Üzündə
təbəssümü, ürəyində mərhəməti
əskik olmayan kişi
Artıq beş ildir ki,
ayrı-ayrı qəzetlərdə işləyirik, arabir toyda
görüşür, bayramda zəngləşirik. Bir dəfə,
deyəsən, Yeni il ərəfəsi idi, İttifaqa təbrik
mesajı yazdım, cansağlığı və uqurlar
arzuladım. Həmişəki kimi maraqlı cavab gəldi,
deyirdi: “Allah sənə 100 il ömür versin, belə
mesajlardan Mirzəbəyliyə hər il göndərə biləsən”.
Onun məndən 5 yaş böyük olduğunu nəzərə
alsaq, fikrinin orijinallığı, əsl mənası da
aydın olur.
İttifaqla “Xalq qəzeti”ndə bir yerdə
işlədiyimiz on il müddətində, şübhəsiz
ki, bir-birimizdən çox şey öyrənmişik.
Düşünürəm ki, başqa cür ola da bilməzdi,
hər ikimiz oxumaq, öyrənmək, bilmək aşiqi idik. Mən
Viktor Hüqodan, Cek Londondan danışanda, İttifaq da
Firdovsidən, Sədidən söz salırdı. Mən Şəhriyarı
XX əsrin ən böyük Azərbaycan şairi
sayırdım, İttifaq Sabiri. Ustadımız Telman Heydərov
bitərərəf mövqedə idi, kefi kök olanda Rəsul
Rzadan bir-iki misra deyirdi. Bununla da bizə yol göstərirdi, hər
şairin öz yeri var demək istəyirdi. Yeri gəlmişkən,
İttifaqla illərlə davam edən həmin mübahisəmiz
indii də nəticəsizdir, hər ikimiz öz fikrimizdəyik.
Amma ortaq məxrəcə gəldiyimiz, bir fikri dəstəklədiyimiz
məqamlar da çox olub. Onun Taqordan sitat gətirdiyi,
yazılarının birində uğurla istifadə etdiyi bir
misal — pritça indi də yaddaşımdadır. Deməli,
kiçik bir dağ çayının dərəsində əlkimyaçı
fəlsəfə daşı axtarır. Gözünə
maraqlı görünən, amma tanış gəlməyən
daşları bir-bir yerdən qaldırır, belinə
bağladığı qalın dəmir zəncirə vurur.
Paslı zəncir isə rəngini dəyişmədiyi kimi,
mahiyyətini də dəyişmir, qızıla çevrilmək
istəmir. Qızmar gün altında qoca alim ağır zənciri
arxasınca sürüyür, qüvvədən düşsə
də, ruhdan düşmür. Acı tər alnından
axıb gözlərinə dolur və o, dincini almaq
üçün bir anlıq dayanır. Gözləri
günün altında bərq vuran qızıl zəncirə
sataşır. Bəli, paslı dəmir qızıla
çevrilmişdi, daha da ağırlaşmış,
qocanın yükü bir az da artmışdı. Bəs fəlsəfə
daşı? Əlkimyaçı heç onu görməmiş,
qiymətini bilməmiş, yerə atmışdı...
Deyəsən,
filosoflardan hansısa deyib ki, alimə, şairə qiymət
vermək üçün onun qalın-qalın
kitablarını oxumaq lazım deyil, onun dediyi kəlamlara,
danışdığı pritçalara diqqət etmək
kifayətdir. Bəli, İttifaqın da orijinallığı,
maraqlı, savadlı adam olması Taqordan gətirdiyi bu
misal—priçadan aydın olur. Söhbət pritçanı
kimin yazmağından getmir, onsuz da bütün yeniliklər,
çoxdan deyilmiş və yaddan çıxmış
köhnəliklərdir. Yəni, bu pritçanı əvvəllər
də kimsə deyib, Taqor da oxuyub, öyrənib. Əsas olan
kiçik bir misalda dağ boyda məna yükünü hiss
etmək, onu yerində işlətmək, oxucuların
ixtiyarına verməkdir. Deməli, mənim aləmimdə bu
pritçanın müəllifi onu yazan deyil, mənə
çatdıran İttifaq Mirzəbəylidir. Bəli, biz bəzən
insanlara, dostlara qiymət verə bilmirik, onların qədrini
yalnız itirdikdən sonra bilirik. Amma artıq tapa bilmirik,
İttifaqın pritçasındakı əlkimyaçı
“fəlsəfə” daşını itirib tapa bilmədiyi kimi.
Daim
başından şapkası, əlindən çantası əskik
olmadığı kimi, üzündə təbəssümü,
ürəyində mərhəməti əskik olmayan bir
kişi kimi qalıb İttifaq yadımda. İşdə
İttifaq ya yazır, ya oxuyur, ya da... Çantanı nahaq yerə
gəzdirmir ki. Gündə bir neçə dəfə xudmani
süfrə açmağı, çantasından Allah verəndən
çıxarıb süfrəyə düzməyi, nuş etməyi
var. Amma o Mövlanə Cəmaləddinin dediyi kimi, göründüyü
kimi olan və olduğu kimi görünən insan deyil. Onun sadəliyi,
özü demiş “kəndçi
görünüşü”nün arxasında şərq-qərb
fəlsəfəsinə dərindən bələd olan,
dünyanın gərdişindən, dövrün siyasətindən
yaxşı baş çıxaran, ən əsası isə
öz işində — söz sənətində peşəkar
olan bir ziyalı dayanır. İttifaq hərtərəfli
istedadlı adamdır, kefi kökələndə, ya da qəm
yükü çəkəndə pəsdən
oxumağı, poeziyaya dalmağı, yaxşı şeir
yazmağı da var.
Maraqlıdır
ki, İttifaq işində, yazılarında kollektiv
maraqların daşıyıcısı və ictimai mövqeyin
müdafiəçisi olduğu qədər də, şəxsi
həyatında evinə, ailəsinə bağlı
adamdır. Qəzetdə İttifaq siyasi
icmalçıdır, yazıçıdır, onu dövlətin,
millətin taleyi narahat edir, həqiqət hesab etdiyini, doğru
bildiyini qələminin, məntiqinin var gücü ilə
müdafiə etməyə hazırdır. Evdə isə
İttifaq ailə başçısıdır — atadır, onu
yalnız üç oğul balasının təhsili, tərbiyəsi
və taleyi maraqlandırır. Axı, o, oğullarını
böyütməli, təhsil verməli, ev-eşik yiyəsi, cəmiyyətə,
ən əsası isə, Mirzəbəyliyə layiq kişi
etməlidir. Bütün həyatını, istedadını
yaradıcılığına və oğullarına həsr
edir, amma kollektiv tədbirlərdə iştirak etməyi,
kollektivlə səfərə çıxmağı da sevir.
Onu tanıyanlar bilir ki, İttifaq və səfər üzvi
surətdə bağlı olan şeylərdir.
Balığı sudan ayırmaq olarsa, İttifaqı da səfərdən
ayırmaq olar. Fərqi yoxdu, istər uzaq Ərəbistana, istərsə
də yaxın Qubaya səfər olsun, İttifaq eyni dərəcədə
həvəslə gedir. Yaxşı yadımdadır, düz
onbir il bundan qabaq “Xalq qəzeti” Xızıya kollektiv səfər
etmişdi. Səfər keçib gedib, indi nağıldı,
amma Mirzəbəylinin yazdığı şeir qalır, o
gözəl günləri yada salır.
İttifaq
Mirzəbəyli bütün həyatını,
istedadını qələmə verdiyi kimi, qələm də
ona çox şey verib, demək olar ki, arzularına yetirib. Həmkarımız
mətbuatda dərc olunmuş minlərlə ictimai-siyasi
yazının müəllifidir, neçə-neçə
şer kitabı çapdan çıxıb. Respublikada tanınmış
publisisitlərdən biridir, artıq beş ildir ki, əməkdar
jurnalistdir. Allah ona müqəddəs səfərləri də
qismət edib, Məşədi, Kərbəlayi, Hacı
titutllarını daşıyır. Amma mənə elə gəlir
ki, İttifaq Mirzəbəyli həyatda hələ
özünə, qabiliyyətinə layiq yeri tutmayıb, ən
azı şöhrət çələngini boynundan
asmayıb. Həmkarımızı qarşıdan gələn
yubileyi — 60 illiyi münasibətilə təbrik edən mən
ona bu yeri tutmağı, övladlarına isə Mirzəbəyliyə
layiq oğul olmağı arzulayıram.
Sözümü
Şərqin pritçası ilə başlamışdım,
Qərbin pritçası ilə bitirmək istəyirəm.
2003-cü ilin 2-ci ayında (söz vaxtına çəkər
deyərlər!) “Qəbələ” restoranında, İttifaq
Mirzəbəylinin 50 yaşında bir tost demişəm, mətləbə
dəxli var deyə, xatırlatmaq istəyirəm.
Düşünürəm ki, oxucu məni şərhsiz də
başa düşəcək. Deməli, Mark Tvenin bir
pritçası var, məzəli olduğu qədər də,
ibrətamizdir. Deyir, bir gecə yuxuda gördüm ki,
ölmüşəm və cənnətə
düşmüşəm. Düzü, əvvəl yaman dilxor
oldum. Həmişə ümid edirdim ki,
allahsızlığıma görə Allah məni cəhənnəmə
atacaq. Orda ab-hava pis olsa da, mən biləni, bəni-insan
yaxşı olmalıdır. Əvvəla, şübhə
etmirdim ki, mənim cəmi dost-aşnam burdadır, sonra,
maraqlı insanların da çoxunun son məkanı
buradır. Amma hər şey Allahın əlindədir və mən
gözümü açanda gördüm ki, cənnətdəyəm.
Ətrafa göz gəzdirdim, gördüm, burda bir
vur-çatlasındır, gəl görəsən. Hamı
bayram libasındadır, hamı nəyə isə
hazırlaşır. Qarşıma çıxan əyni
smokinqli birindən soruşdum ki, nə baş verir, bu, nə məsələdir?
Dedi, cənnətdə hər yüz ildə bir dəfə
Böyük görüş keçirilir. Allahın
yaratdığı ən böyük insanlar - peygəmbərlər,
patriarxlar, filosoflar, şairlər və s. gəlib cənnət
əhlinin qarşısından keçir. Bu gün də belə
bir tədbir keçirilir. Düzü, yaman sevindim, kefim
açıldı, bayaqkı dilxorçuluqdan əsər-əlamət
qalmadı. İrəli keçib ilk sıraların birində
özümə yer elədim. Bir azdan Böyük
nümayiş başladı, nə başladı. Əvvəl
qabaqda Adəm, sonda Məhəmməd olmaqla, cəmi peygəmbərlər,
sonra patriarxlar gəlib keçdi. Daha sonra növbə dahi
fikir adamlarına - filosoflara, şairlərə çatdı.
Düzü, mən düşünürdüm ki, bu sırada
birinci Şekspir olmalıdır. Amma birinci üst-başı
tökülən, pərişan saçlarından və qəmli
gözlərindən filosofa bənzəyən birisi idi,
Şekspir ondan sonra gəlirdi. Mən ətrafdakılardan
soruşdum ki. bu, kimdir və niyə Şekspirdən əvvəl
gəlir? Mənə dedilər ki, bu, əslən Missuri
ştatından olan bir pinəçidir (yeri gəlmişkən,
Mark Tven özü də bu ştatdandır - Q.A), elə
şeirlər, sonetlər yazıb ki, heç Şekspirin
yuxusuna da girməyib. Amma taleyin qismətindən həyatda
öz yerini tuta bilməyib, ömür boyu pinəçi
işləyib. Odur ki, Allah haqq dünyasında ona layiq
olduğu yeri verib...
Qalib ARİF
Xalq qəzeti.- 2013.- 10 fevral.- S. 7.