AZƏRBAYCAN XALÇALARI dünya muzeylərinin bəzəyidir

 

Dünya xalçaçılıq sənətinə misilsiz töhfələr verən, Azərbaycan xalçaçılığının zəngin ənənələrini dirçəldib yaşadan, istehsal etdiyi malları dünya bazarına çıxarmaqla bu qədim el sənətinin fəal təbliğatçısına çevrilən “Azər-İlmə” xalçaçılıq şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Müəssisənin istehsal sahəsində xalqımızın tarixini, məişətini, adət-ənənələrini, müxtəlif inanclarını, estetik görüşlərini və fəlsəfi baxışlarını özündə əks etdirən, bu keyfiyyətləri sirli-sehrli ilmələrdə, naxışlarda yaşadan sənət nümunələri—xalı-xalçalar toxunur.

 

Xalça istehsalının bütün sahələrini özündə birləşdirən bu unikal istehsalelm mərkəzində  xalqımızın mənəvi dünyası, Azərbaycanın çoxəsrlik xalça məktəblərinin zəngin ənənələri qədim kompozisiyalardan istifadə olunmaqla dirçəldilir, yaşadılır. İstehsal prosesində əllə əyrilmiş yun və ipək iplərdən, təbii bitki boyaqlarından istifadə olunur. Bu da xalçalara xüsusi əlvanlıq, cazibədarlıq verir.

“Azər-İlmə”-də çalışan xalça ustaları tərəfindən ötən müddətdə neçə-neçə  nadir sənət incisinə yeni həyat, yeni ruh verilmişdir. Son dərəcə zərif yun və pambıq ipliklərdən ilmə-ilmə, naxış-naxış toxunub ərsəyə gətirilmiş xalçalara heyranlıqla baxıb, bu unikal sənət nümunələrindən zövq almamaq mümkün deyil. Xalqımızın mənəvi dünyasını ilmələrdə, naxışlarda yaşadan xalçaçı xanımların əməyi olan bu nadir sənət nümunələrinə tamaşa edərkən həm də adamın gözləri önündə böyük  rənglər qalereyası, sirli-sehrli bir aləm canlanır...

Ölkəmizdə və hətta xaricdə böyük nüfuz qazanmış bu istehsal müəssisəsi səmərəli fəaliyyəti ilə xalça həvəskarlarının diqqətini getdikcə daha çox cəlb edir. Təsadüfi deyil ki, “Azər-İlmə”-də toxunan yüksək keyfiyyətli, zövq oxşayan xalı-xalçalar indi şəxsi kolleksiyaların, mənzillərin, idarə və təşkilatların bəzəyinə çevrilmişdir.

Azərbaycanın ən qədim sənətkarlıq sahələrindən sayılan xalçaçılığı keyfiyyətcə yeni məzmun və formada inkişaf etdirməyi qarşısına məqsəd qoymuş “Azər-İlmə”-də zəngin ənənələrə malik Bakı, Qarabağ, Quba, Şirvan, Muğan, Naxçıvan, Gəncə, Qazax-Borçalı və Təbriz xalçaçılıq məktəblərinə məxsus çeşnilərin müxtəlif variantları, improvizasiyaları, rəngləri, naxışları, ilmə sıxlığı, bir sözlə, ən qədim, unudulmaqda olan nümunələri bərpa edilir, necə deyərlər, onlara yeni can, yeni nəfəs bəxş olunur. Bütün bunlar, heç şübhəsiz, “Azər-İlmə”-nin rəhbəri, professor Vidadi Muradovun şəxsi təşəbbüsü və gərgin zəhməti hesabına başa gəlir.

Son zamanlar “Azər-İlmə”  bir qayda olaraq, qonaq-qaralı olur. Öz fəaliyyəti ilə dünya sivilizasiyasının maddi və mənəvi sərvətlərinin siyahısını zənginləşdirən, bəşər mədəniyyətinə misilsiz töhfələr verən Azərbaycan xalçaçılıq sənətinin qədim ənənələrini dirçəldib yaşadan, inkişaf etdirən “Azər-İlmə”-də  “Sehrli ilmələr” qalereyası fəaliyyət göstərir. Burada ən qədim Azərbaycan  xalçalarından ibarət kolleksiya yaradılmışdır. Kolleksiyaya daxil olan qədim Azərbaycan xalçalarının yeni çeşniləri  bura baş çəkən istənilən qonağın heyranlığına səbəb olur. Yeri gəlmişkən, indiyədək dünyanın ayrı-ayrı dövlət başçılarının xanımları, bir sıra mötəbər beynəlxalq təşkilatların rəhbərləri “Azər-İlmə”nin qonağı olmuş, buradakı nadir sənət inciləri olan xalı-xalçalar onlarda xoş duyğular, zəngin təəssürat oyatmışdır. Son illər “Azər-İlmə”  Heydər Əliyev Fondu tərəfindən  müxtəlif xarici ölkələrdə Azərbaycan mədəniyyətinə aid keçirilən bütün sərgilərdə fəal iştirak edir. Bu cür tədbirlər həm də müəssisənin beynəlxalq nüfuzunun getdikcə artmasına səbəb olur. Təsadüfi deyil ki, Azərbaycan xalçalarının tarixi şöhrətini və zəngin ənənələrini uğurla yaşadan və ölkəmizin ən iri xalça istehsalı müəssisələrindən sayılan “Azər-İlmə”  bir sıra milli və beynəlxalq mükafatların laureatı adını qazanmışdır. Bundan əlavə, müəssisənin istehsal etdiyi xalçaların ABŞ, Almaniya, Türkiyə, Fransa, Rusiya, Avstraliya, Yaponiya, İsveçrə, İtaliya, Norveç, Cənubi Afrika Respublikası və digər ölkələrdə şəxsi kolleksiyaların və mənzillərin bəzəyinə çevrilməsi də məhz bunun göstəricisidir. 

“Azər-İlmə” xalçaçılıq şirkətinin rəhbəri, professor Vidadi Muradov dedi: – Hazırda ölkəmizdə özəl bölmənin inkişafına xüsusi diqqət göstərilir, dövlət tərəfindən sahibkarlara güzəştli kreditlər verilir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə ayrılan həmin vəsaitlər, eləcə də digər stimullaşdırıcı tədbirlər isə öz növbəsində sahibkarlıq subyektlərinin  inkişafına böyük dəstək olur. Təsadüfi deyil ki, dövlət başçısı cənab İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizdə özəl bölməyə göstərilən dövlət qayğısından bəhs edərək bildirmişdir ki, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən indiyədək sahibkarlara 1 milyard manata yaxın güzəştli kredit ayrılmış, onlara öz bizneslərini daha da inkişaf etdirmək üçün  lazımi metodiki tövsiyələr və məsləhətlər verilmişdir. Cənab Prezidentin qeyd etdiyi kimi, bu il sahibkarlara daha 250 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulmuşdur ki, bu da bütövlükdə ölkəmizdə özəl bölmənin inkişafına yeni təkan verəcəkdir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində yola saldığımız 2012-ci ildə ölkəmiz yeni-yeni nailiyyətlərə imza atmış, sosial-iqtisadi uğurlarımız bir qədər də artmışdır.  “Azər-İlmə”  şirkəti də  ötən ili yüksək iqtisadi göstəricilərlə  başa vurmuşdur. Belə ki, müəssisəmizdə xalça istehsalı əvvəlki ilə nisbətən 1500 kvadratmetr artaraq 5 min kvadratmetrə  çatdırılmışdır. Ötən il müəssisəmizdə “Qarabağ” xalça məktəbinə aid “Çələbi”, “Ləmpə”, “Xocalı”, “Qasımuşağı” və “Malıbəyli” xalçaları, eləcə də Azərbaycanın digər  məktəblərinə aid çoxsaylı çeşnilər toxunmuşdur. Yeri gəlmişkən, onu da qeyd etmək istəyirəm ki, il ərzində müəssisəmizdə toxunan xalçaların 60 faizi daxili bazarda satılmış, 40 faizi isə ixrac olunmuşdur. 2012-ci ildə xalça və xalça məmulatlarının satışından dövlət büdcəsinə 1 milyon 300 min manat vergi ödəmişik. Ötən il müəssisəmizdə orta aylıq əmək haqqı isə 300 manatdan  350 manata qaldırılmışdır.

Regionlarda əhalinin məşğulluğunu təmin etmək məqsədilə Binədə, Kürdəmir, Şabran,  Quba, Lerik və digər rayonlarda ev şəraitində xalça toxumağı bacaran beş yüz nəfərə xammal-material və çeşnilər verilmişdir. Bu, bir tərəfdən qədim xalçaçılıq ənənələrinin qorunub saxlanmasına, digər tərəfdən də xalça istehsalının həcminin artırılmasına səbəb olmuşdur.

Azərbaycan dövlətinin mədəni siyasətində xalçaçılığa münasibət xüsusi yer tutur.  Təsadüfi deyil ki, ölkə Prezidenti cənab İlham Əliyev 2004-cü il dekabrın 7-də “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiq etmişdir.  “Azər-İlmə” şirkəti dövlət başçısı İlham Əliyev və Heydər Əliyev Fondu tərəfindən Azərbaycan mədəniyyətinin, o cümlədən xalçaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilmiş tədbirlərdən ruhlanaraq bu tarixi missiyanın yerinə yetirilməsində fəal iştirak etmişdir. Ötən müddətdə bu sahədə həyata keçirilmiş bir sıra uğurlu layihələrin iştirakçısı olmuşuq. Heydər Əliyev Fondunun 2012-ci il oktyabr ayının 19-da Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə  Fransanın qədim Reyms şəhərində “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” və   noyabrın 14-də Vatikanda  Heydər Əliyev Fondu tərəfindən təşkil edilmiş  “Azərbaycanın qədim incilərinə tarixi baxış” sərgilərini buna misal göstərmək olar.  Təqdim olunan layihələrdən “Azərbaycan xalçaları – bütün məktəbləri ilə ” adlı böyük layihə xüsusi yer tutur. Həmin layihə Azərbaycan xalçaçılığının bütün məktəblərini  əhatə edən fundamental  nəşrlərin reallaşmasını həyata keçirir.  Yeri gəlmişkən, bizim əsas fəaliyyət istiqamətlərimizdən biri də Azərbaycan xalçalarını təbliğ etmək, onların tarixinə yenidən nəzər salmaq , qaranlıq məqamları araşdırmaq, onun dünya mədəniyyətindəki mövqeyini möhkəmləndirməkdən ibarətdir. Bu məqsədlə Azərbaycan, rus və ingilis dillərində  “Azərbaycan xalçaları” elmi-bədii jurnalının nəşrini təşkil etmişik. Bu yaxınlarda həmin jurnalın beşinci sayı çap olunmuşdur. Bundan əlavə, qeyd etdiyim kimi, artıq bir neçə ildir ki, “Azərbaycan xalçaları— bütün məktəbləri ilə” adlı mühüm bir layihənin icrasını həyata keçiririk.  Sözügedən layihə çərçivəsində Azərbaycanın bütün xalça məktəbləri ilə bağlı müxtəlif dillərdə kitab və broşürlər  nəşr edib onların yayımını təşkil edirik. Daha dəqiq desək, broşürlər Azərbaycan, rus, ingilis, alman, fransız və ərəb dillərində, kitabların isə ərəb dili istisna olmaqla sadaladığım digər beş dildə nəşri nəzərdə tutulmuşdur. Artıq altı dildə broşürlərın nəşrini başa çatdırmışıq. Bundan əlavə, indiyədək  “Azərbaycan xalçaları-bütün məktəbləri ilə” adlı layihə çərçivəsində “Qarabağ” və “İrəvan” qruplarına aid kitablar nəfis tərtibatla, yüksək zövqlə çap edilərək xalçasevərlərin ixtiyarına verilmişdir. Yaxın zamanlarda isə “Azərbaycan xalçaları-“Təbriz” qrupu kitabı işıq üzü görəcəkdir.  Həmin kitab və broşürlər dünyanın bütün qitələrini əhatə edən 103 universitet, muzey və kitabxanaya paylanmışdır. Eyni zamanda, hazırda bizdə qədim xalçalarımıza aid elmi tədqiqiat işləri aparılır. Onların nəticələri isə gələcək nəşrlərimizdə öz əksini tapacaq.

“Azər-İlmə”də nəinki  Azərbaycanda, bütövlükdə  dünya xalçaçılıq sənəti tarixində ilk dəfə olaraq ən müasir standartlara cavab verən  xalçaçılıq tədris mərkəzi yaradılmışdır. Həmin mərkəzdə gənc xalçaçıların hazırlığı üçün hər cür şərait mövcuddur. Bu da gün ərzində 22 nəfərə xalçaçılığın sirlərini öyrətməyə imkan verir. Müəssisəmiz tərəfindən onlar üçün illüstrativ tədris vəsaiti də nəşrə hazırlanır.

“Azər-İlmə”də çalışan peşəkar xalçaçıların köməyi ilə biz Azərbaycan xalça sənətinin zəngin ənənələrinin dirçəldilib yaşadılmasında bundan sonra da var gücümüzlə çalışacaq, xalqımızın  mənəvi irsinin zənginləşməsinə mühüm töhfələr verəcəyik...

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2013.- 16 fevral.- S. 7.