Azərbaycan beynəlxalq
və regional layihələrin
reallaşmasında yaxından iştirak edir
Hər bir dövlətin iqtisadi
potensialı, gücü və qüdrəti həm də onun
malik olduğu nəqliyyat kommunikasiyalarının inkişaf səviyyəsindən
asılıdır. Belə də çoxşaxəli nəqliyyat-yol
kompleksi olmadan hansısa dövlətin davamlı tərəqqisini
təsəvvür etmək qeyri-mümkündür. Bu
reallığı ümummilli liderimiz Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyev
həmişə yüksək qiymətləndirmişlər.
Fikrimizin təsdiqi kimi təxminən son 20 illik bir tarixə qısaca diqqət yetirək.
1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması respublikamızın iqtisadi qüdrətini və tranzit potensialını xeyli artırdı. Şərqlə Qərb arasında strateji körpü rolunu oynayan Azərbaycan əlverişli tranzit əhəmiyyətli dövlət kimi bölgədəki lider statusunu təmin etdi.
Bu nəqliyyat dəhlizi ilə böyük yük daşınmasının intensivləşməsi birdən-birə başa gəlmədi. Bunun üçün 1993-cü ilin may ayında Brüssel şəhərində Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın iştirakı ilə keçirilən Avropa Beynəlxalq Cəmiyyətləri Konfransında TRASEKA proqramının əsasının qoyulması da mühüm rol oynadı. Avropa və Asiya ölkələri ilə yeni iqtisadi-ticarət əlaqələrinin yaranması nəticəsində yüklərin daşınma istiqamətinin dəyişməsi yönündə Avropa Birliyinin maliyyələşdirdiyi və qarşısına Qərb-Şərq istiqamətində Avropadan Qara dənizi keçərək, daha sonra Qafqaz və Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya çıxan nəqliyyat dəhlizini inkişaf etdirmək məqsədi güdən Texniki Yardım Proqramının tətbiqi haqqında razılıq qəbul edildi. TRASEKA proqramının tətbiqi üzrə işlər beynəlxalq maliyyə institutları ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilməyə başladı.
1998-ci
il sentyabrın 7-9-da Böyük İpək Yolunun dirçəldilməsinə
həsr olunmuş beynəlxalq konfrans ümummilli lider Heydər
Əliyevin təşəbbüsü ilə Bakı şəhərində
keçirildi. Bu mötəbər tədbirdə
13 dövlətin və 32 beynəlxalq təşkilatın
nümayəndələri iştirak
edirdilər. İki gün
davam edən konfransda
Bakı Bəyannaməsi qəbul olundu. Qəbul edilən sənədlər sırasında
beynəlxalq tranzit daşınmaları
haqqında Əsas Çoxtərəfli Razılıq, həmçinin
beş texniki Əsasnamə,
o cümlədən, dəmiryolu
daşımaları sahəsində əməkdaşlıq
barədə müqavilə də vardı. Qədim İpək
Yolunun bərpası istiqamətində həyata keçirilmiş
kompleks tədbirlər əlverişli coğrafi mövqedə yerləşən
respublikamızın geostrateji əhəmiyyətini
daha da artırdı. Bu beynəlxalq layihənin reallaşması ümummilli lider Heydər Əliyevin
gərgin fəaliyyətinin və qətiyyətinin nəticəsi
idi.
Yeri gəlmişkən, strateji
baxımdan mühüm şəraitdə,
Şimaldan Cənuba və Qərbdən
Şərqə - iki əsas beynəlxalq
nəqliyyat dəhlizinin kəsişməsində yerləşən
Azərbaycan əsrlər boyu özünəməxsus
körpü rolunu
oynamışdır. Ümummilli liderimizin rəhbərliyi ilə yaradılmış
nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi
prosesi hazırda
Prezident İlham
Əliyev tərəfindən daha intensiv şəkildə aparılır,
ölkəmiz Bakı-Tbilisi-Qars və Şimal-Cənub beynəlxalq
və regional nəqliyyat dəhlizlərinin
reallaşması prosesində fəal iştirak
edir. Xatırladaq ki, 2002-ci ilin sentyabr ayından Qədim İpək Yolunun əsas marşrutlarından biri olan Bakı -
Böyük-Kəsik arasındakı stansiyalara
fibro-optik rabitə xəttinin çəkilişinə
başlanıldı, 2003-cü ilin iyun ayında isə həmin iş
başa çatdırıldı və Azərbaycan
dəmir yolunda yeni telekommunikasiya sistemi istismara verildi.
Azərbaycan Prezidenti İlham Əliyev 2010-cu il iyulun 6-da də ölkəmizin
sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə
malik olan dəmiryolu nəqliyyat sisteminin daha da inkişaf
etdirilməsini, əhalinin və iqtisadiyyatın dəmiryolu nəqliyyatı
xidmətlərinə olan tələbatlarının ödənilməsini,
daşımaların təhlükəsizliyini, onun
infrastrukturunun yeniləşdirilməsini, respublikamızın ərazisindən
keçən nəqliyyat dəhlizlərinin rəqabət
qabiliyyətinin yüksəldilməsini, tranzit
daşımaların həcminin artırılmasını, dəmiryolu
sahəsi üçün kadrların hazırlanmasını
təmin etmək məqsədilə “Azərbaycan
Respublikasında dəmiryolu nəqliyyat sisteminin 2010-2014-cü
illərdə inkişafına dair Dövlət
Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam
imzaladı.
Proqramda Azərbaycan polad magitstralının sürətli inkişafını təmin edən bütün məqamlar nəzərə alınmışdır. Vaqon və lokomotiv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə və s. təsərrüfatların əsaslı təmiri, sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələr adı çəkilən Dövlət Proqramında öz əksini tapmışdır. Müəyyən olunmuşdur ki, ilkin hesablamalara görə dəmiryolu nəqliyyatının 2010-2014-cü illərdə yenidən qurulmasına 2,4 milyard manat sərmayənin qoyulması lazımdır. Bu vəsait xarici kredit, investisiya layihələri və dəmiryolunun daxili imkanları hesabına təmin ediləcəkdir.
Ötən
müddətdə sözügedən Dövlət Proqramına uyğun
olaraq bir sıra tədbirlər
reallaşdırılmışdır. Bunların
sırasında ən mühümü ölkə
başçısının dəstəyi sayəsində dəmir
yolunun inkişafına, idarəetmənin və infrastrukturun təkmilləşdirilməsinə
yönəlmiş “Dəmir Yolu Ticarətinin və Nəqliyyatının
Dəstəklənməsi Layihəsi”nin maliyyələşdirilməsi
məqsədilə Beynəlxalq Yenidənqurma və
İnkişaf Bankı ilə Azərbaycan Hökuməti
arasında 450 milyon ABŞ dolları, Çexiyanın
“İxrac” Bankı ilə 215 milyon avro məbləğində
Kredit Müqaviləsinin imzalanmasıdır.
Bəs
hazırda həmin müqavilənin
icrası hansı səviyyədədir? Əvvəla onu deyək ki, adı çəkilən Dövlət
Proqramın müvafiq bəndlərinə
uyğun olaraq ötən
müddətdə bir sıra tədbirlər
həyata keçirilmişdir. 2011-ci il iyun ayının 10-da “Azərbaycan Dəmir
Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC)
Ağstafa-Tatlı sahəsinin 97-ci kilometrində əsaslı
təmir prosesinə start verilmişdir.
Əsaslı təmir işlərini
“Azərbaycan Dəmir Yolları” QSC-nin
“Dəmiryolservis” MMC-nin 4 və 11 saylı
İxtisaslaşdırılmış dəmir yolu
müəssisələri aparır. Əsaslı təmir
prosesini Çexiyanın “İxrac”
Bankının nəzarət qrupu
müşahidə edir. Xatırladaq
ki, burada təmir
işləri başa çatandan
sonra həmin yollarda
qatarların hərəkət sürətini saatda
140 kilometrə çatdırmaq mümkün
olacaqdır. Ümumiyyətlə, gələcəkdə
Bakı - Böyük-Kəsik istiqamətində 870 kilometr yolun əsaslı təmir olunması gözlənilir.
“Azərbaycan
Dəmir Yolları” QSC-nin sədr
müavini, respublikanın əməkdar mühəndisi, texnika
elmləri üzrə fəlsəfə doktoru, dosent Qurban Nəzirov
söhbət zamanı dedi: “Yeni tariximizin ən mühüm
hadisələrindən biri də Azərbaycan
Respublikasının sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə
malik olan dəmir yolu nəqliyyat sisteminin daha da inkişaf
etdirilməsinini, əhalinin və iqtisadiyyatın dəmir yolu
nəqliyyatı xidmətlərinə olan tələbatlarının
ödənilməsini təmin etmək məqsədilə
Prezident İlham Əliyevin 2010-cu il iyulun 6-da
imzaladığı ”Azərbaycan Respublikasında dəmir yolu
nəqliyyat sisteminin 2010-2014-cü illərdə
inkişafına dair Dövlət Proqramı”nın təsdiq
edilməsi haqqında sərəncamdır. Həmin
Dövlət Proqramında Azərbaycan polad
magistralının sürətli inkişafını
reallaşdıracaq bütün məqamlar
nəzərə alınmışdır. Vaqon və lokomotiv
parkının yeniləşdirilməsi, yol,
elektrik təchizatı, işarəvermə
və rabitə təsərrüfatlarının əsaslı
təmiri, sabit cərəyandan dəyişən
cərəyana keçid, texniki
vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələr Dövlət
Proqramının icrası üçün
hazırlanmış Tədbirlər Planında öz əksini tapmışdır.
Bu
tarixi sənədin imzalanması, ilk növbədə, ölkəmizdə
aparılan davamlı iqtisadi inkişaf strategiyasının
yüksək mərhələyə qovuşmasının nəticəsidir.
Azərbaycan iqtisadiyyatının davamlı
inkişafının təmin edilməsi məsuliyyətinin
böyük bir qismi məhz dəmir yolunun üzərinə
düşür.
“Azərbaycan
Respublikasında dəmir yolu nəqliyyat sisteminin
2010-2014-cü illərdə inkişafına dair Dövlət
Proqramı”nda deyilir: “Dövlət Proqramının həyata
keçirilməsi nəticəsində ölkədə dəmir
yolu nəqliyyat xidmətlərinə olan tələbatın
tam ödənilməsi və ölkənin dəmir
yollarının beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası
üçün daha müasir nəqliyyat infrstrukturunun
yaradılması, daşımalarda yük vahidinə nəqliyyat
xərclərinin azalması, çevik tarif siyasətinin
müəyyən edilməsi, Azərbaycanın tranzit
potensialının artırılması, institusional
islahatların aparılması, dəmir yolu nəqliyyatının
fəaliyyətinə dair təkmil qanunvericilik bazasının
formalaşdırılması, dəmir yolu sahəsi
üçün yüksək ixtisaslı kadrların
hazırlanması və onların sosial müdafiəsi təmin
olunacaqdır”.
Q.Nəzirov
həmçinin vurğuladı ki, Azərbaycanda dəmir yolu
nəqliyyatı sisteminin bu gün Dövlət Proqramı səviyyəsində
yeniləşməsinə təkan verilməsi tarixi bir
şansdır. Bu şansı lazımınca dəyərləndirmək
üçün “Azərbaycan Dəmir
Yolları” QSC-də bütün qüvvələr səfərbər
olunmuşdur. Hazırda Dövlət
Proqramının icrası istiqamətində
gərgin iş gedir.
Bakı-Böyük Kəsik istiqamətində yolun əsaslı
təmiri nəzərdə tutulmuş cədvəl
üzrə aparılır. İndiyədək adı çəkilən
yolun 185 kilometrliyində əsaslı təmir
işləri görülmüşdür. “Azərbaycan Dəmir Yolları” QSC-nin “Dəmiryolservis” MMC və İnfrastruktur Departamentinin
kollektivləri üzərlərinə düşən vəzifələri
layiqincə yerinə yetirirlər. Təmir
işləri başa çatandan
sonra bu yollarda qatarların hərəkət sürətini
artırmaq, hərəkətin
təhlükəsizliyi tam təmin etmək, yük və sərnişin
dövriyyəsini artırmaq mümkün
olacaqdır.
Yeri
gəlmişkən, təmir işlərinin müasir tələblər
səviyyəsində reallaşdırılması
üçün Dövlət Proqramı çərçivəsində
Avstriyadan 1 ədəd “09-32
GSM”, 1 ədəd “RM-80 UHR” və
1 ədəd “USP-2000" markalı yol-təmir
maşınları alınmışdır. Həmin
texnikanın qorunub saxlanması üçün motorlu rels nəqliyyatı istismara
verilmiş, maşın və mexanizmlərin
təmiri emalatxanasının ərazisində isə yeni anqarın tikintisi başa çatdırılmışdır. Seysmikliyi 9 bal nəzərdə
tutulan anqarın uzunluğu
60, eni 15 metr və ümumi sahəsi 840 kvadratmetrə
yaxındır. “Azəryolservis” ASC-nin 72
saylı yol-istismar müəssisəsi tərəfindən
inşa edilən anqarın bünövrəsi
lentvari monolit dəmir-beton
özüldür. Karkas
elementləri - sütunlar da
dəmir-betondur. Divarlar
qalınlığı 40 santimetr olan əhəng daşından hörülmüşdür.
Dam örtüyü
konstruksiyası isə maili olmaqla ağac konstruksiya və metal vərəqələrdən
ibarətdir. Fasadın bütün
divarları atmosfer təsirinə
davamlıdır. Anqara 350 metr
uzunluğunda dəmir yolu
çəkilmiş, 2 dəst yoldəyişən qoyulmuşdur.
Bakı-Böyük
Kəsik dəmir yolunun əsaslı təmiri məqsədilə
qurğuların, çevirici tirlərin, maşın və
mexanizmlərin, avadanlıqların, habelə onların ehtiyat
hissələrinin alınması üzrə “Azərbaycan Dəmir
Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə
Çexiyanın “M STELL PROJEST” arasında müqavilə
imzalanmışdır. Artıq 200 kilometrdən artıq rels və
ehtiyat hissələrin bir qismi ölkəyə gətirilmişdir.
Bundan
başqa, Bakı-Böyük Kəsik istiqamətində əsaslı
təmir olunmuş sahələrdə səyyar qaynaq işlərinin
görülməsi
üçün Ukraynanın Kaxovka zavodundan “KSM-005"
markalı səyyar qaynaq texnikası alınaraq istismara
verilmişdir. Yeni texnika həm avtomobil, həm də dəmir
yolu üzərində hərəkət edə bilir.
“Dəmiryolservis”
MMC-nin baş direktoru Əli Əşrəf Lütfəlibəyov:
Sözügedən layihənin reallaşdırılmasına
2011-ci il iyunun 10-da başlanılmışdır. Bununla da dəmir yolu nəqliyyatı tarixində yeni bir mərhələnin
əsası qoyulmuşdur. Başqa
sözlə, həmin gündən etibarən, dəmir yolu nəqliyyatı sistemində mövcud infrastrukturun təzələnməsi,
nəqliyyat vasitələrinin müasirləşdirilməsi
istiqamətində yeni islahatlar
prosesinə start verilib.
Ölkə
Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu il tarixli sərəncamı
ilə təsdiq edilən “Azərbaycan Respublikasında dəmir
yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə
inkişafına dair Dövlət Proqramı”ında nəzərdə tutulmuş Tədbirlər
Planının yerinə yetirilməsi məqsədilə “Azərbaycan
Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Arif Əsgərov müvafiq əmr imzalamış, sədrin
birinci müavini Əlirza Süleymanovun rəhbərliyi ilə
komissiya yaradılmışdır. Mövcud
vəziyyətin araşdırılması və görülən
işlərin səmərəliliyinin təmin edilməsi məqsədilə
hər həftənin cümə günü
layihənin icrası vəziyyəti müzakirə edilir. Layihə işçi
qrupunun, məsləhətçi şirkətin
və dəmir yolu mütəxəssislərinin
iştirakı ilə reallaşan həmin
müzakirələrdə qarşıda duran
vəzifələr barədə söhbət gedir,
çətinliklərin həlli yolları
araşdırılır.
Yuxarıda
qeyd etdik ki, əsaslı təmir işləri, eyni zamanda yolun
piletlərlə (uzunölçülü relslər) əvəzlənməsi “Dəmiryolservis” MMC tərəfindən
aparılır. Həmin piletlərin hazırlanması və
daşınması adı çəkilən MMC-nin 24
saylı Salyan Rels Qaynaqlama Qatarının gücü ilə həyata keçirilir.
Xatırladaq ki, Salyan Rels Qaynaqlama Qatarı 1961-ci ildə yaradılmış və uzunölçülü relslərin istehsalı təmayüllüdür. Zamanında Zaqafqaziya dəmir yolu üçün strateji əhəmiyyət daşımışdır. İndi isə müstəqil Azərbaycanın dəmir yolu nəqliyyatı üçün bu missiyanı həyata keçirir.
Sözügedən əlli iki yaşlı müəssisə bu gün özünün yeni inkişaf dövrünü yaşayır. “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrasına başlanılan gündən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi müəssisənin fəaliyyətini diqqət mərkəzində saxlayır. Ötən ilin əvvəlindən burada yeni texnoloji xəttin tikintisinə də başlanılmışdır. Artıq işlər yekunlaşmış və yeni xətt istismara hazırdır. Yeni texnoloji xəttin tikintisi üçün lazım olan avadanlıqlar Rusiya Federasiyasının “Pskovelektrosvarka” zavodundan alınıb gətirilmişdir. Müəssisədə əvvəllər üçnövbəli iş günü ərzində 600 metr rels qaynaq edilirdisə, indi 1200 metr rels qaynaq olunur. Dəmir yolunda əsaslı təmir işlərinin intensivliyinin artdığı bir vaxtda bu, xüsusilə önəmlidir.
Bakı-Böyük
Kəsik istiqamətində 317 kilometrlik yolun əsaslı təmirinə
start veriləndən sonra “Azərbaycan Dəmir Yolları”
QSC-nin sədr müavini Qurban Nəzirovun təşəbbüsü
ilə 800 metrlik uzunölçülü piletlərin
daşınmasını həyata keçirən xüsusi təyinatlı
qatarın hazırlanmasına da
başlanılmışdır. Bu
zaman əvvəlcə platforma
vaqonlarının döşəməsi təmir olunmuş, sonra isə piletlərin daşınması üçün
lazımi yardımçı hissələr qaynaq
edilmişdir. 2011-ci ilin
sonunda xüsusi təyinatlı
qatarın hazırlanması prosesi başa çatdırılmışdır.
Təmir
işlərinin hazırki vəziyyəti ilə bağlı
isə “Dəmiryolservis” MMC-nin baş direktoru Əli Əşrəf
Lütfəlibəyovun dediklərini diqqətə çatdırmaq istərdik:
“ Bakı-Böyük Kəsik istiqamətində yolun əsaslı
təmirinin gedişində dəmiryolçular bir sıra
çətinliklərlə üzləşirlər. Bu, daha çox
dəmiryolu xətti keçən ərazilərin müəyyən
hissəsində relyef şəraitinin
yaratdığı əngəllər, bəzən isə hava şəraitinin əlverişsiz olması
ilə bağlıdır. Lakin dəmiryolu nəqliyyatı sistemində sovet
dönəmindən qalma köhnə texniki bazanın yeniləşdirilməsi, kadr potensialının müasir
tələblərə uyğun
formalaşdırılması, dəmiryolçuların
sosiaı-məişət şəraitinin
yaxşılaşdırılması istiqamətində
reallaşdırılan tədbirlər, ən başlıcası isə ”Azərbaycan Dəmir
Yolları" QSC rəhbərliyi tərəfindən
sözügedən layihəni reallaşdıran kollektivlərin,
necə deyərlər, dərd-sərlərinə həssaslıqla yanaşılması iş prosesində qarşıya çıxan
hər hansı bir problemin
həllinə öz müsbət təsirini
göstərir, təmirin cədvəl üzrə
aparılmasında önəmli rol
oynayır.
Son
olaraq, qeyd edək ki, dəmiryolçular əldə olunan
nailiyyətləri bundan sonra daha da artıracaq, dövlətimizin
və hökumətimizin irəli sürdüyü vəzifələrin
uğurla yerinə yetirilməsi üçün bütün
potensial imkanlardan səmərəli şəkildə
yararlanacaq, onlara göstərilən etimadı əməli
işlərlə doğruldacaqlar.
Nəqliyyat
infrastrukturunun tərəqqisi və modernləşdirilməsi
prosesi artıq bu gün yeni mərhələyə qədəm
qoymuşdur. Hazırda dövlət
başçısının birbaşa qayğısı və
nəzarəti ilə Azərbaycan, onun nəqliyyat
strukturları “Şimal-Cənub” və Bakı-Tbilisi-Qars beynəlxalq
və regional layihələrin reallaşması proseslərində
yaxından iştirak edir.
“Azərbaycan
Respublikasında dəmiryolu nəqliyyat sisteminin 2010-2014-cü
illərdə inkişafına dair Dövlət
Proqramı”nın uğurlu icrası isə deməyə əsas
verir ki, yaxın gələcəkdə ölkəmizin dəmiryolu sistemi
dünyanın inkişaf etmiş ölkələrinin dəmiryolları
arasında özünün layiqli yerini tutacaqdır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2013.- 10 fevral.- S. 5.