorluq
dissertasiyasını müdafiə edərək respublikada
arxeologiya və etnoqrafiya elmləri sahəsində ilk tarix elmləri
doktoru alimlik dərəcəsi almış, 1970-ci ildə isə
professor adına layiq görülmüşdür.
Gərgin elmi tədqiqatların nəticəsi olaraq T.Bünyadovun “Azərbaycan arxeologiyası oçerkləri” kitabı işıq üzü görmüşdür. Bu kitab yarım əsrə yaxındır ki, həm elm adamlarının, həm də geniş oxucu kütləsinin müraciət etdiyi, istinad etdiyi qiymətli əsərdir. “Əsrlərdən gələn səslər” (1993) kitabında ilk dəfə olaraq Azərbaycan musiqi sənəti tədqiq olunur. “Ana Kürüm” (1979), “Mərd qalalar, sərt qalalar” (1986), “Zirvəqala” (1986) əsərləri tarixi-etnoqrafik baxımdan böyük maraq doğurur.
Müəllif
xalqımızın vətənpərvərlik ruhunun yüksəldilməsi
üçün “Qız var oğuldan qeyrətli” (1992),
“Atropat” (1993), “Cavanşir” (1993), “Babək”, “Şəmsəddin
Eldəgəz”, “Qara Yusif” və s. kitabçalarını
yazmışdır. Bu əsərlərdə
xalqımızın qəhrəmanlıq tarixi əksini
tapır, görkəmli ziyalı xalqımızı vətənpərvərliyə,
qələbəyə səsləyir.
Qarabağ
müharibəsi başlayandan alim vətənpərvər
ruhlu əsərlər yazmaqla yanaşı, qəzet, radio və
televiziyalarda çıxışlar etmiş, dəfələrlə
cəbhə bölgələrində-Bərdə, Qazax,
Ağstafa, Tovuz və s. olmuş, əsgərlərlə, hərbçilərlə,
əhali ilə söhbətlər aparmış,
xalqımızın mübarizə əzminin yüksəldilməsinə
çalışmışdır. Müdrik ağsaqqal vətənimizin
ən ağır günlərində gənc nəslin
döyüş ruhunun qaldırılması,
xalqımızın mənəvi baxımdan mübarizəyə
səfərbər olunması
istiqamətində böyük işlər
görmüşdür.
Azərbaycan
Yazıçılar Birliyinin üzvü Teymur Bünyadov bədii
yaradıcılıqla da məşğul olmuşdur. O, geniş oxucu
kütləsinin marağına səbəb olan
“Göz yaşları” romanının, onlarla hekayənin, “Öpərdim gözlərindən”
(1995), “Bilsəydim ayrılıqdı” (1998), “Gül
açılır yaz olur”
(2000) kitablarının, üçcildlik
bayatı kitablarının-"Başı çalmalı dağlar", “Anam birdi, vətən tək”, “Xan çinarın kölgəsində”- müəllifidir.
Bu bayatı kitablarında zəngin adət-ənənələrimiz,
mənəvi dünyamız təbliğ olunur.
Azərbaycan
etnoqrafiya elminin yaradıcılarından biri olan Teymur Bünyadov 1955-2012-ci illərdə
mindən çox əsər yazmışdır. Görkəmli
alim Azərbaycan etnoqrafiya elmində yeni dəst-xətt
formalaşdırmış, milli etnoqrafiya elminin tədqiqat
istiqamətlərini müəyyənləşdirmişdir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan
dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi
haqqında” 2004-cü il 12 yanvar tarixli sərəncamına
əsasən 2007-ci ildə nəşr olunan üçcildlik
“Azərbaycan etnoqrafiyası” respublikamızda elmi
hadisə kimi qiymətləndirilir.
Akademik Teymur Bünyadov bu üçcildliyin təşkilatçısı,
baş redaktoru və cildlərdən yarıdan çoxunun
müəllifidir.
Hazırda
akademikin rəhbərliyi altında xalqımızın
ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin 90
illiyinə ithaf olunan “Qəbələnin tarixi”, “Qəbələ
folkloru”, “Qəbələnin etnoqrafiyası” üçcildliyi
Azərbaycan, ingilis, rus dillərində nəşrə
hazırlanmışdır.
Görkəmli
alim qayğıkeş və tələbkar müəllim
şərəfini qazanmışdır. Teymur Bünyadov uzun
illər Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət
Pedaqoji Universiteti, Bakı Slavyan Universitetində Azərbaycan
tarixi, qədim dünya tarixi, arxeologiya və etnoqrafiya fənlərindən
mühazirələr oxumuş, gənc nəslin təlim-tərbiyəsi
ilə məşğul olmuşdur.
Əməkdar
elm xadimi Teymur Bünyadov 1989-cu ildə Azərbaycan EA-nın
müxbir üzvü, 2001-ci ildə isə Azərbaycan Milli
Elmlər Akademiyasının həqiqi üzvu seçilmişdir.
O, elmi kadrların hazırlanmasında xüsusi xidmət
göstərmiş, 7 elmlər doktoru, 25-dən çox elmlər
namizədi yetişdirmişdir.
T.Ə.Bünyadov 1995-ci ildə 59 saylı Qazax seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmiş, Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri olmuş, bir sıra qanunların hazırlanmasına rəhbərlik etmişdir. Eyni zamanda Azərbaycan-İrlandiya parlamentlərarası komissiyasının sədri kimi fəaliyyət göstərmişdir. Alim AMEA Humanitar və İctimai Elmlər bölməsinin akademik-katibinin müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının üzvü, Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyasının üzvü kimi fəaliyyət göstərmişdir. O, Respublika Ağsaqqallar Şurası sədrinin birinci müavini, Türkiyə-Azərbaycan Millətlərarası Komissiyasının üzvü, Respublika Ziyalılar Cəmiyyətinin üzvu olmuşdur.
Alim Azərbaycan Respublikası Milli Məclisi
yanında Toponomiya komissiyasının sədr müavini, Azərbaycan
Respublikası Prezidenti yanında Ali Attestasiya
Komissiyasının arxeologiya və etnoqrafiya ixtisasları
üzrə dissertasiyaların Müdafiəsi
Şurasının sədri və Tarix üzrə Problem
Şurasının üzvü, AMEA-nın Xəbərləri
(tarix, fəlsəfə və hüquq seriyası), Tarix və
onun problemləri və s. jurnallarının redaksiya heyətinin
üzvü, Qafqaz Müsəlmanları İdarəsinin
Elmi-Dini Şurasının üzvü kimi fəaliyyət
göstərir.
Akademik
Teymur Bünyadov 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti
İlham Əliyevin sərəncamı ilə
“Şöhrət” ordeni ilə təltif edilmişdir. 2008-ci ildə
Azərbaycan Respublikasının
əməkdar elm xadimi fəxri adına layiq
görülmüşdür.
T.Bünyadov
həyatının mənasını millətinə xidmətdə
görən, millət mənafeyini, Azərbaycanın müstəqilliyini,
dövlətçiliyini uca tutan elm fədaisidir. O, Azərbaycan
etnoqrafiya elminin banilərindən biri, tələbkar elm təşkilatçısı,
zəngin mənəviyyatlı
vətənpərvər, geniş
dünyagörüşlü, müdrik ağsaqqal, insanlara örnək olan
nurlu şəxsiyyətdir.
85
illik yubileyi münasibəti ilə akademik Teymur Bünyadovu
AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsi
adından ürəkdən təbrik edir, ona işlərində
uğurlar, uzun ömür və cansağlığı
arzulayıram.
Kamal ABDULLA,
Azərbaycan Milli Elmlər
Akademiyasının
Humanitar və İctimai Elmlər
bölməsinin akademik katibi,
AMEA-nın müxbir üzvü
Xalq qəzeti.- 2013.- 10 fevral.- S. 7.