“DAŞ YUXULAR”
ermənilər üçün ağı-romandır
Əkrəm
Əylislinin “Daş yuxular” romanı ilə bağlı daha
bir yazımı oxucuların ixtiyarına vermək istərdim.
Çalışıram ki, Azərbaycana və ermənilərə
dəxli olmayan, bu coğrafiyanı düz-əməlli
tanımayan birisində əsərin yaradacağı təəssüratın
necə ola biləcəyinə işıq tutum. Buna nə qədər nail
olduğumu, ümid edirəm ki, əsəri hisslərə
qapılmadan oxuyanlar daha düzgün dəyərləndirə
biləcəklər. Yeri gəlmişkən qeyd edim ki, burada əsərdən
gətirilən sitatları özüm rus dilindən tərcümə
etmişəm.
Romanın janrı onun bir ağı
olmasından xəbər verir. Elə ilk səhifədə
onun bir roman-rekviyem kimi təqdim edilməsi bundan xəbər
verir. Həsr edildiyi kəsimin milli kimliyinə gəlincə,
cavab tam aydın deyil: “Özlərindən sonra
ağlanmamış ağrı qoyub gedən həmyerlilərimə
həsr edilir”. Lakin kitabı oxuduqca bu “həmyerlilərin” ermənilər
olduğu anlaşılır. Bu isə ondan xəbər verir
ki, roman ermənilər üçün ağı janrında
qələmə alınıb. Halbuki hər iki tərəf
üçün ağı janrında işləmək
olardı.
“Bütün bunlar yerazlardır, doktor, yerazlar. Beş-altı yeraz
uşağı... Bu it balası (oxuculardan
üzr istəyirəm - A.H.) qaçqınlar adamlara heç
hörmət qoymurlar, doktor, mənim əzizim. Onlar nə artist tanıyırlar, nə şair, nə
də yazıçı. Elə ki, kimisə erməni
adlandırdın, iş bitdi. Dərhal
ayaqları altına salıb vəhşi heyvan kimi
tapdalayacaqlar.” Bu hissəni oxuyan,
özü də əsərin başlanğıcında oxuyan
hər kəsdə ilkin təəssürat yaranır ki,
“yeraz” adlanan vəhşi bir kəsim var və onlar erməniləri
yer üzündən silməyə hazırdır. Niyə, nə üçün? Bunun
cavabı hələ ki, verilmir.
“O,
çörək almaq üçün evdən
çıxıb və dərhal da yerazların əlinə
düşüb... Mən ora çatanda bədbəxt
öldürülüb hovuza atılmışdı.” Söhbət bir yaşlı ermənidən gedir.
Saday bu ermənini müdafiə etmək istəyir
və “onu da erməni sayaraq vəhşi heyvan kimi üzərinə
atılırlar”. Artıq əsərin əsas
qəhrəmanı olan Saday Sadıqlı ortaya
çıxır.
“Lakin bu şəhərin sakinləri, elə bil
sözü bir yerə qoymuş kimi, insanlıq adlanan şeydən
kənar olmağa çalışırdılar. Belə
görünürdü ki, insan sifətini qorumaq onlara daha sərf
etmirdi.” Burada söhbət Bakıdan gedir və
bütün sakinlərə şamil edilərək bu cür
fikir yer alır. Artıq söhbət
“yerazlar”dan deyil, ümumiyyətlə Bakının
bütün sakinlərindən gedir. Müəllif,
“bu şəhərin bəzi sakinləri” ifadəsindən də
istifadə edə bilərdi.
“Cəmi
on-on beş gün öncə doktor Fərzani elə buradaca, əməliyyat
otağında 14-15 yaşlı erməni qızına
çox mürəkkəb bir əməliyyat etmişdi... Metroda
bir neçə Azərbaycanlı qadın onun üzərinə
atılıb əzişdirmişdilər.” Bu fikirlər
ümumi ab-havanı, ermənilərə qarşı
münasibətin dramatikliyini göstərmək
üçün istifadə edilir. Və bunun
ardınca hansısa şairin xəstəxanaya hücum edib
burada 40 il işləmiş erməni kardioloqu kabinetindən
qovması və burada bir erməninin belə qalmaması
haqqında fikirlər artıq anti-erməni əhvalını
şiddətli bir şəkildə diqqətə
çatdırmağa bəs edir.
“Deyirlər
ki, bir zamanlar orda çoxlu erməni yaşayırmış. Onların
yeddi və ya səkkiz kilsəsi, deyəsən, hələ də
qalır. Görünür, o ermənilər çox
ağıllı və yaxşı adamlar olub.” Əylis kəndi
və oranın erməni sakinləri haqqında bu tərifnamədən
sonra Saday Sadıqlı deyir: “Pis olan ermənilər deyil, biz
özümüzük”. Bununla müəllif ermənilərin
daha yaxşı, ağıllı, müsəlmanların isə
əksinə olduğunu vurğulamış olur.
Bundan
sonra şuşalı varlı Şahqacar Ərməğanov
obrazı haqqında söhbət açılır. Onun
Bakıda vəzifə alması, erməni qadını Greta
Minasovanın evini əlindən alıb özünü
balkondan atması və orda fahişəxana düzəltməsi
qabarıq bir şəkildə nəzərə
çarpdırılır. Bunun qarşılığında
nə Şuşanın özündən, nə də
ümumiyyətlə Qarabağdan hər hansı müsbət
azərbaycanlı obrazına rast gəlinmir. Bu
üsulla da müəllif bir zamanlar Bülbül, Əhməd
bəy Ağaoğlu, Üzeyir Hacıbəyli, Xan
Şuşinski və yüzlərlə ziyalımızın,
millətin elitar nümayəndəsinin beşiyi olmuş
Şuşanı və Qarabağı tək bir Şahqacar
obrazı ilə bizi tanımayanların gözündə bu
cür yerdən yerə vurmuş olur. Eyni zamanda Bakıda “istəyirsən
gündə yüz ermənini götür balkondan at. Onlarla
birlikdə müsəlmanları da” deyir.
Yazıçının
dediyinə görə, indi Xalq Cəbhəsinin hər bir
üzvündə bir və hətta bir neçə pistolet
var. Və bu “uşaqların” köməyi ilə nəinki
“makar” və ya “kalaşnikov”, hətta əsl pulemyot da almaq
olar. “Ən yaxın tariximiz əsərdə belə təhrif
edilmiş şəkildə təqdim olunur. Halbuki
hər kəs bilir ki, həmin dönəmdə Azərbaycanda
adi quş tüfənglərini belə
toplamışdılar. Əvəzində isə ermənilər
sürətlə silahlandırılırdı. Burada həm də
Xalq Cəbhəsinin rəhbəri mərhum Əbülfəz
Elçibəy də az qala bir quldurbaşı kimi təqdim
edilir. Onun dilindən
oxuyuruq: “Artistə yeni pistolet gətirin... Çoxlu
da patronu olsun”.
Əsərin
daha bir qabarıq obrazı doktor Fərzaninin diliylə müəllif
deyir: “Doktor özəlliklə də şəhərin müsəlman
əhalisinin ermənilərə qarşı qəddarlığından
dəhşətə gəlmişdi. Güman
ki, ermənilər tərəfindən belə bir qəddarlığı
heç vaxt görməmişdi”. Bununla
müəllif demək istəyir ki, müsəlmanlar
durduqları yerdə qəddarlıq edir, ermənilərsə
belə bir hərəkətdən uzaqdır. Və təkrar
“yerazlar”a toxunur: “Hə, hə, doktor, gəl içək, arzu
edək ki, o, bir daha həmin hissiyyatsız yerazlar kimi vəhşilərin
pəncəsinə tuş gəlməsin”.
Müəllif
yazdıqlarından o qədər vəcdə gəlir ki,
artıq Bakının sakinlərini sürü
adlandırmağa başlayır: “İndi adamlar dəstəylə,
sürüylə gəzirdilər”.
“Eçmiədzinə gedib katolikosun öz xeyir-duası
ilə xristianlığı qəbul etmək,
ömürlük orda rahib kimi qalıb Allaha dua edərək
müsəlmanların ermənilər üzərində
törətdiyi bəd əməllərin
bağışlanmasını diləmək istəyi onda
Sumqayıt hadisələrindən sonrakı bir gecə qəflətən
əmələ gəlmişdi.” Belə
anlaşılır ki, Sumqayıt hadisələrini müsəlmanlar
törədib və bunların əməlləri o qədər
ağırdır ki, buna görə əsərin qəhrəmanı
Saday hətta öz dinindən imtina edib ermənilərin dinini
qəbul etməyi çıxış yolu kimi görür.
Düzdür, onun həyat yoldaşı Azadə xanım bəzi
yanlışları düzəltməyə çalışır:
“O elə həmin Əylis erməniləri haqqında
düşünür və başa düşmür ki, indiki
ermənilər bizim bu beyinsiz çığırqanlardan
heç də yaxşı deyillər”. Lakin Azadə
xanımın sonrakı cümləsi, əslində, onun da
Sadaydan fərqli düşünmədiyini göstərir: “O,
türklərin o zaman Əylisdə törətdiyi və
özünün də görmədiyi qırğını
heç cür unuda bilmir”.
Bundan
sonra əsərdə bir Mirəli kişidən söz edilir və
bir daha vəhşi müsəlman obrazı yaradılır:
Mirəli kişi Allahın evini özü
üçün odun, ot, saman anbarına çevirmişdi.
Sadayın qaynatası Abasəliyev isə iddia edir ki, “Əylisdə
bir zamanlar düz 12 kilsə varmış. Və bura bir
zamanlar ermənilər üçün Məkkə və Mədinə
kimi idi”. Sonra müsəlmanların ermənilərə
qarşı vəhşilikləri o kilsələrin də, ermənilərin
də kökünü kəsibmiş.
Türk
paşası Ədif bəy ermənilərin
“kökünü kəsəndə” bir zamanlar heç kimin adam yerinə qoymadığı Abdulla da
fürsətdən istifadə edib mədəni, ürəyiaçıq
Minası və ailəsini baltayla doğrayır və evinə
sahiblənir. İndi ona görə həmin evdə
yaşayanlar psixi xəstə olur. Çünki ermənilərin
ruhu onlara dinclik vermir və ümumiyyətlə, erməni evlərini
işğal etmiş heç kim adam kimi
yaşaya bilmir.
İddia edilir ki, “müsəlmanlar min il də keçsə
öz qonşularına zərər vurmazdılar. Bu lənətə
gəlmiş Ədif bəyin əmrindən sonra bizimkiləri
də alçaqlıq bürüdü”.
Daha sonra
davam edilir: “Əhvalat belə olmuşdu: Əylisin erməni əhalisinin
heç nədən xəbəri olmasın deyə, Ədif bəyin
30-40 atlısı səhər erkəndən bütün erməni
və müsəlman evlərinə baş çəkib elan
etmişdi ki, bu gün barışıq olacaq və hər kəs
hansısa bir erməninin həyətində toplaşsın. Hamı toplaşandan sonra türk əsgərləri
müsəlmanlarla erməniləri ayırıb həyətin
başqa tərəflərində sıraya
düzmüşdülər. Birdən
hardansa “Atəş!” əmri eşidilir və həyəti hər
tərəfdən əhatə edən türk əsgərləri
erməniləri atəşə tutur. Bir
çoxları dərhal ölür. Sağ qalanların
isə sonuncuya qədər boğazlarını kəsirlər
və ya süngü ilə öldürürlər". Bu öldürülənləri xəndək
qazıb həyətdə basdırırlar və
“bütün arxlardakı su düz bir həftə
qırmızı rəngdə” axır.
Halbuki müəllif burada tarixi gerçəkləri
açıq-aşkar saxtalaşdırır və Ədif bəyin
Türkiyənin zatən başında min cür bəla varkən,
Osmanlı torpaqlarından qalxıb Əylis kəndinə gəlməsinin
səbəblərini təhrif edir. Burada türk əsgərlərinin
məhz ermənilərin müsəlmanlara qarşı törətdiyi
qırğınların qarşısını almaq
üçün gəldiyi bilinən tarix gerçəyi olsa
da, yazar buna işarə belə etmir.
Bundan sonra isə iddia edilir ki, Saday Mesrop Maştotsun erməni
əlifbasını məhz Əylisdə
yaratdığını eşidibmiş.
Vağzalda küçə alverçisi olan
qadınların bir ermənini diri-diri yandırmaları
haqqında söz açmaqla və bundan daha dəhşətli
olayları ermənilərin törətməsi haqqında
susmaqla yazar yenə də təktərəfli və təhrif
olunmuş görüntü yaratmağa davam edir.
Düzdür, bəzən əsərdə müsəlmanların
da müsbət tərəfləri haqqında
danışılır. Ancaq bu cəhdlər o qədər zəifdir
ki, ermənilərin məzalimə uğramasını təsvir
edən fikir və səhnələrlə müqayisədə
heç nəzərə də çarpmır. Misal
üçün, Sadayla Azadə xanım arasında belə
bir dialoq keçir: -Dünən yuxuda gördüm ki,
hansısa erməniyə məni öldürmək
üçün pul veriblər. -Kim, səni kim
öldürməyə hazırlaşır? -Həmin erməniyə
pulu bizimkilər vermişdi: indi hakimiyyətdə olanlar.
-Ayıl! Burda artıq çoxdandır ki,
heç bir hakimiyyət yoxdur. Olsa da elə
hakimiyyətin özü hər yerdə düşmənçilik
toxumu səpir. Səncə,
Sumqayıtdakı cəhənnəmi elə xalqın
özü törətmişdi? Yox, əzizim, yox! Bu KGB, yaxud da indi müxtəlif mafioz qruplara
bölünmüş hakimiyyət qalıqları tərəfindən
təşkil edilmişdi. Mən heç
vaxt inanmaram ki, Saday, azərbaycanlılar gerçək bir təşkilatçı
olmadan bu cür ağılsız vəhşiliyə getsinlər.
-Sən necə belə danışa bilirsən? Axı sən Əylisdə olmusan... -Bəli, mən
Əylisdə olmuşam və bilirəm ki, türklər orada
günahsız insanlara qarşı vəhşi qəddarlıq
ediblər. Bəs sən ermənilərin
minlərlə bədbəxt Azərbaycanlını qovduğu
o yerlərdə olmusan? Sən heç
olmasa bir dəfə düşündünmü ki, indi
başının üstündə damı və gələcəyə
heç bir ümidi olmayan bu bədbəxtlərin halı necədir?
Göründüyü kimi, əvvəlcə
Sadayı ağıllandırmağa çalışan Azadə
xanım da sonda türklərin ermənilərə
qarşı “vəhşi qəddarlıq” törətməsindən
danışır.
Qəhrəmanın
fikirləri bir yerdə boş adlandırılsa da əsərin
ümumi ruhu fonunda bu da ciddi şəkildə nəzərə
çarpmır: “... hər gün o, fikrən səyahət edərək
xristianlığı qəbul etməyə
hazırlaşdığı Eçmiədzin
haqqındakı boş fikrinə qapılırdı”. Sadayın
ağlının yerində olmadığına qaynatası, əslən
Əylis ziyalısı olan Abasəliyevin də dilindən
işarə edilir: “Görünür, onda amneziyanın
ağır formasıdır”. Amma elə məhz bu Abasəliyevin
dilindən erməni Zəkəriyə Əylislinin gündəliyinə
istinadla Türkiyənin Van, Bitlis, Diyarbəkir vilayətlərinin
“o vaxtlar” (1668) Kürdistan adlandırıldığı
beyinlərə yeridilir.
Və
əsərin sonunda ermənilər nəzərdə tutularaq
iddia edilir ki, “Əylisdə o zamanlar Allah kimi adamlar
yaşayırdılar”. Bundan sonra qeyd edilir ki, türklər
19-cu yüzilin sonunda Əylisi xaraba qoyub getdilər.
Göründüyü kimi, bu ağı-roman başdan ayağa Azərbaycan və ümumiyyətlə türk millətinə qarşı təbliğat vasitəsi rolunu oynamağa hesablanıb. Azərbaycanı və Ermənistanı tanımayan, ümumiyyətlə bu coğrafiya haqqında bilgisi olmayan bir oxucu bu kitabı oxusa, gələcəyi tək qənaət bu olacaq ki, burada vəhşi müsəlmanlar və ziyalı, ağıllı, mədəni ermənilər qarşı-qarşıyadır. Müsəlman dedikləri də biz oluruq: azərbaycanlılar və ümumiyyətlə türklər...
Azər HƏSRƏT
Xalq qəzeti.- 2013.- 16 fevral.- S. 4.