Dövlət
qayğısı sayəsində gözəlləşən
Sumqayıt
Azərbaycan ikinci dəfə
dövlət müstəqilliyinə qovuşduqdan sonra ulu
öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində
ölkəmiz dirçələrək inkişaf etməyə,
mövqelərini möhkənmləndirməyə
başladı. İqtisadi islahatlar, həyatın bütün sahələrinin yenidən
qurulması real bəhrələrini verdi. İndi artıq Azərbaycan
Cənubi Qafqazın lider dövlətinə
çevrilmişdir. Regiona
aid heç bir beynəlxalq layihə bizim
iştirakımız olmadan gerçəkləşdirilə
bilməz.
Ümummilli liderin siyasət məktəbində püxtələşmiş İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən hər bir azərbaycanlının Prezidenti olacağını bəyan edərək sosial yönümlü tədbirlərin reallaşdırılmasına start verdi. İqtisadi sahə ilə paralel surətdə sosial sferanın da inkişafı vətəndaşlarımızın həyat şəraitinin daha da yaxşılaşmasını təmin etdi. Regionların sosial-iqtisadi inkişafına dair mühüm dövlət proqramları tərəqqimizin üfüqlərini genişləndirdi. Bakı və digər iri şəhərlərimizlə bərabər, əyalətlərimiz, ən ucqar bölgələrimiz belə fəal surətdə abadlıq-quruculuq yürüşünə qoşuldular. Rayonlarda, kənd və qəsəbələrdə yüzlərlə müasir məktəb, sosial-mədəni obyekt tikildi. Olimpiya idman komplekslərinin, müalicə-diaqnostika mərkəzlərinin sayı ilbəil artmaqdadır. Əhalinin elektrik enerjisi, qaz və su təchizatı problemləri ardıcıl həllini tapdı. Biz MDB məkanında yeganə olan elə bir dövlətin vətəndaşlarıyıq ki, yalnız orada şəhid və əlil ailələri üçün saysız-hesabsız yaşayış binaları tikilərək istifadəyə verilir. Əgər 1997-2007-ci illərdə ölkədə əlillər üçün 2200 mənzil tikilmişdisə, son beş ildə bu rəqəm 5 minə çatmışdır. Artıq adi bir hal kimi baxdığımız və fərqinə belə varmadığımız daha bir fakt sonsuz fərəh hissi yaradır: indi Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada günün 24 saatı ərzində işıq təchizatı olmasın. Bütün bunlar dövlət müstəqilliyimizin aşkar nailiyyətləri, adamlara qayğının bariz nümunələridir.
“Əsl
siyasət real, konkret iş görməkdən ibarətdir” -
deyən möhtərəm Prezidentimiz tez bir zamanda ona bəslənən
böyük ümidləri doğrultmuş, cəmiyyətin
arzularını gerçəkləşdirməyə
çalışmaqla, hər kəsin mənafeyinə
uyğun qətiyyətli qərarlar qəbul etmiş, sonsuz
iftixar doğuran önəmli addımlar atmışdır. Son illərdə təkcə Sumqayıtda
büdcə vəsaitləri hesabına şəhid ailələri
və Qarabağ müharibəsi əlilləri
üçün hər cür
şəraiti olan beş
çoxmərtəbəli ev tikilərək
onların ixtiyarına verilmişdir. Yeni il ərəfəsində şəhərimizdə
olan dövlət başçısı bu qəbildən olan insanlar üçün tikilib istifadəyə verilən 12 mərtəbəli,
96 mənzilli binada olmuş,
sakinlərlə görüşərək söhbət etmiş, onların yeni mənzillərinə
xeyir-dua vermişdir.
Eyni zamanda, 211 “Naz-Lifan” markalı avtomobil
müharibə veteranlarına təqdim olunmuşdur.
Bundan başqa, həmin
gün Gəncə və Şəki
şəhərlərində, Şəmkir rayonunda,
Bakının Hövsan və Zabrat qəsəbələrində əlillərə
mənzillərin və avtomobillərin açarları verilmişdir.
Biz sumqayıtlılar hələ də
həmin unudulmaz görüşün təəssüratı
altındayıq. Yaxşı
xatırlayırıq ki, əziz bir günə - möhtərəm Prezidentimizin doğum
gününə təsadüf edən həmin mərasimdə
dövlət başçısı yeni mənzil
və avtomobil sevinci yaşayan sakinləri təbrik edərək
ölkədə yürüdülən sosial
siyasətin uğurlarından, həmçinin
Sumqayıt şəhərinin inkişafından da razılıqla bəhs etmişdir:
“Bu gün Sumqayıt
şəhərindəyəm. Sumqayıtın da
uğurlu inkişafı məni çox sevindirir.
Sumqayıt artıq böyük sənaye
mərkəzinə çevrilibdir. Qəbul
edilmiş qərarların icrası nəticəsində
yaxın illərdə Sumqayıt dünya
miqyasında böyük sənaye mərkəzinə
çevriləcəkdir. Burada yeni müəssisələr, texnologiya
parkları, yeni binalar
tikilir, abadlıq işləri gedir...”
Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyevin
Sumqayıt şəhərinin inkişafına
qayğısı ölçüyəgəlməzdir.
Dövlət başçısı tərəfindən
Sumqayıtla bağlı əsas konseptual
xətt çox dəqiq müəyyən
edilmişdir: Sumqayıt mühüm
sənaye şəhəri olmalıdır. Cənab Prezidentin təşəbbüsü ilə burada yaradılan Sumqayıt Texnologiyalar
Parkının bəlkə də bu gün bütün postsovet məkanında analoqu
yoxdur. Kimya texnologiyalar və yüksək texnologiyalar
parkları yaradılır, yeni müəssisələr
tikilir. Bakı müəssisələrinin
bir hissəsi Sumqayıta köçürülür.
Bu müəssisələr yüksək texnologiyalara əsaslanan istehsalatlardır. Burada artıq uyğun ixtisaslara malik insanlar işləyə biləcəklər. Buna görə də dövlət
başçısının tapşırığına əsasən
burada müvafiq texniki peşə məktəbləri
açılır. Bu gün
Sumqayıtda müvafiq infrastruktur
obyektləri yaradılır, yeni iş yerləri açılır. Sənaye
limanının tikintisi
planlaşdırılır. Bütün bunlar göstərir ki,
şəhərin əhalisi sürətlə artacaqdır.
Sumqayıtda
modern texnologiyaların tətbiqi, dənizkənarı
zonanın və parkın yenidən qurulması, Olimpiya və
paralimpiya komplekslərinin, müasir uşaq-gənclər idman
məktəbinin tikilməsi, şəhərin tərəqqisi
üçün böyük məbləğdə vəsaitlərin
ayrılması barədə sərəncamların verilməsi,
Bayraq Meydanının yaradılması və sair bu kimi yeniliklər
son dərəcə ürəkaçandır.
Dövlətimizin
başçısı Sumqayıtın inkişafını
bir an belə olsa da unutmur, necə
deyərlər, arxa plana keçirmir. Məhz bunun nəticəsidir ki, bu gün Sumqayıt göz önündəcə daha
da gəncləşir, gözəlləşir.
Sənaye potensialı artır, sosial infrastruktur yenilənir. Qocaman
Xəzərin aynasında bəzənən bu
müasir şəhərdə sürətli
inkişaf proqramları həyata keçirilir, həyat daha
da firavanlaşır.
Hər
tərəfdə canlanma var - yeni nəfəs, yeni ruh duyulur. Artıq
Sumqayıtın “Sülh”, Heydər Əliyev,
Azərbaycan küçələrinin siması tamamilə dəyişmişdir.
İnzibati binalar,
ticarət obyektlərinin fasadları, meydanlar,
xiyabanlar, səkilər öz
yaraşığı ilə göz-könül
oxşayır. Koroğlu, N.Nərimanov
adına və digər küçələrdə mövcud tikililər, yaşayış
binaları yenidən qurulub. Ağ mərmərdən qoyulan
səki daşları, binaların dam
örtüklərinin və fasad hissələrinin
yenilənməsi şəhərin
yaraşığını daha da artırır. Estetik
baxımdan şəhərin görkəminə xələl gətirən
bütün iaşə obyektləri,
sıxlıq yaradan köşklər
yığışdırılıb. Hazırda həmin
obyektlərin yerində xüsusi zövqlə
hazırlanmış və şəhərə gözəllik
verən dükanlar, ofislər boy göstərir.
Təmir-tikinti
işlərinin xüsusi planla aparılması vacibdir. Təxmini
hesablamalara görə, yaxın bir neçə ildə Sumqayıt əhalisinin
sayı 700 mini keçəcək. Bu səbəbdən
şəhərdə infrastruktur obyektlərinin
inşası prosesində həmin məqam öncədən nəzərə
alınır. İndi Sumqayıtın infrastrukturu elə formada qurulur ki, əhalinin
sayının artması fonunda yaxın on il ərzində heç bir problem yaranmasın. Şəhərin bir neçə məhəlləsində yaşayış
binaları artıq müasir standartlara cavab vermədiyi
üçün tezliklə həmin ərazidə
yeni şəhərciyin salınması nəzərdə
tutulur. “Yeni
Sumqayıt” adlandırılacaq şəhərcik gələcəkdə
əhalinin mənzil probleminin həllində
müstəsna rol oynayacaqdır.
Sumqayıtlıların
ziyarət ünvanı, and yeri olan Heydər Əliyevin abidəsinin
ətrafı xüsusi zövqlə
abadlaşdırılmış, gül-çiçəyə
qərq olmuşdur. Həmin ətrafdakı
binaların fasad və dam
hissələrinin təmiri, işıq effektləri ilə bəzədilməsi
ecazkar mənzərələr yaradır.
Şəhər icra hakimiyyəti
aparatının qarşısında yaradılan, 18 min kvadratmetrlik ərazini əhatə
edən möhtəşəm meydana xüsusi daşlar
döşənmişdir. Burada polad dirəklər üzərində,
70 metrlik ucalıqda dalğalanan
üçrəngli dövlət bayrağımız - yeni əzəmətli abidəmiz şəhərimizin
yeni portret cizgilərini
təşkil edir. Şəhərin əksər
yerindən görünən bayrağımız kənardan baxan hər kəsin qəlbində qürur hissi doğurur. Həmin meydanın icra
hakimiyyəti aparatının qarşısında yerləşməsi
onun mövqe və nüfuzunu artıran amillərdir.
Sahilboyu
küçədə isə İmadəddin Nəsiminin abidəsi
daha uyğun yerdə ucaldılmış, bu abidənin yerləşdiyi
dairənin ətrafındakı binalar klassik üslubda təmir
edilmişdir. Əsas ticarət mərkəzinin
yaxınlığındakı, Nizami Gəncəvinin abidəsinin
qoyulduğu meydan da artıq sakinlərin gur olduğu sevimli
istirahət yerinə çevrilmişdir.
Heydər
Əliyev Parkında əsaslı yenidənqurma işləri
geniş vüsət almışdır. Ötən il yay istirahət mövsümü ərəfəsində bu parkın böyük bir hissəsi istifadəyə verilmişdir.
Müasir işıqlandırma sistemi, piramida tipli estakadalardan ibarət modern
giriş hissə, mərmər üzlüklü divarın oyuq-çərçivələrində
ulu öndərin həyat və fəaliyyətinə
dair nadir tarixi fotoların yerləşdirilməsi,
parkın qarşı tərəfində, 8 metr
hündürlükdə ucaldılmış böyük
saat qülləsi, fəvvarələr ilk
baxışdan diqqət çəkir. Parkın landşaftı qaydaya
salınmış, uşaqlar üçün maraqlı əyləncə
guşələri, attraksionlar
yaradılmış, ətraflarda yeni dizaynda çoxlu sayda yaraşıqlı və rahat
oturacaqlar qoyulmuşdur.
Park boyunca yerə
döşənmiş ornamentli tamet plitələr xüsusilə cəlbedicidir.
Hazırda bu parkın digər hissəsində
işlər sürət və keyfiyyətlə davam etməkdədir. Heydər Əliyev Mərkəzi,
digər mühüm sahələr
yaradılır.
Yüz
hektarlıq sahəsi olan Nəsimi adına mədəniyyət
və istirahət parkında isə əsaslı yenidənqurma
işləri “Göyərçin” abidə kompleksinə qədər
olan ərazidə artıq yekunlaşmışdır. Parkda işlərin növbəti mərhələsi
bu yerlərin daha da gözəl olacağından soraq verir. Möhtərəm
Prezidentimiz İlham Əliyev
Sumqayıta hər gəlişində buraya
baş çəkir və görülən
işlərlə maraqlanıb tövsiyələrini verir. Şəhər ictimaiyyətinin nümayəndələri
ilə buradakı görüşü
zamanı ölkə rəhbəri Sumqayıtı gözəlləşdirmək
üçün konkret
planların olduğunu
vurğulamışdır: “Mən hesab edirəm
ki, Sumqayıt şəhərində
mütləq bulvar olmalıdır. Bulvar Bakı bulvarının standartlarına uyğun olmalıdır. Çünki
Bakı bulvarı dünyanın ən gözəl
bulvarlarından biridir, bəlkə də birincisidir”.
İndi
Sumqayıtda daha bir böyük meydan tikilir. Bu meydan “Kimyaçı”
sarayının qarşısında olacaq.
Elə sarayın özündə də əsaslı şəkildə
yenidənqurma aparılır. 1 saylı şəhər xəstəxanası
da başdan-başa
yenidən qurulur.
Dünya
miqyasında tolerantlığı, dini
dözümlülüyü ilə seçilən ölkələrdən
biri də Azərbaycandır. Azərbaycan rəhbərinin
Sumqayıta səfəri zamanı şəhər
dindarları Cümə məscidinin yenidən qurulması ilə
bağlı Prezidentə müraciət etdilər. Cavabı çox gözləmək lazım gəlmədi.
Prezidentin tapşırığı ilə Sumqayıt Cümə
məscidində başlanan əsaslı təmir
işləri artıq sona
yaxınlaşır. Ümumiyyətlə, məsciddə
aparılan işlər ölkə rəhbərinin birbaşa təklif və tövsiyələri
əsasında reallaşdırılıb. Məscidin
yanında 34 metrlik minarənin
ucaldılması artıq sona yetib. Burada son tamamlama işləri gedir.
Giriş qapısı Şərq
memarlığı üslubunda xüsusi daşlarla bəzədilib,
içəridə islam qaydalarına uyğun bəzək işləri görülüb. Ətrafın
abadlaşdırılması,
yaşıllaşdırılması da
diqqət mərkəzindədir. Ziyarətgaha gedən yollar da
asfaltlaşdırılaraq standart qaydalara uyğunlaşdırılıb.
Sumqayıtda reallaşdırılan mühüm layihələrdən biri də nümunəvi məhəllələrin yaradılmasıdır. Bu barədə iki il öncə qərar qəbul ediləndən sonra təşəbbüs diqqətsiz qalmadı və nümunəvi məhəllələrin yaradılmasına başlandı. Əvvəlcə şəhərin 13 və 18-ci mikrorayonlarında, Corat qəsəbəsində belə məhəllələr yaradıldı və mərasimlər “açıq mikrofon” formasının tətbiqi ilə keçirildi. Əhalinin arzu, təklif və şikayətləri dinlənildi, fəaliyyət planlarında nəzərə alınmaqla icrası həyata keçirildi. Artıq şəhərdə əhalinin sıxlıq təşkil etdiyi ərazilərdə müvafiq infrastruktura malik 7 nümunəvi məhəllə yaradılaraq sakinlərin istifadəsinə verilmişdir. Həmin məhəllələrdə uşaqlar üçün əyləncə və idman qurğularının olması böyüyən nəslin zərərli vərdişlərdən qorunması, dərsdənkənar vaxtının səmərəli keçməsi, sağlamlığının möhkəmləndirilməsi, onların sabahımızın əsl sahiblərinə çevrilmələri baxımından çox önəmlidir. Nümunəvi məhəllələr tam asfaltlaşdırılmış, ətrafında yeni ağaclar əkilmiş, xeyir-şər evləri tikilmiş, kölgəlik-çardaqlar quraşdırılmış, çoxsaylı oturacaqlar qoyulmuşdur.
Humanitar
sahəni əhatə edən bütün istiqamətlər
üzrə dövlət qayğısının daha da
gücləndirilməsi öz məntiqi nəticələrini
verir. Son dövrlərdə
Sumqayıtın səhiyyə obyektlərinin modernləşdirilməsi,
onların ən müasir tibbi
texniki avadanlıqla təmin edilməsi sahəsində
işlər uğurla həyata keçirilir. Möhtərəm Prezidentimizin 1 saylı xəstəxananın ən
müasir səviyyədə yenidən
qurulması haqqında sərəncamı sumqayıtlılar tərəfindən
böyük məmnunluq və minnətdarlıqla
qarşılanmışdır.
Təhsil,
mədəniyyət və digər mühüm sahələr
üzrə də infrastrukturun qurulması prosesi qabaqcıl təcrübəyə
uyğun aparılır. Şəhərə
yeni rəhbərliyin gəlişindən sonra bizim təhsil
şöbəsi də əsaslı təmir edilmiş,
binanın ətrafı günün tələbləri
səviyyəsində abadlaşdırılmışdır.
Neçə-neçə məktəb əsaslı təmir edilmiş, maddi-texniki baza genişləndirilmişdir. Bütün bunların fərəhli nəticələri özünü
çox gözlətməmişdir.
Ötən dərs ilini Sumqayıt
şagirdlərinin 16 faizi “əla”, 35 faizi “yaxşı” və “əla” qiymətlərlə
başa vurmuşdur. Tam orta təhsil kursu üzrə müvəffəqiyyət
göstəricimiz 94,9 faiz, ümumi
orta təhsil üzrə 86,5 faiz olmuşdur ki, bu da
respublika üzrə ən yüksək
göstəricilərdən hesab olunur.
Məzunlarımızın
51 faizi ali məktəblərə qəbul olunmuşdur. Qəbul
faizinə görə şəhərimizin yeni
tipli təhsil müəssisələri,
eləcə də 1, 11, 22, 24, 32, 41 nömrəli məktəblər
ilk onluqda yer tutmuşlar. Təbiət
elmləri təmayüllü gimnaziyanın məzunları 100
faiz nəticə göstərmişlər.
Bu gimnaziyanın məzunlarının 42 faizi, texniki təbiət
elmləri liseyi məzunlarının isə
38 faizi 600-dən yuxarı bal
toplamışlar...
Sumqayıtın inkişafında İlham Əliyevin dəsti-xətti son illərdə özünü daha parlaq şəkildə biruzə verir, şəhərdə yeni ruh, yeni nəfəs duyulur, şəhər öz yüksəliş və tərəqqi dövrünü yaşayır. Sumqayıt indi addım-addım Bakıya yaxınlaşır. Paytaxt standartları yaradıcı şəkildə Sumqayıtda da tətbiq olunur. Səliqə-sahmanlı guşələrin coğrafiyası şəhərimizdə getdikcə artır. Çox keçməz ki, şəhər bütünlüklə təmiz, səliqəli, nümunəvi bir ünvana çevrilər. Burada yaşanan tərəqqinin ən müasir tələblərə cavab verən mövcud temp və səviyyəsi qarşıdakı dövr ərzində Sumqayıtda daha böyük xarüqələr yaradılacağına, buranın təkcə Azərbaycanın deyil, bütün Qafqazın, hətta MDB məkanının ən gözəl şəhərlərindən birinə çevriləcəyinə heç bir şübhə yeri qoymur.
Mahal ƏLİYEV,
Sumqayıt Şəhər
Təhsil Şöbəsinin müdiri
Xalq qəzeti.- 2013.- 13 fevral.- S. 9.