Balakən: Dövlət Proqramında nəzərdə tutulan bütün müddəalar icra olunur

 

Ölkənin bütün rayonlarında olduğu kimi Balakəndə də 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon toplantısı rayon ictimaiyyətinin böyük fəallığı şəraitində keçirilib. Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev geniş məruzəsində görülmüş işlərin nəticələri barədə əhatəli söz açıb və qarşıda duran vəzifələrin daha böyük olduğunu bildirib.

 

Rayon rəhbəri qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş Dövlət Proqramları regionların iqtisadi inkişafında mövcud olan kəskin fərqin aradan qaldırılması və regional tarazlığın əldə olunması məqsədi daşıyır. Regionların iqtisadi gücünü artıran və sosial problemlərin həllini sürətləndirən Dövlət Proqramı respublikamızın hər bir rayonunun inkişafının əsas sahələrinə aid tədbirləri nəzərdə tutmuşdur ki, onların da icrası uğurla həyata keçirilir. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə 16 tədbir nəzərdə tutulmuşdur.  Nəzərdə tutulan tədbirlərdən 3-ü icra olunmuş, digər tədbirlərin icrası davam edir.

Dövlət Proqramında Balakən rayonu üzrə nəzərdə tutulan tədbirlərin icrası nəticəsində rayonun əsas sosial-iqtisadi göstəriciləri ildən-ilə əhəmiyyətli dərəcədə yüksəlib.

2012-ci ildə rayonun əkin sahələrinin 11071 hektarında payızlıq və yazlıq bitkilər əkilib. Əvvəlki ilə nisbətən 521 ton taxıl artıq istehsal edilməklə məhsuldarlıq göstəricisi 20,4 sentner olunub ki, bu da ötən ilin səviyyəsindən 6,5 sentner çoxdur.

Əkin sahələrinin artırılması istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən kəndlər üzrə hədəf göstəricilərin müəyyən edilməsi, toxuma olan tələbatın ödənilməsi üçün “Balacans” MMC və “Azəryemsənaye” MMC ilə birgə işlərin görülməsi, kəndlərdə fermerlərlə görüşlərin keçirilməsi öz  səmərəsini verib, əkin sahələrinin 20 % artırılması ilə bağlı qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi mümkün olub. Həyata keçirilən tədbirlər nəticəsində 2012-ci ildə 6442 hektar qarğıdalı sahəsindən 41076 ton dən qarğıdalı yığılmaqla hər hektardan məhsuldarlıq 63,8 sentnerə çatıb, rayon həm qarğıdalı əkinlərinin sahəsinə, həm də məhsul istehsalına görə respublikada birinci olub.

Ötən il noyabrın 8-də Heydər Əliyev parkında rayonun müstəqillikdən sonrakı tarixində ilk dəfə olaraq “Məhsul bolluğu” bayramı keçirilib.  Rayonda istehsal olunan bütün növ kənd təsərrüfatı məhsullarının nümayiş etdirildiyi bayram tədbiri əhali tərəfindən böyük maraqla qarşılanıb, əvvəllər rayonun aqrar sahədə əldə etdiyi uğurların təkrarlanmasının çətin olmadığı bir daha sübut edilibdir.

Hesabat dövründə Balakəndə 80 yerlik Qullar 3 saylı orta, 180 yerlik Katex-zavod və 360 yerlik Xalatala kənd tam orta məktəbləri  üçün yeni binaların tikintisi, Nizami adına şəhər 1 saylı tam orta məktəbin əsaslı təmiri başa çatdırılıb və məktəblər  yeni dərs ilində şagirdlərin istifadəsinə verilibdir.

“Heydər Əliyev” və “Dövlət bayrağı” meydanlarının abadlaşdırılması işləri başa çatdırılıb. Prospektin yol qovşaqlarında  və hasarlarda dekorativ üzlənmə işləri aparılıb, səkilərə üzlük daş döşənilib, sahibkarlıq obyektlərinin fasad hissələri yenidən qurulubdur. 8 çoxmənzilli yaşayış evinin dam örtüyü dəyişdirilib, M.Əsədov 1 ünvanında yerləşən bina əsaslı təmir olunubdur.

 Ölkə Prezidenti cənab İlham Əliyevin 28 mart 2012-ci il tarixli “Balakən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına əsasən hesabat ilində tikilməyə başlanan 14 kilometr uzunluğunda Balakən-Qazma-Darvazbinə avtomobil yolunun tikintisində yol boyunca 305 ədəd elektrik dayağı dəyişdirilib, 14 kilometr uzunluğunda elektrik naqilləri “SİP” kabellə əvəz olunubdur. Yol kənarlarında 9,5  kilometr məsafədə abadlıq işləri aparılıb, 3,5 kilometr məsafədə su və kanalizasiya xətləri tikilibdir.

Şəhərin Qafqaz, Füzuli, Ə.Əfəndiyev küçələrində ümumilikdə 3500 metr, Mahamalar kəndində 1000 metr məsafədə su xətləri dəyişdirilib. Rayonun kəndlərində 7 artezian quyusu qazılıb,  Cederovtala  kəndində  1 artezian quyusunun qazılmasına başlanılıb, kəndlərdə daha 3 artezian quyusunun qazılması nəzərdə tutulur.

Rayonda abonentlərin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması məqsədilə 3 yaşayış məntəqəsində  transformator məntəqələri quraşdırılıb, 29 transformator əsaslı, 54 transformator cari təmir edilib. Yüksək və aşağı gərginlikli elektrik hava xətlərində 425 yeni dəmir beton dayaq basdırılıb, 38 ədəd 0,4 kv-luq, 3 ədəd 10 kv-luq ayırıcı quraşdırılıb. 0,4 kv-luq elektrik verilişi xətləri 17 kilometr məsafədə “SİP” kabellə əvəz edilmişdir.

Təlimin keyfiyyətinin yüksəldilməsi və  məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə xeyli iş görülüb, məktəblərdə aparılan təmir işləri vaxtında tamamlanıb. “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı 17 məktəb və rayon təhsil şöbəsi sürətli internet şəbəkəsinə qoşulmuşdur. Hazırda rayonun məktəblərində hər  22 nəfər şagirdə 1 kompyuter düşür. 2012-ci ildə ali məktəblərə qəbul üçün sənəd vermiş 406 nəfərdən 192 nəfəri tələbə adını qazanıb ki, bu da 2011-cu ilin göstəricisindən 3 nəfər çoxdur.

Görülən tədbirlər nəticəsində Balakən rayonu da ölkənin turizm mərkəzlərindən birinə çevrilir. Hesabat ilində rayona 18981 nəfər turist gəlib, onlardan 1981 nəfəri xarici turist olub. Keçən illə müqayisədə rayona gəlmiş turistlərin sayı 10007 nəfər artıb. Rayonun turizm potensialını əks etdirən “balakantourizm.az” saytı yaradılıb.

 Tarix-diyarşünaslıq muzeyində il ərzində 180 eksponat əldə edilib, onların sayı 4487 ədədə çatdırılıb. Muzeyə il ərzində 4495 ziyarətçi gəlib, 42  saat tarix dərsi burada keçirilib. Rayon tarix-diyarşünaslıq muzeyi, tarixi abidələrimiz onların dislokasiyası haqqında bukletlər hazırlanıb.

Toplantıda Milli Məclisin deputatları Rəbiyyət Aslanova, Kamilə Əliyeva Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev iştirak çıxış ediblər. Bütün çıxışlarda qeyd olunub ki, 2013-cü il Balakən rayonunun həyatında daha böyük nailiyyətlərlə əlamətdar olacaq.

 

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2013.- 13 fevral.- S. 10.