Xocalı soyqırımı bəşəriyyətə, insanlığa qarşı yönəlmiş ən dəhşətli cinayətdir

 

2013-cü il fevralın 26-da erməni quldurlarının xalqımıza qarşı törətdikləri Xocalı soyqırımının 21 ili  tamam olur. Soyqırımı yunan “genos” sözü olmaqla, mənası  hər hansı milli, etnik, irqi və yaxud dini qrupun tamamilə  və yaxud qismən məhv edilməsi deməkdir. Genosid milli genefondun, xalqın gen daşıyıcılarının məhvi, millətin tarix səhnəsindən  birdəfəlik silinməsidir.

 

Ermənilərin törətdikləri soyqırımı türk soyunun, türk nəslinin  kəsilməsinə yönəlmiş qeyri-insani cinayətdir. BMT Baş Məclisinin  1948-ci ildə qəbul etdiyi Konvensiya  dinc və yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq soyqırımı  beynəlxalq cinayət adlandırmış, onu  törədənləri ciddi cəzalandırmağı tələb etmişdir. Xocalı soyqırımı Xatun, Xırosima, Sonqmi soyqırımlarından daha dəhşətli, insanlığa sığmayan və analoqu olmayan qanlı cinayətdir.

 XX yüzilliyin sonunda törədilmiş Xocalı  qətliamı erməni quldurlarının iki yüz ildən artıq xalqımıza qarşı  tətbiq  etdikləri deportasiya və soyqırımı  siyasətinin  davamı və ən faciəli  səhifəsidir.

Belə bir cəhəti vurğulamaq vacibdir ki, Dağlıq Qarabağ münaqişəsi kimi qələmə verilən savaş əslində  Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, açıq-aşkar ekspansiyaçı siyasətdir. Bunu əli qana batmış erməni  rəhbərlərinin  özləri etiraf edirlər.  Ermənistan prezidenti S.Sarkisyan bildirmişdir: “İşğal etdiyimiz torpaqlar var, bunda utanılası heç bir şey yoxdur. Bu torpaqları  təhlükəsizliyimizi təmin etmək  üçün tutmuşuq”. Onun sözlərindən belə çıxır ki, istənilən dövlət öz təhlükəsizliyini təmin etmək  pərdəsi altında qonşu ölkənin  torpaqlarını  işğal edə bilər. Əslində Azərbaycan heç vaxt terror və təcavüzkarlıq ocağı olan Ermənistan torpaqlarını işğal etmək niyyətində olmamışdır.

Azərbaycana qarşı erməni ekspansiyasının  tarixi köklərinə  nəzər saldıqda göstərmək vacibdir ki, heç bir ərazisi, vətəni və  dövləti olmayan ermənilər Azərbaycan torpaqlarını ələ keçirmək üçün  dəfələrlə Rusiya çarlarına  müraciət etmişlər.

 1712-ci ildə erməni missionerləri çar I Pyotrla görüşmüş, ona 31 adda rüşvət vermiş, əvəzində erməniləri Azərbaycanın münbit və səfalı torpaqlarında yerləşdirməyi xahiş etmişdilər. Ermənilərin “hədiyyələrindən” -26 Qarabağ atı, Azərbaycan xalçaları, qiymətli ləl-cəvahirat, qızıl və digər əşyalardan məmnun olan çar I Pyotr azərbaycanlıları qovub onların ərazisində  erməniləri yerləşdirməyi tələb etmişdi.

Onun sələfləri  erməniləri hərtərəfli dəstəkləyərək rəsmi qaydada onların Azərbaycanda yerləşdirilməsi üçün hər şey etdilər. Ermənistan dünya xəritəsində özü də Azərbaycan ərazisində kiçik bir dövlət kimi meydana çıxdıqdan sonra Rusiya strategiyasının üzünmüddətli  tələblərini  yerinə yetirərək Azərbaycanın   digər ərazilərini  ələ keçirmək üçün  çoxsaylı deportasiya və soyqırımları təşkil etdi. Totalitar sovet rejimi şəraitində  də erməni  mafiyasının  təsiri altında  olan SSRİ  rəhbərliyi Azərbaycanın  əzəli torpaqlarını fasiləsiz surətdə Ermənistana vermək siyasətini davam etdirdi.  70 il ərzində ən  çox ərazi itkisinə, repressiyalara məruz  qalan Azərbaycan Respublikası oldu, ölkəmizin maddi sərvətləri talan edildi. Çox şeyi unutmaq olar.  Amma  vətənə, millətə, torpağa qarşı edilən cinayətləri  yaddaşlardan silmək olmaz.

1985-ci ilin əvvəllərində SSRİ-də hakimiyyəti zəbt edən  M.Qorbaçov açıq şəkildə erməni separatizmini və ekspansiyasını  dəstəkləyərək antiazərbaycan, antitürk siyasəti yeritdi. Ulu öndər Heydər Əliyevin SSRİ rəhbərliyində yüksək vəzifələrdən kənarlaşdırılması da onu əhatə edən Şahnazarov, Aqanbekyan, Brutens, Sitaryanbaşqa millətçi yanların ekspansiyaçılıq planlarını reallaşdırmaq  siyasətinin nəticəsi idi. M.Qorbaçov və arvadı Raisa Maksimovnanın Parisdə və Vaşinqtonda rəsmi dövlət səfərlərində  olarkən erməni biznesmenləri ilə görüşmələri və onlardan  çox qiymətli “hədiyyələr”, daha doğrusu, rüşvət  almaları da ermənilərin ərazi iddialarını həyata keçirmək məqsədi güdürdü. Erməni lobbisinin onlara  bağışladığı  62 karatlı, üzərində “Arsax” (Qarabağ) sözü yazılmış qiymətli medalyon birbaşa Dağlıq Qarabağın Ermənistana verilməsinə tuşlanmışdır. Rusiyanın himayədarlığı sayəsində Azərbaycan torpaqlarında  yerləşdirilən  ermənilər son 20 il ərzində  xalqımıza qarşı 6 deportasiya və 4 soyqırımı tətbiq edərək 2 milyondan artıq soydaşımızı qətlə yetirmişlər. Son deportasiya və qətliamdan  bəhs edən sabiq SSRİ-nin  Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini F.Babkov “DTK və hakimiyyət” adlı  kitabında yazır ki, M.Qorbaçovun  hakimiyyətə  gəlməsilə Ermənistanda və Dağlıq Qarabağda  şovinizim və separatçı hərəkat gücləndi, millətçi partiyaları  açıq fəaliyyətə başlayaraq Azərbaycana qarşı  ərazi iddiası irəli sürdülər. Bunun olduqca təhlükəli nəticələr verəcəyini Qorbaçova  bildirdikdə o, bunun “yenidənqurmanın”  vacib şərtlərindən  biri olduğunu  söyləyərək açıq şəkildə  erməni separatizmini dəstəklədi. Azərbaycana qarşı erməni ekspansiyası getdikcə gücləndi. Qısa müddətdə  Ermənistanda yaşayan 220 mindən çox, Dağlıq Qarabağdakı 50 mindən çox azərbaycanlı öz ata-baba yurdlarından qovuldular.  Qorbaçov erməni millətçilərini cəzalandırmaq əvəzinə  Bakıda 1990-cı il  qanlı yanvar qətliamını törədərək təcavüzə məruz qalan Azərbaycan xalqının qəddar düşməni olduğunu bir daha təsdiqlədi.

Qorbaçovun antiazərbaycan siyasətini Rusiya prezidenti B.Yeltsin davam etdirərək ermənilərin geniş miqyaslı hərbi əməliyyatlar  aparmalarına imkan yaratdı.

90-cı illərdə Rusiya Federasiyasının Ermənistanda səfiri işləyən V.Stupuşinin bu yaxınlarda çap edilmiş “Mənim Ermənistanda xidmətim” kitabı bir çox gizli məqamlardan xəbər verir. Erməni mafiyasının əlaltısına çevrilən bu rəzil səfir erməni bandit dəstələrini Rusiya silahları ilə silahlandırmaq sahəsindəki fəaliyyətlərindən qürur duyduğunu bildirir. Stupuşinin Azərbaycan xalqına qarşı böhtanlar atmasının bir səbəbi də onun arvadının erməni olmasıdır. Bütün hallarda qadın diplomatiyasından məharətlə istifadə edən ermənilər Azərbaycana qarşı böhtanla dolu kitablarını rus səfirinin və akademik A.Saxarovun imzası ilə  çap etdirmişlər.

Ermənilərin ekspansiyaçı siyasətini hərtərəfli dəstəkləyən Rusiya 1991-ci ilin sonunda təcavüzkar Ermənistanla “dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” müqavilə imzaladı. Bununla da Azərbaycana qarşı Ermənistana açıq-aşkar silahlanmaq imkanı yaratdı. 1992-ci il  fevralın 19-da Rusiya Prezidentinin iqamətgahında Sapoşnikovla  Ermənistan prezidenti L.Petrosyanın məxfi görüşü keçirilmiş və “Xocalı qırğınının” ssenarisi hazırlanmışdı. MDB silahlı qüvvələrinə məxsus olan ordunun 366-cı motoatıcı alayının Xankəndinə köçürülməsi də erməni ekspansiyasını həyata keçirmək məqsədi güdürdü. Zaqafqaziya qoşunları baş komandanının müavini general- leytenant Ohanyan erməni terrorçularına hərtərəfli yardım göstərirdi. 366-cı alayda xidmət edən və rus qoşunlarının hərbi texnikasından istifadə edən erməni silahlı qüvvələri 1991-ci ilin sonu—1992-ci ilin əvvəllərində Azərbaycanın 20-dən artıq kəndini  işğal etdilər.  Təsadüfi deyildi ki,  366-cı alayda xidmət edən 7 nəfər özbək və türkmən əsgərləri 1992-ci ilin yanvarında alaydan qaçaraq bildirmişdilər ki,  alayın əsgər və hərbi texnikası erməni terrorçularına xidmət edironlardan Azərbaycan ərazilərini  işğal etmək üçün istifadə olunur. Həmin alaydakı ukraynalı əsgərlər də bu faktları  təsdiqləmişdilər.  Ermənilər öz işğalçılıq  planlarını həyata keçirmək üçün  Fransadan çoxlu silah, hərbi sursat və ərzaq almışdılar.  Onlar eyni zamanda, 1990-cı ilin yanvarından 1992-ci ilə qədər Zaqafqaziyadakı silah anbarlarına  dəfələrlə hücum edib  çoxlu miqdarda  silah ələ keçirmişdilər.  Rusiya səfiri Stupuşı  kitabında  erməni quldurlarının  Rusiyanın Gümrüdəki  silah anbarına  hücum etmələri  beş rus zabitini  qətlə yetirərək çoxlu miqdarda silah, hərbi sursat ələ keçirmələrini təsdiqləyir. Həmin qatillərin cəzasız qalmasında erməni rəhbərliyinin xidməti yüksək dəyərləndirilir.  Ermənilər 366-cı alayın nəzdində “KRUNK erməni cəbhəsi” deyilən rota təşkil etmişdilər. Onun özəyini Livan, Suriya, Amerika, Kanada, İran, İsveçHollandiyadan gələn   muzdlular təşkil ediblər.

“Financial times” qəzeti yazırdı ki, Livandan olan kinooperator onun ölkəsindəki varlı daşnak qüvvələrinin ermənilərə silahlarla və adamlarla kömək göstərdiyini nəzərə çatdırır. Fevralın 17-də “Susanik” adlı erməni snayperçilər dəstəsi də  onun tərkibinə  daxil edildi.  Erməni ekstremistləri Xankəndindəki 463-cü əlahiddə kəşfiyyat botalyonunun  əsgərlərini də  satın alaraq Xocalı əməliyyatlarına  cəlb etmişlər.

Ermənistan  nizami ordu yaradıb onu müasir silahlarla silahlandıraraq geniş miqyaslı əməliyyat  apardığı halda Azərbaycan rəhbərliyi hərbi hissələrin  müxalifəti müdafiə edəcəyindən ehtiyatlanaraq milli ordu  yaradılmasının əleyhinə çıxdı. Ölkənin müdafiəsi milis dəstələrinin  ümidinə qaldı. Xalqın tələbi ilə  yaradılmış  kiçik hərbi  hissələr isə  müasir hərbi texnika ilə  silahlanmış erməni hərbi qüvvələri qarşısında duruş gətirə bilmədilər.

1992-ci ilin yanvarında  Kərkicahan  düşmən əlinə  keçdi və yandırıldı. Erməni quldurları az sonra Malıbəylini, Aşağı Quşçunu və Yuxarı Quşçunu işğal etdilər, bununla da Xocalı və Şuşanın mühasirəsi olduqca daraldı. Fevralın ortalarında  ermənilər  Qaradağlı  kəndinə  hücum etdilər. 4  gün davam  edən qanlı döyüşlərdən  sonra  düşmən kəndi ələ keçirib onun 92 müdafiəçisini və 54 sakinini  vəhşicəsinə   öldürərək  silah quyusuna atdı. Qalan 117  kənd əhalisi  əsir götürülmüşaz sonra onlardan 77 nəfəri  amansızlıqla qətlə yetirilmişdi.

Erməni qoşunları  fevralın 17-də 366-cı rus alayının köməyi ilə Qaradağlı   kəndinə  hücum etdilər. Yerli müdafiə dəstələri  düşmənə qarşı  qəhrəmancasına vuruşdu, döyüşdə 120 nəfər şəhid oldu.

Xocalı və  Xocavənd  bölgəsində yaranan  gərgin vəziyyətlə  əlaqədar kömək göstərilməsi barədə  xalqın  respublika rəhbərlərinə dəfələrlə müraciəti nəticəsiz qaldı. Prezident A. Mütəllibov  öz kreslosunu  saxlamaq qayğısına qalaraq, Xocalının  müdafiəsi  üçün tədbir  görmədi. Respublika iqtidarının cinayətkarlığı üzündən şəhərin  müdafiəsi möhkəmləndirilmədi. 80 nəfərlik yerli özünümüdafiə  dəstəsi  isə  heç bir zirehli texnika ilə təchiz edilməmişdi.

Erməni quldarları 1992-ci il fevralın 25-də saat 21-də Xankəndindəki 366-cı motoatıcı  alayın, habelə xaricdən gətirilmiş  muzdluların köməyi ilə  Xocalıya  basqın etdilər. İlk zərbə Xocalı  hava limanına vuruldu.  Müdafiəçilər sayca az  olmalarına və pis  silahlanmalarına baxmayaraq düşmənə qarşı mərdliklə vuruşdular. Milis mayoru Əlif  Hacıyevin  başçılıq etdiyi 22 nəfərlik  dəstə  düşmənin  şiddətli  hücumlarını üç dəfə  uğurla dəf etdi. Əlif Hacıyev  ağır yaralandı və  qəhrəmancasına həlak oldu.

Düşmən qüvvələri  üç tərəfdən Xocalıya basqın edərək  şəhərə od  yağdırmağa başladılar. Tofiq Hüseynovun  rəhbərlik etdiyi  özünümüdafiə  dəstəsinin  döyüşçüləri qat-qat  güclu olan qəddar  düşmənlə qəhrəmancasına   vuruşdu, xeyli xocalının  mühasirədən  çıxmasına  imkan yaratdı.  Xeyli  miqdarda erməni  faşistini məhv edən  T.Hüseynov  son gülləni özünə vurdu, ana torpaq uğrunda canını  fəda etdi.  Ölümündən sonra həm ona, həm də Əlif Hacıyevə Azərbaycanın  Milli Qəhrəmanı adı verildi.

Bir gecənin içində  yüzlərlə  günahsız insan  vəhşicəsinə məhv edildi.  O, zamankı  statistik məlumata görə, Xocalı  faciəsində  613 nəfər , o cümlədən  106 qadın  və 63 azyaşlı uşaq, 70 qoca  qətlə yetirilib.  500-dən artıq adam  yaralanıb şikəst olub. Faciə gecəsi 1275 nəfər insan əsir götürülüb, 150 nəfər itkin düşüb. Şəhərin özü yerlə-yeksan edilib.  Bizcə, göstərilən rəqəmlər  əsl həqiqəti əks etdirmir.

 

(ardı var)

 

 

Xəlil KÖÇƏRLİ,

tarix elmləri doktoru,

professor, əməkdar müəllim

 

Xalq qəzeti.- 2013.- 16 fevral.- S. 5.