Prezident İlham ƏLİYEV: “Azərbaycan vətəndaşına dövlət qurumları tərəfindən hər yerdə hörmət olmalıdır, onlarla normal rəftar edilməlidir”

 

Bakı Biznes Mərkəzində Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir. Dövlətimizin başçısı mərkəzdə 2003-2012-ci illərdə respublikamızın sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işləri əks etdirən sərgi ilə tanış olmuşdur. Sərgidə 2003-2012-ci illər üzrə ölkənin sosial-iqtisadi inkişafının əsas göstəriciləri, iqtisadiyyatın ayrı-ayrı sahələri – sənaye, infrastruktur, informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, sosial inkişaf, turizm, ekologiya və s. sahələr üzrə iqtisadi inkişafı əks etdirən göstəricilər yerləşdirilmişdir.

 

Konfransda bildirilmişdir ki, sözügedən dövrdə ümumi daxili məhsul üç dəfə, o cümlədən qeyri-neft sektorunda 2,4 dəfə, orta aylıq əməkhaqqı 5,1 dəfə artmışdır. Bu dövrdə ölkənin strateji valyuta ehtiyatları 28,8 dəfə artaraq 46 milyard ABŞ dolları təşkil etmişdir.

Prezident İlham Əliyev konfransda vurğulamışdır ki,  “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ölkəmizin uğurlu inkişafı üçün vacib iqtisadi alət olmuşdur. 2004-cü ildə cəsarətli və düşünülmüş addım iqtisadiyyatımızın hərtərəfli inkişafına təkan vermişdir.

Dövlət başçımız diqqətə çatdırmışdır ki, Azərbaycan iqtisadiyyatı çox güclü iqtisadiyyatdır. Neft-qaz sahəsində irəli sürülən bütün təşəbbüslər uğurla  reallaşır. Son 9 il ərzində on minlərlə yeni müəssisə yaradılmışdır. Bu gün respublikamız özü kredit verən ölkəyə çevrilibdir.

Prezident İlham Əliyev bildirmişdir ki, bütün uğurları ancaq neft amilinə bağlamaq səhv olardı. Dünyada Azərbaycandan qat-qat çox neft-qaz hasil və ixrac edən bəzi ölkələrin maliyyə durumuna baxsaq, görərik ki, neft-qaz hələ ölkənin uğurlu inkişafını təmin etmir. Düşünülmüş siyasət, siyasi və iqtisadi islahatlar, xalqla iqtidar arasında birlik, xalq tərəfindən ölkədə aparılan iqtisadi islahatlara dəstəyin verilməsi, liberal iqtisadiyyat, eyni zamanda, güclü hakimiyyət, sabitlik-budur, ölkənin uğurlarını şərtləndirən əsas amillər. 

Dövlət başçısı nitqində digər sosial-iqtisadi göstəricilərə də toxunmuşdur. Bildirmişdir ki, son doqquz il ərzində ölkə iqtisadiyyatı üç dəfədən çox artmışdır. Ölkə iqtisadiyyatına 130 milyard dollar sərmayə qoyulmuşdur və keçən il sərmayə qoyuluşu rekord həddə çatmışdır– 22 milyard dollardan çox. Beynəlxalq maliyyə qurumları Azərbaycanda gedən işləri yüksək qiymətləndirir və aparıcı kredit reytinqlərin təhlilini aparan qurumlar Azərbaycanın kredit reytinqlərini artırmışlar.

Konfransda eyni zamanda, qeyd edilmişdir ki, 2004-cü ildə Azərbaycanda orta əmək haqqı 100 dollar səviyyəsində idisə,  bu gün həmin göstərici 500 dollardır. Orta pensiya 20 dollar səviyyəsində idisə, bu gün 200 dollar səviyyəsindədir.

Son doqquz il ərzində ölkədə tikinti-quruculuq işləri də geniş vüsət almışdır. Bunun bariz ifadəsi kimi bir neçə fakt diqqətə çatdırılmışdır. Xatırladılmışdır ki, sözügedən dövrdə 2500-ə yaxın məktəb, 500-dən çox tibb müəssisəsi, 35 Olimpiya idman kompleksi və digər sosialyönümlü obyektlər istifadəyə verilmişdir.

İnfrastruktur layihələri uğurla reallaşdırılmışdır. Son illərdə 1500 meqavat gücündə yeni elektrik stansiyalarının tikintisi təmin edilmişdir. Bundan sonra ən azı 100 il ərzində Azərbaycanda daxili enerji mənbələri ilə heç bir problem olmayacaqdır.

İnfrastruktur layihələri arasında qazlaşdırma prosesi xüsusi əhəmiyyət daşıyır. Bu ilin sonuna qədər Azərbaycanda qazlaşdırma 90 faizə çatacaqdır. Belə layihələr arasında içməli su və kanalizasiya layihələrinin icrası xüsusi yer tutur. Bütün yaşayış məntəqələrində Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təmin ediləcəkdir.

Sahibkarlığın inkişafı ilə bağlı çox ciddi addımlar atılmışdır. Özəl bölmənin tərəqqisi üçün çox güclü siyasi iradə vardır. Bölgələrdə gedən böyük quruculuq işləri, infrastruktur layihələri sahibkarlıq üçün gözəl zəmin yaradır. Son illər ərzində sahibkarlara 1 milyard 200 milyon manat güzəştli kredit verilmişdir.

Yeri gəlmişkən, burada maraqlı bir məqama da toxunmaq istərdik. Dövlət başçısı çıxışında sahibkarların himayədarı olduğunu bir daha vurğulamışdır. Demişdir ki, mənim üçün özəl şirkətlə dövlət şirkəti arasında heç bir fərq yoxdur. Hər ikisi Azərbaycan şirkətidir, hər ikisi Azərbaycanda çalışır, Azərbaycan naminə çalışır.

Dövlət başçısı bəyan etmişdir ki, sahibkarları rayonlarda həyata keçirilən işlərə məcburi qaydada cəlb etmək yolverilməzdir: “Hər bir rayonun öz büdcəsi var. Prezidentin Ehtiyat Fondundan da mütəmadi qaydada vəsait ayrılır. Bu vəsaitlə görmək lazımdır. Sahibkarları bu işlərə cəlb etmək lazım deyil. Kim istəyir kömək eləsin, amma bəzi hallarda onları məcbur edirlər. Sahibkarlar böyük həcmdə xərc çəkirlər, sonra da onların pulunu vermirlər. Belə olmaz. Əgər kimsə fikirləşirsə ki, bu məlumatlar mənə çatmır, səhv edir. Bütün məlumatlar mənə çatır. Bir daha deyirəm, bütün icra başçıları bilsinlər, sahibkarları incidən cəzalandırılacaq”.

Azərbaycan Prezidenti İlham Əliyev nitqində sahibkarların fəaliyyətinə əngəl törədən digər mənfi meyilləri kəskin tənqid etmişdir. “Biz sahibkarlara subsidiyaları veririk, amma əfsuslar olsun ki, bəzi hallarda bu sahədə şəffaflığa nail ola bilmirik. Subsidiyalar ya ünavana çatmır, ya kimsə onları mənimsəyir, özünə götürür. Bəzi hallarda, ümumiyyətlə, istehsal olunan məhsulun həcmi, torpaq sahələri artırılır ki, subsidiyalar daha çox götürülsün.

Bəzi hallarda xaricdən gətirilən avadanlıqlar digər vasitələr yüksək qiymətlə gətirilir. Bu sahədə biz tam şəffaflığı təmin etməliyik. Dövlət öz kəndlisinə öz dəstəyini verir verəcəkdir.

Mən xüsusilə fermerlərə müraciət edirəm, onlar öz təkliflərini versinlər Prezident Administrasiyasına, hökumətə, İqtisadi İnkişaf Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə yerli icra orqanlarına. Təklifləri versinlər ki, biz daha dəqiq bilək ki, onları narahat edən məsələlər nədir. Elə etməliyik ki, yaxın illərdə Azərbaycan özünü 100 faiz əsas ərzaq məhsulları ilə təmin etsin.

Azərbaycan Prezidenti daha sonra demişdir: “Bütövlükdə bölgələrdə işlər müsbət istiqamətdə gedir, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri öz vəzifə borcunu yerinə yetirirlər. Əksər hallarda dediyim kimi, sahibkarlarla yerli orqanlar arasında münasibətlər sağlam zəmində qurulur, ancaq elə hallar var ki, biz bu hallardan da çox ciddi narahatlıq keçiririk.

Yerli icra orqanları, icra başçıları öz məsuliyyətini dərk etməlidir. Dövlət siyasətini aparmalıdırlar. Bizim dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik.

Sahibkarlığın dəstəyi ölkəmizin uğurlu inkişafını təmin edəcək. Mən daim sahibkarlarla görüşürəm, həm Bakıda, həm bölgələrdə açdığım müəssisələrin sayı bəlkə indi yüzlərlə, minlərlə ölçülür. Ancaq hər bir yerdə yerli icra orqanlarının rəhbərləri, icra başçıları, vəzifəli şəxslər sahibkarlara köməklik göstərməlidirlər. Onların fəaliyyətinə dəstək verməlidirlər, onları incitməməlidirlər, onların işinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər.

Sahibkarları incidən şəxslər cəzalandırılacaqlar.  Onlara yalnız köməklik göstərmək lazımdır ki, öz işlərini daha da səmərəli şəkildə qura bilsinlər”.

Azərbaycan Prezidenti həmçinin konfrans iştirakçılarının diqqətinə çatdırmışdır ki, bundan sonrakı illərdə iqtisadiyyatın şaxələndirilməsi, ərzaq təhlükəsizliyinin tam şəkildə təmin edilməsi, sənaye potensialının gücləndirilməsi, ixrac potensialının artırılması, idxaldan asılılığın azaldılması, biznes mühitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdiriləcəkdir.

Prezident İlham Əliyev çıxışında, eyni zamanda, məmurları təvazökar olmağa çağırıb, vəzifəli şəxslərin ailə üzvlərini cəmiyyətdə bərqərar olmuş yüksək ali dəyərlərə riayət etməyə dəvət edib: “Vəzifəli şəxslərin uşaqları qudurğanlığa yol verirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib? Onların güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə, mən lazım bildikdə çıxaracağam. Əgər bir bilsəm ki, kiminsə ailə üzvü xuliqanlıq edib, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”.

Dövlət başçısı çıxışında son dövrlərdə avtomobillərdə görüntünü məhdudlaşdıran avadanlığın tətbiqinin, avtoxuliqanlıq hallarının yolverilməz olduğunu deyərək bunun qarşısının qətiyyətlə alınacağını bildirmiş, xatırlatmışdır ki,  əks təqdirdə cəza tədbirləri sərtləşdiriləcəkdir.

Prezident İlham Əliyev konfransda son vaxtlar ictimaiyyəti ciddi narahat edən məsələlərə toxunmuşdur. Bildirmişdir ki, Azərbaycan vətəndaşına dövlət qurumları tərəfindən hər yerdə hörmət olmalıdır, onlarla normal rəftar edilməlidir, təhqir edilməməli, incidilməməlidirlər.

Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir. Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm. İnkişaf, quruculuq, səmərəli , təvazökarlıq insanlara xidmət. Bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar, onları saymırlar, onları təhqir edirlər. Bütün bu hallar aradan götürülməlidir. Hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir, insanlara qulluq etməlidir təvazökar olmalıdır.

Ölkə rəhbəri bu məqamla əlaqədar daha sonra demişdir: “Bəzi hallarda özləri üçün böyük məclislər düzəldirlər, təmtəraqlı toylar, yubileylər keçirdirlər. Yaraşırmı bu, dövlət məmuruna? Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirmişəm. Bu, mənim təbiətimdir, ikincisi, bu, bir yol göstərirəm. Belə olmaq lazımdır.

Təmtəraqlı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr. Bunu, yığışdırın, bəsdir! Bu, həm yerli icra orqanlarına aiddir, mərkəzi  icra orqanlarının da rəhbərlərinə aiddir. Hesab edirəm ki, bu sözlərdən sonra özlərini yığışdıracaqlar, özləri onların ailə üzvləri, uşaqları.

Mən Prezidentəm, mənim maşınımda plyonka yoxdur. Hansı isə üçüncü, dördüncü dərəcəli məmurun maşınını plyonka ilə bağlayırlar. Kimdən gizlənirlər? Camaat onları görəndə olacaq, əriyərlər onlar?

Keçən il təkcə 24 min plyonka sökülüb. Bu 24 min adamın qulağı yoxdur? Onlar eşitmir ki, mən deyirəm?

Məmurlar öz işləri ilə fərqlənməlidirlər.

Prezident İlham Əıiyev nitqində həmçinin bundan sonra korrupsiya rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndiriləcəyini qeyd etmiş, demişdir ki, bunun  üçün güclü siyasi iradə beynəlxalq təcrübə, cəza tədbirləri sistem xarakterli islahatlar olmalıdır. Bütün qurumlar, hüquq-mühafizə orqanları daha da ciddi mübarizə aparmalıdırlar.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 13 fevral.- S. 6.