Sapı özümüzdən olan balta

 

Yaxud iyrənc oyunların ermənipərəst “aləti”

 

Başqa xalqlara, millətlərə, dinlərə daim yüksək tolerantlığı ilə seçilən Azərbaycan xalqı təəssüf ki, əksər hallarda buna qeyri-adekvat münasibətlə üzləşir. Unutqanlığımızın, ürəyiyumşaqlığımızın nəticəsi olaraq tarixin müxtəlif dövrlərində milli faciələrimizi təkrarən yaşamalı olmuşuq. Bədnam qonşularımızın hələ ötən əsrin əvvəllərində xalqımıza qarşı törətdiyi qanlı faciələri unudaraq elə həmin əsrin 80-90-cı illərində torpaqlarımızın 20 faizini itirdik, Xocalı soyqırımına məruz qaldıq. Yüz minlərlə azərbaycanlı ötən əsrdə məhz erməni vandalizminin günahsız qurbanına çevrildi.

 

Azərbaycanın ötən əsrdə ermənilər tərəfindən ərazisinin işğalı, kütləvi şəkildə qırğınlara, deportasiyaya, hətta soyqırımı kimi cinayətə məruz qalması kifayət qədər ciddi faktlarla, dəlillərlə sübut olunur. Əlbəttə, kimlərsə bu gün özünü korluğa qoyub əsrin əvvəllərində üzləşdiyimiz faciələrə skeptik yanaşmaq niyyətinə düşə bilər. Fəqət, əsrin sonuna doğru azərbaycanlıların kütləvi deportasiyası, ərazilərimizin işğala məruz qalması, bir milyondan çox soydaşımızın qaçqın, məcburi köçkün vəziyyətinə düşməsi, nəhayət, Xocalı soyqırımı danılmaz, inkarolunmaz faktlarla təsdiqlənib. Milli hissini itirmiş bəziləri həmin faktları unutmağa çalışsalar da, bu inkarolunmaz həqiqət ən azı arxiv sənədləri, istintaq materialları, foto, videoaudio vasitələrlə sübuta yetirilir.

Xalq olaraq böyük zərbələri təkcə düşmənlərimizdən deyil, həm də bəzən “sapı özümüzdən olan baltalar”dan da almışıq. Torpaq itkilərimizin, faciələrimizin çoxsaylı səbəbləri sırasında milli xəyanət amilini də zaman-zaman ürəkağrısı ilə etiraf etməli olmuşuq. Bəli, Azərbaycanda boya-başa çatanların, onun çörəyi və suyu ilə qidalananların, havasını udanların, ad-san, şan-şöhrət, sərvət sahibi olanların bu torpağa, Vətənə xəyanətkar münasibətinə zaman-zaman rast gəlmişik. Bu “üzdəniraqlar” təkcə antimilli düşüncə ilə deyil, həm də şübhəli erməni təəssübkeşliyi ilə milli həqiqətlərimizi inkar etmək, xalqımızı aşağılamaq, faciələrimizi danmaq, bütün günahları azərbaycanlıların üzərinə atmaq kimi manqurt mövqelərini nümayiş etdirmişlər.

Bu sıraya özünü “yazıçı”, “ziyalı” adlandıran Əkrəm Naibovun da (Əylis kəndinin adını ləkələyən bu adamı Əylisli soyadı ilə çağırmaq olmaz) qoşulması nə qədər üzücü və gözlənilməz olsa da, onun avantürist xarakterinə bələd olanlar bunu “sürpriz” kimi qarşılamadılar. Bu adamın son 10 ildəki hərəkətlərini kənardan hətta müşahidə etmək belə kifayət edərdi ki, onun qeyri-ciddi, mənafeyindən uzağı görməyən, həqiqəti danmaq yolu ilə fərqlənmək, “psevdoqəhrəman” obrazı yaratmaq kimi xəstə təxəyyülün daşıyıcısı olduğunu görəsən. Ən yaxın qələm yoldaşlarını, silahdaşlarını, Yazıçılar Birliyinin rəhbərliyini və üzvlərini mətbuatda daim kəskin hədyanlara, təhqirlərə məruz qoyan, vəzifə umsuqluğu ilə “küsərək kəndinə qayıdan”, yaxınlarını yaxşı işə düzəltmək üçün qapılara düşən, nəhayət, deputat seçilmədikdən sonra bu iqtidara münasibətini buqələmuncasına dəyişən Əkrəm Naibov yazıçı adına, titullarına, hətta yaşına yaraşmayan xoşagəlməz imicə yiyələnmişdi. Cavanlığında yazdığı əsərlərlə ədəbi mühitdə müəyyən mövqe qazansa da, son illərdəki ziddiyyətli, riyakar mövqeyi onun əsl şəxsiyyət və ziyalı məqamına heç zaman yetişə bilməyəcəyini, mənəviyyatda “piyada” olduğunu göstərirdi.

Nəhayət, bu adam əsl xislətini gizlədə bilməyərək tamamilə açıq, cəmiyyətə meydan oxuyacaq bir formada nümayiş etdirdi. Rusiyanın “Drujba narodov” jurnalında dərc etdirdiyi “Daş yuxular” adlı cızmaqara (bədii səviyyəsi  onu əsər adlandırmağa imkan vermir) onun nəinki Vətən və dövlət, millət hissindən, hətta kosmopolit insana xas ali insani keyfiyyətdən - vicdan və ədalət hissindən məhrum olduğunu üzə çıxardı. İnsanın nəyinsə xatirinə həqiqətə, haqqa qarşı çıxması, hətta vicdanının səsinə qulaq asmaması ən sonuncu yoldur.

Kiminsə millət, vətən təəssübkeşliyi, milli qürur hissi olmaya bilər. Amma vicdansızlıq elə bir keyfiyyətdir ki, həqiqəti həyasızcasına danmaq, milyonlarla insanın haqq bildiyini nahaq kimi qələmə vermək formasında təzahür edir. Əkrəm Naibov həmin cızmaqarada azərbaycanlılar haqqında hansısa həqiqəti açıq və özünütənqid ruhunda desəydi, buna bəlkə də dözümlü yanaşmaq, onu qınamamaq, bağışlamaq olardı. Fəqət, Azərbaycan xalqını məyus edən, sarsıdan budur ki, yazıçı saydığımız, şan-şöhrət sahibi etdiyimiz adam hətta adi vicdan hissindən belə məhrum imiş. Fəaliyyəti Azərbaycan dövləti tərəfindən kifayət qədər yüksək dəyərləndirilən Əkrəm NaibovunDaş yuxular” cızmaqarası ilə uzaqlarda daha nələrəsə iddia etməsinin nəticəsi isə xalqın inam və etimadını itirməsi, nifrətini qazanması ilə nəticələndi.

“Daş yuxular”ın mahiyyəti barədə mətbuatda kifayət qədər məlumat verilib. Xəstə təxəyyülün məhsulu olan bu “əsər”i nəzərdən keçirmək belə kifayətdir ki, reallıqdan uzaq “mülahizələrlə” azərbaycanlıların millət kimi aşağılandığının, ermənilərin uca tutulduğunun şahidi olasan. Mənəvi kasadlığın bariz təcəssümü kimi burada xalqın ayrı-ayrı təbəqələrinə nifrət hissi özünü qabarıq göstərir. Adamın nankorluğu bir yana, hamının canlı şahidi olduğu hadisələri, faktları təhrif etməsi, ağa qara deməsi onun həyasızlığının da ifrat həddə çatdığını göstərir. Adətən, belə absurd yanaşmaları biz bədnam qonşularımızın ideoloqlarından görmüşük.

Dəhşətlisi budur ki, Əkrəm Naibov bütün günahları azərbaycanlıların üzərinə atdığı halda, erməniləri xeyirxah, məzlum, daim təqiblərə məruz qalan millət kimi qələmə verməyə çalışır, Qərbi Azərbaycandakı doğma yurdlarını tərk etməyə məcbur olmuş soydaşlarımızın barəsində nalayiq fikirlər söyləyir. Vicdan hissinə nə qədər tüpürməlisən (əlbəttə, əgər o varsa) ki, hətta tarixən yaşadığın, boya-boşa çatdığın Əylis kəndini də erməni yaşayış məskəni kimi qələmə verəsən. Bax, bu məqamda onda erməni ruhunun olduğunu söyləyənlər haqsız və qərəzli görünmürlər.

Görkəmli tarixçilərimizin də son günlər bəyan etdikləri kimi, Əylis kəndini tarixən Azərbaycan türkləri yaradıb və burada məskunlaşıblar. Sonrakı dövrlərdə bura bədnam qonşularımız da ayaq açaraq məskunlaşıblar. Buna baxmayaraq, Əkrəm Naibov cızmaqarasında bir sıra tarixi faktları təhrif edib. “Əsər”də insafsızcasına yazılmış, nifrət hissi doğuran bir sıra fikirlər var. “Əylis Allahın evidir, ona görə orada 12 kilsə tikilmişdi, hərəsi də bir dağın arxasında” və yaxudMesrop Maştos erməni əlifbasını Əylisdə yaradıb, Roffi Əylisdə dərs deyibkimi gülünc fikirlər Əkrəmin nə qədər antimilli psixoloji ovqatda olmasının göstəricisidir. Təəccüblü görünən həm də odur ki, bu adam erməni sevgisini  məharətlə uzun illər qoruyub saxlayıb, sanki xüsusi bir aktyorluq qabiliyyəti sayəsində özünü “yandırmayıb”. Əkrəm Naibov az qalır ki, erməni millətinin də Əylisdə yarandığını söyləsin. Bunlar xəstə təxəyyülün məhsulu kimi yazıçının yaratdığı tiplərin, obrazların dili ilə uydurulur, diqqətə çatdırılır.

Müəllif böyük saxtakarlıqlara yol verərək erməni cəlladlarının vandal hərəkətlərini Qərbi Azərbaycandan olan soydaşlarımızın adına yazmağa çalışır. Cızmaqaranın əvvəlində guya bir “günahsız”, “zavallı” erməninin azərbaycanlılar tərəfindən ölümcül döyüldüyü təsvir edilir. Bu kiçik parça yazılanların hansı “xəstə təxəyyülün” məhsulu olduğunu bir daha təsdiqləyir: “Bu cür adamı, günün günorta çağı, xurd-xəşil elədilər, məhv elədilər. Yerazlar elədi, doktor, yerazlar. 5-6 yeraz gədəsi. Bu qancıq balaları köçkünlər heç kimə hörmət eləmir, doktor, canım-gözüm doktor. Heç kimi hərləmirlər. Nə şair bilirlər, nə aktyor, nə yazıçı... Denən ki, filankəs ermənidi, vəssalam. O dəqiqə ayaqlarının altına salıb vəhşi kimi təpikləyəcəklər. Tikə-parça eləyəcəklər, heç kimin də hünəri çatmayacaq yaxın getsin. Mən onlara deyirəm ki, döyməyin, bu erməni deyil, bu bizimkidi, bizim xalqın balasıdı, millətimizin qürurudu, vicdanıdı. Eşidən kimdi? Heç qoymadılar ki, öz adımı deyim. Böyrümdən nətər təpik vurdularsa, az qaldı nəfəsim kəsilsin, elə yerimdəcə öləcəkdim”.

Qondarma “əsər”də türk ordusunun zabiti Atif bəy tərəfindən Əylis ermənilərinin öldürülməsi də həyasızcasına təsvir olunub: “Öldürülən ermənilərin evləri azərbaycanlılar tərəfindən qəsb edildiyindəndir ki, onların uşaqları bədbəxt hadisələrlə üzləşirlər. Məzlum erməni xalqının ruhu azərbaycanlıları rahat buraxmır, onlar ruhi xəstəliyə tutulurlar”. Müəllif doğma həmkəndlilərini utanmadan “qaniçən”, “zalım”, “ermənilərə qarşı qəddar insanlarkimi təqdim edir, azərbaycanlıları gözdən salmaq üçün müxtəlif ayamalar işlədir. Cızmaqarada qeyd olunur ki, “Resmiş Qulunun babası çaqqal Abdulla 1919-cu ildə daşyonan Minası və onun arvad-uşağını balta ilə doğrayır, qəssab Məmmədağa küçədə keşiş Mkırtıçın qızının qarnını xəncərlə yırtır, ilantutan Əbdüləlinin oğlu zəhmətkeş Arakeli əkin sahəsində öldürür, onun arvadı Esxi isə havalanıb özünü qayadan atır”. Cızmaqarada “qəddar” türklərlə “məzlum” ermənilər qarşılaşdırılır, iki erməni qadını olan AnikoHayqanuş xeyirxah, bacarıqlı, səliqəli, humanist müsbət qəhrəmanlar kimi önə çəkilir.

Bütün bunlardan sonra Əkrəm Naibovun Azərbaycanın xalq yazıçısı adını daşımağa mənəvi haqqı çatmır. Çünki 1918-1920-ci illərdə Naxçıvanda baş verən hadisələr haqqında kifayət qədər obyektiv tarixi tədqiqatlar aparılıb, sənəd və materiallar aşkar edilib. Andronik Ozanyanın Naxçıvana hücumları zamanı yerli ermənilərin azərbaycanlılara qarşı hansı vəhşiliklərə yol verdiklərini həmin tarixi faktlar bir daha təsdiqləyir. Naxçıvanın ən böyük kəndlərindən olan Yaycıda Andronik Ozanyanonun cəlladları 3 mindən çox insanı qılıncdan keçiriblər. Gilançay və Əlincəçay vadilərində 40-dan çox müsəlman kəndini viran edib, dağıdıblar, yerli əhalini müxtəlif vəhşi üsullarla qətlə yetiriblər. Əsl gerçəklik budur ki, Naxçıvana gələn türk qoşunları naxçıvanlıları bu qətliamlardan xilas ediblər. Tarixi mənbələrə görə, 1918-1920-ci illərdə erməni cəlladları Naxçıvanda 70 mindən çox insanı qanına qəltan ediblər. Əkrəm Naibov heç olmasa, öz həmyerlisi, böyük yazıçı Məmməd Səid Ordubadinin “Qanlı illər” əsəri ilə tanış olsaydı, bu qədər böyük vicdansızlığa yol verməzdi (Həyasızlıq vicdansızlığı üstələyən hissdir). “Qanlı illər”də müxbir məktubları, sənədlər, dövri mətbuat materialları, rəsmi protokolstenoqramlar əsasında Qafqazda baş vermiş erməni-müsəlman davasının obyektiv tarixi mənzərəsi yaradılıb. Əkrəmin “ermənilər yox, biz özümüz pisik”, “ermənilər tərəfdən müsəlmanlardakı qədər qəddarlıq heç vaxt görünməmişdir” kimi əsassız iddiaları Azərbaycan ədəbiyyatında bugünədək haqlı olaraq görünməmiş xəyanət və şərəfsizlik nümunəsi kimi qiymətləndirilir.

Xocalı faciəsinin 21-ci ildönümü ərəfəsində belə bir cızmaqaranın üzə çıxması həm də ermənilərin Azərbaycana qarşı apardıqları çirkin və məkrli kampaniyanın tərkib hissəsi sayılmalıdır. Faktiki olaraq bu adam dolayısı ilə belə bir faciənin baş verdiyini təkzib etməyə çalışır. Bu məqamda sanki ermənilərdən də daha çox katolik olmaq istəyib. Adam bu faktı da sanki unudub ki, erməni vəhşiliyinin hədsiz miqyasını bu xalqın faşist xislətli yazıçısı Zori Balayan özü açıq etiraf edib. Qaniçən Zori Balayanın 13 yaşlı uşağın diri-diri dərisini soyması, bundan həzz alması, özünün bunları etiraf edib kitabına daxil etməsi erməni həyasızlığının ən bariz nümunəsidir. Balayan kitabında həyasızcasına yazır ki, təcrübə məqsədilə 13 yaşlı uşağın dərisini soyub neçə dəqiqə yaşayacağını müəyyənləşdirib. “Uşaq 7 dəqiqədən sonra dünyasını dəyişdi. Axşam eyni şeyi daha üç türk çocuğunun üzərində apardıq” - deyən Balayan kitabında cəlladlığını açıq etiraf edib. Bu kimi üzdə olan həqiqətləri danmaq mövqeyi tutan Əkrəm Naibov Balayandan da pis xislətə sahib olduğunu açıq nümayiş etdirmiş olur.

Ermənilər tərəfindən müxtəlif vandal üsullarla zövq almaq üçün öldürülən insanlar axı bizim soydaşlarımızdır. Bu qəsbkarların namusunu, ismətini, qadınlıq ləyaqətini ləkələyərək zorladıqları qadınlar bizim milli qeyrət, heysiyyat, milli namus və ləyaqətimizin daşıyıcılarıdır. Qarnı yırtılaraq bətnindəki uşağı süngüyə taxılan zavallı qadın Azərbaycan qadınıdır. Daxili orqanlarından istifadə etmək və s. qeyri-insani məqsədlərlə hələ də erməni girovluğunda olan, görünməmiş işgəncələrə məruz qalanlar bizim xalqın nümayəndələridir. Milli heysiyyatı, namusu, qeyrəti, ləyaqəti, vicdanı olan heç bir şəxs bu vəhşiliklərə etinasız qala bilməz. (Deyəsən, mən hissə qapıldım. Axı, bu yüksək insani keyfiyyətlər Əkrəmə yaddır).

Cızmaqaranın yekununda göstərilir ki, “əgər hər bir öldürülən erməninin üzərində bir şam yandırılsaydı, bu şamların işığı ayın işığından parlaq olardı”. Əslində yazıçının bu fikirləri onun məqsəd və məramını aşkar göstərir. Əlbəttə, mümkündür ki, Əkrəm Naibov bu qondarma əsərlə böyük xülyalara da düşsün. Artıq mətbuatda onun Orxan PamukMixail Qorbaçov kimi Nobel mükafatı almaq iddiasına düşdüyünü iddia edənlər də var. Orxan Pamuk xalqına qarşı cəmi bir cümlə yazmışdı - Türkiyədə insanların üzünə baxa bilmədi, baş götürüb getməyə məcbur oldu. Əkrəm Naibov isə xalqının əleyhinə böyük birroman” yazıb. Nobel mükafatı almaq istəyi milli-mənəvi dəyərlərə tüpürməkdirsə, Əkrəm Naibov bunu etiraf etməyə özündə cəsarət tapmalıdır. Təbii, istənilən halda, onun Nobel mükafatı alacaq qədər istedadlı və güclü yazıçı olmadığı da qələm əhlinə yaxşı məlumdur.

Şübhəsiz, Əkrəm bütün bunları bilərəkdən etməklə, millətə qarşı açıq həqarətini, nifrətini, qəzəbini nümayiş etdirib. Bu hadisənin seçki ilinə təsadüf etdiyini də diqqətdən qaçırmaq olmaz. Növbəti prezident seçkiləri ərəfəsində belə bir məsələnin ortaya çıxması, ilk növbədə, antiazərbaycan şəbəkəsinin sifarişi kimi diqqəti çəkir. Əkrəm Naibov türk dünyasına qarşı erməni vəhşiliyinin simvoluna çevrilən Xocalı soyqırımını, yüz minlərlə Azərbaycan türkünün doğma yurdundan vəhşiliklə qovulması faktlarını görə-görə belə bir cızmaqara yaradırsa, deməli, hansısa məkrli qüvvələrin marağına xidmət edir. Aşkar görününr ki, müstəqil Azərbaycan dövlətinin sürətlə inkişaf etməsindən narahat olan qüvvələr ölkəmizə və xalqımıza qarşı qərəzli mövqelərini, tariximizi saxtalaşdırmaq niyyətlərini gizlədə bilmirlər. Bu yolda isə birinci növbədə “sapı özümüzdən olan baltalardan iyrənc “vasitə” kimi istifadə edirlər.

“Daş yuxular” cızmaqarasının ideya süjeti ölkəmizin uzaq və yaxın tarixinin qəsdən saxtalaşdırılması kimi çirkin bir məqsəd üzərində qurulub. Bu, Azərbaycan vətəndaşı olan, milli mövqedən uzaq uydurma fikirləri ifadə edən, nəticə etibarilə Azərbaycan xalqına öz içindən xain zərbəsi vuran bir cızmaqaradır. Bu, Azərbaycandakı mövcud ictimai-siyasi sabitliyi pozmağa, qarışıqlıq salmağa ədəbiyyat mövqeyindən yönəldilmiş xəyanətdir. Fəqət, Əkrəm bununla həm də özünə ən böyük pisliyi etdi. Damarında azərbaycanlı qanı axan hər kəsin haqlı nifrət və qəzəbini qazandı. Bir yazıçı üçün bu, ölümə bərabərdir. Əkrəm Naibovun təhqir etdiyi Azərbaycan xalqının deyiminə görə “Allah insanın canını almazdan əvvəl ağlını alır”. Əgər belə olmasaydı o ömrünün ahıl vaxtında Azərbaycan əleyhinə aparılan iyrənc oyunların “yalnız bir dəfə istifadə edilə bilən alət”inə çevrilməzdi.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 7 fevral 2013-cü il tarixli sərəncamı ilə Əkrəm Əylisli (Naibov)  “Xalq yazıçısı” fəxri adından və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən məhrum edildi. Bu, əslində Azərbaycan xalqının birmənalı tələbi idi!

 

 

Rafael CƏBRAYILOV,

Milli Məclisin deputatı

 

Xalq qəzeti.- 2013.- 10 fevral.- S. 4.