Fond hesabat verir

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2012-ci il üçün fəaliyyəti haqqında hesabatı bu günlərdə fondun Müşahidə Şurasının iclasında qəbul edilmişdir.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin təqdim etdiyi hesabatda bildirilir ki,   ölkədə fikir plüralizminin, söz və məlumat azadlığının inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi, onların iqtisadi müstəqilliyinin gücləndirilməsi sahəsində həyata keçirilən dövlət siyasətinə müvafiq olaraq KİVDF 2012-ci ildə də işini “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na və Nizamnaməyə uyğun qurmuşdur.

Fondonun maliyyə dəstəyi göstərdiyi KİV-lər Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş vermiş hadisələri diqqət mərkəzində saxlamış, konsepsiyada nəzərdə tutulmuş istiqamətlər üzrə həyata keçirilən tədbirləri geniş işıqlandırmışlar.

Bakı şəhərinin Qaradağ, Nizami, Nəsimi, Səbail və Suraxanı rayonlarının icra hakimiyyətləri ilə birgə “Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda konfranslar keçirilmişdir. Həmçinin, fondun və həmin rayonların icra hakimiyyəti orqanlarının təşkilatçılığı ilə “Rayonların sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda jurnalistlərin fərdi yazı müsabiqələri keçirilmişdir. Həmin müsabiqələrə 182 yazı təqdim edilmiş, onlardan 120 yazı qalib hesab edilərək mükafatlandırılmışdır.

Fond dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadə etmək, jurnalistlərin peşəkarlığını artırmaq, onların sosial müdafiəsini gücləndirmək məqsədilə 2012-ci il ərzində 3 dəfə — Novruz bayramı, Azərbaycan milli mətbuatının yaranmasının 137-ci ildönümü və 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə fərdi jurnalist yazıları müsabiqəsi təşkil etmişdir. Bu müsabiqələrə ümumilikdə 240 yazı təqdim edilmiş, 119 jurnalist qalib olmuşmükafat almışdır. Ümumilikdə, hesabat ilində fondun təşkilatçılığı və iştirakı ilə keçirilən müsabiqələrdə 239  jurnalist mükafatlandırılmışdır.

2012-ci ildə fondun beynəlxalq əlaqələri daha da genişlənmişdir. Beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə 15 KİV rəhbərinin Türkiyəyə səfəri təşkil edilmişdir.

Hesabatda daha sonra bildirilir ki, fond İSESCO, TÜRKSOY Azərbaycan Respublikasının Mədəniyyət və Turizim Nazirliyi ilə birgə “Mədəniyyətlərarası dialoqun inkişafında medianın rolu” mövzusunda beynəlxalq seminar keçirmişdir. Tədbirdə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Türkiyənin media nümayəndələri iştirak etmişlər. Seminar iştirakçıları öz ölkələrinin KİV-lərində mədəniyyətlərarası dialoq və həmrəyliyin dəstəklənməsi mövzusu ətrafında müzakirələr aparmış, bu sahədə ölkəmizin uğurları ilə tanış olmuşlar.

Hesabat ilində konsepsiyada nəzərdə tutulmuş məqsədlərin həyata keçirilməsi üçün fond KİV-lərə maliyyə dəstəyini davam etdirmişdir. 2012-ci ilin dövlət büdcəsindən fonda 3. 897 093 manat vəsait ayrılmışdır. 2012-ci ilin birinci yarısında 28 qəzetə 858.000 manat, ikinci yarısında isə 29 qəzetə 908.000 manat vəsait ayrılmışdır. İnformasiya əldə etmək haqqında qanunvericiliyin izahı ilə bağlı layihələrə 21 098 manat, “Azərbaycan teleməkanında ədəbi dilin qorunması” layihəsinin maliyyələşdirilməsinə 59 766, 80 manat vəsait xərclənmişdir.

Redaksiyaların maddi-texniki bazasını  möhkəmləndirmək və onların internet saytlarının davamlı olaraq “online” rejimində işləməsini təmin etmək məqsədi ilə 31 mətbuat orqanına ümumilikdə 740 000 manat birdəfəlik maliyyə yardımı ayrılmışdır.

Dövlət büdcəsindən fonda ayrılmış vəsaitin 2.678 287,06 manatı KİV layihələrinin maliyyələşdirilməsinə və tədbirlərin keçirilməsinə, 99 470,52 manatı işçilərə əmək haqqı və mükafatların verilməsinə, 21 883,53 manat Dövlət Sosial Müdafiə Fonduna ödənişlərə, 108 500 manat jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılmasına, “Azərbaycan”, “Göyərçin”, “Günəş”, “Qobustan”, “Literaturnıy Azerbaydjan”, “Ulduz” jurnallarına və “Ədəbiyyat”, “Savalan” qəzeti redaksiyalarına 709.262 manat ayrılmış, bu vəsaitin 708 397,80 manatı xərclənmişdir.

Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2010-cu il tarixli “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” sərəncamına uyğun olaraq, fond mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə Səbail rayonu Bayıl qəsəbəsi, 20-ci sahə ərazisində 17 mərtəbəli, 2 girişdən və 156 mənzildən ibarət binanın tikintisini davam etdirmişdir.

Hesabatın sonunda göstərilir ki, ötən il fondun Müşahidə Şurasının 9 iclası keçirilmişdir. İclaslarda fondun işinin təşkili, müsabiqələrin keçirilməsi və nəticələrinin təsdiqi, layihələrin qiymətləndirilməsi ilə bağlı ekspertlərin müəyyənləşdirilməsi, ayrı-ayrı tədbirlərin təşkili və digər məsələlər müzakirə edilmiş, müvafiq qərarlar qəbul olunmuşdur.

 

 

Çapa hazırladı: Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2013.- 12 fevral.- S. 6.