Uğurlar şabranlıları arxayınlaşdırmır

 

Şabran Rayon İcra Hakimiyyəti başçısının 2012-ci ilin yekunları və 2013-cü ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı toplantı  iştirakıçılarının ümummilli lider Heydər Əliyevin abidəsinin ziyarəti ilə başladı. Sonra tədbirdə iştirak edən qonaqlarPrezident Administrasiyasının nümayəndəsi rayondakı sənaye müəssisələrinin istehsal etdikləri məhsulların iclas salonunun foyesində düzənlənən sərgisi ilə tanış oldular.

 

Yığıncaq Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun geniş hesabat məruzəsi ilə başladı. Natiq qeyd etdi ki, bu gün dünyanın bir çox ölkələrindən olan siyasi xadimlərin, dövlət  adamlarının, investorların  Qafqazın, bəlkə də bütün Asiyanın regional lideri statusuna iddialı olan ölkə kimi tanıdıqları və qəbul etdikləri Azərbaycan Republikasının müasir müstəqillik  salnaməsinin çox önəmli və uğurlarla zəngin olan bir səhifəsi – 2012-ci il də artıq tarixə yazılmışdır. Dünyanın ən qabaqcıl ölkələrinin, sosial-iqtsadi tərəqqi içində yaşayan dövlətlərin belə sərt iqtisadi böhran qarşısında aciz qaldıqları bir zamanda,  Azərbaycan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin  strateji inkişaf konsepsiyası sayəsində  həm sosial- iqtisadi, həm ictimai - siyasi, həm də xarici siyasət  sahəsində ölkəyə böyük nüfuz gətirən bir çox nailiyyətlərə imza atmışdır.

N.Novruzov ölkənin əldə etdiyi uğuları sadalayaraq göstərdi ki, Azərbaycanın dünya birliyinin tam hüquqlu dövlətlərindən biri kimi  BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Bakıda, çox böyük siyasi əhəmiyyət daşıyan “Avroviziyon-2012” mahnı müsabiqəsinin uğurla keçirilməsi,  idmançılarımızın “İdman ili” çərçivəsində London Yay Olimpiya oyunlarında yüksək nəticə göstərərək ikisi qızıl olmaqla 10 medal qazanmaları, dünyada ilk dəfə keçiriləcək Avropa Yay Olimpiya oyunlarının Bakıya salınması,   tarixdə ilk dəfə ölkəyə ən böyük – 22 milyard dollar investisiya yatırılması, strateji valyuta ehtiyatlarının 46 milyard dolları keçməsi,  sahibkarlığın inkişafı üçün 218 milyon manat güzəştli kreditin verilməsi, xarici ticarət dövriyyəsinin 39,5 milyard dollara çatması, Dünya İqtisadi Forumunun hesabatında ölkəmizin dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyat qrupuna daxil edilməsi və son üç ildə olduğu kimi, yenə MDB ölkələri arasında birinci olması, Azərbaycanın yüksək insan inkişafına malik dövlətlər sırasına, kosmik olkələr cərgəsinə qoşulması, qeyri - neft sektorunda artımın 9,7 faiz təşkil etməklə ümumi daxili məhsulda payının 52,7 faizə çatması, 100-dək sənaye müəssisəsinin istifadəyə verilməsi, yeni Regional İnkişaf Proqramına start verilməsi, enerji potensialının sürətlə artması və sair uğurlar məhz tarixə qovuşan 2012-ci ilin payına düşür.

N.Novruzov  xüsusi vurğuladı ki, Azərbaycan bu uğurları, sözün həqiqi mənasında, analoqu olmayan bir şəraitdə yaşaya-yaşaya,  əslində işğalçı Ermənistanla döyüşə-döyüşə, müharibənin dağıntılarını bərpa edə-edə, erməni işğalı altında olan 20 faiz torpaqlarından qaçqın düşmüş bir milyondan çox vətəndaşının qayğısını çəkə-çəkə, ölkə xaricindəki siyasi gərginliyi  tənzimləyə-tənzimləyə  qazanıb.

Natiq həmçinin qeyd etdi ki, Prezident İlham Əliyevin böyük uğurla davam etdirdiyi inkişaf strategiyası nəticəsində bu gün Azərbaycanın dünyanın sabit inkişaf tempinə malik möhkəm  və qüdrətli dövlətinə çevrilməsində Şabran zəhmətkeşləri də kənarda qalmamış və qarşıya qoyulan vəzifə və tapşırıqlara əməl etməklə rayonun sosial-iqtisadi inkişafında bir çox uğurlara imza atmışlar.

N.Novruzov 2012-ci ildə rayonun sosial-iqtisadi həyatında əldə edilmiş  uğurlardan danışaraq göstərdi ki, istehsalın həcmi 282,8 milyon manat olmuş, sənaye məhsulu istehsalı artaraq 11,99  milyon manat, kənd təsərrüfatı məhsullarının istehsal həcmi isə 175,6 milyon manata çatmışdır. Ümumilikdə adambaşına düşən məhsul istehsalı 7 faiz artaraq 5,2 min  manat təşkil etmişdir. Orta aylıq əmək haqqı 9 faiz artaraq 287manata çatmışdır ki, 6 il əvvəl bu rəqəm cəmi 102,6 manat olmuşdur. Son 9 ildə rayonda 6602 yeni yeri açılmışdır ki, onlardan da 3559-u daimi yerləridir.

2012-ci ildə rayonda 48,5 milyon manatlıq tikinti, abadlıq və quruculuq işləri görülmüşdür ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,4 milyon manat və yaxud 72 faiz çoxdur.

Sahibkarlığın inkişafı ilə bağlı qarşıya qoyulan vəzifələrə uyğun olaraq, 2012-ci ildə də rayonda  yeni özəl istehsal müəssisələrinin  yaradılması ilə bağlı tədbirlər davam etdirilmiş, fərdi sahibkarlıq subyektlərinin sayı 2374-ə, özəl müəssisələrin ümumi sayı 303-ə,   nisbətən iri istehsal müəssisələrinin sayı isə 28-ə çatmışdır. Bunun nəticəsidir ki,  rayonda istehsal olunan sənaye məhsulunun 84,8 faizi, kənd təsərrüfatı məhsullarının isə 99,8 faizi özəl sektorun payına düşür.

Şabranın  zəhmət adamları, respublika hökümətinin prioritet elan etdiyi ərzaq təhlükəsizliyinin təmin olunması işinə də öz töhfələrini vermiş və ötən hesabat ilində 27,8  min ton taxıl, 20 min ton ət, 12,4 min ton süd, 7,4  min ton tərəvəz, 834  ton meyvə, 835 ton üzüm və 7,3 milyon ədəd yumurta istehsal etmişlər. İcra hakimiyyətinin başçısı N.Novruzov çıxışının sonunda dedi:

— Prezident İlham Əliyevin Azərbaycanı yüksək rifah ölkəsinə çevirmək naminə bəyan etdiyi və son 9 ildə uğurla həyata keçirdiyi inkişaf və tərəqqi strategiyasının gerçək hədəflərini dəf etmək üçün qarşıda daha böyük vəzifələr durur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin son müşavirəsində məhz qarşımızda duran bu əsas vəzifələri göstərərək demişdir: “Bizim düşünülmüş siyasətimiz, eyni zamanda, planlı addımlarımız məhz ona hesablanıb ki, bütün infrastruktur layihələr bu ilin, yəni 2013-cü ilin sonuna qədər başa çatsın”.

Bunlar heç də adi layihələr və sadə vəzifələr deyil. Ərzaq təhlükəsizliyinin təmin olunması, özəl sektorun inkişafı, şəhər, qəsəbə və kəndlərin tam qazlaşdırılması, elektrik enerjisi təminatı, içməli su və kanalizasiya sistemlərinin tam qurulub istifadəyə verilməsi, şəhərlərarası magistralların, kəndarası yolların müasir standartlara uyğun tikilməsi, sosial infrastrukturun -uşaq baxçalarının, məktəblərin, xəstəxanaların, idman  komplekslərinin inşası  və sair məsələlər gördüklərimiz işin davamı olmaqla bərabər həm də qarşımızda duran prioritet vəzifələrdir.

Bütün bunlar  qarşımızda  həqiqətən çox məsul vəzifələr qoyur. Amma tam yəqinliklə bildirirəm ki, məramı və amalı daim Azərbaycan dövlətçiliyinin inkişafına və möhkəmlənməsinə xidmət etmək olan biz şabranlılar bu vəzifələrin öhdəsindən şərəflə gələcəyik. Çünki, biz yaxşı bilirik ki, möhtərəm cənab Prezidentimizin müəyyən etdiyi hədəflər ölkəmizin davamlı inkişafını, onun dünyada mövqeyinin daha da möhkəmlənməsini və xalqımızın sosial-iqtisadi vəziyyətinin davamlı olaraq yaxşılaşmasını təmin etmək məramına xidmət edir. Bu mərama xidmət etmək, bu məramı həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında olmaq,  bu məram uğrunda fədakarlıq göstərmək və əzmlə, yorulmadan çalışmaq hamımızın müqəddəs borcudur.

Hesabat yıgıncağında çıxış edən Milli Məclisin deputatı Tahir Süleymanov, Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov və rayonun müvafiq idarə, müəssisə rəhbərləri görülən işləri ətraflı təhlil edib Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun hesabatını qənaətbəxş qiymətləndirdilər.

Sonra növbəti – 2013-cü il üçün  nəzərdə tutulan tədbirlər planının layihəsi açıqlandı.

Toplantının sonunda yığıncaq iştirakçılarıAzərbaycan Respublikasının Prezidenti  İlham Əliyevə müraciət ünvanladılar.

 

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2013.- 13 fevral.- S. 10.