Qazmaçılar neftqaz hasilatının artırılmasına mühüm töhfələr verirlə

 

Son illər Dövlət Neft Şirkəti tərəfindən ölkədə neft-qaz hasilatının artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu məqsədlə ən son texnika və texnologiyalardan istifadə etməklə dənizdə və quruda unikal platformalar quraşdırılır, sürətli qazma işləri aparılır, yeni-yeni neft və qaz quyuları istismara verilir. Bütövlükdə isə son illər modern, dünya səviyyəli bir şirkətə çevrilmiş ARDNŞ-in uğurlarından yeraltı zənginliyə yol açan fədakar qazmaçılara da xüsusi pay düşür.

 

Hazırda şirkətin Kompleks Qazma İşləri Tresti ölkəmizin quru və dəniz əraziləri  üzrə 25-ə yaxın yataqda beynəlxalq standartların tələblərinə uyğun olaraq yeni texniki vasitələr və texnologiyadan istifadə etməklə, ətraf mühitə ziyan vurmadan və digər amillər nəzərə alınmaqla axtarış-kəşfiyyat  istismar qazma işləri aparır. Qazma işləri Quba-Xəzəryanı, Aşağı Küryanı, Abşeron neftli-qazlı rayonlarında, dəniz akvatoriyası üzrə isə Bakı və Abşeron arxipelaqında həyata keçirilir.

 

Müsahibimiz Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Kompleks Qazma İşləri Trestinin müdiri, əməkdar mühəndis İskəndər Şirəlidir.

 

—İskəndər müəllim, yola saldığımız 2012-ci ili hansı uğurlarla başa vurmusunuz.

— Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, trestimizin kollektivi sifarişçilər tərəfindən təqdim olunmuş məlumatlara əsasən, ölkəmizdə  neft-qaz hasilatının sabit saxlanılması məqsədilə istismar və yeni yataqların aşkar edilməsi üçün axtarış-kəşfiyyat qazma işlərinin yerinə yetirilməsi sahəsində Dövlət Neft Şirkətinin  strukturuna daxil olan böyük elmi potensiala malik idarələrlə sıx əməkdaşlıq edir. Dövlət Neft Şirkəti rəhbərliyinin qazma işlərinin aparılmasına xüsusi diqqətlə yanaşması, qazmaçılara göstərilən yüksək qayğı trestimizin kollektivini ölkəmizin iqtisadi qüdrətinin artırılması, neft sənayesinin inkişafı naminə daha böyük əzmlə çalışmağa sövq edir. Məhz bunun nəticəsidir ki, ötən hər bir il kollektivimiz üçün xüsusi nailiyyətlərlə yadda qalır. Bu baxımdan yola saldığımız 2012-ci ili də qazmaçılarımız üçün uğurlu hesab etmək olar. Belə ki, ötən il Kompleks Qazma İşləri Tresti tərəfindən 116 min 894 metr qazma işi görülmüşdir. İl ərzində həyata keçirilmiş ümumi qazma işlərinin 109 min 421 metri istismar, 7473 metri isə kəşfiyyat qazmasının payına düşmüşdür. Bundan əlavə, ilin əvvəlindən 65 quyunun qazması başlanmış, 74 quyunun qazması qurtarmışdır. Ötən il trestimizin qazmaçıları tərəfindən sifarişçilərə 79 quyu təhvil verilmişdir ki, bu da əvvəlki ilə nisbətən 8 quyu çoxdur.

—2012-ci ildə Azərbaycan qazmaçılarının ən böyük uğuru isə, heç şübhəsiz, “Ümid” yatağında ilk quyunun istismara verilməsi ilə bağlı olmuşdur. İstərdim ki, bu barədə bir qədər ətraflı məlumat verəsiniz.

Bu, doğrudan da, belədir. “Ümid” yatağının istismara verilməsi, hər şeydən əvvəl, Azərbaycanın iqtisadi qüdrətinin xeyli artmasına, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dünya səviyyəli bir şirkətə çevrilməsinə bariz nümunədir. Xatırladım ki, Dövlər Neft Şirkətinin gücü ilə inşa olunmuş unikal “Ümid-1" platformasından  10 nömrəli kəşfiyyat quyusunda qazma işləri vaxtından dörd ay əvvəl başa çatdırılmışdır. Həmin quyunun qazılmasında dünya üzrə qazma sahəsində mövcud olan ən son mütərəqqi texnikitexnoloji yeniliklərdən istifadə edilmişdir. Bunlardan karbohidrogen əsaslı məhlulu, quyu dibi mühərrikləri, müasir tip hidrogenişləndiriciləri və bisentrik baltaları xüsusilə qeyd etmək lazımdır. Onu da deyim ki, 6400 metr dərinliyədək qazılmış quyu layihə horizontu olan məhsuldar qatın VII horizontunu tam açaraq öz geoloji vəzifəsini də yerinə yetirmişdir. Yeri gəlmişkən, ötən il iyun ayının 8-də perforasiya olunan və mənimsənilən  10 nömrəli ikinci quyunun gündəlik hasilatı  bir milyon 200 min kubmetr qaz və 150 ton kondensat həcmindədir. Bu quyunun məlumatları “Ümid” yatağında böyük karbohidrogen ehtiyatlarının mövcudluğunu və “Şahdəniz” yatağından sonra ən böyük qaz ehtiyatına malik olduğunu bir daha əyani şəkildə sübut edir. Məlumat üçün bildiririk ki, hazırda bu ehtiyatlar 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat həcmində qiymətləndirilir. Ötən müddətdə, həmçinin “Ümid-1” platformasını ölkənin qaz kəmərləri sistemi ilə birləşdirmək məqsədilə yeni kəmər çəkilmiş və ölkə neftçilərinin peşə bayramı ərəfəsində istismara verilmişdir. Yeri gəlmişkən, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra kəşf olunmuş ilk yataq kimi “Ümid”də qazanılmış bu nailiyyət Azərbaycan neftçilərinin daha bir mühüm uğuru kimi tarixə düşmüşdür.

2012-ci ilin noyabr ayında “Ümid” sahəsində yerləşən 1 nömrəli platformadan məhsuldar qatın VII horizontuna, layihə dərinliyi 6550 metr olan 12 nömrəli istismar quyusunun qazılmasına başlanılmış və hazırda qazma işləri uğurla davam etdirilir. Bununla yanaşı, ötən il trestimiz tərəfindən “Bulla-dəniz” sahəsindəki 29 nömrəli dərin stasionar özülündən layihə darinliyi 5800 metr olan 90 nömrəli kəşfiyyat quyusunda qazma işlərinə başlamışıq. Məlumat üçün bildirmək istəyirəm ki, “Bulla-dəniz” sahəsi Bakı arxipelaqında kəşf olunmuş yataqlar içərisində zənginliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Hazırda həmin quyuda da qazma işləri uğurla davam etdirilir.   Ötən il fədakar qazmaçılar tərəfindən “Ələt-dəniz” sahəsində yerləşən 63 nömrəli dərin stasionar özülündən 23 nömrəli axtarış quyusunda qazma işləri uğurla başa çatdırılmış və  hazırda həmin quyuda mənimsəmə-sınaq işləri həyata keçirilir.

—Son illər Dövlət Neft Şirkətinin qarşısında duran vacib məsələlərdən biri də ölkə əhalisinin payız-qış mövsümündə “mavi yanacaq”la fasiləsiz təminatının yaxşılaşdırılması ilə bağlıdır. Bununla bağlı üzərinizə nə kimi vəzifələr düşür və ötən il bu istiqamətdə hansı uğurlarınız olub?

— Qeyd etmək istəyirəm ki, Dövlət Neft Şirkəti tərəfindən bu məqsədlə hazırlanmış tədbirlər proqramına əsasən, ölkə ərazisində fəaliyyət göstərən “Qalmaz” və “Qaradağ” yeraltı qaz anbarlarının imkanlarının genişləndirilməsi nəzərdə tutulmuşdur. Ötən il Kompleks Qazma İşləri Tresti tərəfindən “Qaradağqaz anbarında  iki yeni quyu qazılıb istismara verilmişdir. Bundan əlavə, “Qaradağ” yatağının mərkəzi hissəsində VIII horizontun sınanması və aktiv qaz həcminin genişləndirilməsi üçün burada daha bir quyu 3650 metr dərinliyə layihələndirilmişdir.

2012-ci ildə tədbirlər proqramı çərçivəsində Qaz Anbarlarının İstismarı İdarəsinin Qalmaz sahəsində də beş quyu qazılaraq təhvil verilmişdir. Hazırda isə daha bir quyuda qazma işləri yekunlaşmaq üzrədir. Bundan əlavə, yaxın zamanlarda iki yeni quyuda da qazma işlərinə start vermək üçün lazımı işlər həyata keçirilir.

Əvvəkli illərdə olduğu kimi, 2012-ci ildə də qazmaçılar mədənçilərə yüksək hasilatlı quyular təhvil vermişlər. Belə ki, “Günəşli” yatağında 6 nömrəli özüldən qazılmış  49 nömrəli quyu 240 min kubmetr qaz və 33 ton kondensat, 14 nömrəli özüldən qazılmış 160 nömrəli quyu 100 ton neft, həmin özüldən qazılmış  301 nömrəli quyu 80 ton neft, “Neft Daşları” yatağındakı 1887 nömrəli özüldən qazılmış  2288 və 2295 nömrəli quyular müvafiq olaraq 42 ton neft,  23 min kubmetr qaz və 30 ton neft hasilatı ilə istismara daxil edilmişdir. Bununla yanaşı, ötən ilin son ayında qazmaçılar “Günəşli” yatağında mədənçilərə iki yeni quyu təhvil vermişlər. Həmin quyular da yüksək məhsuldarlığı ilə seçilir. Belə ki, 43 nömrəli quyu sutkada 20 ton neft və 90 min kubmetr qaz,  306 nömrəli quyu isə 90 ton neft,  10 min kubmetr qaz verir.

—İskəndər müəllim, artıq yeni ilin ikinci ayını yaşayırıq. 2013-cü ilə hansı nailiyyətlərlə başlamısınız, qarşıda nə kimi vəzifələr durur?

—Ötən ili yüksək nailiyyətlərlə yola salan qazmaçılarımız 2013-cü ilə də uğurla başlamışlar. Belə ki, yanvar ayını  yüksək texniki-iqtisadi göstəricilərlə başa çatdıran qazmaçılar növbəti uğurların təməlini qoymuşlar. İlin ilk ayında testimizin qazma kollektivləri ölkənin quru və dəniz sahələrində 10 min 109 metr qazma işi həyata keçirmişlər ki, bu da nəzərdə tutulduğundan 1119 metr çoxya tapşırığın 112,4 faiz yerinə yetirilməsi deməkdir.  Bununla yanaşı, yanvar ayında 7 quyu əvəzinə  8 quyuda  qazma işlərinə başlanmış, 1 quyu əvəzinə 4 quyu qazmadan  qurtarmış,  sifarişçi təşkilata 2 əvəzinə 5 quyu təhvil verilmişdir. Onu da deyək ki, son illər qazmaçılarımız tərəfindən mədənçilərə təhvil verilmiş quyular öz məhsuldarlığı ilə də seçilir. Belə ki, yanvar ayında “Günəşli” yatağındakı 6 nömrəli özüldən qazılıb mədənçilərə  təhvil verilmiş 42 nömrəli quyu sutkada 15 ton neft  160 min kubmetr qaz verir.

Kompleks Qazma İşləri Tresti cari ildə də ölkənin dəniz və quru sahələrində axtarış və istismar qazma işləri aparacaq.  Eyni zamanda,  Dövlət Neft Şirkətinin yeraltı qaz anbarlarının genişləndirilməsinə dair tədbirlər proqramına əsasən, Qalmaz sahəsində yeni quyular qazılır. Qarşıdakı illərdə də əhalinin qazla təminatının yaxşılaşdırılması, qaz hasilatının artırılması, eləcə də yeraltı qaz anbarlarının imkanlarının genişləndirilməsi məqsədilə yeni quyuların qazılması planlaşdırılır. Bundan əlavə, “Neft Daşları” və “Darvin Bankəsi”  yataqlarında əlavə bir çox özüllərin tikintisibu özüllərdən qazma işlərinin başlanması, həmçinin, “Qərbi Abşeron” yatağında əlavə üç  özülün tikintisiqazma işlərinin başlanması nəzərdə tutulmuşdur.

Yeri gəlmişkən, son illər Azərbaycan Respublikası Dövlət  Neft  Şirkəti regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində geniş miqyaslı tikinti-quraşdırma və abadlıq işlərini həyata keçirir. Naxçıvan Muxtar Respublikasında yeraltı qaz anbarının yaradılması qaz təhcizatının sabitliyinin əsaslı surətdə yaxşılaşdırılmasına, eləcə də  bir sıra vacib sosial problemlərin  həllinə öz müsbət təsirini göstərəcəkdir. Muxtar respublikanın “Nehrəm” duz yatağı bazasında yeraltı qaz anbarının yaradılması məqsədilə “Tumbul” sahəsində 1 nömrəli kəşfiyyat quyusunun qazıntısına start verilmişdir. Quyuda aparılacaq tədqiqatların müsbət nəticə verəcəyi təqdirdə həmin ərazidə yeraltı qaz anbarının yaradılması nəzərdə tutulur.

—Məlum olduğu kimi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti modern bir quruma çevrilmişdir. Bu da heç şübhəsiz, neft-qaz əməliyyatlarının həyata keçirilməsi zamanı yeni texnika və texnologiyaların tətbiqini zəruri edir. Bu baxımdan qazma işlərinin aparılmasında ən son texnologiyaların tətbiqi hansı səviyyədədir?

—Hər şeydən əvvəl, qeyd etmək istəyirəm ki,  trestimizin maddi-texniki tələbatının yüksək səviyyədə təmin olunmasına həmişə xüsusi diqqət yetirilir. Bu, xeyli vaxt və maliyyə tələb edən bir olsa da, qazmaçılar  Dövlət Neft Şirkəti rəhbərliyinin, xüsusən də şirkətin prezidenti Rövnəq Abdullayevin dəstəyinə güvənirlər.  Kompleks Qazma İşləri Trestinin inkişaf proqramında nəzərdə tutulan işlərin həyata  keçirilməsi mühəndis və texniki işçilərin bütövlükdə  tam müasirləşməsini zəruri etmişdir. Bu sahədə böyük uğurlara imza atan trestimizin 250 nəfərə yaxın işçisi  Ümid” yatağında qazılan 8 və 10 nömrəli , “Bulla” sahəsindəki 89 nömrəli quyularda tətbiq olunan qabaqcıl texnika və texnologiyanın sirlərinə mükəmməl yiyələnmişlər. Bunlara polimerneft əsaslı məhlullar, hidrogenişləndiricilər, LWD/MWD sistemləri, nəzarət-ölçü cihazları, yeni tip təmizləmə sistemləri və s. aiddir.  Bundan başqa, dörd nəfər gənc mütəxəssisimiz Şotlandiyanın Aberdin şəhərində  LWD/MWD sistemini mənimsəyərək  “Ələt-dəniz” yatağında qazılan 23 nömrəli və “Günəşli” sahəsindəki 305 nömrəli quyuların istiqamətləndirilməsini müvəffəqiyyətlə həyata keçirmişlər. Qaradağ” yatağında qazılması başa çatdırılmış 477 nömrəli istismar-basqı quyusunda da Çin Xalq Respublikasının istehsalı olanmüasir standartlara cavab verən ZJ 50 DBM markalı qurğu (RPDE sistemi ilə) və qurğuda  “VARCO” firmasının istehsalı olan TDS-11SA markalı Top drayver quraşdırılmışdır. Məlumat üçün bildirim ki, ZJ 50 DBM qurğusu 5 min metr dərinliyə qədər qazma işlərinin aparılmasına imkan verir. Eyni zamanda, buruqda işçi təzyiqi 350 atmosfer olan 3NB-1600 tipli Tripleks nasosları, SCR sistemi ilə CAT-3512 tipli əsas və CAT-3406  markalı  köməkçi dizel generatorları, müasir standartlara cavab verən “DERRİCK” firmasının  istehsalı olan qazma məhlulunun təmizlənməsi sistemi ilə ümumi həcmi 350 kubmetr olan qəbul çənləri quraşdırılmışdır. Qazmaçı kabinəsi müasir nəzarət ölçü cihazları və müşahidə kameraları ilə təmin edilmişdir. 477 nömrəli istismar-basqı quyusunun yüksək texniki-iqtisadi göstəricilərlə qazılması məqsədilə yeni texnika və texnologiyaların tətbiqinin vacibliyi nəzərə alınaraq karbohidrogen əsaslı qazma məhlulundan, hidravlik genişləndiricidən, quyu dibi mühərriklərdən, YASS-Akseleratorlardans. tərtibatlardan istifadə olunması nəticəsində yüksək texniki-iqtisadi göstəricilər əldə edilmişdir.

Sonda onu da qeyd etmək istəyirəm ki, müasir avadanlıqlardan, qabaqcıl texnika və texnologiyalardan istifadə etmək trestimizə quru və dəniz əraziləri  üzrə 1000-7000 metrlik quyularda yüksək səviyyədə qazma işləri həyat keçirməyə imkan verir.

 

 

Müsahibəni apardı: Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2013.- 12 fevral.- S. 6.