Binəqədi rayonunda ötən ilə yekun vurulmuşdur

 

Binəqədi rayonunda  2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.

 

Rayonun sənaye, təhsil, səhiyyə, mədəniyyət, xidmət sahələrinin, hüquq-mühafizə orqanlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbiri rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açaraq Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında Prezident İlham Əliyevin proqram xarakterli nitqinin bəzi məqamlarına toxundu. Natiq bildirdi ki, sözügedən  iclasda son illər ərzində ölkə iqtisadiyyatında müşahidə olunan iqtisadi artımın 2012-ci ildə də davam etməsi müsbət hal kimi qiymətləndirilmişdir. Bu, Binəqədi rayonunda da özünü qabarıq büruzə vermişdir.

Hesabat məruzəsi ilə çıxış edən rayon  icra hakimiyyəti başçısının müavini İlqar Süleymanov bildirdi ki, ötən il rayonda bütün sahələr üzrə yüksək makroiqtisadi göstəricilər əldə edilmişdir: iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 128 milyon 613 min manat məbləğində investisiya yönəldilmişdir. Tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 285 milyon 700 min manat olmuşdur ki, bu da 2011-ci illə müqayisədə 21,9 faiz çoxdur.

Hesabat dövründə 2221 ailə və ya 8752 nəfər ünvanlı sosial yardım almışdır. İl ərzində sosial yardım alan ailələrin sayı 3672-yə çatmış və ya 15,4 faiz artmışdır. Rayon icra hakimiyyəti tərəfindən 2012-ci il oktyabrın 5-də təşkil olunmuş əmək yarmarkasında 120 rayon sakini iştirak etmiş, onlardan 17-si peşə kurslarına istiqamətləndirilmiş, 21 nəfərə isə işə düzəlməsi üçün göndəriş verilmişdir.

2012-ci ildə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar rayonda yerləşən 102, 3, 276, 246, 284, 126, 244 və 100 saylı məktəblər əsaslı təmir olunmuş, 244, 246 və 143 saylı məktəblərdə yeni tədris korpuslarının tikintisinə başlanmış, RİH-in sifarişçi olduğu 103 saylı məktəb üçün əlavə 640 yerlik məktəb binası tikilib istifadəyə verilmişdir. 211, 294 və 86 saylı uşaq bağçalarının binaları yararsız vəziyyətdə olduğu üçün həmin binalar tamamilə sökülmüşdür və hazırda həmin bağçalar üçün inşa edilir. 11 saylı uşaq musiqi məktəbi üçün yeni bina tikilmiş, Fikrət Əmirov adına 6 saylı məktəbdə isə təmir işləri davam etdirilir.

Xatırladıldı ki, rayon ərazisində əhalinin kommunal problemlərinin həlli sahəsində də bir sıra tədbirlər  həyata keçirilmişdir. Biləcəri, Xocasən, Sulutəpə yaşayış sahələrində, Binəqədi, M.Ə.Rəsulzadə, 28 May qəsəbələrində yeni qaz xətləri çəkilmiş, əhalinin təbii qazla təminatının yaxşılaşdırılması, rayonun bütün ərazilərinə təbii qazın bərabər miqdarda və təzyiqdə paylanması üçün tədbirlər görülmüşdür. 2012-ci ildə rayon ərazisində 42 müxtəlif ünvanda 267,8 kilometr uzunluğunda orta təzyiqli müxtəlif diametrli qaz xətləri çəkilmiş, 34280 ədəd mexaniki qaz sayğacları smartkart tipli sayğaclarla əvəz olunmuşdur.

Rayonda qısa müddətdə Binəqədi şosesi, Binəqədi-Mehdiabad, Xocasən qəsəbəsində Dəyirman yolu, Biləcəri qəsəbəsində isə A.Zeynallı və Y.Hüseynov küçələri yenidən qurulmuşdur və bu işlər davam etdirilir. Mikrorayonlar ərazisində 235 binanın zirzəmisində su və kanalizasiya xətləri əsaslı təmir edilmiş, 36 binada isə işlər davam etdirilir. Həyətlərdə yöndəmsiz avtomobil qarajları sökülərək yerində müasir qarajlar tikilir.

Yığıncaqda diqqətə çatdırıldı ki, ekoloji tarazlığı təmin etmək məqsədilə Bakı-Sumqayıt şosesi istiqamətində, Biləcəri qəsəbəsində eniş yolunda və şosenin sağ və sol hissəsində sakinlərin rahatlığını və səs baryerini təmin etmək məqsədilə istinad divarları tikilmişdir. Yol boyunca salınmış yaşıllıqlar, əkilmiş dekorativ kol və ağaclar, bir sözlə, landşaft memarlığı insanların zövqünü oxşayır, onlarda razılıq doğurur.

Binəqədi Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulunun təşkili, onların müraciətlərinə vaxtında baxılması, icra aparatında nizam-intizamın gücləndirilməsi üçün zəruri tədbirlər görülür. Təsdiq olunmuş qrafikə uyğun olaraq 2012-ci ildə yerlərdə 32 görüş keçirilmişdir. Bu görüşlərdə ümumilikdə 5067 rayon sakini iştirak etmiş və onlar tərəfindən 579 məsələ qaldırılmışdır. Qaldırılan məsələlərin əksəriyyəti ümumi sosial və digər məişət məsələləri ilə bağlı olmuşdur. Keçirilən görüşlərdə vətəndaşların qaldırdıqları 49 məsələ yerində həllini tapmış, həlli vaxt tələb edən 530 məsələ ilə əlaqədar Tədbirlər Planı təsdiq olunaraq aidiyyəti qurumlara göndərilmişdir.

Tədbirdə digər natiqlər də 2012-ci ildə Azərbaycanın sosial-iqtisadi inkişafında Binəqədi rayonunun mühüm rol oynadığını vurğuladılar.

Hesabat yığıncağına yekun vuran rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Nazirlər Kabinetinin 2012-ci ilin yekunlarına həsr olunmuş iclasında ölkə Prezidenti İlham Əliyevin proqram xarakterli yekun nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı görüləcək işlərdən, həmçinin rayonda həllini gözləyən bir sıra məsələlərdən söhbət açdı, bununla bağlı müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verdi.

Tədbirdə Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev çıxış etdi.

Yığıncaqda Milli Məclisin deputatları Madər Musayev və Rafael Cəbrayılov iştirak edirdilər.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 16 fevral.- S. 5.