Prezident İlham Əliyev: “Düşünülmüş siyasət, iqtisadi islahatlar, xalqla iqtidar arasında olan birlik, güclü hakimiyyət, sabitlik - budur, bizim uğurlarımızı şərtləndirən əsas amillər”

 

Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqəti cəlb edir.

 

İdarəetmə sisteminə dinamizm və müasirlik çalarları gətirən dövlət başçımız hökumətin həyata keçirməli olduğu tədbirlərin icra prosesini daim şəxsi nəzarətdə saxlayır, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər edir. Bu baxımdan son illərdə regional inkişaf və qeyri-neft sektorunun tərəqqisi istiqamətində reallaşdırılmış  tədbirləri xüsusi vurğulamaq olar.

Regionlarda aqrar sahə  keyfiyyətcə yeni inkişaf  mərhələsinə  qədəm  qoymuş,  respublikamızda ərzaq  təhlükəsizliyinin yaradılması  prosesində  mühüm uğurlar  əldə edilmişdir. Bu da təsadüfi  deyil.  Çünki ölkəmizin  bazar iqtisadiyyatı  sisteminə  transformasiyası  ilk əvvəl aqrar  sahədən  başlamış,  kənd təsərrüfatında  90-cı  illərin əvvəllərində  özünü qabarıq büruzə verən tənəzzül meylləri dayandırılmış,  iqitsadi  artıma və inkişafa nail olunmuşdur.

Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda yuxarıda qeyd edilən məsələlərlə bağlı geniş danışılmışdır.

Prezident İlham Əliyevin giriş nitqində regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ötən  9 il ərzində uğurla icra edilməsindən ətraflı bəhs edilmiş, işsizliyin aradan qaldırılması üçün qarşıya qoyulan hədəflərə nail olunması diqqətə çatdırılmış, on minlərlə yeni müəssisə yaradılması, ölkə iqtisadiyyatının üç dəfədən çox, sənaye istehsalının təxminən üç dəfə artması vurğulanmışdır.

Azərbaycan Prezidenti demişdir:“Ölkə iqtisadiyyatına təxminən 130 milyard dollar sərmayə qoyulmuşdur və keçən il sərmayə qoyuluşu rekord həddə çatmışdır - 22 milyard dollardan çox. Onlardan 13 milyardı yerli investisiyalar olmuşdur.

Beynəlxalq maliyyə qurumları Azərbaycanda gedən işləri yüksək qiymətləndirir və kredit reytinqlərinin təhlilini aparan aparıcı qurumlar Azərbaycanın kredit reytinqlərini artırmışlar. Baxmayaraq ki, Avropanın bəzi ölkələrinin kredit reytinqləri aşağı düşmüşdür. Xüsusilə, son bir neçə ilin təcrübəsi çox müsbətdir. Çünki hətta dünyanı bürümüş maliyyə və iqtisadi böhran illərində Azərbaycan iqtisadiyyatı inkişaf etmiş və beləliklə, ölkəmizin uğurlu inkişafı təmin edilmişdir”.

Konfransda xatırladılmışdır ki, dövlətimizin başçısı “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasını və regionların inkişafını həmişə olduğu kimi, ötən ildə də diqqət mərkəzində saxlamış, hər rayona bir neçə dəfə edilmiş səfərlər zamanı görülən işlərlə yerində tanış olmuş, ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılmış konkret məsələlərin həlli məqsədilə əlavə olaraq 232,5 milyon manat vəsaitin ayrılması barədə 64 sərəncam imzalamış, müvafiq tapşırıq və tövsiyələrini vermişdir.

Əldə edilmiş davamlı iqtisadi inkişaf əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına şərait yaratmış, 2011-ci illə müqayisədə 2012-ci ildə əhalinin gəlirləri 13,8 faiz artmış, əhali gəlirlərinin artımı inflyasiyanı təxminən 13 faiz üstələmişdir. İl ərzində 93 mini daimi olmaqla 117 min yeni iş yeri və 5,4 min müəssisə açılmışdır.

Qeyd edilmişdir ki, 2009-cu ildən ötən müddət ərzində Dövlət Proqramının icrası nəticəsində ölkə üzrə 20 mindən çox müəssisə fəaliyyətə başlamış və 360 minə yaxın yeni iş yeri yaradılmışdır ki, bunun 270 mindən çoxu daimidir. Yoxsulluğun səviyyəsi 6 faizə, işsizlik 5,2 faizə enmişdir.

Sözügedən Dövlət Proqramında nəzərdə tutulmuş işlər üçün ötən il ümumilikdə əsas kapitala 5 milyard manat, o cümlədən dövlət investisiya proqramı çərçivəsində 4,1 milyard manat vəsait yönəldilmişdir ki, bu da ümumi məbləğin 72 faizini təşkil edir. 2009-2012-ci illər ərzində regionların inkişafına ümumilikdə 14,5 milyard manat dövlət investisiyaları yönəldilmişdir. Bu il isə əsaslı vəsait qoyuluşlarının 77 faiziya 5,3 milyard manat regionlar üçün ayrılmışdır. Əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə ötən il regionlarda 2 su elektrik stansiyası istifadəyə verilmiş, 935 transformator və 29 yarımstansiya tikilmişya əsaslı təmir olunmuşdur.

Elektrikötürücü xətlərin çəkilişi və yenilənməsi prioritet kimi müəyyənləşdirilmiş,  regionlarda 3570 kilometr elektrikötürücü xətləri çəkilmiş və ya əsaslı təmir edilmişdir. Yaşayış məntəqələrinin qazlaşdırılması tədbirləri  ötən ildə də həyata keçirilmiş, regionlarda 6200 kilometrə yaxın qaz kəməri çəkilərək, 34 rayonun 174 kəndi və 10 qəsəbəsi təbii qazla təmin olunmuşdur.

Konfransda diqqətə çatdırılmışdır ki, əhalinin su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı 61 şəhər və rayon mərkəzlərində işlər davam etdirilmiş, regionlarda 1200 kilometr su, 543 kilometr  kanalizasiya xətti çəkilmiş və ya təmir olunmuş, 25 su anbarı tikilmişdir. Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması məqsədilə 45 minə yaxın əhalisi olan 33 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular istifadəyə verilmişdir. Bununla da hazırda bu qurğuların istismara verildiyi 20 rayonun 221 kəndində 400 mindən çox sakin keyfiyyətli içməli su ilə təmin olunur.

Aran iqtisadi rayonunun su təchizatının yaxşılaşdırılması məqsədilə Şirvan-Muğan qrup su kəmərinin təməli qoyulmuşdur ki, bu da Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin 121 kəndin ümumilikdə 470 min nəfər əhalisini keyfiyyətli və fasiləsiz içməli su ilə təmin edəcəkdir.

Proqram çərçivəsində il ərzində 537 kilometr respublika və yerli əhəmiyyətli avtomobil yolları tikilmiş və  ya təmir olunmuş, 25 yeni körpü və tunel inşa edilmiş, 11 rayonun 141 min nəfər əhalisi olan 85 yaşayış məntəqəsində  rayondaxili və kəndlərarası avtomobil yollarında yenidənqurma işləri aparılmışdır.

Konfransda bildirilmişdir ki, ötən il kənd yolları üzrə 18 layihənin reallaşdırılmasına  başlanılmış və cari ildə bu çərçivədə 634 kilometr kənd yollarının və 42 körpünün təmir-tikintisi başa çatdırılacaqdır. Bu da 18 rayonun 450 min nəfər əhalisi olan 400 yaşayış məntəqəsini birləşdirir. Bundan əlavə, cari ildə 600 kilometrədək kənd yollarının inşası ilə bağlı yeni layihələrin icrasına başlanacaqdır.

Konfransda bundan başqa, informasiya və rabitə xidmətlərinin yaxşılaşdırılması məqsədilə regionlarda 41 ATS, 56 poçt şöbəsinin  istifadəyə verilməsi qeyd edilərək, MDB məkanında ilk dəfə olaraq Azərbaycanda bütün yaşayış məntəqələrinin  telefonlaşdırılması və hazırda əhalinin 70 faizinin internet istifadəçisi olması xatırladılmışdır. Bildirilmişdir ki, Azərbaycanın hərtərəfli tərəqqisinə, ən müasir texnologiyalara əsaslanan sahələrin yaradılmasına yönəlmiş siyasətin məntiqi nəticəsidir. Bir neçə gün öncə ölkəmizin ilk peykinin orbitə çıxarılması tarixi nailiyyət olmaqla yanaşı, nəinki İKT sahəsinin, eləcə də ümumilikdə iqtisadiyyatın inkişafına əhəmiyyətli töhfədir. Dövlət başçısı tərəfindən 2013-cü ilinİnformasiya-kommunikasiya texnologiyaları ilielan olunması, sözsüz ki, aparılan işlərin daha da genişlənməsinə və sahənin inkişafının sürətlənməsinə təkan verəcəkdir.

Əhalinin gündəlik həyatında vacib rol oynayan sosial obyektlərin tikintisi, əsaslı təmiri və maddi-texniki bazasının müasir tələblərə uyğun qurulması işləri davam etdirilmişdir. Regionlarda il ərzində 205 məktəb, 45 bağça, 40 səhiyyə, 23 idman və 48 mədəniyyət  obyekti tikilmişya əsaslı təmir olunmuşdur. Məcburi köçkünlərin, əlil və şəhid ailələrinin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə 2012-ci ildə Sumqayıt, Gəncə və Şəki şəhərlərində, Şəmkir rayonunda, ZabratHövsan qəsəbələrində yeni yaşayış binaları, Goranboy rayonunda 525, Şəkidə 423, Müşfiqabad qəsəbəsində isə 1440 ailə üçün salınmış məhəllələr istifadəyə verilmişdir.

Konfransda sənayeləşmə siyasətinin  regionların dinamik inkişafına ciddi təkan verdiyi göstərilmiş, maşınqayırma, alüminium, sement zavodları, konserv, süd və ət emalı, çörək istehsalı müəssisələri, quşçuluq fabrikləri  və digər sənaye müəssisələrinin  istismara verildiyi, hazırda yeni istehsal və emal sənayesi müəssisələrinin tikintisinin  davam etdirildiyi konkret faktlarla diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, Balaxanı sənaye, Sumqayıt kimya-sənaye və Sumqayıt yüksək texnologiyalar parklarının yaradılması xarici və yerli investorların cəlb olunmasına, müasir texnologiyalardan istifadə etməklə rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılmasına və yeni iş yerlərinin açılmasına, ümumilikdə sahibkarlığın inkişafına müsbət təsir göstərəcəkdir.

İntensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönəlmiş dövlət siyasəti, bu çərçivədə həyata keçirilən dövlət dəstəyi tədbirləri, quşçuluq və heyvandarlıq komplekslərinin, intensiv bağçılıq təsərrüfatlarının, istixanaların və məhsulların saxlanılması üçün soyuducu anbar infrastrukturunın inşası öz nəticəsini vermiş, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, idxaldan asılılığın əhəmiyyətli dərəcədə azalmasına, ərzaq mallarının qiymətlərinin sabitləşməsinə səbəb olmuşdur.

Dövlət başçımızın  2008-ci  il  25  avqust  tarixli  sərəncamı  ilə  təsdiq  edilmiş “2008-2015-ci  illərdə  Azərbaycan Respublikasında əhalinin  ərzaq  məhsulları ilə   etibarlı  təminatına dair Dövlət Proqramı” isə  qarşıdakı   illərdə  respublikanın ərzaq  təhlükəsizliyinin təmin  edilməsi baxımından  müstəsna  əhəmiyyətə malikdir. Həmin proqramda nəzərdə tutulan 164 tədbirin 101-i kənd təsərrüfatının müxtəlif istiqamətlərinə aiddir. Bu, təsadüfi deyil. Çünki aqrar sahənin inkişaf etdirilməsi ölkə əhalisinin ərzaq, emal sənayesinin xammal təminatını yaxşılaşdırmağa, kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsinə və heyvandarlıqda etibarlı yem bazasının yaradılmasına xidmət edir. Məhz elə bunun nəticəsidir ki, ötən il quş əti istehsalı 24,7 faiz, yumurta istehsalı 21,3 faiz, ət istehsalı 8,3 faiz, süd istehsalı 6 faiz artmış, özünütəminetmə səviyyəsi xeyli yaxşılaşmış, yaxın 2-3 ildə bu sahədə daha yüksək nəticələr əldə etmək üçün zəmin yaradılmışdır.

Hesabat dövründə yüksək məhsuldarlığa malik olacaq iri pilot taxılçılıq təsərrüfatı yaradılmışdır. Ölkəmizin üzümçülük sahəsindəki əvvəlki şöhrətinin qaytarılması ilə bağlı müəyyən etdiyiniz vəzifənin icrası istiqamətində işlər davam etdirilmişdir. Ötən il üzüm istehsalı 10,2 faiz artmış, 36 investisiya layihəsi güzəştli kreditlər hesabına maliyyələşdirilmişdir.

İl ərzində kənd təsərrüfatı torpaqlarında 162 min metrə qədər kollektor-drenaj şəbəkələri, 209 min metrdən çox suvarma kanalları tikilmiş və yenidən qurulmuşdur. Bununla yanaşı, Şəmkir dəryaçası, Yuxarı Mil kanalı, Taxtakörpü su anbarının tikintisi, Samur-Abşeron kanalının yenidən qurulması davam etdirilmişdir.

Vurğulanmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin bölgələrə səfərləri çərçivəsində 250-dək  müxtəlif  təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində şəxsən iştirakı, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olmağı dövlət başçısının bu sahəyə göstərdiyi diqqətin bariz nümunəsidir.

Ötən ildə də biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, qanunvericiliyin təkmilləşdirilməsi, stimullaşdırıcı şərtlərin və vergi güzəştlərinin tətbiqi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi regionların inkişafına öz töhfəsini vermişdir. Sahibkarlara göstərilən xidmətlərin elektronlaşdırılması və bu xidmətlərə görə dövlət rüsumlarının və haqların online rejimində elektron qaydada həyata keçirilməsi vaxt itkisinin və əlavə xərclərin qarşısını alır. 2012-ci ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2419 sahibkarlıq subyektinə 218 milyon manat güzəştli kredit verilmişbu kreditlər hesabına 9100-dək yeni yerinin yaradılması nəzərdə tutulmuşdur. Verilmiş kreditlərin 83 faizi regionların payına düşmüşdür.

Ötən il ərzində fond tərəfindən maliyyələşdirilmiş 94 istehsal, emal və infrastruktur müəssisəsi fəaliyyətə başlamışdır ki, bunun da 84-ü aqrar sənaye kompleksləri, o cümlədən 15 quşçuluq, 7 heyvandarlıq, 4 ət emalı, 9 istixana, 11 kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı kompleksi, 11 çörək zavodu, 7 üzümçülük, 2 taxılçılıq, 5 meyvə-tərəvəz emalı müəssisəsi, 10-u isə digər sənaye sahələridir. Hazırda güzəştli kreditlər hesabına 13 quşçuluq fabrikinin, 3 heyvandarlıq kompleksinin, 12 soyuducu və taxıl anbarının, 8 istixana kompleksinin, 3 ət emalı, 2 konserv, 7 çörək zavodlarının tikintisi aparılır.

Azərbaycan İnvestisiya Şirkətinin iştirakı ilə ötən il Hövsanda süd emalı zavodu, “Ağstafa Aqroservis” müəssisəsi və yeni sement zavodu fəaliyyətə başlamışdır. Aqrolizinq” xətti ilə kənd təsərrüfatı texnikası, avadanlıqlar və damazlıq heyvanlar gətirilərək güzəştli şərtlərlə fermerlərə lizinqə verilmiş, rayon aqroservis filiallarının maddi-texniki bazası möhkəmləndirilmişdir. İl ərzində on rayonda aqroservis filialları tikilmiş, ölkəyə 1785 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıq gətirilmişdir.

Müvafiq proqramlar çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində regionlarda rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən müəssisələr yaradılmış, bir çox məhsullar artıq Avropa və Amerika bazarlarına da ixrac olunaraq, qeyri-neft ixracını artırmışdır.

2012-ci ildə regionlar üzrə vergi daxilolmaları 4,8 faiz artmış, 410-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamış, 400-dən çox müəssisənin isə tikintisi davam etdirilmişdir.

Prezident İlham Əliyev yekun nitqində regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı qarşıda duran vəzifələrdən də danışmışdır. Dövlət başçımız demişdir: “ Artıq bu ilin sonunda İkinci Dövlət Proqramı başa çatır. Yenə də demək istəyirəm, əminəm proqram uğurla başa çatacaqdır. Ancaq biz gələcəyə baxmalıyıq və baxırıq. Hesab edirəm ki, artıq Üçüncü Dövlət Proqramının hazırlanması ilə bağlı işlər başlamalıdır. Əminəm ki, 2014-cü ildə Üçüncü Dövlət Proqramı - beşillik proqram qəbul ediləcəkdir. O proqramda edə bilmədiyimiz, yəni, çatdıra bilmədiyimiz məsələlər öz əksini tapacaqdır və beləliklə, ölkəmizin uğurlu, dayanıqlı inkişafı təmin ediləcəkdir”.

Ölkə rəhbəri sonda vurğulamışdır ki, respublikamız düzgün yoldadır, xarici siyasət də çox müsbətdir. Azərbaycan dünyanın bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasının üzvüdür, rəqabət qabiliyyətliliyinə görə dünya miqyasında 46-cı, MDB məkanında birinci yerdədir. Ölkəmiz böyük maliyyə imkanlarına malikdir. Azərbaycanın valyuta ehtiyatları ümumi daxili  məhsulun 70 faizini təşkil edir. Bu, dünya miqyasında çox  yüksək göstəricidir. Yoxsulluq 6 faizə düşübdür, işsizlik aradan qaldırılır... Bir neçə gün bundan əvvəl birinci Azərbaycan telekommunikasiya peykinin kosmosa buraxılması tarixi hadisədir və bu, Azərbaycanın ümumi inkişafını göstərir.Bu inkişaf bundan sonra da uğurlu və dayanıqlı olacaqdır. Bu inkişafı təmin etmək üçün bütün qurumlar, vəzifəli şəxslər öz məsuliyyətini dərk etməli və ölkənin inkişafı üçün daha da səmərəli işləməlidirlər.   

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 14 fevral.- S. 1-2.