“Azərbaycan həqiqətləri”
filmlər toplusunun təqdimatı
1988-ci ildən başlanan və bu
günə kimi öz həllini tapmayan Ermənistan- Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə hələ də
dünya ictimaiyyəti tərəfindən tam ədalətli
mövqe ortaya qoyulmamışdır.
Bu
münaqişə nəticəsində
torpaqlarımızın 20 faizi işğal olunmuş, milyondan
artıq soydaşımız qaçqın və məcburi
köçkün vəziyyətinə düşmüş,
on minlərlə günahsız insanımız vəhşicəsinə
qətlə yetirilmiş, yaralanmış və əlil
olmuş, şəhərlərimiz
və kəndlərimiz, tarixi abidələrimiz erməni
quldurları tərəfindən dağıdılmış,
yerlə-yeksan edilmişdir. Azərbaycan
torpaqlarının işğaldan azad olunması barədə
BMT tərəfindən dörd qətnamənin qəbul edilməsi,
eləcə də Avropa Şurası, İslam Konfransı Təşkilatı
kimi mötəbər qurumların da oxşar qətnamə və
bəyanatları Ermənistanı bu təcavüzkar siyasətindən
çəkindirməmiş, əksinə ölkəmizə
qarşı çirkin mövqeyini daha da gücləndirmişdir.
Hazırda dövlət səviyyəsində Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması istiqamətində
genişmiqyaslı işlər aparılır.
Ölkəmizin haqq səsinin
dünyaya çatdırılması uğrunda aparılan bu
vacib missiyaya daha birisi əlavə olunmuşdur. Fevralın 12-də
Beynəlxalq Mətbuat Mərkəzində təqdimatı
keçirilən, Azərbaycan və ingilis dillərində
hazırlanmış “Azərbaycan həqiqətləri”
adlı filmlərdən ibarət toplu da bu sahədə
görülən uğurlu işlərdən biridir.
Tədbirdə
Milli Məclisin deputatları Qənirə Paşayeva, Elxan
Süleymanov, Flora Qasımlı, Xarici İşlər
Nazirliyinin mətbuat katibi Elman Abdullayev, tədqiqatçı
alimlər və media mənsubları iştirak etmişlər. Çıxış edənlər
Ermənistanın Azərbaycana təcavüzündən bəhs
edərək toplunun əhəmiyyətindən
danışdılar. Onlar həqiqətlərimizin əks
olunduğu belə layihələrin tək Azərbaycanda deyil,
digər ölkələrdə yayılmasını vacib hesab
etdilər.
Onu da
qeyd edək ki, Milli Məclisin deputatları Qənirə
Paşayeva və Elxan Süleymanovun rəhbərlik etdikləri
Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu və Azərbaycanda
Vətəndaş Cəmiyyətinin İnkişafına
Yardım Asosiasiyasının (AVCİYA)
hazırladığı filmlərdən
ibarət topluya 20-ci əsrin əvvəllərində erməni
-daşnak terror təşkilatlarının, silahlı dəstələrinin
dinc azərbaycanlılara qarşı həyata keçirdikləri
qətliamlar — Bakı, Quba, Şamaxı
soyqırımlarını əhatə edən 3 film şəklində
diskdə öz əksini tapmışdır.
Topluda
həmçinin 20-ci əsrin sonlarında ermənilərin həyata
keçirdiyi görünməmiş cinayətlər — Xocalı soyqırımı, Qaradağlı
soyqırımı, Ağdaban
faciəsi, Şuşa və Ağdam şəhərlərində
həyata keçirilən vandalizm aktlarını özündə
əks etdirən “ Dağıdılmış mədəniyyət
beşiyi-Şuşa” və “ Ağdam: Qafqazın
Xirosiması” filmləri də öz əksini
tapmışdır.
Azərbaycan
və ingilis dillərində buraxılan “ Azərbaycan həqiqətləri”
adlı filmlər toplusunun hər biri 1000 nüsxə
hazırlanıb və xaricdəki diaspor təşkilatlarına,
Gürcüstanda, Cənubi Azərbaycanda (İran),
Dağıstanda ( Rusiya) yaşayan soydaşlarımızı
birləşdirən təşkilatlara, universitetlərə, hərbi
hissələrə, gənclər təşkilatlarına, beynəlxalq
təşkilatlara, xarici universitetlərə, kitabxanalara,
KİV qurumlarına, QHT-lərə, beynəlxalq qeyri-hökumət
təşkilatlarına, xarici ölkələrin və beynəlxalq
təşkilatların Azərbaycandakı səfirlik və
nümayəndəliklərinə, ölkəmizin xarici
ölkələrdəki səfirliklərinə, beynəlxalq
təşkilatlarda təmsil olunan nümayəndə heyətlərimizə
təqdim ediləcəkdir.
Anar TURAN
Xalq qəzeti.- 2013.- 14 fevral.- S. 6.