Azərbaycanda ilk kosmik peykə həsr olunan marka dövriyyəyə
buraxılıb
Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyinin Azərmarka
şirkəti Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə
çıxarılması münasibətilə poçt
markasını dövriyyəyə buraxıb.
Nominal
dəyəri 1 manat təşkil edən marka 20 min suvenir səhifə
tirajla işıq üzü görüb. Bu barədə
nazirliyin mətbuat xidməti məlumat yayıb. Suvenir səhifənin üzərində
ulduzlu səma fonunda Yer kürəsinə yayım siqnalı
ötürən peyk, Azərkosmos ASC-nin loqosu və yeni
binası, habelə “Azərbaycanın ilk telekommunikasiya peyki”
yazısı təsvir olunub. Azərbaycanın
ilk telekommunikasiya peyki Azerspace-1 fevralın 8-də Bakı
vaxtı ilə saat 1:36 radələrində Cənubi Amerikada
yerləşən Fransa Qvianası Kosmik Mərkəzinin Kuru Kosmodromundan
Fransanın Arianespace şirkətinin Ariane 5 raket
daşıyıcısı vasitəsilə
qaldırılıb və uğurla geostasionar orbitə
çıxarılıb. Təyin
olunan vaxtda - startdan 34 dəqiqə sonra kosmik aparat raketin
gövdəsindən ayrılıb.
Çəkisi təxminən 3 200 kiloqram olan Azerspace-1
peyki 46° Şərq uzunluq dairəsində geostasionar orbitdə
yerini tutacaq.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2013.- 16
fevral.- S. 5.