Saxta vətənpərvərlərin,
qısır intellektualların “Daş
yuxular”ı
Son günlərin ən
qalmaqallı mövzusu olan “Daş yuxular” romanı müəllifinin
yalan, böhtan, iftira və nifrət dolu mövqeyi ilə bərabər,
bir çoxlarının da simasını gün
işığına çıxardı. Necə deyərlər
“yağış yağdı, çatlaqlar
göründü”. Sözün bütün mənalarında...
Roman
haqqında fikirlərimi qəzetdə yazmışam,
teleyayımda açıqlamışam. Amma məni Əkrəmin
bu üzdəniraq əsərinin doğurduğı və
doğuracağı nəticələr qədər və bəlkə,
ondan da çox narahat edən başqa məsələlər
var.
...Küncdə-bucaqda
daldalanıb Azərbaycan xalqına, onun tarixinə, mənəvi
bütövlüyünə, milli hədəflərinə,
istiqlal təfəkkürünə,
dünyagörüşünə, əxlaqi dəyərlərinə
savaş açan, millətimizə, onun Azərbaycan
davasına qənim kəsilən və bütün bu naqisliklərini
“müasirlik”, “beynəlmiləlçilik”, “solçuluq” və
s. kimi ictimai rəyə sırımağa çalışan
“çatlaq”ları nəzərdə tuturam. Belələri
dönüklüklərinə, dəyişkən və saxta
mahiyyətlərinə - ayıblarına lal olub susmaq əvəzinə,
sosial şəbəkələrdə, ayrı-ayrı internet
portallarında millətin üzərinə kin
püskürür, Azərbaycan xalqının taleyüklü
məsələləri ilə bağlı vətəndaş
mövqeyi nümayiş etdirən insanları
aşağılamaqdan belə çəkinmirlər.
Qondarma
adlar altında statuslar, şərhlər yazırlar, toplumun
onsuz da korlanmış əsəblərini tarıma çəkirlər.
Azacıq çətinə düşən kimi isə saxta
profilləri kimi özləri də yoxa çıxırlar.
Necə
ki, “İctimai” TV-də təşkil olunmuş debat öncəsi
bir göz qırpında “buxarlandılar”. “İctimai” TV Əkrəm
Əylisliyə də, onun gətirdiyi xəyanət havasına
züy tutanlara da, ilk gündən “Daş yuxular” təxribatına
qarşı əks mövqedə dayananlara da bərabər
şərait yaratdı... Amma sosial şəbəkələrdə,
internet səhifələrində meydan sulayan bu “qəhrəmanlar”
özlərində azacıq da olsa cəsarət tapıb, sayəsində
önə çıxmaq, fərqlənmək, yeni qrant layihələri
qazanmaq istədikləri “Daş yuxular” rəzalətinin
müzakirəsinə qatılmadılar. Son anda telefonlarına
zəng çatmadı... Əvəzində isə yenidən
saxta adların, qondarma imzaların və himayəçilərinin
arxasında gizlənib öz mövqelərini açıq
şəkildə ifadə etməkdən çəkinməyən
insanlara “adqoyma” yarışına çıxdılar.
Bunlara
görə, Azərbaycanın ərazi
bütövlüyü, Türk Dünyası, Bütöv Azərbaycan...
haqqında danışan, millətin özünümüdafiə,
özünüqoruma instiktini ayaqda saxlayan, toplumu imperialist
güclərin “qloballaşma” adlandırdığı
assimilyasiya və təslimçilik siyasətinə
qarşı səfərbər edənlər “qondarma vətənpərvər”,
“vətənşüvən”lərdi...
Onlar
özləri isə bəşəri dəyərlərə
sahib olan “dünya vətəndaşları”dırlar.
Öz
yazılarında onlar məşhur filosofların,
yazarların... əsərlərindən və aforizmə
çevrilmiş fikirlərindən nümunələr gətirməklə,
mənsub olduqları, yaxud olmadıqları hegemon və qurucu
millətin dəyərlərinə meydan oxumaqla daha
üstün mədəniyyətin daşıyıcısı
olduqlarını görüntüləməyə
çalışırlar. Məhz görüntüləməyə!
Bekon, Sartr, Monteskye, Hegel, Kamyu, Niçşe, Kafka, Volter,
Hüqo, Dostoyevski, Tolstoy, Hemenquey, Markez... Hə, nə olsun?
Böyük yazıçıların, filosofların
adlarını sadalamaq, əsərlərindən və fikirlərindən
iqtibaslar gətirmək, kitabla yatıb-oyanmaq intellekt göstəricisi
deyil. Şəxsiyyətə, əxlaqa söykənməyən
intellektin varacağı son nəticə isə qısır,
yaradıcı olmayan, yaxud yaratdığı belə
dağıdıcı olan intellektuallıqdır.
Ortalıqda
konkret bir mənzərə var: Çeşidli ideyalar
arasında vurnuxan, nəinki mənsub olduğu milləti,
xalqı, yaxud etnik qrupu və onun dəyərlərini, hətta
valideynlərini belə inkar edən, əsilsiz-köksüz,
dinsiz, imansız, əqidəsiz... bir azlıq və onların
seçim etmədən “vətənşüvən”likdə,
“qondarma vətənpərvər”likdə ittiham etdiyi
çoxluq...
Sual
oluna bilər: Məgər bu ölkədə qondarma vətənpərvərlər,
insanların patriotik duyğularından öz mənafeləri
üçün istifadə edən, ən gözəl hissləri,
ən müqəddəs sözləri pafoslu ritorikaya
çevirib dəyərdən salanlar yoxdurmu? Əlbəttə
ki, var! Amma belələrinin mövcudluğu o demək deyil ki,
insanlar gerçək vətənsevərliyin təməlini təşkil
edən hissləri ürəklərindən qoparıb
atmalı, mənsub olduqları millətə, onun dəyərlərinə
arxa çevirməlidirlər. Kəsəsi, mənə
görə saxta vətənpərvərliklə, mənafe milliyyətçiliyi
ilə imansız, köksüz, dönük, qısır, təkəbbürlü
intellektuallığın heç bir fərqi yoxdur. Toplumun
ümumi mədəni səviyyəsinin aşağı
olduğunu görüb ondan üz döndərmək, imtina
etmək ən yaxşı halda aşırı təkəbbür,
xüdpəsəndlik əlamətidir.
İyirminci
əsrin əvvəllərini yada salaq: Məgər həmin
dövrdə toplumun ümumi mədəni səviyyəsi
indikindən yüksək idi? Yox, təbii ki, aşağı
idi, həm də dəfələrlə... O zaman nədən
Həsənbəy Zərdabi, Məhəmməd Əmin Rəsulzadə,
Əlimərdan bəy Topçubaşov, Əhməd bəy
Ağaoğlu, Əli bəy Hüseynzadə, Məhəmməd
ağa Şahtaxtlı, Nəsib bəy Yusifbəyli, Ömər
Faiq Nemanzadə, Cəlil Məmmədquluzadə, Üzeyir bəy
Hacıbəyli, Hüseyn Cavid və adlarını
sadalamadığım, nəinki yaşadıqları zaman kəsiyi,
hətta bütün dövrlər üçün
intellektuallıq nümunəsi sayılan bu insanlar
xurafatçı, savadsız, əsarətə
düşmüş, müti, ələbaxan çoxluqdan
imtina etmədi, əksinə sonadək əzilmiş,
sındırılmış, özünə inam hissi məhv
edilmiş bir kütlədən millət
formalaşdırdılar və onun üçün heçdən
bir bayraq, heçdən bir dövlət yaratdılar.
Millətindən,
dinindən imtina etməyə, bir toplumun yüzillər boyu
tapındığı dəyərləri ayaq altına
alıb ondan üz döndərməyə nə var ki?
Döndün, bitdi, getdi... Xüsusilə, müasir dövrdə,
torpaqları dünyanın böyük güclərinin himayə
etdiyi minsifətli, xəyanətkar, mənəviyyatsız,
böhtançı, saxtakar bir xalq tərəfindən
işğal edilmiş bir millətdən, onun yüzillər
boyu tapındığı dəyərlərdən üz
döndərmək çox asandı. Çünki
qarşı tərəfdən sənə dərhal qucaq
açacaqlar. Dönüklərin sayını artırmaq,
millətin dirəniş hissini qırmaq, onu təslimçi
sülhə sürükləmək, aşağılamaq,
parçalamaq və assimilyasiya etmək üçün...
Əkrəm
Əylislinin “Daş yuxular” romanına qarşı toplumun,
xüsusilə də bölgədə və dünyada baş
verən ictimai-siyasi prosesləri təhlil edib nəticə
çıxarmağı bacaran insanların kəskin reaksiya
vermələrinin səbəbini də burada axtarmaq
lazımdır. Pis nümunə həmişə yoluxdurucu
olur.
Son
olaraq özünü “solçu”, “beynəlmiləlçi”
adlandırıb, əslində isə bir kəmağıl
hikkəsi ilə Əkrəm Əylislinin “Daş yuxular” əsərinin
müdafiəsinə qalxanların nəzərinə bir
neçə məqamı çatdırmaq istəyirəm:
Siz nə
solçusunuz, nə də beynəlmiləlçi. Məramınız
isə, sadəcə, göz önündə olan gerçəkliyin
inkar edilməsi və daha asan yolla - azlıqda qalıb fərqlənmək,
seçilmək texnologiyası üzərində qurulub.
Çünki ailələri və onların təşkil
etdiyi cəmiyyətləri parçalamaqla dünyanın təbii
resursları üzərində nəzarəti həyata
keçirmək, millətlərin mövcudluğunu təmin
edən dəyərlərin qiymət salmaqla onları əritmək,
dillərini ölü dilə, mədəniyyətlərini
ölü mədəniyyətə çevirmək istəyən
güclər bunun üçün sözün bütün mənalarında,
AZLIQLARIN xidmətlərindən yararlanırlar. Siyasi
müxalifliyi Vətənsizliklə, özgə havalara züy
tutmaqla qarışıq salanlar “Daş yuxular”da nə qədər
xumarlanacaqlar?! Məmməd Araz belə yerdə ululuqla hayqırıb:
“Görüm ayılmasın gec ayılanlar...”
Elçin MİRZƏBƏYLİ,
şair-publisist
Xalq qəzeti.- 2013.- 17 fevral.- S. 4.