Lənkəranda
sosial-iqtisadi inkişaf yüksək sürətlə davam edir
“Cənub mirvarisi” Lənkəranda
ötən il qazanılan uğurlar şəhərin
sosial-iqtisadi tərəqqisinə müsbət təsir
göstərib. Əksər sahələrin fəaliyyəti
canlandırılıb. Abadlıq işləri,
yaşayış məntəqələrinin
qazlaşdırılması, məktəb tikintisi və yol
çəkilişi üzrə tədbirlər əhalinin
razılığına səbəb olub. Lənkəranlılar ötən
il iyulun 31-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin
rayona növbəti səfərini ən əlamətdar hadisə
sayırlar. Ölkə başçısı səfər çərçivəsində
rayonda aparılan quruculuq işləri ilə tanış
olmuş, şəhərdə Heydər Əliyev Mərkəzinin,
Bayraq Meydanının, Lənkəran sərhəd dəstəsinin
inzibati binasının yenidənqurmadan sonra
açılışında, Gənclər Mərkəzinin və
beş ulduzlu müasir turizm otel kompleksinin təməlqoyma mərasimində
iştirak etmiş və rayonun ziyalıları ilə
görüşmüşdür.
Ulu
ondər Heydər Əliyev zamanında Lənkəranın
inkişafına xüsusi önəm verirdi. Bu gün də
varislik ənənələri layiqincə yaşadılır.
Prezidentliyi dövründə cənab İlham Əliyev səkkiz
dəfə Lənkərana səfər edib və tərəqqi
layihələrinin sürətlənməsinə əməli
dəstək göstərib. Təkcə ötən il 8 iyun,
1 və 17 avqust tarixli Prezident sərəncamları ilə Lənkəranın
sosial-iqtisadi inkişafına, həmçinin on minlərlə
əhalinin yaşadığı əraziləri birləşdirən
avtomobil yollarının çəkilişi və əsaslı
təmirinə 12 milyon manatdan çox vəsait
ayrılmışdır. Bu, Lənkəranın tarixində
misli olmayan qayğının təzahürüdür. Mərkəzi
Rayon Xəstəxanasının əsaslı təmirinə
dair Prezident sərəncamına əsasən ayrılan vəsaitlə
artıq baş tibb ocağının yenidən
qurulmasını da əlavə etsək, burada necə
böyük işlərin görüldüyünü daha
aydın təsəvvür etmək olar.
İlin
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan toplantı bir növ uğurların əyani
nümayişi idi. Heydər Əliyev Mərkəzində ulu
öndərin büstü önünə gül dəstələri
qoyuldu, xatirəsi ehtiramla yad edildi. Sonra
iştirakçılar mərkəzin foyesində sərgilənən
yerli qida-ərzaq, emal-istehsal və inşaat sektorlarına aid
məhsullarla yaxından tanış oldular. Elə sərgidə
təqdim edilən, əsl keyfiyyət etalonu ola biləcək
nümunələr Lənkəranda tərəqqinin
üfüqlərinin necə geniş olduğundan soraq verirdi.
İlin yekunlarının icmalı verilən sənədli
filmin nümayişi bu qənaəti daha da gücləndirdi.
Lənkəran
Şəhər İcra Hakimiyyətinin
başçısı Taleh Qaraşov hesabat məruzəsində
bildirdi ki, ötən il rayonda ümumi məhsul
buraxılışının həcmi 323,3 milyon manat olmuş
və əvvəlki illə müqayisədə 15,4 faiz
artmışdır. İl ərzində fəaliyyətdə
olan 32 sənaye müəssisəsi tərəfindən 19,2
milyon manatlıq məhsul
istehsal olunmuşdur.
Sənaye
müəssisələrində 860 ton meyvə-tərəvəz
konservi, 238,3 ton
qablaşdırılmış çay, 38,8 ton kərə
yağı, 632,7 ton pendir və kəsmik, 341,6 ton üzlü
süd məhsulu istehsal edilmiş, 6640 kubmetr kərpic
buraxılmışdır. Ötən il “Lənkəran konserv”
müəssisəsi yenidənqurmadan sonra müasir texnologiya ilə
fəaliyyətə başlamışdır. Sənayenin
qeyri-dövlət sektorunda
istehsalın həcmi 14 milyon manat olmuş və ümumi
həcmdə onun xüsusi
çəkisi 72,8 faiz təşkil etmişdir. İl ərzində sənayedə
1388 nəfər çalışmış və işləyənlərin
orta aylıq əmək
haqqı 5,1 faiz artaraq 227 manata çatmışdır.
Məruzəçi
sonra dedi: -Sənayedə işi daha da canlandırmaq olar. Bunun
üçün xammal istehsalı və emal sahələrinin əlaqəli
işləməsinə, rəqabət qabiliyyətli məhsul
istehsalına, yeni müəssisələrin
yaradılmasına diqqət artırılmalıdır.
Əhaliyə
nəqliyyat, rabitə və poçt xidmətinin
yaxşılaşdırılması sahəsində müəyyən işlər
görülmüşdür. Ötən il rayonun Gərmətük
qəsəbəsində, Sütəmurdov və
Şağlaser kəndlərində yeni poçt binaları
tikilib istifadəyə
verilmişdir. Hazırda
şəhər 4 saylı
poçt şöbəsi
üçün yeni binanın tikintisi davam etdirilir.
Ötən
il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə
müvəkkil banklar tərəfindən yerli sahibkarların və iş
adamlarının təqdim etdiyi 37 layihəyə 650 min manat güzəştli kredit
verilmişdir. Rayonda 1938 yeni iş yeri
açılmışdır ki, bunun da 1340-ı daimi
xarakterlidir.
Şəhər
İcra hakimiyyəti tərəfindən Yeni il və Novruz
Bayramı ərəfəsində
rayonda yeyinti məhsullarının satış
yarmarkaları keçirilmişdir. Yarmarkalarda şəxsi təsərrüfatlar
və yerli müəssisələrlə yanaşı,
Bakıdan və digər rayonlardan 32 şirkət də
iştirak etmişdir. Əhalinin böyük
razılığına səbəb
olan yarmarkalarda ümumilikdə 360 tona yaxın məhsul
satılmış və qiymətlər
bazarla müqayisədə 25-30 faiz aşağı
olmuşdur.
Ötən
il rayonda aztəminatlı ailələrə 4,1 milyon manat
ünvanlı dövlət sosial
yardımı verilmişdir. İl ərzində sosial
müavinətlərin ödənilməsinə, Milli Qəhrəman və şəhid
ailələrinə, fəxri adları olan şəxslərə
və digər imtiyazlı təbəqələrə,
ümumilikdə 6485 nəfərə 3,2 milyon manat vəsait ödənilmişdir.
Rayonda
yaşayan 129 nəfər tənha, ahıl və əlil vətəndaşa
14 sosial işçi xidmət
göstərmişdir. Pulsuz avtomobil almaqdan ötrü növbədə
olan imtiyazlı şəxslərdən 3 nəfərinə
“Lifan” markalı avtomobil təqdim edilmişdir.
Ahıl
və əlil vətəndaşlara maddi yardımlar və ərzaq
payları verilmiş, 35 nəfər şikəst vətəndaş
əlil arabası ilə təmin edilmişdir. Keçən il şəhər
icra hakimiyyəti tərəfindən məcburi köckünlərə
7 min manatdan çox ərzaq yardımı verilmişdir. Ümumilikdə il ərzində
imtiyazlı və aztəminatlı ailələrə 245 min
manatdan çox tikinti materialı, ərzaq və maddi
yardımlar verilmişdir.
Aqrar
sahədə işlər davam etdirilmiş, əkin,
şumlama, məhsul yığımı və qışa
hazırlıqla bağlı işlər həyata
keçirilmişdir. Rayon ərazisində ümumilikdə 8056
hektar sahədə payızlıq və yazlıq əkinləri
keçirilmişdir. Ötən təsərrüfat ilində
125363 ton tərəvəz, 2754 ton taxıl, 6684 ton kartof, 2415
ton bostan bitkisi, 16212 ton meyvə, 137 ton yaşıl çay
yarpağı istehsal edilmişdir. Rayonun təsərrüfatlarında
2013-cü ilin əvvəlinə 52190 baş iri buynuzlu, 20936
baş xırda buynuzlu mal-qara mövcud olmuş, əvvəlki
illə müqayisədə 2,5 faiz artmışdır.
Kənd
təsərrüfatı məhsullarının həcmi
ümumilikdə 1,2 faiz, heyvandarlıq məhsullarının
istehsalı isə 4,1 faiz artmışdır.
Kənd
təsərrüfatı məhsulları
istehsalçılarına əkin sahəsinin becərilməsində
istifadə etdiyi yanacaq və motor yağlarına görə
dövlət büdcəsinin vəsaiti hesabına
yardımın verilməsi ilə əlaqədar rayon ərazisində
2543,6 hektar sahədə əkinlər keçirilmişdir. 580
nəfər istehsalçıya 101744 manat vəsait ödənilmişdir. Buğda əkini
keçirmiş 186 nəfərə vəsaitin ödənilməsinə
hazırlıq görülür.
Çayçılığın
inkişafına diqqət artmışdır. Lənkəran
çay filialında, Hirkan, İstisu qəsəbələrində
və Girdəni kəndi ərazisində yeni plantasiyalar
salınmışdır. Əkin və bərpa işlərinə
yerli sakinlər cəlb olunduğundan həmin ərazilərdə
əhalinin məşğulluğu artmışdır.
Rayonun
Ürgə kəndində “Cənub Aqro” MMC tərəfindən
40 hektar ərazidə yeni meyvə bağı
salınmışdır. 2013-cü ildə daha 150 hektar yeni
çay plantasiyasının, 50 hektar meyvə
bağının salınması və tərəvəz sahələrinin
genişləndirilməsi nəzərdə tutulmuşdur.
2012-ci
ildə şəhər icra hakimiyyətinin təşəbbüsü
ilə yaşıllıq ayı və ağac əkini kampaniyaları
keçirilmişdir. Bu tədbirlər zamanı şəhərdə
və rayon ərazisində, ümumilikdə 12800 ədəd
ağac əkilmiş, qorunması üçün lazımi
işlər görülmüşdür. Əhalinin elektrik enerjisi ilə
fasiləsiz təchizatı məqsədilə Lənkəran
Paylayıcı Elektrik Şəbəkəsi tərəfindən
hava xətlərində və yarımstansiyalarda təmir-bərpa
işləri aparılmış, müxtəlif gücdə
elektrik dirəkləri, izolyatorlar və sair avadanlıqlar dəyişdirilmiş,
istismara yararsız naqillər yenisi ilə əvəzlənmişdir.
Ümumilikdə rayon ərazisində
14392 ədəd “Smart” kart tipli sayğac
quraşdırılmışdır.
Lənkəran
Qaz İstismar Sahəsi tərəfindən il ərzində əhalinin
və müəssisələrin təbii qazla təminatı
üçün bir sıra işlər
görülmüşdür. Dövlət Proqramına əsasən
rayonun qaz təsərrüfatının yenidən qurulması
ilə əlaqədar tikinti təşkilatları tərəfindən
ümumilikdə 464,6 kilometr qaz xətti çəkilmiş,
şəhərin cənub hissəsi və 14 kənd
yaşayış məntəqəsində 7309 abonentin hər
biri üçün qaz sayğacı və tənzimləyici
quraşdırılaraq şəbəkəyə
qoşulmuşdur. Hazırda rayonun 45 yaşayış məntəqəsində
tikinti- quraşdırma işləri aparılır və
yaxın aylarda daha 18 yaşayış məntəqəsində
təbii qaz təchizatının istismara verilməsi nəzərdə
tutulmuşdur.
Lənkəran
Su-kanal İdarəsi tərəfindən hesabat dövründə
şəhərin içməli su xəttində və
kanalizasiya sistemində müəyyən təmir işləri
görülmüşdür. Bununla belə məruzəçi
qeyd etdi ki, Lənkəran şəhərinin su-kanalizasiya
sistemi 1962-ci ildə 20 min əhalinin ehtiyacı
üçün quraşdırılıb. İndi isə
şəhərdə 60 mindən çox əhali
yaşayır. Deməli, sistem tələbatı ödəmir.
Məhz bu səbəbdən su-kanalizasiya sisteminin əsaslı
şəkildə yenidən qurulması cənab Prezidentin
göstərişi ilə Dövlət Proqramına
salınmış və artıq bu sahədə işlərə
başlanmışdır. “Hidrolotus” tikinti şirkəti tərəfindən
yenidənqurma işləri ilə əlaqədar rayonun Bürcəli
kəndində su, Göyşaban kəndində çirkab su təmizləyici
qurğusunun tikintisi, həmçinin Şilavar, Digah, Velədi
və Sütəmurdov kəndlərində su-kanalizasiya xətlərinin,
şəhərin 11 küçəsində isə içməli
su xəttinin çəkilişinə
başlanmışdır.
Qeyd
edək ki, ötən il Yaponiya səfirliyi Xarxatan kəndində
içməli su probleminin həlli ilə bağlı layihə
həyata keçirmişdir. Artezian quyusu qazılmış, məhəllələrə
və evlərə içməli su xətti çəkilmişdir.
Hazırda Azərbaycan Qızıl Xaç və Qızıl
Aypara Cəmiyyətləri Federasiyası Günəhir kəndində
500 metr məsafədən su xətti çəkilişi layihəsinin
icrasına hazırlaşır.
Tükəvilə-Diryan-Gəgiran və
Hirkan-Daşdatük-Biləsər yollarında körpülər
tikilmiş, Vilvan-Osaküçə-Türkəncil yolunda
daha 2 ədəd dəmir-beton konstruksiyalı
körpü inşa edilmişdir.
Hazırda daha bir körpünün tikintisi başa çatmaq
üzrədir. Bu, son 3 il ərzində həmin yolda tikilən
7-ci körpüdür. Cari ildə Hirkan-Daşdatük-Biləsər
yolunda daha bir körpünün inşası nəzərdə
tutulur. Dövlət vəsaiti hesabına Lənkəran və
Liman şəhərlərində daxili və rayon ərazisində
kəndlərarası yollar əsaslı təmir olunaraq
ümumilikdə 8,9 kilometr uzunluqda yol
asfaltlaşdırılmışdır.
Prezident
sərəncamı ilə 20 yaşayış məntəqəsini
birləşdirən, 40 min əhalinin istifadə etdiyi Lənkəran-Vilvan-Osakücə-Türkəncil
avtomobil yolunun əsaslı təmiri üçün ilkin
olaraq ayrılmış 4 milyon manat vəsait hesabına yolun
16,5 kilometrlik hissəsinin yol yatağı yenidən işlənərək
hamarlanmış, bərkidilmiş, çınqıl
döşəndikdən sonra yüksək keyfiyyətli asfalt döşənmiş və
yol nişanları qurulmuşdur.
T.Qaraşov
əlavə etdi ki, Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il tarixli
qərarı ilə yolun qalan hissəsinin əsaslı təmiri
üçün daha 4 milyon manat vəsait ayrılmış,
bununla əlaqədar layihə-smeta sənədləri
hazırlanmışdır. Prezidentinin digər sərəncamı
ilə 16 yaşayış məntəqəsini
birləşdirən, 28 min nəfər əhalinin
yaşadığı Şürük-Vel-Qamışlı
avtomobil yolunun əsaslı təmiri üçün
ayrılmış 3 milyon 200 min manat vəsaitə uyğun
olaraq həmin 12 kilometr yolda müvafiq işlər
görülmüş, asfalt döşənərək istifadəyə
verilmişdir.
Bundan
başqa, cənab Prezident Lənkərana olan xüsusi diqqətini
bir daha göstərərək 2013-cü ildə rayonumuza daha
bir yol layihəsi - 18 kilometrlik,15 yaşayış məntəqəsini
birləşdirən 47261 nəfər sakinin istifadə etdiyi
Vilvan-Zövlə-Boladı-Liman yolunun əsaslı təmiri
ilə bağlı 5,2 milyon manat vəsaitin ayrılmasına
göstəriş vermişdir. Amma
bu da son deyil. İl ərzində daha 2 yol layihəsinin həyata
keçirilməsi üçün səylər göstərilir.
Ölkə
başçısının 1 avqust 2012-ci il tarixli Sərəncamına
əsasən Lənkəran Şəhər İcra Hakimiyyətinə ayrılmış 5 milyon manat vəsait
hesabına isə şəhərin əsas giriş
yollarından biri olan Şəhidlər xiyabanı
küçəsi yenidən qurulmuşdur. Bu kimi işlər
Göyşaban dairəsindən Ləvəngi dairəsinə
və Heydər Əliyev prospektinədək olan yolda, Heydər
Əliyev prospektində, Olimpiya İdman Kompleksinə gedən
yolda və digər sahələrdə həyata
keçirilmişdir. Eyni zamanda, bir sıra küçədə çoxmərtəbəli
yaşayış binalarının dam örtükləri və
fasadları əsaslı təmir edilmişdir. Ötən ilin ən uğurlu layihələrindən
biri Dövlət Bayrağı meydanının tikintisi
olmuşdur. Bayraq meydanında 65 metr hündürlüyündə
bayraq dirəyi ucaldılmış, qarşısında
dövlət rəmzlərini əks etdirən guşə
inşa olunmuş, ərazi qiymətli mərmər
üzlüklərlə örtülmüş, orada müasir
işıqlandırıcılar
quraşdırılmış, oturacaqlar qoyulmuş,
yaşıllıq zolağı
yaradılmışdır. Diqqət
çəkən tədbirlərdən biri də Heydər Əliyev
xatirə parkında da genişmiqyaslı yenidənqurma işləridir.
Parkda köhnə metlax üzlüklər yeni tamet plitələrlə
dəyişdirilmiş, suötürücü drenaj
tikilmiş, suvarma üçün artezian quyuları
qazılmışdır. Yaxın günlərdə
sıradan çıxmış gül kolları və
dekorativ ağaclar yeniləri ilə əvəzlənəcək,
fəvvarələr əsaslı təmir olunacaq, müasir
işıqlandırıcılar
quraşdırılacaq və yeni oturacaqlar düzüləcəkdir.
Hazırda xatirə parkında ulu öndərin abidə-kompleksi
də onun uca adına layiq şəkildə yenidən qurulur.
Park və abidə-kompleksi
ümummilli liderimizin 90 illik yubileyinə ən gözəl
töhfə olacaq.
Lənkəranın
görməli yerlərindən biri də iki dəfə Sovet
İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun
adını daşıyan parkdır. Parkda və abidə-kompleksin
ətrafında yenidənqurma işlərinə
başlanılıb.
Layihənin
davamı olaraq yaxın günlərdə akademik Zərifə
Əliyeva küçəsinin yenidən qurulmasına
başlanacaq. Mikrorayon ərazisindəki binaların həyətində
3 yerdə uşaq əyləncə mərkəzləri qurulacaq.
Ötən
il cənab Prezidentin xeyir-duası ilə Heydər Əliyev
Xatirə parkında orijinal
görünüşlü, üçmərtəbəli Gənclər
Mərkəzinin tikintisinə
başlanıldı. Sürətlə tikilən obyektdə artıq son tamamlama işləri
görülür.
Ümumiyyətlə,
il ərzində rayonda iqtisadi və sosial sferanın
inkişafına 107,2 milyon manat investisiya yönəldilmişdir
ki, bunun da 105 milyon manatı tikinti-quraşdırma işlərində
istifadə edilmişdir. Keçən ilə nisbətən
investisiyanın həcmi 44,5 faiz, tikinti-quraşdırma işlərinin
həcmi isə 53,9 faiz artmışdır. Əhalinin şəxsi
vəsaiti hesabına ümumi sahəsi 54,4 min kvadratmetr olan
yaşayış evləri istifadəyə verilmişdir. Yeri
gəlmişkən, bir müddət bundan əvvəl qəzalı
vəziyyətə düşmüş binanın sakinləri
evsiz qaldıqlarına görə ağır vəziyyətdə
yaşayırdılar. Bunu nəzərə alan cənab
Prezident onlar üçün
smeta dəyəri 1 milyon 652 min manat olan 24 mənzilli
yaşayış binasının tikilməsi barədə
göstəriş verdi. Hazırda həmin tikintidə tamamlama
işləri gedir. Bununla yanaşı, Nazirlər Kabinetinin 30
dekabr tarixli qərarı ilə Lənkəran şəhərində
möhkəmliyində qüsurlar aşkarlanmış 15
çoxmərtəbəli yaşayış binasında bərkitmə-gücləndirmə
işləri aparmaqdan ötrü ilkin mərhələdə
1 milyon 500 min manat vəsait ayrılmışdır. Yaxın
vaxtlarda bu işlərə də başlanacaq. Dövlət vəsaiti
hesabına daha 8 çoxmərtəbəli binada dam
örtüyünün və fasadın təmiri işlərinin görülməsinə
başlanılmışdır.
Rayonun Şilavar kəndində 220, Xarxatan kəndində 360, Hirkan
qəsəbəsində 480 şagird yerlik yeni məktəb
binaları tikilib istifadəyə verilmişdir. Hazırda 640
yerlik Vilvan kənd tam orta məktəbinin və şəhər
5 saylı uşaq bağçasının yeni
binasının tikintisi davam etdirilir. Eyni zamanda, 220 yerlik Bəliton
tam orta məktəbinin yeni binasının layihə-smeta sənədləri
hazırlanmış, bundan başqa Nazirlər Kabinetinin qərarı
ilə qəzalı vəziyyətdə olan daha 10 məktəbin
tikintisi, şəhər 2 saylı orta məktəbin əsaslı
təmiri və bərpa-gücləndirmə işlərinin
görülməsi planlaşdırılmışdır. Bu
il rayonda ümumilikdə 12 məktəbin və 1 uşaq
bağçasının tikintisi, 1 məktəbin isə əsaslı
təmiri dövlət investisiya proqramına
salınmışdır. Qeyd edək ki, hələ indiyə
qədər Lənkəranda bir ildə 12 məktəb tikilib
istifadəyə verilməyib. Amma rayon rəhbərliyi bunu da
son hədd saymır.
Ötən
il dövlət başçısının sərəncamı
ilə ayrılmış vəsait hesabına Lənkəran
rayon Mərkəzi Xəstəxanasının əsaslı təmirinə
başlanılmışdır. Bununla belə, cənab
Prezidentin sərəncamı ilə xəstəxananın tam
şəkildə, ən müasir tələblər səviyyəsində
yenidən tikilməsindən örtü yenidən əlavə vəsait
ayrılmışdır. İstifadəyə veriləndən
sonra mərkəzi xəstəxana zonada analoqu olmayan tibb müəssisəsinə
çevriləcək. Hesabat ilində şəhərdə
Narkoloji Xəstəxana üçün də yeni binanın
tikintisi davam etdirilmiş, rayonlararası nevroloji xəstəxanada
cari təmir işləri aparılmışdır.
Mədəni-maarif
müəssisələrində
ilboyu müxtəlif səpkili mədəni-kütləvi
tədbirlər keçirilmişdir. Lənkəranda
tarix-diyarşünaslıq muzeyinin yerləşdiyi Xan evi uzun
illər əsaslı təmir olunmamışdı. Ölkə
rəhbərinin tapşırığı ilə bu məsələ
də həllini tapıb. Xan evinin əsaslı təmiri bu
ilin Dövlət İnvestisiya Proqramına salınıb. Lənkəran
artıq beynəlxalq turizm şəhərinə çevrilir.
Rayonda xüsusi razılıq lisenziyası almış 11
mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir.
Ötən il rayona gələn turistlərin sayı 15 min nəfərdən
çox olmuşdur.
Taleh
Qaraşov dedi ki, 2012-ci ildə rayonun mədəni həyatında
ən önəmli hadisə Heydər Əliyev Muzeyinin əsaslı
şəkildə yenidən qurularaq mərkəzə çevirilməsi
olmuşdur. Mərkəzin rəsmi açılış mərasimində
Prezident İlham Əliyev iştirak etmişdir. Bura ümumi
görünüşü və təchizatı
baxımından digər rayonlardakı mərkəzlərdən
fərqlənir. Mərkəzdə keçirən tarix dərsləri,
seminarlar, dəyirmi masalar, yaşlı nəslin nümayəndələri
ilə görüşlər Heydər Əliyev irsinin təbliğində
əhəmiyyətli işlər kimi qeyd olunmalıdır.
Ötən il N.B.Vəzirov adına
Lənkəran Dövlət Dram Teatrının yaradıcı
kollektivi respublikanın 24 rayonunda qastrol səfərində
olmuş, Ankara şəhərində beynəlxalq teatr
festivalında ölkəmizi təmsil etmişdir.
Rayonda
“İdman ili” ilə bağlı keçirilmiş tədbirlərə
5 minə qədər idmançı, istedadlı gənc və
yeniyetmə cəlb edilmişdir. Ötən il rayon
idmançıları həm ölkə birinciliklərində,
həm də beynəlxalq yarışlarda yüksək nəticələr
əldə ediblər. “Xəzər-Lənkəran” futbol
komandasının ölkə
çempionatındakı uğurlu çıxışı
azarkeşləri sevindirir. Əlbəttə, idman sahəsində
ötən ilin ən böyük hadisəsi ölkə rəhbərliyinin
tapşırığı ilə 17 yaşlı qızlar
arasında futbol üzrə dünya çempionatının
bir neçə oyununa və veteran
ağırlıqqaldıranların Avropa çempionatına Lənkəranın
ev sahibliyi etməsi olmuşdur.
Rayonda əsas idman qurğusu Olimpiya İdman Kompleksidir. 2003-cü ildə
istifadəyə verilmiş kompleksin hazırki vəziyyəti
burada beynəlxalq əhəmiyyəti idman
yarışlarının keçirilməsində müəyyən
çətinliklər yaradırdı. Cənab Prezidentin
tapşırığı ilə artıq obyektin yenidən qurulması Dövlət
İnvestisiya Proqramına salınmışdır.
Keçən
il şəhər icra hakimiyyətinə
4489 yazılı müraciət daxil olmuşdur. Müraciətlərin 4249-u ərizə, 210-u
şikayət, 30-u təklif, onlardan 31-i minnətdarlıq məktublarıdır.
Qeyd etmək lazımdır ki, 2011-ci illə
müqayisədə vətəndaşların yazılı
müraciətlərinin, o cümlədən Bakıya göndərdikləri
müraciətlərin sayı azalmışdır. Baxılan müraciətlərin 1600-ü müsbət həllini
tapmış, 292-si qismən həll olunmuş, 2487-nə
müvafiq izahat verilmiş, 98-i əsassız
sayılmış, 12-nin icrası nəzarətdə
saxlanılmışdır.
İl ərzində
şəhər icra hakimiyyəti
başçısının yerlərdə əhali ilə 49
səyyar qəbul-görüşü keçirilmiş,
görüşlərdə 10084
vətəndaş iştirak etmiş və 662 məsələ
qaldırılmışdır. Qaldırılan məsələlərlə
bağlı ayrı-ayrı qəsəbə və kəndlərdə
ara yolları təmir olunmuş, suötürücü
kanallar, kollektorlar təmizlənmiş, sürət məhdudlaşdırıcı
yol nişanları qoyulmuş, köhnə elektrik
transformatorları, dirəklər yenisi ilə əvəzlənmiş,
qaz və su xəttləri quraşdırılmış,
poçt filialları, elektron ATS-lər tikilib istifadəyə
verilmişdir. ŞİH-də 6578 vətəndaş
qəbul edilmişdir.
Məruzə
və çıxışlarda, yerdən səslənən təkliflərdə
belə bir inam ifadə edildi ki, ictimai-siyasi cəhətdən hamı üçün
çox məsuliyyətli il
olacaq cari ildə növbəti prezident seçkiləri
keçiriləcək. Lənkəranlılar
siyasi fəallıqlarını daha da artıracaq, hər zaman
olduğu kimi, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə
töhfələr verəcək və bütün
xalqımız kimi bir daha Heydər Əliyev siyasi kursunun davam
etməsinə, cənab İlham Əliyevin yenidən ölkə
prezidenti seçilməsinə səs verəcəklər.
Hesabat
yığıncağında Milli Məclis sədrinin
müavini Ziyafət Əsgərov, parlamentin komitə sədri
Hadi Rəcəbli, deputatlar Cavanşir Paşazadə və
Rüfət Quliyev, habelə Prezident Administrasiyasının məsul
əməkdaşı Vəfadar Bağırov iştirak
etmişlər.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2013.- 17 fevral.- S. 5.