İldən-ilə
abadlaşan, gözəlləşən
Masallı
Hər dəfə cənub bölgəsinə
səfərə çıxanda öncə könlüm
Masallı adlanan bir ünvana qanadlanır. Cəlilabaddan bir qədər sonra,
Lənkərandan bir qədər əvvəl Masallı gəlir.
Ora çatdımmı, elə bilirəm ki, artıq mənzil
başındayam. Çünki
yerinə görə bura bölgənin tam mərkəzi
sayılır. Yollar məhz buradan Yardımlıya, Lənkərana,
oradan da Lerik və Astaraya şaxələnir. İllərdən
bəri düşərgə
yerim kimi Masallını seçməyim bir az da elə bu amillə
bağlıdır.
Bu yaxınlarda jurnalist yolları yenə də məni cənuba
aparıb çıxarmışdı. Gündüzlər qonşu rayonlarda işləyir,
axşamlar doğma evim kimi Masallıya
qayıdırdım. Səfərimin işgüzar
yönümünün təkcə son gününü
Masallıya həsr eləyəsi oldum. Amma bu mehriban diyarda
dostlarla keçirdiyim
axşam saatları, adına “Əhmədin
oteli” deyilən mehmanxanada
gördüyüm həmişəki
qonaqpərvər yanaşmalar mənə unudulmaz təsir bağışlayırdı.
Masallının
abadlıq-quruculuq işləri ilə bağlı ilk söhbətim
də elə Əhməd Rəhimovla oldu. O özü gözəllik
yaradanlardandır. Sahibi olduğu mehmanxananı
bacardığı qədər müasirləşdirib, ətrafında isə əsl
canlı təbiət guşələri yaradıb. Əhməd
müəllim maraqlı, istiqanlı və yetərincə
yurdsevər adamdır. Söhbət zamanı dedi ki, rayonun
yeni rəhbərliyi Masallı şəhərini yaradıcılıq
şövqü ilə, sürətli inkişaf proqramları əsasında gözəlləşdirməyə
çalışır. “İcra hakimiyyəti aparatının
binası, onun qarşısındakı meydan əsaslı
şəkildə yenidən qurulur. “Qəhrəmanlar” parkı
yeni arxitektur quruluşda qarşı tərəfə
keçirilib. Digər tərəfdə YAP rayon təşkilatı
üçün tikilən yeni inzibati binada işlər sona
çatmaqdadır. Dövlət Bayrağı da məhz burada
göylərə meydan oxuyur. Ərazinin landşaft quruluşu
- yaşıllığı, abadlığı mühüm
önəm daşıyır. Ona görə də rəhbərlik
bununla bağlı mütəxəssis rəylərini də
öyrənir ki, ümumi mənzərə daha da cəlbedici
olsun. Şəhərimizə gələn qonaqlar da buradakı
abadlıq yürüşündən heyranlıqla
danışırlar. Elə ötən ilin dekabrında folklor
ilinin yekunu ilə bağlı Mədəniyyət
və Turizm Nazirliyinin xəttilə təşkil olunuş
KİV təmsilçilərinin infoturuna qatılan 20-dən
çox jurnalist burada qonaq idi. Onlar səfər zamanı
Masallıda aparılan quruculuq işləri, rayonun inkişaf
perspektivləri ilə də maraqlandılar. Aldıqları
geniş bilgiləri həvəslə ölkə mətbuatı
səhifələrinə çıxardılar. Bütün
bunlar hər bir Masallı sakini kimi məni də hədsiz dərəcədə
sevindirir”.
Bəli,
son illərdə özünün intibah dövrünü
yaşayan Masallı ölkəmizin ən gözəl guşələrindən
birinə çevrilir. Burada görülən işlər
doğrudan-doğruya göz-könül sevindirir. İndi
Masallı böyük bir inşaat meydanını
xatırladır.
Heydər
Əliyev Mərkəzi əsaslı şəkildə yenidən
qurulmaqdadır. Mərkəzin binası xeyli
böyüdülüb. Əsas yolunun sağ və sol hissələrində
fontanlar quraşdırılır. Yaşıllıqlar
artırılır. Ulu öndər Heydər Əliyevin abidəsinin
ətrafı müasir tələblər səviyyəsində
abadlaşdırılacaq. Parkın ictimai əsaslarla müdiri
Sərraf Eyvazovla elə orada görüşdük. Layihələrin uğurla
reallaşdırıldığını məmnunluqla qeyd
etdi. Su-kanalizasiya sisteminin yaradılmasından, küçələrin,
yolların təmir olunmasından, sosial obyektlərin yenilənməsindən,
parkdakı işlərdən razılıqla
danışdı. “Parkda Ahıllar evinin tikintisi artıq
tamamlanır. Ağsaqqallar, veteranlar, ümumiyyətlə, dincəlməyə
gələn hər kəs burada çay süfrəsi
arxasında mənalı istirahət etmək imkanı qazanacaq.
Hazırda parkda yay konsert salonunun da təməli qoyulur.
Quraşdırılacaq müasir çardaq-kölgəliklər,
əlvan çəmənliklər, fəvvarələr parka
xüsusi gözəllik gətirəcək”.
Çox
keçməyəcək ki, icra hakimiyyəti aparatının
binası yeni, gözəl görkəmdə göz
oxşayacaq. İndi burada sürət və keyfiyyətlə əsaslı
yenidənqurma aparılır. Fasad hissə yeni memarlıq
üslubunda, aqlay üzlüklərlə işlənir.
Qarşıdakı yol götürülüb və meydan
böyüdülüb. “Qəhrəmanlar” parkında abidələr
qurulub, ön hisssədəki meydançaya daş plitələr
döşənib.
Ötən
il təməli qoyulmuş yeni inzibati bina YAP rayon təşkilatı
üçün nəzərdə tutulub. Bu
yaraşıqlı tikili ikimərtəbəlidir. Qarşı
tərəfində yığcam bir fəvvarə də
düzəldilir. Bina mərkəzi meydanın ümümi
ansamblını gözəl
tamamlayacaq.
Şəhərin
Akademik Zərifə Əliyeva, Dadva, Füzuli,
Talışxanov, Qarabağ və digər küçələrində
də xeyli abadlıq işləri
görülmüşdür. Primitiv üsulla
hörülmüş köhnə hasarlar maraqlı ornamentli
daş üzlük materiallarla işlənir, piyada səkiləri
qurulur, işıq dirəkləri qoyulur. Hazırda Azərbaycan
prospektində də geniş həcmdə abadlıq işləri
davam etdirilir.
Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən ötən il
“İdman ili” elan edildikdən sonra Masallıda bu sahəyə
diqqət daha da artırıldı. Gözəl
Olimpiya İdman Kompleksi ilə öyünən bu şəhərin Talışxanov
küçəsində daha iki
yaraşıqlı idman obyektinin
inşasına başlandı. Bunlar boks və taekvondo mərkəzləridir.
Hər iki obyektdə işlər tamamlama mərhələsindədir. Boradigah qəsəbəsində də idman kompleksi inşa olunur. Bu obyekt rayonda ilk dəfə olaraq alternativ enerji ( günəş) ilə
qızdırılacaq.
Məlum
olduğu kimi, Dünya Bankı ilə imzalanmış
sazişə əsasən respublikanın 16 rayonunda, o cümlədən
Masallıda “Milli su təchizatı və kanalizasiya xidməti”
üzrə ikinci layihə çərçivəsində
işlər görülür. Təməlqoyma mərasimində
ötən ilin mart
ayında Prezident İlham
Əliyevin şəxsən iştirak etdiyi bu sistem
sayəsində rayon yetərli qədər
içməli su ilə təchiz olunacaq və kanalizasiya
şəbəkəsi kollektoru qurulacaq. Yeni layihə üzrə şəhəri su ilə tam təmin etmək
üçün Viləşçay
anbarı yenidən qurulmaqla Dadva, Digah, Seybətin,
İskəndərli yaşayış məntəqələrinə
tələbata uyğun içməli su
veriləcək. Şəhər ərazisində 5 əsas nasos
stansiyası tikmək nəzərdə tutulur.
Masallı
şəhərinin Qarabağ küçəsində yerləşən
3 nömrəli uşaq bağçası tam əsaslı təmir
edildikdən sonra ötən ilin sonunda istifadəyə verilib.
Ötən il Gəyəçöl
kənd uşaq bağçası da əsaslı təmir olunub.
Tezliklə 2 nömrəli bağçada
da əsaslı təmir işlərinə
başlanacaq.
Ötən
ilin sentyabr ayında Masallıda beş yeni məktəb binası
istifadəyə verilmişdir. Bunlar
hər biri 360 yerlik
Köçəkli, Sığıncaq və Qodman,
220 yerlik Dəmirçi və 80 yerlik Ərəb kənd məktəbləridir.
Hazırda da rayonda beş məktəbin tikintisi
davam edir. Xıl kəndində
640, Öncəqalada 360, Kəlbihüseynlidə 220, Kosaküldə180
və Kubin kəndində 120 yerlik məktəblər bu
il şagird və
müəllimlərə hədiyyə ediləcək.
Yaxın vaxtlarda Masallıda daha dörd məktəbin
inşasına start veriləcək. İki məktəbin isə əsaslı təmirinə
başlanacaq.
Dekabrda
Masallıya gəlmiş jurnalistlər qarşısında
çıxışında icra hakimiyyətinin
başçısı Rafil Hüseynov görülən
bütün işlərin rayonun sürətli
inkişafına və turizm məkanı kimi tanınmasına
xidmət etdiyini bildirmişdi: “Gözəl təbiəti,
mineral suları, mədəniyyət və incəsənət
ənənələri bölgənin geniş turizm
imkanlarından xəbər verir. Masallıda çoxlu turizm obyektləri
var. Onlarda xidmətin
keyfiyyətini artırmaq istiqamətində
işlər gedir. Bunun
üçün yaxın vaxtlarda
Masallıda Turizm Peşə Məktəbi
fəaliyyətə başlayacaq. Rayonda yüksək standartlara
cavab verən yeni
hotellər istifadəyə verilib. Termal su mənbələrinin
yaxınlığında turizm obyektləri
fəaliyyət göstərir. Bu yerlər
qonaqları çox cəlb edir”.
Qarşıdakı
planlardan danışan rayon rəhbəri bildirmişdi ki, rayon
ərazisində vaxtilə mövcud olmuş Qala
bazarının ilkin modelinin layihələndirilməsi üzərində
iş gedir: “Burada dulusçular, həsirçilər əl
işlərini təqdim edəcək, rayonun özünəməxsus
mətbəxi nümayiş olunacaq, qədim ənənələr
yaşadılacaq. Masallı Mədəniyyət evinin əsaslı təmiri başa
çatır. Kənd mədəniyyət evlərinin də təmiri
nəzərdə tutulur”.
Hazırda genişmiqyaslı abadlıq və quruculuq işlərinin görüldüyü Masallının bir çox yerlərində “Müvəqqəti narahatlığa görə üzr istəyirik” sözləri yazılmış lövhələrə rast gəlmək olar. Sakinlərin əksəriyyəti bunu doğru başa düşür və inanır ki, çox keçmədən doğma diyar daha da gözəl, abad və cəlbedici şəkildə mənzərələrini gözlər önündə sərgiləyəcək. Bütün səylər də məhz buna yönəldilmişdir.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2013.- 10
fevral.- S. 6.