Kulturologiya: bu gün və sabah ADMİU-90

 

Kulturologiya sosial  humanitar biliklərin  qovuşuğunda formalaşan elmin gənc  sahələrindəndir. Formalaşmaqda olan gənc  bir  elm  kimi onun  ətrafında  elmi mübahisə  və toqquşmalar hələ    səngimək bilmir. Hətta bəzi  alimlər  onu  elm hesab  etmir. Kulturologiyanın elmiliyini qəbul etməyənlər, ilk növbədə, onun elmi  bazasının mövcud olmadığını vurğulayırlar, guya mədəniyyət  haqqındakı bütün  təhlil  və izahlar müəlliflərin öz  fərdi baxışlarıdır.

 

Digər tərəfdən, kulturologiya mədəniyyətin inkişafının obyektiv qanunauyğunluqlarının axtarışına istiqamətləndirilmişdir. Son illər ərzində kifayət qədər dəqiq müəyyənləşdirilmiş anlayış  aparatı işlənib hazırlanmışdı, mədəni  proseslərin tərif    izahları, müxtəlif kulturoloji  məktəb, istiqamətlər və onların  tərəfdarları mövcuddur. Beləliklə, mədəniyyət  haqqında  elm obyekti olan mədəniyyətin özü qədər    ziddiyyətli  bir  fenomendir.  Kulturologiya  ilə  bağlı  diskussiyaların  doğurduğu  suallardan  biri  belə  bir  elmin  təşəkkülünün zəruriliyini  mümkün  edən amillərlərlə bağlıdır. İlk  baxışdan  bu sualın cavabı, sanki aydındır: həqiqətən də, öyrənilmə obyekti  kimi mədəniyyət mücərrəd fəlsəfədən tutmuş, tarixin  topladığı  (ilk  növbədə, incəsənət  tarixi qismində)  konkret faktologiyaya  qədər   - bir  çox  elmlərin tədqiqat predmetinə  çevrilmişdir. Öz çərçivəsi daxilində mədəni fenomenləri, mədəniyyət hadisələrinə aid  edilən rəngarəng prosesləri öyrənən fənlərin siyahısı  kifayət qədərdir. Aydındır ki, mədəniyyətin müxtəlif  izahları, şərhləri  onun öyrənilməsinin müxtəlif  vektor və  istiqamətlərini müəyyən  edir.

Kulturologiyanın müstəqil  elm  kimi  status əldə  etməsi, söylədiyimiz  kimi, heç    asan  və rahat proses olmamışdır. Kulturologiya  gənc  olduğu  qədər  də “qədim” bir  elmdir. Bu təsdiqin paradoksallığı hazırkı elmi sahənin öz  predmeti ilə  izah edilir. Həqiqətən də, bu  gün  “gənc” kulturologiyanın öyrənməyə  can  atdığı bütün mədəni fenomenlər  qədim dövrlərdən  başlayaraq, ənənəvi,  “klassik” humanitar elmlər  — fəlsəfə, filologiya, tarix    sənətşünaslıq, o çümlədən psixologiya    sosiologiya  kimi  yeni elmlər  tərəfindən tədqiq olunmuşdu. Bununla  belə, kulturologiyanın  müstəqil  elm kimi yaşı, yuxarıda  qeyd  etdiyimiz  kimi,  elə də  çox  deyil. Bu elm XX əsrin yetirməsidir. Kulturologiyanın formalaşması XX əsrin ortalarına aid edilir. Rəsmi şəkildə  tanınması”nın  başlanğıcı  Qərbdən  başlayır. 

“Kulturologiya” termini öz mənşəyini amerikalı  antropoloq Lesli Uaytın (1900-1975) əsərlərindən götürmüşdü. O, kulturologiyanı ictimai elmlər  kompleksində müstəqil elm  kimi ayırmışdı. Mədəniyyəti vahid və müstəqil inkişaf edən sistem kimi nəzərdən keçirən Uayt “Mədəniyyət haqqında elm” (1949), “Mədəniyyətin təkamülü (1959), ”Mədəniyyət anlayışı" (1973) əsərlərində kulturologiya terminindən geniş istifadə edir. Digər humanitar-ictimai  elmlər  kimi kulturologiyanı  da  həyata  tarixi  dövrün özü gətirmişdi. Əgər  arxaik sivilizasiyalar dünyaya riyaziyyat, astronomiya, antik sivilizasiya fəlsəfə və estetika, ritorika və etika kimi  elmləri bəxş etmişsə, müasir sivilizasiya zamanın  çağırışına  uyğun olaraq mədəniyyət  haqqında  xüsusi  bir  elm gətirdi. Kulturologiyanın təzahürünün  əsas  metodoloji zəminini - mədəniyyətin sosial-siyasi tarixin “kölgəsi” deyil, onun  “tarazlayıcısı”  olması faktının getdikcə  daha  dərindən  dərki təşkil  etdi. Kulturologiyanın  bir  elm  kimi  təşəkkülünün  digər  mühüm  şərti Avropa özünüdərkində dönüşün - mədəni avrosentrizmin aradan qalxması faktı oldu.

Bu  gün  dünyada və  eləcə də dünyanın bir parçası olan Azərbaycanda müasir kulturoloji biliklərin  formalaşması  elmi  inkişafın  adi dinamikasından  fərqli  olaraq özünəxas cəhətlərlə  baş  tutur. Bir  qayda  olaraq təhsil  sisteminə tədris  materialı  qismində  kəskin mübahisələr  yaratmayan və özünü  qəti    birdəfəlik  şəkildə  təsdiqləmiş biliklər daxil  edilir. SSRİ məkanında  kulturoloji biliklərin  elementləri hələ ötən əsrin 60-cı illərində daha çox fəlsəfi təhsil ixtisaslaşmalarında marksist tarixi  materializmin möhkəm doqmaları fonunda tədris olunduğundan sovet təhsil sistemində müstəqil fənn  kimi geniş vüsət  tapa  bilməmişdi. Ötən əsrin 80-ci  illərindən yaranmış və  o zamanlar mütəxəssislərin  kifayət qədər dar  qrupunun məşğələlərinin  predmetinə çevrilmiş  müasir  vətən  kulturologiyası öz inkişaf  impulsunu ideoloji paradiqmanın dəyişməsi  nəticəsində, məhz təhsil  sistemindən əldə  etdi. Bu elə  həmin o səbəblərdəndir  ki, prinsipial  cəhətdən qeyri-ideoloji  fənn olan  kulturologiya müasir  ictimai  biliklər sisteminə sınaq və səhvlər  yolu  ilə, digər  sahələrdən özünə  bilik  cəlb etməklə daxil  olmuşdur. Təhsil  sistemindən insanların kollektiv birgəyaşayışı nəzəriyyəsindən, sosiumda insanın rolundan bəhz edən tarixi  materializm və dialektik materializmin çıxarılması kulturologiyanın  müstəqil  elmi  fənn kimiu  tədrisini obyektiv zərurətə çevirdi. “Kulturologiya” hərfi  mənada  “mədəniyyət  haqqında  elmdir”. Müstəqil  elm kimi geniş mənada bu  elm üç  əsas  sualın cavablandırılmasına yönəlmişdi: nə mədəniyyət  hesab edilir? Mədəniyyət  necə qurulmuşdur? Mədəniyyət necə  inkişaf  edir? Beləliklə, kulturologiya mədəniyyəti, sivilizasiyanı, onun tarixini, insanla mədəniyyətin qarşılıqlı əlaqəsini və qarşılıqlı təsirini öyrənir, insanın həyatda öz yerini tapmasında səmərəli rol oynayır. Kulturologiya bir tərəfdən mədəniyyəti, mədəniyyət tarixini, insanla mədəniyyətin qarşılıqlı əlaqəsini, digər tərəfdən isə insanın ona təsirini və əks-təsirini öyrənir. Kulturologiya dünyaya, sosial reallığa, mədəni-mənəvi aləmə, insanın oradakı yeri və roluna bir küll halında baxır. Universal dəyərləri, keçmişin mənəvi irsini, cəmiyyətin mövcud bədii-mənəvi komponentlərini real gerçəklik baxımından təhlil edir. Kulturologiyanın elmi mənası bundan ibarətdir ki, o, mədəniyyəti dərindən və hərtərəfli şəkildə öyrənir, onun məzmun və mahiyyətini üzə çıxarır, hansı səviyyələrdə və formalarda mövcud olduğunu müəyyən edir.

Aydındır  ki, kulturologiyanın obyekt    predmeti mədəniyyət  anlayışının üzərində  qərarlaşır. Lakin bu  göstərişi  qəti şəkildə qəbul etmək olmaz. Belə ki, öz mürəkkəbliyi və  çoxmənalılığına  görə  “mədəniyyət”  anlayışı adi diapozonda  istifadədən  başlayaraq  qlobal  kontekstə qədər müxtəlif  mənalarda  tətbiq  olunur. Mədəniyyət fenomeninin mühüm saxlanc yeri olan milli mentalitet, mənəvi dəyərlər sistemi qloballaşan dünyamızda fərqli düşüncə tərzləri ilə üz-üzə gəlir, müxtəlif təsirlərə, hətta təzyiqlərə məruz qalır. Bunun zərərli təsirindən qorunmağın ən etibarlı yolu isə kulturoloji innovasiyaların tətbiqində balanslaşdırılmış siyasət yürütmək, çağdaş bəşəri dəyərləri mövcüd yaşam tərzimizə, cəmiyyətimizin ab-havasına uyğunlaşdırmaqdır. Eyni zamanda öz böyük mədəniyyətimizi də dünya birliyinin diqqətinə çatdırmaq, onu qloballaşma predmetinə çevirmək zəruridir. Bunun  üçün  isə, mədəniyyətin  kulturologiya fənni  sayəsində tədrisi mühüm  əhəmiyyət kəsb  edir. Mədəniyyətin inkişafı, onun istiqamətləndirilməsi, idarə olunması, çağdaş tələblərə cavab verməsi, həm də milli ənənələrin, özünəməxsusluğun qorunub saxlanılması üçün əsas şərtlərdən biri, bəlkə də birincisi mədəni təhsilin keyfiyyətidir. Təhsil millətin gələcəyidir, onun dinamik inkişafının real təminatçısıdır. Mədəniyyət təhsili də bu baxımdan istisna deyil. Ölkəmizdə mədəniyyət təhsilinin müasir standartlara cavab verə bilən səviyyədə qurulması beynəlxalq birliyə uğurlu inteqrasiya etməyimizin mühüm şərtlərindəndir. Bir sözlə, mədəniyyət təhsilimizin müasir tələblər səviyyəsində qurulması günün aktual məsələlərindəndir.   Akademik Ramiz Mehdiyev fəlsəfə ilə kulturologiyanın qarşılıqlı əlaqəsindən bəhs edərək yazır: “Kulturologiyanın ən mühüm vəzifəsi dünya mədəniyyətinin tarixi və nəzəriyyəsi məsələlərini öyrənmək, müasir dövrün sosiomədəni meyllərini və proseslərini təhlil etməkdir. Bu elmin predmeti ümumbəşəri və milli-mədəni proseslərin qanunauyğunluqları, insanların maddi və mənəvi həyatının ən mühüm hadisələridir” (Mehdiyev R. Fəlsəfə. Dərs vəsaiti. Bakı, “Şərq-Qərb”, 2010, s. 24).  Kulturoloji  təhsil formalaşsa  da, əldə etdiyimiz  müşahidələrə görə, bu  sahədə  hələ  ki, iki  çatışmazlıq qalmaqdadır: bunlardan biri eklektik konstruksiyanın üstünlük təşkil etməsi (yəni, kulturoloji  nəzəriyyələrdən çox mədəniyyətin  tarixi, sənətşünaslıq, estetikanın yüngüllcə  pərdələnmiş variantları, fəlsəfə, metodologiya, hermenevtika və  bir  çox sahələrin elementləri), digəri isə, kulturologiyanın tədris  predmetinin olmamasıdır. Aydındır ki, birinci çatışmazlıq  ikincisi  ilə bilavasitə əlaqədardır. İstənilən yeni tədris sahəsinin daha möhkəm  ayaq üstə dayanması  üçün   predmetin müəyyən  edilməsi ən  vacib məsələlərdəndir. Zənnimizcə, kulturoloji  təhsilin məqəsədəuyğun həyata  keçirilməsi üçün  bir  sıra  sualların  düzgün  cavablandırılmasına  nail  olmaq  lazımdır. Məsələn, belə suallardan  biri belədir: tədqiqatçı V.M.Mejuyevin qeyd  etdiyi  kimi, kulturologiya  bir tərəfdən, müasir dünyagörüşüdürsə, digər  tərəfdən isə, mədəniyyətlərin müxtəlif tiplərini, ayrıca götürülmüş mədəni hadisələri öyrənən sosial-humanitar  elmi fəndir. Sual  olunur: tədris  prosesində bu iki  gerçəkliyi necə  nəzərə  almalı? Xüsusilə, dünyagörüşü formalaşdırmaq mümkündürmü    əgər mümkünsə, bunu necə etməli? Gənc fənn olmasına  baxmayaraq, kulturologiya  nəhəng  bilik həcminə  malikdir  və kulturologiyanın müxtəlif konsepsiyaları və kulturoloji diskursları  yaranmışdı. Şübhəsiz ki, belə  bir  zəngin  empirik    praktiki bilikləri  əhatə  edən bir  elmi  fənnin  tədrisi, həm də  pedaqoji  məsuliyyət  tələb  edir. Çünki kulturoloji  təcrübə bilavasitə  bizim  gündəlik  həyatımızda - regional tikinti, modernləşmə konsepsiyaları və  digər onlarla  sosial fəaliyyət çərçivələri daxilində  baş  verir  ki, bu da  istər-istəməz kulturoloji  biliklərin  zənginləşməsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Bununla əlaqədar olaraq təhsildə kulturologiyanın  nəzəri    təcrübi  yönümlərinin vəhdətinə  necə nail olmalı? Sosial-humanitar fənn  olaraq kulturologiya dəyər yönümlərinə  görə müxtəlif şəxsi ideallara, sosial  fəaliyyət  və sosial təqdimatların  müxtəlif  ideallarına istiqamətləndirilmiş elmi  fənlərdəndir. Bundan  başqa, kulturoloji biliklər, həm  də sosial    kulturoloji reallığa əks təsir göstərməklə refleksiv xassəyə malikdir. Bəs,  kulturologiyanın  bu  spesifikasını tədris prosesində  necə  nəzərə  almalı? Kulturologiyanın tədris predmeti mütləq şəkildə müxtəlif məqsədlərə və auditoriyaların tələblərinə  cavab verməlidir.

Respublikada kulturoloji təhsilin    bu  sahənin müvafiq tədris strukturunun təşkilindəki ilk addımlar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin fəaliyyəti  ilə bağlıdır. Dövlət səviyyəsində kulturologiya  elminə  verilən bu qiymət  bu elmi fundamental şəkildə tədris  edən  Azərbaycan  Dövlət Mədəniyyət    İncəsənət  Universitetinin Kulturologiya fakultəsinin  rolu  müstəsnalıq  təşkil  edir. Kulturologiyanın  hərtərəfli  şəkildə  tədrisini  həyata  keçirən “Kulturologiya” kafedrası universitetin ən ilk  elmi  qurumlarından biridir. Kafedra vaxtılə “Mədəni-maarif  işi” kimi    sonradan həyatın  tələblərindən  doğaraq “Kulturologiya” adlandırılmışdı. ADMİU-nun “Kulturologiya” fakültəsi yüksək ixtisaslı kulturoloqların hazırlanması, kulturoloji təhsilin elmi-metodoloji əsaslarının yaradılması və inkişaf etdirilməsi, dünya və milli kulturoloji fikir tarixinin tədqiqi sahəsində respublikada aparıcı mövqe tutur. Keçən əsrin 90-cı illərindən başlayaraq ADMİU-nun “Kulturologiya” fakültəsində müasir tələblərə və beynəlxalq standartlara cavab verən ixtisas kafedraları açılmağa başladı. Yeni unikal ixtisasların və kafedraların açılmasında, fakültənin maddi-texniki bazasının yüksəldilməsində, yüksək ixtisaslı kadrların hazırlanmasında, universitetin kitabxana fondunun zənginləşdirilməsində, mədəniyyət müəssisələri ilə əlaqələrin genişləndirilməsində, fakültənin beynəlxalq mədəni əlaqələrinin qurulmasında (Moskva Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Sankt-Peterburq Mədəniyyət və İncəsənət Universiteti və b.) universitetin rektoru, filologiya elmləri doktoru, prof. Timuçin Əfəndiyevin müstəsna xidmətləri olmuşdur. O, fakültənin yaradıcısı kimi tarixə düşmüşdür. Fakultə professor T.Əfəndiyevin  təşəbbüsü ilə “Mədəni-maarif işi” ixtisası əsasında yaradılmışdır. 1995-ci ildə həmin  fakültənin “Kulturologiya” adlandırılması, həm  də bu  tədris  qurumunda  keyfiyyətcə  yeni  bir mərhələ üçün  əsaslı  təkan oldu. Beləliklə, Azərbaycanda mədəni-maarif təhsil sistemindən kulturoloji təhsil sisteminə keçidin əsasını qoydu. Ölkədə  kulturoloji təfəkkürün  təkmilləşdirilməsi, bu  sahə  üzrə nəzəri  və təcrübi  biliklərin inkişaf etdirilməsinin  mərkəzinə çevrildi. Kulturologiya  üzrə tədqiqatların  aparılmasında fakultə respublikada  yaradıcılıq  laboratoriyası  rolu oynamağa  başladı ki, burada da Azərbaycanda kulturoloji tədqiqatlar həm nəzəri, həm tarixi, həm də tətbiqi istiqamətlərdə aparılmağa başladı. Universitetin rektoru professor T.Əfəndiyevin gənclərin elmi səviyyəinin  gücləndirilməsi məqsədilə, 1998-ci ildən etibarən fakültədə həm bakalavr, həm də magistr pilləsi üzrə mütəxəssis hazırlığına başlanıldı. Həmin dövrdən kulturologiya elmi ilə yaxından məşğul olmağa başlayan yeni-yeni mütəxəssislər və tədqiqatçılar nəsli yetişdi. N.Əfəndiyeva, İ.Hüseynov, Ç.Abdullayev, A.Əlizadə, M.Süleymanlı, S.Əliyeva, Y.Əliyeva, T.Əhmədova, F.Hüseynova, G.Kazımova, A.Eyvazlı, N.Abbasov, E.Kazımzadə və digər alimlər kulturologyanın bir elm kimi formalaşmasına öz elmi tədqiqatları ilə yeni töhfələr vermiş oldular. İnnovasiya prosesləri ilə əlaqədar olaraq fakültədə “Mədəniyyət və muzeyşünaslıq”, “Kulturologiya”, “Sosial-siyasi elmlər”, “İqtisadiyyat və informatika” kimi yeni unikal kafedralar yaradıldı ki, bununla da postsovet məkanının digər müstəqil respublikaları ilə müqayisədə Azərbaycanda kulturologiya elmi daha güclü şəkildə inkişaf etməyə başladı. Eyni zamanda bu ali məktəbdə AAK tərəfindən namizədlik və doktorluq dissertasiyaları üzrə müdafiə şurası yaradılması faktı respublikada kulturoloq kadrların hazırlanmasında mühüm əhəmiyyət kəsb  etdi. Hazırda ADMİU-nun “Kulturologiya” fakültəsi məhz kulturoloji təhsil sahəsində respublikamızın yeganə ali təhsil ocağı hesab edilir. Fakültənin professor-müəllim heyəti universitetin elmi nəşri olan “Mədəniyyət dünyası” və “Elmi əsərlər” məcmuələrində müntəzəm şəkildə kulturoloji məsələlərlə bağlı olaraq elmi yazılar çap etdirir, mütəmadi şəkildə respublika və beynəlxalq səviyyəli elmi-nəzəri konfranslarda iştirak edir. Son illərdə fakültədə “Beynəlxalq mədəni əlaqələr”, “Kulturologiya”, “Sosial kulturologiya”, “Mədəniyyət siyasəti və mənəvi dəyərlər”, “Fəlsəfə”, “Mədəniyyət və incəsənət sahələrinin menecmenti”, “Etika”, “Tətbiqi kulturologiya”, “Kulturologiya və onun əsas istiqamətləri”, “Dünya muzeyləri və tarixi mədəniyyət abidələri”, “Muzeyşünaslıq”, “Azərbaycan milli adət və ənənələrinin bədii-estetik mahiyyəti”, lƏnənə və müasirlik”, “Xarici ölkələrdə mədəni fəaliyyətin təşkili”, “Qədim dünya mədəniyyəti”, “Kulturologiya tarixi”, “Dünya mədəniyyət siyasəti” kimi 100-dən çox fundamental dərslik, dərs vəsaiti, monoqrafiya və s. nəşr edilmişdir. Qeyd etmək lazımdır ki, bu  dərslik     dərs  vəsaitlərinin  əksəriyyəti respublikada  ilk  dəfə nəşr  olunmuşdur. Bunlardan  professor Maral Manafovanın müəlliflik etdiyi “Mədəniyyət tarixi    nəzəriyyəsi”, “Beynəlxalq mədəni  əlaqələr” (I-II hissələr) “Muzeyşünaslıq” dərsliklərini nümunə göstərmək  olar. Hazırda kafedra respublikanın  kulturologiya sahəsi üzrə  çox güclü  elmi potensiala malik bir  aparıcı elmi müəssisə kimi  fəaliyyət  göstərir. Tədris, elm, ictimai fəaliyyət sahəsində zəngin təcrübə və ənənəyə malik olan kafedra bu  gün respublikanın  mədəniyyət  sahəsində tanınan  onlarla mütəxəssis yetişdirmişdi. Respublikada mədəniyyət  tarixi    nəzəriyyəsi, kulturologiya üzrə  ilk  dərsliklərin  müəllifi  olan  professor  Maral  Manafova, məhz  həmin  kafedranın yetişdirməsidir. Hazırda isə, o, universitetin elm   yaradıcılıq işlər  üzrə prorektoru kimi  məsul vəzifəni daşıyır. Nəinki universitet nəzdində, eləcə  respublikada təşkil  olunan bir neçə kulturoloji layihələrdə professor M.Manafova fəal şəkildə  iştirak etmişdir. Hazırda kafedraya respublikanın gənc kulturoloq alimlərindən sayılan kulturologiya  üzrə fəlsəfə doktoru, dosent Sədaqət Əliyeva rəhbərlik  edir. Kafedranın  professor-müəllim heyəti  təkcə “Kulturologiya” fakultəsində deyil, universitetin  bütün digər fakultələrində mədəniyyətin müxtəlif sahələrində çalışmaq üçün təhsil alan gələcək mütəxəssislərdə kulturoloji  təfəkkürün  formalaşması, onlarda mədəni vərdiş    bacarıqların  aşılanması  missiyasını şərəflə  yerinə  yetirirlər. Kulturoloq-pedaqoqlar  tədris  etdikləri fənnlər üzrə empirik-nəzəri  biliklərlə yanaşı, mədəni  insan olmağın  sirrlərinin də  tələbələr tərəfindən  mənimsənilməsinə  xüsusi  həssaslıqla  yanaşırlar. Xüsusilə, incəsənətin  müxtəlif  sahələri üzrətəhsil  alan tələbələrdə- rəssam, aktyor, rejissor, müğənni, menecer, muzeyşünas, kinoşünas, teatrşünaslarda  seçdikləri  sənətlərə  uyğun mədəni davranış, ünsiyyət, nitq üzrə spesifik  praktiki vərdişlərin aşılanması da bu kafedra müəllimlərinin  üzərinə  düşən  başlıca  vəzifələrdən hesab olunur. Əlbəttə, bütün  bu  xüsusiyyətlər “Kulturologiya” kafedrasının  fəaliyyət  məzmununun  əhatə diapozonunun çərçivələrinə  aydınlıq  gətirir. Belə  nəticə  çıxartmaq olar  ki, gələcək mədəniyyət və  onun  aparıcı  qüvvələrinin təməli, məhz  elə bu  kafedra  ilə  bağlıdır. Tədris müəssisəsinin  rəhbəri  kimi  universitetin  rektoru professor Timuçin Əfəndiyev  bu  məsələyə  böyük  həssaslıqla yanaşaraq “Kulturologiya” kafedrasının elmi-yaradıcı  potensialının yüksəldilməsinə  tələbkarlıqla  yanaşır, həmçinin bununla  bağlı lazım olan  qayğı    diqqətini də  əsirgəmir. Kulturoloq-pedaqoqlar  respublika    respublikadan kənarda  elmi məclislərdə universiteti təmsil edirlər. 2012-ci ilin iyun ayının əvvəllərində Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi Kulturoloqların “Dövlətin inkişafında mədəniyyət siyasətinin rolu” mövzusunda II Beynəlxalq Bakı Forumunda müxtəlif ölkələrin ali təhsil müəssisələrindən nümayəndələri  ilə yanaşı, ADMİU-nun da kulturoloq-alimləri maraqlı mövzularla çıxış edərək kulturologiya elminin müasir dövrdə mədəniyyət siyasəti ilə sırf qarşılıqlı əlaqədə olduğunu vurğuladılar. Kulturologiya fakültəsinin professor-müəllim heyətinin nümayəndələri prof. İ.Hüseynov “Kulturologiyanın tarixi bəşəriyyətin mədəni varlığını və təkamülünü tədqiq edən elm kimi”, dos. S.Əliyeva “Mədəniyyət, modellər və qadın problemi”, Y.Əliyeva isə “XXI əsrdə mədəni diplomatiya” mövzuları ilə həmin forumda maraqlı  məruzələr etmişdilər. Sevindirici  hadisələrdən  biri  də budur ki, universitetin  90 illik  yubileyi  ilə  əlaqədar  olaraq “Kulturologiya” kafedrası “Qloballaşma şəraitndə kulturoloji innovasiyalar və sosial-mədəni inkişaf” mövzusunda yeni bir beynəlxalq  elmi-nəzəri  konfransa  ev sahibliyi  etdi.  21-22 dekabr  2012-ci  ildə  keçirilən konfransda  beynəlxalq nümayəndələr  də iştirak  etdilər. Bütün bunlar  Kulturologiya” fakultəsinin öz  fəaliyyətinin çox məhsuldar dövrünü  yaşadığını sübut edir.

 

 

Leylaxanım  ATAKİŞİYEVA,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2013.- 17 fevral.- S. 6.