XALQININ QƏNİMİ
— ERMƏNİ NÖKƏRİ
Əkrəmin “letargiyası”,
“hipnotik yuxuları”, yaxud “retroqrad amneziyası”nın
anatomiyası
Bu günlərdə mətbuatda
(“Xalq qəzeti”, 5 fevral 2013, səh.4) Naxçıvan Muxtar
Respublikası Ordubad rayonu Əylis kəndi əhalisinin Azərbaycan
xalqının heysiyyətinə toxunan, mənəviyyatını
ləkələyən, böhtançı Əkrəmin “Daş yuxular”
cızmaqarasına qarşı “Bizim Əkrəm kimi həmyerlimiz
yoxdur” adlı etiraz məktubu ilə tanışlıq bizdə
belə bir əminlik yaratdı ki, ona dövlət tərəfindən
verilən bütün titullarla yanaşı, adının yanından “Əylisli”
təxəllüsü də götürülməlidir və
həmkəndlilərinin qərara gəldiyi kimi ya ona “Əkrəm
Naibyan”, ya da “Əkrəm Nökəryan” deyilməsi daha
yaxşı olardı.
Türk sözü olan “nökər” terminindən
və digər çoxsaylı türk sözlərindən
erməniyəbənzər əkrəmlər və əkrəməbənzər
ermənilər kimi erməni şairi Sayat Nova da öz
şeirlərində yararlanıb. Lakin o, Əkrəmdən
fərqli olaraq “Xalxı nökər, siro takavor Sayat Nova”
(“Xalqının nökəri, məhəbbətinin
padşahı”) - deyəndə öz xalqına olan “nökərçiliyini”
nəzərdə tutub, özünü xalqının
gözündə ucaldırdı. Əkrəm isə öz
xalqının qənimi, erməninin nökəri
olmağa üstünlük verməklə özünü
xalqının gözündə alçaltdı, rəzilləşdirdi,
səfilləşdirdi. Biz inanmırıq ki, Əkrəmin ailəsi,
övladları onu bu nankorluğuna görə sidq ürəklə
dəstəkləyir. Sadəcə, onlar
hazırda çıxılmaz vəziyyətdə qalıblar
və onun yanında olmaq məcburiyyətindədirlər.
İnanırıq ki, Əkrəmin nəslində,
kökündə kimsə peyda olacaq və onun Azərbaycan
xalqının kürəyinə arxadan endirdiyi
satqınçılıq, erməniyə nökərçilik
xəncərini öz əllərilə
çıxaracaq, “Daş yuxular” kabusunun Əkrəm
rüsvayçılığının erməni rüşvəti
və erməni vədləri eyforiyasının təsiri
altında kənardan idarə olunan əmrlər, göstərişlər
əsasında yazılan roman yox, tarixi reallıqları kobud
şəkildə təhrif edib eybəcərləşdirən
xülya olduğunu sübuta yetirib təsdiqləyəcək.
“Daş yuxular”ın bəlkə də “hipnotik yuxu” altında
yazıldığını söyləyəcək. Yəqin
ki, gələcəkdə bu, baş verəcək.
Vaxtilə
şahnazarovların, aqanbekyanların, mikoyanların külli miqdarda
bəxşişlərindən Əkrəm kimi gözləri
qamaşan starovoytovalar, qorbaçovlar, raisalar da Azərbaycan
xalqının qətlinə, soyqırımına fitva
vermişdilər.
Hər bir insan yuxu görmə qabiliyyətinə
malikdir, bu da normal fizioloji haldır. Lakin bəzi patoloji hallarda
insan letargiya yuxularına qərq olur və cüzi həyat əlamətləri
olsa da, uzun müddət ətraf mühitə reaksiyası yox
dərəcəsinə enir. Hipnotik yuxu isə kənar
şəxslərin təsiri altında hipnoz vasitəsilə
yaradılır və belə halda olan insanları kənardan
asanlıqla idarə etmək, öz fikirlərini ona təlqin
etmək, hipnozçunun arxasınca getməsini, onun dediklərini,
fikirlərilə əməllərini təkrarlamasını,
heç bir vicdan əzabı çəkmədən öz
millətini, xalqını təhqir etməsini təmin etmək
mümkün olur. Bunu müəyyən psixotrop dərmanların
köməyi ilə də etmək olur. Belə
şəxslər artıq özünün şüurlu idarəçiliyindən
çıxıb, zombiləşir. İlk
baxışda hərəkətlərindən,
danışığından, baxışlarından elə təəssürat
yaranır ki, Əkrəm də kənardan verilən əmrlərlə
idarə olunan zombidir. Zombinin isə nə
mənəviyyatı, nə də milli qürur hissi olur.
Görünür, erməni eksperimentatorları Əkrəmin
üzərində uzun illərdən bəri belə bir
hazırlıq əməliyyatını aparıb, ona milli mənsubiyyətini
unutdurub, erməni olduğunu kodlaşdırıb, başqa
sözlə, manqurtlaşdırıblar.
Adi bir
misal: Eksperiment üçün həkimlər belə bir
sınaq aparıblar: Əvvəlcə bir nəfərə
hipnozdan qabaq deyirlər ki, 10-a qədər say. Ardıcıl
olaraq sayır. Sonra onu hipnoz edirlər və
deyirlər ki, “sən altı rəqəmini tanımırsan”.
Bu rəqəm hipnoz olunanın beynindən,
yaddaş mərkəzindən silinir. Hipnozdan
ayılandan sonra həmin şəxsdən 10-a qədər
saymasını təklif edəndə o, “6” rəqəmindən
başqa bütün rəqəmləri ardıcıl
sayır. “6” rəqəmi hipnoz zamanı
onun yaddaş mərkəzindən silindiyinə görə, o,
daha bu rəqəmi tanımır. Təzədən
o şəxsi ikinci dəfə hipnoza salıb yenidən onun
beynindəki mərkəzə “6” rəqəmini salmaq olur və
xəstə ayılandan sonra yenə də “6” rəqəmini
tanıyır. Görünür, Əkrəm
də Moskvada müəyyən qrup ermənilər tərəfindən
ya birbaşa, ya da dolayısı yolla belə bir sınağa
çəkilib, onun üzərində uzun müddət
möhkəm hazırlıq işləri aparılıb, hipnoz
dərsi keçilib və beynindən erməni
işğalçılarının azərbaycanlılara
qarşı törətdikləri cinayətlər pozularaq,
yaddaş mərkəzinə “ermənilərin azərbaycanlıları
yox, azərbaycanlıların erməniləri
öldürdükləri” fikri yeridilib. Onun fabusuna baxanda
görürsən və hiss edirsən ki, danışan sanki
onun özü deyil, o, robot kimi daxilində yerləşdirilmiş
erməni pult qurğusu ilə idarə olunur. Artıq
onun özünün müstəqil fikri, düşüncəsi
yoxdur. O, tamamilə erməni hipnozunun təsiri
altındadır. Əkrəm deyir ki, “onun əsərinə
qiyməti zaman verəcək!”. Ancaq o, dərk
edə bilmir ki, zaman artıq onun qiymətini verdi.
Əlli milyonluq Azərbaycan xalqının nifrəti,
qınağı onun qiyməti oldu. Əkrəm,
yəqin ki, bu qiyməti ermənilərin, onu hipnoz təsiri
altına salanların dilindən eşitmək istəyir və
onun üçün ermənilərin tərifi kifayət edir.
“Zombiyə”
çevrilən Əkrəmin öz əməllərindən
peşmançılıq çəkməməsi göstərir
ki, onun ciddi müalicəyə də ehtiyacı var. O, nə
Xocalı, Quqark, Baqanis-Ayrım soyqırımlarını, nə
İrəvan, Göyçə, Dərələyəz,
Vedibasar, Zəngəzur, Dağlıq Qarabağ - Şuşa,
Xankəndi, Xocalı, Malıbəyli, Quşçular, Kosalar,
Zarıslı, Meşəli, Cəmilli, Ağdərə, Xocavənd,
Əsgəran, nə də Laçın, Kəlbəcər,
Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl
işğallarını görə bilmir.
Əkrəm
“Daş yuxular”ında Bakıda bir erməninin
öldürüldüyünü əlində bayraq edərək
dünyaya car çəkir, Xocalıda blokadada olan dinc əhalinin
yuxuda olduğu bir vaxtda, gecə yarısı erməni
işğalçılarının vəhşiliklə şəhəri
yerlə-yeksan etmələrini, qadınları, uşaqları
qəddarlıqla, işgəncə verə-verə qətlə
yetirdiklərini, cavan oğlanların başlarını kəsdiklərini,
körpələrin diri-diri dərisini soyduqlarını,
meyitlərdən və can verən yaralılardan körpü
düzəltdiklərini, çoxlarını
ömürlük şikəst etdiklərini görmək istəmir.
Bunu artıq dünya ictimaiyyəti görür,
Əkrəm isə görmək istəmir.
Əkrəmə demək istəyirik ki, internet
saytını açıb Xocalının, Ağdamın
işğaldan sonra yerlə-yeksan edildiyi fotoşəkillərə
baxsın. Rusiyadan olan bir jurnalistin Ağdamda olarkən çəkdiyi
fotoşəkillər Azərbaycanın milli-mədəni dəyərlərinin,
tarixi abidələrinin tamamilə məhv edildiyini aydın əks
etdirir. Əkrəm bəlkə bu əyani
faktları görəndən sonra “daş yuxular”dan oyanar,
özünə gələr?!
Əkrəm bəlkə bunları unudub? Bəlkə Əkrəmdə
retroqrad amneziya baş verib? Əlbəttə ki, yox! Əkrəmin keçmişə aid yaddaşı
tam yerindədir. O, Əylisdə gördüyü gəlmə
erməni qadınlarını yaxşı xatırlayır. Sadəcə olaraq Əkrəm Azərbaycana xəyanət
etmək, Azərbaycan xalqını alçaltmaq məqsədilə
ermənilərlə uzun müddətli məşqlər
keçib və özünün ermənilərdən əxz
etdiyi dramatik hoqqabazlığı ilə cilddən-cildə
girməyi, buqələmunluq etməyi bacarır.
O,
“Daş yuxular” yazısındakı sayıqlamalarında əzəli
və əbədi Azərbaycan torpaqlarının ermənilərə
məxsus olduğunu iddia edir və bu iddiasını bizə də
sırımaq istəyir. Əkrəmin nəzərinə
çatdırırıq ki, 1827-ci ildə Rusiya canişini,
general feldmarşal İvan Fyodoroviç Paskeviç İrəvan
xanlığının ağsaqqalı Aslan Sultana xitabən
deyir: “Bəli, bu torpaqlar sizin tarixi torpaqlarınızdır. Bəli, biz bura işğalçı kimi gəlmişik.
Tamamilə həqiqətdir. Lakin
o da həqiqətdir ki, biz rusların sizlərlə heç
bir milli ədavətimiz yoxdur. Əgər Böyük
Rusiya imperiyasının dövlət maraqları onun Qafqazda, o
cümlədən İrəvan və Naxçıvan
xanlıqları ərazisində möhkəmlənməsini tələb
edirsə, burada nə siz – Aslan Sultan günahkarsınız, nə
də mən – Paskeviç. Siz öz
xalqınızın övladısınız, mən də
öz dövlətimin əsgəriyəm”.
İndi məntiqi
sual yaranır: sovet dövründə ermənilər qədim
Azərbaycan torpağı olan İrəvanda beynəlxalq
simpozium keçirib ermənilərin bu torpaqlarda məskunlaşmasının
2500-2750 illiyini qeyd edəndə bəs rus tarixçiləri nə
üçün susurdular?! Susmalı idilər,
çünki ermənilərin bütün bu saxta tədbirləri
rusların işğalçılıq siyasətinin nəticəsi
idi.
Dağlıq Qarabağa 1828-ci ildən sonra rusların təşəbbüsü
və maddi köməyi ilə köçürülən
ermənilər, hətta 1978-ci ildə Azərbaycanın dilbər
güşələrinə köçmələrinin 150
illiyi münasibətilə Ağdərədə (sonra
Mardakert adlandırılmışdı) böyük tarixi abidə
də ucaltdılar. SSRİ süquta yetən kimi həmin abidəni
dağıtdılar. Çünki qədim
Azərbaycan torpağı olan Dağlıq Qarabağı
“özəlləşdirmək” kimi
işğalçılıq siyasətində həmin abidə
ermənilərə çox mane olurdu.
İrəvan
xanlığına, Naxçıvan xanlığına,
Qarabağ, Gəncə, Şəki, Quba, Bakı
xanlıqlarına aid olan torpaqların əzəli Azərbaycan
torpaqları olması barədə həm Paskeviçin rus
çarına yazdığı raportundakı məktubda, həm
Qriboyedovun yazılarında, həm də çoxlu sayda rus
tarixçilərinin, hətta erməni tarixçilərinin
yazılarında hazırkı Ermənistanın yerləşdiyi
torpaqların, o cümlədən hazırda son işğal
zamanı erməni quldur dəstələri tərəfindən
zəbt olunan torpaqlarımızın Azərbaycana məxsus
olduğu dəfələrlə etiraf olunub. Bu
tarixi həqiqətləri Avropada, Qərb dünyasında
görmək, eşitmək istəməyənlər var, bəs
bütün bu hadisələrin mərkəzində olub
manqurtlaşanlar, o cümlədən Əkrəm niyə
görmək istəmir? Nədir bunun səbəbi? Bununla o, nəyə nail olmaq istəyir?
Doğrudanmı o, Vətəninin bir hissəsi
olan ailəsini, övladlarını, mənəviyyatını
pula, ona vəd edilən şirnikləndirici mükafatlara, hətta
səsləndirilən Nobel mükafatına satıb? Bu, müvafiq orqan işçiləri tərəfindən
araşdırılmalıdır və Əkrəm Vətən
xaini, qatı cinayətkar kimi öz Vətənində
mühakimə olunub, layiqli cəzasını almalıdır.
Əkrəm tezliklə məhkəmə
qarşısında dayanıb layiqli cəzasına
çatmalıdır. Bunu qanı su yerinə
axıdılan xocalılılar tələb edir. Bunu Əkrəm tərəfindən təhqirə məruz
qalmış şəhidlərimizin müqəddəs ruhu tələb
edir. Bunu işğal altında olan
torpaqlarımızın acı naləsi tələb edir.
Bunu bir milyondan artıq qaçqın,
köçkün və didərginlərimiz tələb edir.
Mübariz ALLAHVERDİYEV,
Xocalı sakini, Azərbaycan Tibb
Universiteti
insan anatomiyası kafedrasının
professoru,
tibb elmləri doktoru
Xalq qəzeti.- 2013.- 17 fevral.- S. 4.