İZNƏN gedənin İZİ qalmaz

 

yaxud Əkrəm Əylislinin Orxan Pamuka bənzəmək cəhdi

 

Yazıçı Əkrəm Əylislinin Rusiyada nəşr olunan “Drujba Narodov” jurnalında dərc edilmiş “Kamennıe snı” (“Daş yuxular”) romanını oxuduqdan sonra məndə bir sıra suallara cavab axtarmaq istəyi baş qaldırdı:

 

Görəsən, nə üçün əsərin çapı  məhz Xocalı soyqırımının bütün dünyaya çatdırıması və tanıdılması istiqamətində  səylərin  ciddi surətdə artdığı, bu sahədə müəyyən uğurların qazanıldığı bir vaxta düşür? Niyə 2007- ci ildə yazılan əsər yeddi il sonra —  2012-ci ilin dekabrında nəşr olundu? Nə üçün bu əsər məhz SSRİ-nin başqa adda yenidən bərpa edilməsi  sahəsində fəliyyətin gündəmə gəldiyi  və Azərbaycanı  da bu ittifaqa (Avrasiya İttifaqı — C.H.) cəlb etmək barədə planların hazırlandığı bir vaxtda çap olundu? Nədən bu roman Rusiya jurnalında dərc olundu? Hansı səbəbdən  müəllif rus dilində yazdığı əsərin öz doğma dilinə tərcümə edilməsinin qəti əleyhinə çıxdı? Əkrəm Əylislinin Azərbaycan və Türkiyənin milli maraqlarına ciddi zərbə vurmaq istəyi haradan qaynaqlanır? Nə üçün yazıçı müqəddəs İslam dininə qarşı bu cür aqressiv mövqedədir..?

Zənnimizcə, Əkrəmin  belə bir addım  atmasının arxasında öz xalqına qənim  kəsilərək Nobel mükafatına sahib olmuş Orxan Pamukun nümunəsi dayanır. Əvvəlcədən qeyd edim ki, Əkrəm Əylisli erməni ruhuna ehtiramı və öz Vətəninə, dövlətinə, xalqına və İslam dini inanclarına xəyanəti  ilə hətta Orxanı da kölgədə qoydu.

Məlum olduğu kimi, postmodern üslubunda yazdığı romanları ilə tanınan Orxan Pamuk 12 oktyabr 2006-cı ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş və bu mükafatı alan ilk türk yazıçısı olmuşdur.

2005-ci ilin fevralında onun İsveçrədə çıxan “Das Maqazin” jurnalına müsahibədə Türkiyəni nəzərdə tutaraq dediyi “Bu torpaqlarda 30 min kürd və bir milyon erməni öldürüldü. Amma məndən başqa kimsə bu haqda danışmağa cəsarət etmir” sözləri yazıçının vətənində əsl fırtına qoparmışdı. Mətbuatın fəal iştirakı ilə Orxan Pamuk Türkiyə Cəza Qanununun 301-ci maddəsi ilə “türklüyə həqarət” ittihamı ilə məhkəməyə verilmişdi. Günahkar sayılacağı təqdirdə yazıçını 6 aydan üç ilə qədər həbs cəzası gözləyirdi. Məhkəmənin hazırlıq iclasının keçirildiyi 19 dekabr 2005-ci il tarixdə Erol Manisalının “Cümhuriyyət” qəzetində çap etdirdiyi “Orxan Pamuk Nobeli təmin etdi” məqaləsi yazıçını məhz buna görə Vətəninə böhtan atmaqda qınayanları  bir qədər sakitləşdirdi.

Lakin bu məsələ ilə bağlı Pamuk: “Mən də türkəm. Mən, nə “türkler ermenileri öldürdü”- dedim, nə “biz öldürdük”- dedim, nə də  “soyqırım” dedim.  Osmanlı ermənileri öldürüldü, —  dedim”açıqlamasını verdi. “Daş yuxular”da  isə qəhrəmanın dili ilə deyilir ki, onun nəslində erməni qanı yoxdur, amma nədənsə, getdikcə içində bir adsız ermənini gəzdirdiyini, daha doğrusu, gizlətdiyini hiss edir. Ə.Əylisli xalqımızın erməni qəsbkarlarına  qarşı mübarizə tarixini, dəfələrlə  deportasiyaya məruz qalmış Qərbi azərbaycanlıların  şəxsiyyətlərini (“yerazlar”,“it uşağı qaçqınlar...”) təhqir edir, qatili məzlum, qurbanı qatil qismində təsvir etməyə çalışır, “ermənilər yox, biz özümüz pisik”- deyir.

Görəsən, qatili  məzlum, dahi, ağıllı, vicdanlı qurbanı  isə qatil, vəhşi heyvan qismində təsvir etmək nə vaxtdan yaradıcı təxəyyül hesab olunur? Nə vaxtdan tarixi təhrif etmək, təhqir, xalqının şərəf və ləyaqətini başqa xalqın ayağı altına  atmaq yaradıcılıq azadlığı hesab edilməyə başlayıb?  Ə.Əylisli unudur ki, əsər, sadəcə, yaradıcılıq məhsulu deyil. Hər hansı bir əsər bəşəri dəyərləri, sivilizasiyalararası dialoqu təbliğ etməklə millətlərarası ünsiyyətin dərinləşməsinə də səbəb ola bilər (məsələn, Elçin Əfəndiyevin “Mahmud və Məryəm”əsəri kimi), irqçilik və qatı millətçilik ideyalarının təbliğ edilməsi ilə milli-etnik münaqişələrə və müharibələrə də səbəb ola bilər (Hitlerin “Mənim mübarizəm”kitabı kimi). Erməni Zori Balayanın “Ocaq” əsəri Dağlıq Qarabağdakı ermənilərin “Miatsum” (Azərbaycan torpaqları hesabına “birləşmiş erməni dövləti”nin yaradılması ideyası) hərəkatının ideoloji platformasına çevrildi. Silva Kaputikyanın şeirləri Qarabağ ermənilərini “milli-azadlıq mübarizəsi” adı ilə Azərbaycanın mərkəzi hakimiyyətinə qarşı terrorçuluğa səslədi.

Əsərin bəşəriliyi onun xəlqiliyindən doğur. Xəlqi olmayan əsər bəşəri ola bilməz. Əgər  Əkrəm Əylisli ermənilərin 1905-1906; 1918-1920; 1988-1993-cü illərdə azərbaycanlılara qarşı həyata keçirdikləri məkrli, sistemli və kütləvi soyqırımları (yeri gəlmişkən, dünyada  assurilərdən sonra insanların dərisini diri-diri soyan yeganə azğın kütlə ermənilərdir) oxumaq və eşitmək, Quba məzarlığını görmək istəmirsə, əvəzində öz doğma yurd-yuvalarından başı açıq, ayağı yalın didərgin salınan, gözünün qarşısında əzizlərinə dağ çəkilmiş, süngülənmiş soydaşlarımızın (Zori Balayanın türk, Ə.Əylislinin “yeraz”, “qancıq balaları” adlandırdığı insanların) Sumqayıtda 32 nəfərin ölümü ilə nəticələnən kinini və qəzəbini görürsə, buna “yaradıcı”  yox, “xəstə təxəyyül” demək lazımdır.

Tərəzinin bir gözündə ədalət, humanizm,  mərdlik, qayğıkeşlik,  başqa gözündə isə  xəyanət, haqsızlıq, zülm və qəddarlıq olanda  mizanın hansı tərəfinin ağır gələcəyini Ə.Əylislinin özü də yaxşı bilir. Sadəcə olaraq, o, özünün daş yuxuları-xəstə təxəyyülü ilə tərəzinin yuxarı qalan tərəfinə bir misqal ağırlıq əlavə etmək istəyir. Ə.Əylisli bir şeyi dərk etmir ki, “ucalmağa” düçar olmamaq üçün tərəzinin xəyanət adlanan gözündən uzaq qaçmağı bacarmaq lazımdır. Buradaca hamı üçün düstur ola biləcək hikmətli bir hekayəni yada salmaq yerinə düşərdi: “İki dost səhrada gedirdi. Birdən mübahisələri düşdü. Biri o birini vurdu. Vurulan incisə də, bir şey demədi. “Bu gün ən yaxın dostum məni vurdu!” sözlərini quma yazdı. Sonra yaşıl bir vahəyə çatdılar. Vurulan  dost su içmək istəyəndə bataqlığa düşdü. Boğulmağa az qalmışdı ki, dostu onu xilas etdi. Bataqlıqdan çıxıb, “Bu gün ən yaxın dostum məni xilas etdi!” sözlərini bir daşa yazdı. Dostu bunu görüb çox təəccübləndi və “Səni vuranda quma yazdın, indi niyə daşa yazırsan?” - deyə soruşdu. Dostu cavab verdi: “Biri bizi incidəndə quma yazmalıyıq ki, küləklər onu silib aparsın. Ancaq biri bizə yaxşılıq edəndə daşa yazmalıyıq ki, heç bir külək onu silə bilməsin”. Zənnimizcə, Ə. Əylisli yuxularını daşa yazdığı üçün nəinki külək, heç qasırğa da onun Azərbaycan xalqına qarşı işlətdiyi günahı silə bilməyəcəkdir.

Orxan Pamuk Nobel mükafatını almaq üçün türk dünyasının ən böyük şəxsiyyətlərindən biri, Tükiyə Cümhuriyyətinin qurucusu olan M.K.Atatürkə belə rişxənd etməkdən və qara yaxmaqdan çəkinmədi. Orxan Pamukun əsərlərində Atatürklə bağlı olan fikirləri  nəzərinizə çatdırırıq: “Uşaqlığında bacısı ilə tarlada qarğa qovan pozğun bir padşah ... Sonra qəsəbə meydanına dolanır, Atatürk heykəlinə siçan göyərçinlər ayıblayır ... Atatürk özünü içkiyə vermiş meyxana kütləsinə respublika əmanət etmiş olmanın etibarı ilə gülümsəyirdi ... Atatürkün ləbləbi zövqünün ölkəmiz üçün nə böyük bir fəlakət olduğu aydındır.”

Ə.Əylisli isə “Daş yuxuları”nda yazır: “Başqandan (Elçibəydən) yaxın vaxtlarda tapança alacağına əmin olduqdan sonra  Nuvariş Qarabağlı cəmisi il yarım bundan əvvəl  onunla müxtəlif çayxanalarda necə uzun-uzadı oturduqlarını kədərlə xatırlatdı”. Əkrəmin xalqımızın böyük şəxsiyyətləri — ulu öndər Heydər Əliyev və xalq şairi Xəlil Rza Ulutürk haqqında  böhtan və kinayə dolu təhqiramiz fikirləri bir insan kimi məni xüsusilə qəzəbləndirdi. Bütün həyatlarını Azərbaycanın azadlığına və müstəqilliyinə həsr etmiş, bu yolda təqiblərə məruz qalmış, sağlamlıqlarını itirmiş belə  bir fədəkar insanları lağa qoymaq, təhqir etmək, ruhlarını incitmək  hansı insanlığa sığışan hərəkətdir?   Budurmu onun azad yaradıcı təxəyyülü?

Zənnimizcə, təəccüblənməyə dəyməz. Nobel mükafatı almaq üçün Atatürk kimi tarixi  şəxsiyyəti təhqir etməkdən belə çəkinməyən Orxan Pamukdan nümunə götürən, erməniliyi içində gəzdirən, türkün düşməni olduğunu etiraf edən, millətinin səviyyəsini və xarakterini təhqir edən, İslamı alçaltmaqdan belə çəkinməyən yazıçıdan ulu öndərimiz Heydər Əliyev və Xəlil  Rza Ulutürk haqqında xoş sözlər  gözləmək  əbəsdir. Ə.Əylislinin məqsədi məlumdur. Axı Nobel mükafatı almaq üçün gərək dissident olasan.  Nobel mükafatını almaq üçün bədii meyarlardan başqa, siyasi meyarlar da var. Elə buradaca Ə.Əylislinin yadına yazıçı Anarın sözlərini salmaq istəyirəm: “Fərz edək, hər hansı Azərbaycan yazıçısı yazıb ki, gərək Qarabağı verək ermənilərə. Onda onun Nobel mükafatı almağa şansı ola bilər. Ancaq bunu kim edər? On dənə Nobel  mükafatı qurban olsun Qarabağın bir kəndinə”. Deməli, Ə. Əylisli Nobel mükafatına yolunu  yalnız dövləti söyməklə özünü məhz müxalifətin nümayəndəsi kimi qələmə verməklə aça bilərdi.

Orxan  Pamuk  istər Türkiyədə, istərsə də  müsəlman aləmində İslam dininə və onun bir çox görkəmli nümayəndələrinə (məsələn, Mövlana Cəlaləddin Rumiyə) qarşı qərəzli mövqedə duran   müəllif kimi tanınsa da,  Ə.Əylisli bü müqəddəs dini təhqir etmək üçün öz sələfini belə,  mat  qoya biləcək bir şeytan addımı atdı: Məhəmməd Peyğəmbəri təhqir etməkdən belə çəkinmədi. Romanda surətlərin birinin dili ilə deyilir: “Necə yəni, sizin  peygəmbər Allahdan ağıllıdır? Əgər insanda nə isə artıq olsaydı, məgər Allah kor idi, bunu görməsin? Necə ola bilər  ki, Allah sifəti, gözləri, burunu, qulağı yaradanda səhv etmədi, hər şeyi qaydasında etdi, lənət şeytana, həmin yerə gəlib çatanda isə  məktəbli kimi səhvə yol verdi... Oğlu atasının ona qarşı etdiyini fiziki zor, qəddarlıq və  mənasız bir vəhşilik kimi qavramışdı”.

Orxan Pamuk özünün “İstanbul” əsərində bu şəhəri  təkcə doğulduğu, böyüdüyü, həyatının çox hissəsini yaşadığı sevimli şəhər kimi deyil, həm də içində müxtəlif mədəniyyətlərin, dinlərin qəribə qarışığı olan bir dünya kimi təsvir edir. Eyni zamanda, İstanbul onun üçün uşaqlığını xatırladanda gözlərini yaşardan doğma şəhərdir.

Ə.Əylisli üçün isə Bakı dünyanın ən pis yeridir. Romanda surətlərin birinin dili ilə deyilir: “Bir dəfə atam səhv edib məni bura (Bakıya) gətirdi. Özüm də ondan betər səfehlik etdim, Moskvadan bura gəldim”. Əkrəm Əylisli doğulduğu kəndi  isə  ruhi əsəb dispanseri kimi təsvir edir. Burada hər iki evdən birində ruhi xəstə vardır, çünki onlar günahsız qətlə yetirilmiş ermənilərin evlərini qəsb ediblər, halallıqlarını almadan orada yaşadıqlarından bu məzlum xalqın ruhu onları rahat buraxmır.

Görəsən, o  zaman Dağlıq Qarabağ ərazisində yaşayan 80 minlik erməni əhalisi Azərbaycanda milli-mədəni muxtariyyatla təmin ediləndə, Ermənistanda yaşayan 350 minlik azərbaycanlı əhalisinə isə heç bir milli status verilməyəndə Ə.Əylislinin ruhu rahat idi?

“Daş yuxular”da  Azərbaycan qadınlarının, Əylisdəki qadınların timsalında nə qədər tənbəl, biganə, ürəksiz olmasının, ananın cehizsiz gəldiyinə görə öz gəlinini evdən qovmasının, əksinə, erməni qadını Haykanuşun nəzakətli, humanist, mehriban olmasının və  yetim Camalın qayğısına qalmasının, hətta onun başının bitini dırnağı ilə dərindən təmizləməsinin təsvir edilməsi roman müəllifinin millətimizin  xarakterinə və səviyyəsinə  böhtanının göstəricisidir. Əkrəm Əylislinin yadına bunları salmaq istəyirəm: “Azərbaycan qadını tarix boyu öz ağlı, namusu, qeyrəti, isməti,  fədakarlığı, çalışqanlığı, mərdliyi, millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyi ilə tanınmışdır. Fransada Janna Darkı tonqalda yandırdıqları vaxtda Uzun Həsənin anası Sara Xatun öz ölkəsinin diplomatik missiyasına başçılıq etmişdir. Mənəvi-əxlaqi keyfiyyətləri ilə daim seçilmiş  Azərbaycan qadını bu gün də öz məziyyətləri  ilə  bəşəri idealların  təntənəsinə xidmət edir. Yüksək mənəvi sifətlərlə səciyyələnən gözəl qadın obrazlarının bədii təsviri  xalq yaradıcılığı nümunələrində, qədim rəvayət və dastanlarımızda  da öz əksini tapmışdır. Ermənilərin hansı mental xüsusiyyətlərə malik olmasını isə onların özünə məxsus olan atalar sözləri daha aydın şəkildə ifadə edir: “Sən zurnanı çal, kimin qatırı hürkürsə, qoy hürksün. Evdə kürəkənim ölsün, bayırda gəlinim”.   

Ə.Əylisli Şuşadan gəlmiş Şahqacar Ərmağanov (Şah Qacar adı obrazın qəddar və qaniçən olmasına, vəhşiliyinə işarədir) obrazı ilə azərbaycanlıların fizioloji quruluşuna da rişxənd etməkdən çəkinmir: “Bu adamın kvadratabənzər fiqurası var idi. Kürəyinin diqqət çəkən eni bütün standartlar çərçivəsindən çıxırdı.Onun zilqara gur saçları, eləcə də qara və sıx qaşları, geniş, gur bığları və qabarıq, mənasız, heç bir şey ifadə etməyən timsah gözləri vardı”. Göründüyü kimi, roman müəllifinin öz obrazının fiziologiyasında yeganə təsvir etmədiyi şey  onun alnındakı qırışlardır. Bəli, o namus qırışığı ki, yeganə olaraq azərbaycanlı kişisinə məxsusdur.  Əkrəm Əylislinin “Daş yuxuları” əsəri ilə bağlı  düşüncələrim geniş olsa da, təklifim lakonik olacaq.  Təklifim isə budur: “Əkrəm Əylislinin “Daş yuxular” kitabı erməni vəhşiliyini görmək üçün Quba məzarlığına gələnlərin üstündən keçdiyi bir yerdə torpağa basdırılsın”. Lakin Əkrəm Əylislinin erməniyə yarınmaq gedişini Orxan Pamukdan öyrəndiyini etiraf etməməsinin əksinə olaraq, mən bu təklifin türk və İslam tarixindəki bir hadisədən qaynaqlandığını etiraf edirəm: “Memar Sinanın (1489-1588) rəhbərliyi altında möhtəşəm bir məscidin inşa edilməsi xəbəri bütün xristian dünyasına, o cümlədən Fransa kralına  gedib çatmışdı. Fransa kralı, guya, məscidin inşasına öz töhfəsini vermək və İslam dininə isti münasibətini nümayiş etdirmək üçün Memar Sinana olduqca bahalı hesab edilən bir mərmər göndərir. Amma memar Sinan Fransa kralının bu səmımiliyindən şübhələnir və bunun təsadüfi olmadığını, onun arxasında nə isə gizlədildiyini hiss edir. O, dərhal kralın göndərdiyi bahalı mərmərin yandırılmasını əmr edir. Yandırılan zaman Fransa kralının göndərdiyi mərmərin içindən xüsusi şəkildə hazırlanan bir xaç çıxır. Memar Sinan dərhal mərmərin içindən çıxan xaçı sonrakı nəsillərə də ibrət dərsi olsun deyə hamının məscidə gələrkən üstündən keçdiyi bir yerə basdırır. Bu xaç indi də orada qalmaqdadır. İndi də məscidə gələnlər onun üzərindən keçməli olurlar”.

P.S. Bu yazını tamamlayarkən yazıçı  Əkrəm Əylislinin  Azərbaycan  Respublikası Prezidentinin fərdi  təqaüdündən  və “Xalq yazıçısı” fəxri adından məhrum edilməsi barədə dövlət  başçısı İlham Əliyevin sərəncamları barədə  məlumat aldıq.

Sərəncamlarda  qeyd olunur ki,   Prezident bu qərarı verərkən ictimaiyyətin, o cümlədən  Ermənistan — Azərbaycan, Dağlıq  Qarabağ  münaqişəsində qaçqın    məcburi köçkünə çevrilmiş soydaşlarımızın çoxsaylı müraciətlərini nəzərə almışdır.  Xalqın  ürəyincə olan bu  qərar,  şübhəsiz, gözlənilən idi  və vaxtında da verildi.

 

 

Ceyhun HÜSEYNOV,

ADAU-nun dosenti,

siyasi elmlər namizədi

 

Xalq qəzeti.- 2013.- 13 fevral.- S. 7.