Bədnam “Daş yuxular” və Naxçıvan həqiqətləri

 

Əkrəmin “Daş yuxular” əsəri ilə tanış olandan sonra özümə yer tapa bilmədim. Necə ola bilər ki, xalq yazıçısı olasan, ən yüksək təltiflərə layiq görüləsən, ancaq millətimizin, xalqımızın ünvanına layiq olmayan sözlər və fikirlər söyləyəsən. Atalarımızın çox gözəl bir fikri var: insan su içdiyi quyuya tüpürməz. Əkrəm nəinki quyuya tüpürdü, həm də onu murdarladı.

 

“Daş yuxular” əsəri ilə guya müəllif xalqlar arasında münasibətləri formalaşdırmaq istəyindədir. Bu, inanılası deyil. Xalqlar arasında münasibətlər öz xalqının təhqir edilməsi hesabına olmamalıdır. Qaş düzəldilən yerdə göz çıxarılmamalıdır. Əkrəmin bədii cəhətdən zəif olan bu əsəri onun əcdadlarının kimliyinə də kölgə salır. Görünən budur ki, onun damarlarında təmiz azərbaycanlı qanı axmır. Bu əsər siyasi oyunların piyadası tərəfindən yazılmışdır. Aydın görünür ki, bu, sırf genetik erməni təxəyyülünün məhsuludur və obyektiv gerçəkliyi əks etdirmir.

 Əsərdə Əkrəmin bitərəf mövqe tutması, qərəzli münasibəti, faktları təhrif etməsi, azərbaycanlıları qəddar, başkəsən, qaniçən, mədəniyyətsiz kimi təqdim etməsi, ermənilərin müdafiə olunması, azərbaycanlılardan üstün keyfiyyətlərə malik olması obrazların dili ilə, yaxud dolayısı ilə verilir. Romanda erməni tiplərinə yazıçının müsbət münasibət bəsləməsi açıq-aşkar hiss olunur. Əkrəm Əylisli əsərinin əvvəlində qeyd edir ki, mən bu əsəri dünyadan dərdli köçmüş həmyerlilərimə, yəni ermənilərə ithaf edirəm. Əsərin yekununda isə göstərir ki, əgər hər bir öldürülən erməninin üzərində bir şam yandırılsaydı, bu şamların işığı ayın işığından da parlaq olardı. Əslində, yazıçının bu fikirləri onun məqsəd və məramını çox aşkar göstərir.

“Daş yuxular” əsərinin altında Əkrəmin yox, hər hansı bir erməni yazıçının adı yazılsaydı, nə dəyişərdi?! Erməni müəllifinin Azərbaycanın və azərbaycanlıların əleyhinə yazılmış romanı. Azərbaycan yazıçısı ilə erməni yazıçının nə fərqi oldu?!

 Əkrəm Naibov soyadını doğulduğu kəndin şərəfinə Əylisli ilə əvəz etmişdir. Əylis kəndinin adını ləkələyən yazıçı necə Əylisli soyadını daşıya bilər? Azərbaycan ədəbiyyatı adına ləkə olan “Daş yuxular” romanını da müəllif bu imza ilə çap etdirmişdir. Əkrəm Əylisli Ordubad rayonunun Yuxarı Əylis kəndində (XIX əsrin ortalarından Aşağı Əylis kəndi də yaranmışdır) anadan olmuşdur.Əylis kəndini Azərbaycan türkləri yaratmış və burada məskunlaşmışlar. Sonrakı dövrlərdə buraya ermənilər də gəlmiş və yaşamışlar. Ermənilər Əylis adını Akulis kimi işlətmişlər ki, bu, erməni kəndi demək deyil.

Əkrəm Əylislinin adıçəkilən romanında bir sıra tarixi faktlar təhrif edilmişdir. Əylislə bağlı söylənilənlər də eləcə: “Əylis Allahın evidir, ona görə orada 12 kilsə tikilmişdi, hərəsi də bir dağın arxasında”. “Mesrop Maştos erməni əlifbasını Əylisdə yaradıb, Roffi Əylisdə dərs deyib” və sair. Əkrəm az qalır ki, erməni millətinin də Əylisdə yarandığını söyləsin. Onun özünün də qeyd etdiyi kimi, bunlar, eləcə də bütövlükdə bütün roman yazıçı təxəyyülünün məhsuludur. Lakin görünür ki, xəstə təxəyyülün məhsuludur. Əsərdə qeyd olunanların reallıqla heç bir əlaqəsi  yoxdur.

İlk növbədə tarixə müraciət edək. Ermənilər tarixdə hay adı ilə məlumdur. İ.Dyakonovun sözləri ilə desək, haylar heç vaxt özlərinə “erməni” deməmişlər. Hayların əsl vətəni Balkan yarımadasıdır. Erməni adı onların Arminiya coğrafi ərazisində yaşaması ilə əlaqədar yunanlar tərəfindən verilən addır. Ermənilər Rusiya hüdudlarından, Qafqazdan kənarda yaşamışlar. XV əsrin ortalarında Cənubi Qafqaza, eləcə də Azərbaycan ərazilərinə qəsbkarlıq üçün ikibir, üçbir gəlmişlər.

Rəvanqulu xanın Şah İsmayıl Xətaiyə yazdığı məktub bu dediklərimizi təsdiq edir: “Son illər əhalinin bir qismi, yəni Bəynənnəhreyndən Van gölü sahillərinə, oradan da beş-beş, on-on Qafa, bizim torpaqlara gələn ermənilər... geniş oturaq həyat iddialarına qapılmışlar...Mənə səlahiyyət ver, cəmi on beş min gəlməni mövsümi işçilər kimi qisim-qisim qaytarım vətənin dışarına. Sənin qulun Rəvan xan”.

Göründüyü kimi, XV əsrin ortalarında işləmək üçün İrəvana, Naxçıvana və başqa Azərbaycan ərazilərinə gələn ermənilər, XIX əsrin 30-cu illərindən buralara kütləvi köçürülmüşlər. İndiki İran ərazisinin Təbriz, Marağa, Xoy, Maku, Salmas və sair bölgələrindən 10 min 652 nəfər erməni Naxçıvan əyalətində, 1340 nəfər isə Ordubad dairəsində yerləşdirildi. Tarixi mənbələr Ordubad dairəsinin 11 kəndində — Əylisdə 37, Aza, Dar, Dizə, Dırnıs və başqa kəndlərdə 182 erməni ailəsinin yerləşdirilməsini göstərir. Beləliklə, bir sıra kəndlərdə azərbaycanlılarla ermənilər qarışıq, bəziləri isə xalis ermənilərin yaşadığı kəndə çevrildilər.

Əylisə gəldikdə isə burada əhali qarışıq yaşayıb. Elə buradaca bildirim ki, Əkrəmin ana tərəfi də Əylisə İrandan köçüb gələnlərdəndir. Onun anası Raya Anıx adlı erməni qadınla yaxın münasibət saxlamışdır. Əkrəmin ailəsi buraya köçüb gəlmiş ermənilərlə yaxın münasibətdə olub. Bir məlumata görə, onlar Əylisin erməni məhəlləsində və erməniyə məxsus evdə yaşayıblar. Hətta dərinə getsək, Əkrəmə erməni qadının dayəlik etdiyi də aydınlaşar.

Onun düşüncə tərzi, qanındakı genetik ermənilik təsadüfi deyil. Məhz bu səbəbdən o yazır ki, Əylisdə “çoxsaylı kilsələr olub”. Bu, şişirtmədir. Əkrəmin əsərində – Əylisin, bütövlükdə Naxçıvanın ermənilərə məxsus olduğu iddiası dolayısı ilə ortaya qoyulur. Yüz illərdir ki, ermənilər Naxçıvan iddiası ilə yanıb-yaxılırlar, onu “Böyük Ermənistan”ın tərkib hissəsi kimi nəinki “daş yuxularda”, hətta “real yuxularda” da görürlər. Əkrəm bu əsəri ilə erməni yuxularını çin olmağa həvəsləndirir. Əkrəmin erməni təəssübkeşliyi, erməni sevgisi hər şeyin üstündən xətt çəkir. Amma tarixin üstündən xətt çəkə bilməz. Bir tarixçi, alim-tədqiqatçı kimi bildirirəm ki, Naxçıvan torpağı ən qədim oğuz-türk torpağıdır. Bu torpaqda Azərbaycan türklərinin islamaqədərki və islamdansonrakı abidələri, mədəniyyəti mövcuddur. Bir Əkrəm yox, bütün erməni “dığaları” yığışsa da, bu reallığı təkzib edə bilməzlər.

İddialardan biri də budur ki, guya türklər tərəfindən Əylisdə ermənilər kütləvi şəkildə öldürülüb. Əkrəm əsərdə bununla da bağlı çox böyük saxtakarlığa yol vermiş, erməni cəlladlarının etdiklərini azərbaycanlıların adına çıxmışdır. Romanda türk ordusunun zabiti Atif bəy tərəfindən Əylis ermənilərinin öldürülməsi təsvir olunur. “Öldürülən ermənilərin evləri azərbaycanlılar tərəfindən qəsb edildiyindəndir ki, onların uşaqları bədbəxt hadisələrlə üzləşirlər. Məzlum erməni xalqının ruhu azərbaycanlıları rahat buraxmır, onlar ruhi xəstəliyə tutulurlar”.

Yazıçı doğma həmkəndlilərini qaniçən, zalım, ermənilərə qarşı qəddar kimi təqdim edir: Resmiş Qulunun babası çaqqal Abdulla (azərbaycanlıları gözdən salmaq üçün bu cür ayamalar işlədir) 1919-cu ildə daşyonan Minası və onun arvad-uşağını balta ilə doğrayır, qəssab Məmmədağa küçədə keşiş Mıkırtıçın qızının qarnını xəncərlə yırtır, ilantutan Əbdüləlinin oğlu zəhmətkeş Arakeli əkin sahəsində öldürür, onun arvadı Esxi isə havalanıb özünü qayadan atır. Romanda “qəddar” türklərlə “məzlum” ermənilər qarşılaşdırılır, iki erməni qadını olan Aniko və Haykanuş xeyirxah, bacarıqlı, səliqəli, humanist müsbət qəhrəmanlar kimi önə çəkilir. Budur Əkrəmin azərbaycanlılara və ermənilərə bəslədiyi münasibət.

1918-1920-ci illərdə Naxçıvanda baş verən hadisələr haqqında kifayət qədər obyektiv tədqiqatlar aparılmış, sənəd və materiallar aşkar edilmişdir. Belə ki, 1918-ci ilin may ayında yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin düşdüyü çətin vəziyyət imkan verməmişdir ki, Naxçıvana istənilən köməkliyi göstərsin. O vaxt Naxçıvan şəhərində və ətraf kəndlərdə, Culfa, Şahbuz, Ordubad rayonlarının bir sıra kəndlərində buraya köçürülmüş ermənilər yaşayırdılar. Andronik Ozanyanın Naxçıvana hücumları ilə bağlı yerli ermənilər də azərbaycanlılara qarşı vəhşi hərəkətlərə yol verdilər. Ermənilər azərbaycanlı əhalini öldürür, kəndləri yandırır, dağıdır və buradan onları çıxarmağa, qovmağa çalışırdılar. Əkrəm nə əcəb Yaycı faciəsini romana gətirməyib, ondan bəhs etməyib?

Naxçıvanın ən böyük kəndlərindən olan Yaycıda Andronik Ozanyan və onun cəlladları 3 mindən çox azərbaycanlını qılıncdan keçirmiş, Gilançay və Əlincəçay vadilərində 40-dan çox Azərbaycan kəndini viran etmiş, dağıtmış, əhalisini isə ən barbar üsullarla öldürmüşlər. Yalnız Naxçıvana gələn türk qoşunları naxçıvanlıları xilas etmişlər. Tarixi qaynaqlara görə, 1918-1920-ci illərdə erməni cəlladları Naxçıvanda 73 min 727 nəfəri qanına qəltan etmişlər. Erməniləri Rusiya, İngiltərə və ABŞ dövlətləri müdafiə etmişdir.

 Məmməd Səid Ordubadi müxbir məktubları, sənədlər, dövri mətbuat materialları, rəsmi protokol və stenoqramlar əsasında Qafqazda baş vermiş erməni-müsəlman davasının tarixinin obyektiv mənzərəsini yaratmışdır. Erməni qaniçənlərinin İrəvanda, Tiflisdə, Bakıda, Şuşada, Naxçıvanda, Gəncədə, Qazaxda, Cəbrayılda, Qaryagində, Cavanşirdə, Zəngəzurda və başqa yerlərdə törətdikləri vəhşilikləri qələmə almışdır. Çox qəribədir ki, “Daş yuxular” əsərində ermənilərin azərbaycanlıları kütləvi məhv etmələri ermənisayağı təxəyyülün köməyi ilə dəyişdirilib azərbaycanlıların ayağına yazılır. Bu, başadüşülən deyil. Normal adam bu cür alçaqlığa gedə bilməzdi.

“Daş yuxular” əsəri ilə Əkrəm böyük xəyanətə yol vermiş və buna görə haqlı olaraq xalqımızın nifrətini qazanmışdır. Xalq yazıçısını belə bir bədnam roman yazmağa nə vadar edib? Çox güman ki, səbəblərdən biri onun erməni ziyalıları ilə yaxın münasibətdə olmasıdır. Bu adam erməni yazıçılarının, hətta dünyasını dəyişənlərin də xiffətini çəkdiyini heç kimdən gizlətmədən açıq etiraf edir. Bizdə məlumat var ki, hətta erməni cəlladı, “türk qanına susamış” Zori Balayan 1980-ci ildə bir neçə dəfə Əkrəmin qonağı olmuşdur. Əylis camaatından eşitmişəm ki, Əkrəmin yanında ermənilərin törətdikləri cinayətlərdən, Xocalı soyqırımından danışarkən o, hiddətlənib əylislilərdən sözlərinə fikir vermələrini, lazımsız ifadə işlətməmələrini tələb edirmiş. Bu adamın qanında genetik erməni məhəbbəti kök salıb.

 İkinci səbəb, şübhəsiz ki, fərdi keyfiyyətləri, xarakteri ilə bağlıdır. Onun nəslində ruhi xəstəliyə mübtəla olanlar var. O, xarakter etibarı ilə eqoist adamdır. Bu, ilk növbədə, Əkrəmin fərdi keyfiyyətlərindən, xarakterik əlamətlərindən irəli gəlir. Dövlətdən xalqdan, ətrafındakılardan, doğma həmkəndlilərindən – hamıdan narazıdır. O, özündən müştəbehdir, özünü dahi hesab edir. O, bəzən nə etdiyinin fərqində deyil. Heç kəsi bəyənməyən tipdir. Belə tiplərdən isə hər şey gözlənilə bilər. Bütün bunların nəticəsidir ki, o, layiq olduğu qiyməti aldı, xalqın nifrətini qazandı. Prezident İlham Əliyevin xalqın haqlı qəzəbini nəzərə alıb, tələbini cavablandırıb Əkrəm Əylislini xalq yazıçısı adından və Prezident təqaüdündən məhrum etməsi onun xəyanətkarlığının, sərsəmliyinin qanuna uyğun nəticəsi oldu. Qoy Əkrəmin xalqına atdığı böhtanlardan sevinən ermənilər də bilsin ki, belə yalan və hədyanlar həqiqətin qarşısında miskin və məğlubdur.

 

 

İsmayıl HACIYEV,

AMEA Naxçıvan bölməsinin

sədri, akademik

 

Xalq qəzeti.- 2013.- 12 fevral.- S. 5.