İmişlidə ötən il bütün sahələrdə böyük uğurlar əldə olunmuşdur

 

 Bu günlərdə İmişli Rayon İcra Hakimiyyətində 2012-ci ildə rayonun sosial-iqtisadi, mədəni həyatında görülən işlər ilə bağlı hesabat yığıncağı keçirilmişdir. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev hesabat məruzəsi ilə çıxış etmişdir.

 

Natiq demişdir ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi daxili və xarici siyasət xəttinin Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində, 2012-ci il ölkəmizin tarixində çox böyük nailiyyətlərlə yadda qalmışdır. Ötən il respublika üzrə ümumdaxili məhsul istehsalı 2,2 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 9,7 faiz artmış, qeyri-neft sənayesində isə 8 faiz artım qeydə alınmışdır. Kənd təsərrüfatında da məhsul istehsalının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz artmış, Azərbaycanın valyuta ehtiyatları 46 milyard dollara çatmışdır. İl ərzində ölkə iqtisadiyyatına 22 milyard dollar həcmində investisiya qoyulmuş, əhalinin pul gəlirləri 13,8 faiz artdığı halda, infilyasiya cəmi 1,1 faiz təşkil etmişdir.

Hesabatda məxsusi qeyd olundu ki, 2012-ci il imişlililər üçün də son dərəcə əlamətdar bir hadisə ilə yadda qalmışdır. Belə ki, 28 oktyabr 2012-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev İmişli rayonunda olmuş, əsaslı təmir olunmuş Rayon Mərkəzi Xəstəxanasının, yenidən qurulmuş Heydər Əliyev parkının, yeni inşa olunmuş Heydər Əliyev Mərkəzinin, “Araz damazlıq quşçuluq” MMC-nin, 50 min tonluq taxıl anbarının, Şahmat məktəbinin və İmişli şəhərinin su anbarları kompleksinin açılışında iştirak etmiş, geniş abadlıq-quruculuq işlərindən çox razı qalmışdır.  Ölkə Prezidenti İmişli şəhər su anbarları kompleksinin istifadəyə verilməsi mərasimində çıxış edərkən demişdir: “İmişli rayonunun son bir neçə ay ərzində uğurlu inkişafı məni ürəkdən sevindirir. Doğrudan da, son bir neçə ay ərzində İmişli rayonunun inkişafı üçün çox böyük, tarixi işlər görülmüşdür. İmişlini tanımaq mümkün deyil. Buraya gələrkən çox təəccüb edirdim ki, mən indi İmişlidəyəm, yoxsa hansısa başqa şəhərdəyəm. Doğrudan da, tarixi dəyişikliklər baş vermişdir”.

Həqiqətən, 2012-ci ildə İmişli rayonunun sosial-iqtisadi inkişafında yaxşı nəticələr əldə olunmuşdur. Belə ki, iqtisadiyyatın əsas sahələri üzrə 370,5 milyon manatlıq məhsul istehsal edilmiş və ya xidmət göstərilmişdir ki, onun 139,2 milyon manatı və ya 37,6 faizi sənaye, 93,4 milyon manatı və ya 25,2 faizi kənd təsərrüfatı, 93 milyon manatı və ya 25,1 faizi tikinti, 37,9 milyon manatı və 10,2 faizi ticarət və iaşə, 6,4 milyon manatı və ya 1,7 faizi nəqliyyat, 0,6 milyon manatı və ya 0,2 faizi rabitə müəssisələri tərəfindən istehsal olunmuşdur.

Ötən il rayon üzrə ümumi məhsul istehsalı bir il əvvəlkindən 32 milyon manat və ya 9,5 faiz artmış, həmin artım rabitədə 35,3 faiz, tikintidə 24,5 faiz, nəqliyyatda 6,6 faiz, kənd təsərrüfatında 5,4 faiz, ticarətdə 5,0 faiz, sənayedə isə 4,9 faiz təşkil etmişdir.

 Hesabat ilində İmişli rayonunda  abadlıq və quruculuq işləri olduqca geniş vüsət almışdır. Xüsusilə rayonda 2012-ci ilin aprel ayından aparılan abadlıq və quruculuq işləri nəticəsində İmişli şəhərinin siması tamamilə dəyişmiş, şəhər son dərəcə müasirləşmişdir. Bu sahədə işlər davam etdirilir. Şəhər demək olar ki, tamamilə yenidən qurulur. Ötən müddət ərzində şəhərin Heydər Əliyev prospekti, 20 Yanvar, M.Əzizbəyov, H.Aslanov və S.Ağamalıoğlu küçələrində yenidənqurma işləri aparılmışdır. Hazırda Heydər Əliyev prospektindəki magistral qaz xətti, polietilen borularla əvəz olunur, qaz, telefon və elektrik xətlərinin yeraltı çəkilişi aparılır.

Vağzal meydanında inşa olunan, sahəsi 8300 kadaratmetr,  hündürlüyü 100 metr olan Bayraq meydanının tikintisi başa çatmış, Dəmiryolu vağzalının inzibati binası yenidən qurulmuş və Vağzal meydanında hörülmüş daş hasarlar ağlay üzlük daşları ilə üzlənmiş, işıqlandırma sistemi quraşdırılmışdır. Hazırda şəhər ərazisindəki M.Ə.Sabir və Nizami adına parklarda da yenidənqurma və abadlıq işləri aparılır, parklardakı istismara yararsız çayxana binaları sökülərək müasir tələblərə cavab verən yeni obyektlər tikilir.

 6 hektar ərazidə yerləşən Heydər Əliyev parkında da abadlıq və yenidənqurma işləri davam etdirilmiş, parkın ərazisindəki ictimai və inzibati binaların ağlay üzlük daşlarla üzlənməsi, binaların dam örtüklərinin dəyişdirilməsi işi başa çatdırılmış, parkda müasir işıqlandırma sistemi, fəvvarələr quraşdırılmış, yaşıllıqlar salınmış, regionda analoqu olmayan musiqili fantan istifadəyə verilmişdir. Parkın ərazisində Heydər Əliyev Mərkəzi üçün müasir üslubda inşa olunan yeni binanın tikintisi başa çatmış, sahəsi 2 min kvadratmetr olan, ikimərtəbəli Mərkəzdə konfrans zalı, elektron kitabxana, dərnəklər, internet klublar, xarici dil kursları fəaliyyətə başlamışdır. Həmçinin 1800 kvadratmetr ərazidə tikintisi davam etdirilən üçmərtəbəli “Gənclər Mərkəzi”ndə konfrans zalı, kinoklub, kitabxana, kafe, çayxana və digər xidmət növlərinin fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur. 

Hesabat məruzəsində o da vurğulandı ki, ötən il İmişlidə kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına diqqət artırılmışdır. 2012-ci ildə heyvandarlıq və quşçuluq sahələrinin inkişafı təmin edilmiş, rayon üzrə mal-qaranın sayı 89255 başa, qoyunların sayı 239742 başa, quşların sayı isə 1340961 başa çatmışdır ki, bu da 2011-ci ilin göstəricilərindən xeyli çoxdur. 2012-ci ildə rayonda 11316 hektar sahədə buğda, 4812 hektar sahədə arpa, 455 hektar sahədə kartof, 418 hektar sahədə bostan, 512 hektar sahədə tərəvəz, 294 hektar sahədə dən qarğıdalı,     2429 hektar sahədə pambıq, 250 hektar sahədə isə şəkər çuğunduru əkilmişdir. İl ərzində 46397 ton taxıl məhsulu istehsal olunmuş, məhsul istehsalı ötən ilin müvafiq dövri ilə müqayisədə 1224 ton artmışdır.

İmişli aqrar sahə ilə yanaşı, yüksək emal sənayesi potensialına malik bölgədir. Belə ki, 2012-ci ildə rayon üzrə sənaye məhsullarının həcmi 39,2 milyon manat olmuşdur ki, bu da 2011-ci illə müqayisədə 6,5 milyon manat və ya 4,9 faiz çoxdur. Rayonda sənayenin inkişafı əsasən dəmir-beton məmulatları, şəkər tozu, tikinti qumu, mahlıc, asvalt və nar şirəsi istehsalının artımı hesabına olmuşdur. 2012-ci ildə İmişli Şəkər zavodu 109,5 milyon manatlıq məhsul istehsal etmişdir ki, bu da rayon üzrə istehsal olunan sənaye məhsulunun 78,7 faizini təşkil edir.

İmişlidə əhalinin sosial müdafiəsi ilə bağlı ardıcıl işlər həyata keçirilir. Əhalinin məşğulluğunu təmin etmək məqsədilə 13 iyul 2012-ci il tarixdə rayonda “Əmək yarmarkası” keçirilmiş, yarmarkaya 17 idarə, müəssisə və təşkilatlardan     397 boş iş yeri çıxarılmışdır. Əmək yarmarkasında 450 nəfər iştirak etmiş, onlardan 93 nəfəri münasib işlə  təmin olunmuş, 16 nəfəri isə peşə hazırlığı kurslarına göndərilmişdir.  İl ərzində 710 işaxtaran vətəndaş qeydə alınmış, onlardan 307 nəfəri öz peşə və ixtisaslarına uyğun işlə təmin olunmuş, 23 nəfərə işsizlik statusu verilmişdir.  2012-ci ildə gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə ünvanlı sosial yardımların verilməsi təmin edilmiş, 1794 ailəyə və onların 7301 nəfər üzvünə ünvanlı sosial yardımlar verilmişdir.

Ötən il rayonda əhalinin elektrik enerjisi, qaz və içməli su ilə təminatı da nəzərəçarpan dərəcədə yaxşılaşdırılmışdır. İmişli şəhərində 0,4 kv-luq elektrik veriliş xətlərinin SİP kabeli ilə əvəz olunması, qabaqcadan ödənişli 8500 ədəd SMART-kart tipli sayğacların və elektrik dirəklərinin quraşdırılması işləri başa çatmış, 2012-ci il ərzində rayon ərazisində 3400 metr məsafəyə SİP kabeli, 22974 metr məsafəyə isə naqil xətləri çəkilmiş, 1349 ədəd elektron tipli enerqomer sayğaclar quraşdırılmışdır. 2012-ci ildə 117 ədəd müxtəlif gücdə olan transformatorlar təmir edilmiş, 89 ədəd istismara yarasız ağac dayaqlar yeniləri ilə əvəz olunmuş, 78 ədəd dəmir-beton dayaqlar basdırılmışdır.

Rayonda 63 ümumtəhsil məktəbi, 15 məktəbəqədər, 4 məktəbdənkənar və bir peşə təhsil müəssisəsi fəaliyyət göstərir. 15446 şagirdin təlim-tərbiyəsi ilə 1545 nəfər müəllim məşğul olur ki, onların da     977 nəfərini və ya 63,2 faizini qadınlar təşkil edir. 2011-2012-ci tədris ilində XI siniflərdə keçirilən mərkəzləşdirilmiş qaydada buraxılış test imtahanlarının və ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələri təhlil edilərkən bu sahədə müsbət irəliləyişlərin olduğu müəyyən edilmişdir. Belə ki, 18 iyun 2012-ci il tarixdə XI sinif şagirdləri arasında keçirilmiş buraxılış imtahanlarında 1186 nəfər şagirddən 951 nəfəri və ya 82 faizi müvəffəq qiymətlər, 206 nəfər isə bu və ya digər fənlərdən qeyri-kafi qiymətlər almışdır.

 2012-ci ildə İmişlidə əhaliyyə səhiyyə xidmətinin səviyyəsinin yaxşılaşdırılmasına xüsusi önəm verilmişdir. Hazırda rayonda 9 xəstəxana, 12 həkim məntəqəsi, 29 tibb məntəqəsi və 1 poliklinika şöbəsi fəaliyyət göstərir ki, həmin müəssisələrdə də 102 nəfər həkim və 393 nəfər orta ixtisaslı tibb işçisi çalışır. İndi rayonun səhiyyə müəssisələrində ayrı-ayrı ixtisaslar üzrə  52 nəfər həkim və 61 nəfər orta ixtisaslı tibb işçisinə ciddi tələbat vardır.

Ötən il rayonda əhaliyə göstərilən mədəni xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində müəyyən işlər görülmüş, mədəniyyət müəssisələrində dövlət bayramları, əlamətdar günlər və tarixi hadisələrlə əlaqədar kütləvi tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilmişdir.

2012-ci ildə Gənclər və İdman İdarəsi tərəfindən gənclərin hərbi vətənpərvərlik tərbiyəsi, onların asudə vaxtlarının səmərəli təşkili, uşaq, yeniyetmə və gənclər arasında idmanın kütləviliyinin təbliğ edilməsi istiqamətində müəyyən tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikasında 2012-ci ilin “İdman ili” elan edilməsi ilə əlaqədar  rayonda idmanın 9 növü üzrə müxtəlif səviyyəli 24 yarış və 8-dən çox təbliğat xarakterli kütləvi idman tədbirləri keçirilmişdir.

Hesabat məruzəsində və çıxışlarda vurğulandı ki, rayonda 2012-ci ildə sosial-iqtisadi inkişafın yekunlarının təhlili göstərir ki, İmişlidə iqtisadiyyatın bir çox sahələrinin inkişafı təmin edilmişdir. Bildirildi ki, imişlililər bundan sonra da ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı  Prezident   İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin öhdəsindən ləyaqətlə gəlməyə çalışacaq, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, iqtisadiyyatın gücləndirilməsi istiqamətində bütün qüvvələrini sərf edəcəklər.

 

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2013.- 19 fevral.- S. 6.