Sabirşünaslığa vüsətli baxış və fəal tədqiqatçı mövqeyi

 

Professor Tərlan Novruzov ədəbiyyatşünaslığın, ədəbi tənqidin müxtəlif problemlərinin tədqiqi ilə ardıcıl və səmərəli məşğul olan çox istedadlı alimlərimizdəndir. O, ədəbiyyatımızın aktuallıq kəsb edən mühüm nəzəri-metodoloji problemlərinin öyrənilməsinə həsr olunmuş bir çox dəyərli monoqrafiya və elmi məqalələrin müəllifidir. Qədim və zəngin Azərbaycan ədəbiyyatına, onun ayrı-ayrı nəzəri-estetik məsələlərinə, müxtəlif ədəbi şəxsiyyətlərin həyat və yaradıcılığına, yaradıcılıq üslublarına və s. həsr etdiyi dəyərli araşdırmaları ilə yanaşı antik dövr və orta əsrlər dünya ədəbiyyatına, onun ayrı-ayrı görkəmli nümayəndələrinə dair qələmindən çıxmış çoxsaylı elmi əsərləri, dərslik, dərs vəsaiti və məqalələri də Tərlan Novruzovun yaradıcılıq diopazonundan, elmi maraq dairəsindən və eredusiyasindan xəbər verir.

 

 İstər Azərbaycan, istərsə də dünya ədəbiyyatının ən mühüm sahələrini özünəməxsus ilham və ehtirasla təhlil süzgəcindən keçirən Tərlan Novruzov ədəbiyyatşünas alim, cəfakeş tədqiqatçı kimi göstərdiyi  çoxcəhətli fəaliyyətində  dünya ədəbiyyatında misli-bərabəri olmayan Mirzə Ələkbər  Sabirlə bağlı yazıları mərkəzi yer tutur. Tərlan Novruzovun bir filoloq-alim kimi simasını, müasir ədəbiyyatşünaslıq elmindəki mövqeyini təyin edən əsərlərini bir küll halında qiymətləndirərkən belə bir qənaətə gəlməmək mümkün olmur ki, o, sabirşünaslığın inkişafı sahəsində  təqdirəlayiq xidmətləri olan böyük yaradıcılıq erudisiyasına malik tədqiqatçıdır. T.Novzovun çoxcəhətli fəaliyyətinin böyük və zəngin hissəsi məhz M.Ə.Sabirə - dünya ədəbiyyatının ən nəhəng ədəbi şəxsiyyətlərindən birinə həsr olunmuşdur. Dahi mütəfəkkir şairin yaradıcılığına sonsuz məhəbbətin kökündə M.Ə.Sabirlə bağlı ədəbi-bədii faktların dərindən mənimsənilməsi, zəngin poetik materiallarına hərarətli münasibət dayanır. Sabir yaradıcılığını yüksək ilham və məsuliyyət hissi ilə tədqiq etmək, onu ürəkdən, xüsusi şövq və həvəslə araşdırmaq həm də Tərlan Novruzovun bu bənzərsiz şairin poeziyasını, onun daxili mündəricəsini xüsusi həssaslıqla duymağın və onu bütün estetik incəlikləri, bədii təfərrüatları ilə qavramağın bilavasitə ifadəsidir.

Bu amillərin xaricində Sabirin ruhunu, bədii novatorluğunu, amalını, yaradıcılığının rəngarəngliyini və bütövlüyünü, misilsiz həyati gücünü - bir sözlə, böyük şairin yaradıcılıq simasını, bədii dühasını, poetik ləyaqətini, geniş çərçivədə şərh etmək, orijinal mühakimələr, fikir və fərziyyələr irəli sürmək mümkünsüzdür. T.Novruzovun bir sabirşünas alim kimi, ciddi və tələbkar araşdırıcı kimi, vüsətli tənqidi təfəkkür sahibi kimi yaradıcılıq siması onunla müəyyənləşir ki, o, Sabir yaradıcılığı ilə bağlı siqlətli fikir və problemləri yüksək estetik meyarlarla qiymətləndirməyi bacarmış, Sabir irsinin öyrənilməsi sahəsində son dərəcə diqqətəlayiq məxəzlərdə təcəssüm edən elmi qənaətlərə obyektiv tənqidi münasibətlərini yeni estetik mövqedən işıqlandırmağa müvəffəq olmuşdur. T.Novruzovun çoxsaylı elmi məqalələri, xüsusilə də aşağıdakı monoqrafiyalar açıq-aşkar sübut edir ki, onun M.Ə.Sabir irsinin, bədii-estetik və nəzəri məsələlərini öyrənmək sahəsindəki çoxillik səmərəli tədqiqat təcrübəsi, dahi satira ustasına güclü həvəsi daxili bir mənəvi ehtiyacın, yaradıcılıq ehtirasının birbaşa nəticəsidir. Onun “Sabir irsinin tədqiqi və təbliği”, “M.Ə.Sabir ədəbi məktəbi”, lMirzə Ələkbər Sabir (tədqiqi tarixindən)”, “Sabir və davamçıları”, “M.Ə.Sabir ensiklopediyası”, “M.Ə.Sabir: axtarışlar, tapıntılar”,  “Sabir 150 - davam edən ənənələr” və haqqında danışdığımız monoqrafiyaları mövzu aktuallığı və problematikası ilə seçilir və bütövlükdə bunlar T.Novruzovun Sabir yaradıcılıq dühasına dərindən və yaxından bələdliyinin ifadəsi, sabirşünaslıq problemlərinin nəzəri planda öyrənilməsinin səciyyəvi elmi-nəzəri təzahürləri kimi təqdirəlayiqdir. Bu monoqrafiyaların hər birində sabirşünaslığın spesifik yaradıcılıq məsələləri, bu məsələlənin öyrənilməsi sahəsində Azərbaycan ədəbiyyatşünaslığının zəngin təcrübəsi ümumiləşdirilmiş və mübahisəli məsələlərə, polemik məqamlara münasibət bildirmək təşəbbüsü göstərilmişdir. Xüsusi qeyd olunmağa layiqdir ki, bütün hallarda Tərlan Novruzov araşdırdığı sabirşünaslıq problemlərinin ən səciyyəvi xüsusiyyətləri haqqında canlı təsəvvür yaratmaq, əsaslı elmi arqumentlərlə fikir və mülahizələrini inandırmaq yolu ilə getmişdir. Bu məziyyət müəllifin yenicə çapdan çıxdığı “Sabirşünaslıq Azərbaycanda və xaricdə” adlı sanballı və monumental monoqrafiyasına da aiddir.

Kitabın adından da göründüyü kimi, T.Novruzovun yeni əsəri M.Ə.Sabir haqqında yalnız ölkəmizdə yazılan araşdırmalar yox, həmçinin Azərbaycanın hüdudlarından kənarda da qələmə alınmış çoxsaylı tədqiqatların geniş miqyaslı təhlilinə həsr olunmuş və bu təhlil professional keyfiyyətlərlə zənginləşdirilmişdir. Təqdirəlayiqdir ki, Sabirşünaslıqla bağlı təcrübə artdıqca, Sabirin bədii yaradıcılığına dair yazıların kəmiyyətcə çoxalıb keyfiyyətcə dərinləşdikcə T.Novruzov da dahi şairin tədqiqi problemlərinin öyrənilmə dairəsini genişləndirmiş, onların  elmi-nəzəri əsaslarını özünəməxsus əsaslı arqumentlərlə möhkəmləndirmişdir. Böyük şairin analoqu olmayan sənət aləmini, xüsusilə satira yaradıcılığının poetik mahiyyətini, daxili estetik gözəlliklərini bütün incəlikləri ilə duyub onu dərin guşlərinə qədər dərk edən T.Novruzov müntəzəm izlədiyi Sabir irsinin tədqiqinə dair ən mühüm yazıların geniş təhlilini verərək bu araşdırmaların əsas konseptual meyllərini və keyfiyyətlərini ümumiləşdirmişdir. “M.Ə.Sabir inqilabdan əvvəlki ədəbi fikirdə” adlı birinci fəsildə hələ böyük sənətkarın sağlığında Sabir fonomeninə canlı maraqdan, onun satirik təmayüllü əsərlərinə münasibətdən, Sabir qələmindən çıxan novator ruhlu şeirlərin doğurduğu əks-sədadan ətraflı söhbət açılmışdır. Müəllif Sabirin ayrı-ayrı əsərlərinə şəxsi münasibət bildirən təəssürat xarakterli  yazılardan tutmuş bu ədəbi nümunələri böyük hadisə sayıb onun ideya mündəricəsinə, xəlqilik və  realizm keyfiyyətlərinə, novatorluq və üslub yeniliyinə, ifadə tərzinə, poetik mətnlərin semantikasına və estetik təbiətinə və s. ayrıca diqqət yetirən ciddi əsərlərə xüsusi həssaslıqla nüfuz edərək əsl tədqiqatçı mövqeyinin fəallığını nümayiş etdirmişdir. Sabir haqqında birinci yazanlar - Ə.Hüseynzadə, Ü. Hacıbəyov, A.Şaiq, T.Şahbazi, Ə.Haqverdiyev, M.Hacınski, A.Minasazov, A.Səhhət, Ə.Fəhmi, Qafar Rəşad, F.Köçərli, S.Hüseyn, Y.V.Çəmənzəminli və s. sabirşünaslığın təməlini qoyan müəlliflər kimi səciyyələndirilmiş, Sabir irsinə fərqli yanaşmalarına baxmayaraq, onların xatirə və məqalələrinə, ədəbi-tənqidi qeydlərinə obyektiv qiymət verilmişdir. T.Novruzov haqlı olaraq qeyd edir ki, sağlığında və ölümündən sonra Sabirin ədəbi irsi ətrafında Azərbaycan tənqidi və ədəbiyyatşünaslığının ilk elmi-tədqiqat axtarışları ümumiyyətlə sabirşünaslığın bünövrəsini təşkil edir. Buna görə də o, şairin ədəbi irsinin bədii-estetik əhəmiyyətinin düzgün idrakında barəsindəki ilk yazılara obyektiv mövqedən yanaşır və onlardakı bəzi çatışmazlığa münasibət bildirir. Müəllif, Sabir haqqında inqilabdan qabaqkı tənqidin əsas uğuru olaraq dahi söz sənətkarını ldərhal xalqın ictimai fikrinə daxil olmuş sənətkar» kimi xarakterizə edir. M.Ə.Sabir irsinin öyrənilməsində yeni istiqaməti tədqiqatçı, dahi sənətkarın bədii yaradıcılığının elmi təhlilini geniş nəzəri aspektdə araşdıran məşhur alimlərin əsərləri əsasında müəyyənləşdirir.

1920-1930-cu illərdə meydana çıxan araşdırmalarda Sabir irsinə yeni ideya-metodoloji prinsiplərlə yanaşma meyllərinin güclənməsini tutarlı dəlillər və inandırıcılıqla əsaslandıraraq sabirşünaslıqla bağlı fikir və mülahizələri yeni keyfiyyət həddinə çatdırılmışdır. Sabirşünaslığın nəzəri üfüqlərini genişləndirməkdə xüsusi xidmətləri olan N.Nərimanov, M.S.Ordubadi, B.Çobanzadə, A.Musaxanlı, M.Ələkbərli, Ə.Şərif, Ə.Nazim, H. Araslı, S.Şamilov, Ə.Dəmirçizadə və s. nüfuzlu qələm sahiblərinin irəli sürdüyü əsas elmi müddəaları təhlil süzgəcindən keçirərək müəllif natamam qənaətlərlə, Sabir yaradıcılığının bütün rəngarəngliyini əks etdirə bilməyən yazılara tənqidi münasibət bildirmişdir. Sabirin əədbiyyatımızda mövqeyi, əsərlərinin ictimai məzmununun açılması ilə bağlı fikir ayrılıclarının doğurduğu polemika müstəsna bir aydınlıqla ümumiləşdirilmiş, bəzi metodoloji qüsurlar,  qeyri-elmi, ziddiyyətli fikirlər, əsassız ifratçılıq hallarının kökləri bu problemlərə yüksək nəzəri baxışlarla işıqlandırılmışdır. T.Novruzovun nəzərdən keçirdiyi 1920-30-cu tllərdə sabirşünaslıqla bağlı tədqiqatının səmərəli və məhsuldar olduğu xüsusi qeyd edilir. Daha dəqiq desək, 1920-30-cu illərdə sabirşünaslığın yaranmasında və inkişafında xüsusi xidmətləri olan tənqidçi, ədəbi və ictimai xadimlərin yaradıcılığındakı özünəməxsusluqları üzə çıxaran T.Novruzovun bu dövr sabirşünaslıqda mövcud olan problemlərin düzgün başa düşülməsində, lazımi səviyyədə dərk olunmasında fəal və kəskin mövqeyi mühüm amil kimi çıxış edir, yüksək elmi-nəzəri səviyyəsi ilə diqqət çəkir. 1920-30-cu illər sabirşünaslığın bir sıra vacib tərəflərini mükəmməl və dolğun əhatə edən T.Novruzov bu dövr Sabir yaradıcılığı ilə əlaqədar axtarışları mənalandırmaq təşəbbüsü ilə Sabir irsini, onun ideya-estetik keyfiyyətlərini təyin etmək baxımından, Sabir yaradıcılığının ən vacib komponentlərinin, xüsusilə metod, üslub, forma və s. problemlərin poetik mündəricəsi ilə əlaqəsi və vəhdətini, poetikasının kamillik dərəcəsini şərh etmək nöqteyi-nəzərindən, sənətkarın yaradıcılıq simasını və bədii idrak prinsiplərini dolğun və kamil şəkildə əks etdirmək yönümündə səmərəli fəaliyyət göstərmiş, Sabir yaradıcılığının mahiyyəti və özünəməxsusluğu, estetik məziyyətləri haqqında bitkin mövqeyini nümayiş etdirmişdir. Sabirşünaslıqdakı inkişafın vəhdətini nəzərdən qaçırmayan müəllif hər bir inkişaf mərhələsinin ayrı-ayrı təmayüllərini konkret detallar, ədəbi faktlarla mənalandırır. Sabirşünaslığın keyfiyyət dəyişikliyi, elmi təfəkkürdəki struktur təbədüllatları diqqətlə izlənir ki, bu da T.Novruzovun sabirşünaslığa, onun real mənzərəsinə və tədqiqatlardakı təmayüllərə verdiyi təhlilin məğzini və pozitiv tərəfini təşkil edir. T.Novruzov qeyd edir ki, sabirşünaslığın yetkin səviyyəsi öz başlanğıcını məhz 1920-ci illərdən götürmüşdür. Belə ki, Sabir yaradıcılığının köklü problemlərini tədqiq etmək üçün bu dövrdə kifayət qədər zəngin təcrübə toplandı və bu təcrübə Sabir irsini küll halında elmi şəkildə işıqlandırmaq işində kara gəldi. O, tamamilə düzgün müşahidə edir ki,  “Otuzuncu illərin sabirşünaslıq təcrübəsi nə qədər qiymətli olsa da, bu, böyük sənətkarın yaratdığı, poeziyanın dərin bədii təhlilini vermək yolunda ancaq mühüm bir mərhələ sayıla bilər. Sabir milli poetik mədəniyyəti tarixində yüksək bir zirvə olmasını sübut etmək üçün onun irsinin təhlilini dərinləşdirmək lazım idi və bu məsələ sonrakı dövrlərdə sabirşünaslığın inkişafında mühüm rol oynadı. Bu mühakimənin məntiqi “Sabirşünaslıq inkişafda (1940-50-ci illərdə)”, “M.Ə.Sabir irsinin tədqiqinin müasir mərhələsi (1960-70-ci illər)” və “M.Ə.Sabir irsi son araşdırmalarda” adlı fəsillərdə özünü bütün cəhətləri ilə doğrultmuşdur. Sözün tam və dürüst mənasında sabirşünaslığın təşəkkül və inkişaf mənzərəsinin bütün cizgilərini göstərməyə çalışarkən T.Novruzov bu mənzərənin aparıcı meyillərindən bəhs etməklə bərabər, sabirşünaslığa dair kiçik qəzet resenziyalarından tutmuş irihəcmli monoqrafiyalara, namizədlik və doktorluq dissertasiyalarına qədər bütün diqqət cəlb edən yazılardan danışmağa üstünlük vermişdir. Cəfər Xəndan, Mir Cəlal, Əziz Mirəhmədov, C.Cəfərov, M.Ağamirov, Ə.Cəfər, M.Məmmədov və b. nisbətən ətraflı təqdim olunmuşdur. M.Ə.Sabir ədəbi məktəbinin ideya-estetik əsaslarını, Sabir poeziyası bədii pafosunu tədqiq edən müəlliflərin fikirlərinə istinad edən T.Novruzovun əsas elmi arqument və tezisləri əsaslandırılmış formalarda meydana çıxır. O, Sabir ədəbi məktəbinin möhtəşəmliyindən, qüdrətindən böyük vəcdlə, xüsusi coşqunluqla danışır. Buna görə də müəllifin Sabir dühasına obyektiv yanaşma və qiymətvermə ölçüləri güclü tərəfləri ilə yaddaşa köçür. Tədqiqatlara yüksək estetik prinsiplərdən yanaşma bu monoqrafiyanın ruhunu və əsas istiqamətini təşkil edir. Kitabın ən qiymətli məziyyətlərindən biri də Sabirin Azərbaycanın sərhədləri xaricində yayılmış şöhrətini geniş miqyaslı təhlildən keçirmək  niyyətinin reallaşmasıdır. “Sabir irsi xaricdə” fəsli bütövlükdə sabirşünaslığın coğrafi kordinatlarının genişliyinə, ayrı-ayrı ölkələrdə Sabir irsinə maraq, onun əsə rlərinin tərcüməsi və nəşri, ədəbi təsir qüdrəti və s. məsələlərin tədqiqinə həsr olunmuşdur. Keçmiş SSRİ məkanında, İranda, Türkiyədə, İraqda Sabir irsinə maraq, əsərlərinin yayılma arealı, təhlili və təbliği ilə bağlı faktlardan geniş söz açılmışdır ki, buna da müəllifin müasir elmi-metodoloji münasibəti aydın hiss olunur. Beləliklə, bu qısa xülasədən görmək çətin deyil ki, Tərlan Novruzov əvvəlki illərdə olduğu kimi, Sabir irsi və onun öyrənilməsi ilə bağlı araşdırmalarını xeyli fəallaşdırmışdır. Bu istiqamətdə qələmə aldığı sanballı yazıları xüsusi elmi-nəzəri dərinliklə və bədii sənət mövqeyindən işıqlandırmışdır. O, ədəbiyyatşünaslığımızın son nailiyyətlərindən, ədəbi tənqidin qazandığı uğurlarından çıxış edərək Sabirin poetik dünyasına qabaqcıl estetik meyarlarla aydınlıq gətirmişdi. Müxtəlif zaman və məkanda ərsəyə gələn mövcud  elmi-tədqiqat işlərini xüsusi qayğı və zəngin səriştəsi ilə sabirşünaslığın köklü problemləri ətrafında mərkəzləşdirməyə müvəffəq olmuşdur.

Sabirşünaslığın yarandığı vaxtdan bu günə qədər əldə etdiyi bütün uğurları xüsusi həssaslıqla saf-çürük etməklə yanaşı, müəllif ayrı-ayrı tarixi dövrü, ədəbi gerçəkliklərin tələblərini nəzərdən qaçırmamış, hər bir tədqiqat əsərinə böyük estetik ölçülərlə yanaşmış, belə demək mümkünsə, əsl ədəbiyyatşünas və vətəndaşlıq təəssübkeşliyi ilə, M.Ə.Sabirə sonsuz pərəstişkarlıq ehtirası ilə problem səciyyəli məsələləri diqqət mərkəzinə çəkmişdir. Bununla da sabirşünaslığı daha mükəmməl və öyrənilməsi  zəruriyyət doğuran istiqamətə yönəltməyə güclü səy göstərmişdir. Bu istiqamət isə, müəllifin nəzəri düşüncələrinin, estetik təfəkkürünün ən sağlam və kamilləşməsi yoludur. Bu istəkdən irəli gələrək T.Novruzovun sabirşünaslıqla bağlı bütöv estetik konsepsiyasında Sabir sənətinin qüdrətinə layiq olan dəyəri vermək qayəsi açıq-aşkar diqqət çəkir. “Sabirşünaslıq Azərbaycanda və xaricdə” monoqrafiyasının məziyyətləri göstərir ki, Sabirin həyat və yaradıcılığı, daxili qayəsi, poetikası, sənətkarlığı və s. bağlı T.Novruzovun elmi fəaliyyətində vüsətli təfəkkürlə, geniş mənalarla düşünmək olduqca səciyyəvidir. Bu əsər Sabir sənəti, onun misilsiz bədii dühası və poeziyasının tədqiqi haqqında çoxillik gərgin yaradıcılıq axtarışlarının səmərəli nəticəsi, T.Novruzovun məqalədən-məqaləyə artan, əsərdən-əsərə böyüyən, kitabdan-kitaba inkişaf edən, monoqrafiyadan-monoqrafiyaya öz siqlət və sanbalını genişləndirən nəzəri fikir və mühakimələrinin uğurlu yekunudur. Ayrıca qeyd edilməyə layiqdir ki, novator mahiyyəti daşıyan bu dəyərli kitabda Sabir irsini daha ətraflı və müfəssəl tənqidi-elmi təhlilə cəlb olunmağa, onu öyrənməyə, ənənələrini kəmiyyət və keyfiyyətcə inkişaf etdirməyə, müasir elmi təfəkkürlə zənginləşdirməyə çağırış da açıq- aydın sezilir.

 

 

Məhərrəm HÜSEYNOV,

filologiya elmləri namizədi,

dosent

 

Xalq qəzeti.- 2013.- 17 fevral.- S. 7.