Elmin inkişafı Azərbaycanda
dövlət siyasətinin prioritetlərindəndir
Milli Məclisin Elm və təhsil
komitəsinin sədr müavini Bəxtiyar Əliyev: “Yaz
sessiyasında “Elm siyasəti haqqında” qanun müzakirə
olunacaq”
Azərbaycan dövlət müstəqilliyini
bərpa etdikdən sonra ölkə miqyasında aparılan
uğurlu islahatlar, quruculuq işləri, qeyri-neft sektorunun inkişafı
müsbət nəticələrə gətirib
çıxarmaqdadır. Azərbaycanın beynəlxalq birlikdəki
mövqeyi Dünya İqtisadi Forumu çərçivəsində
keçirilən görüşlərin məzmunundan da hiss
olunur. Bunu onunla izah etmək olar ki, Dünya İqtisadi Forumu hər
il yanvar ayında Davosda baş tutan toplantıda Azərbaycanın
da təmsil olunmasında maraqlıdır.
Çünki
ölkəmizin malik olduğu iqtisadi güc bu marağı
şərtləndirən əsas amildir. Dünyanın ən
mötəbər iqtisadi forumlarından biri olan Davos
İqtisadi Forumunun aprel ayında Azərbaycanda keçirilməsi
haqqında qərarın qəbul olunması isə tarixi bir
nailiyyətdir. Bu, bir tərəfdən Azərbaycanın beynəlxalq
müstəvidə artan nüfuzunun təzahürü, digər
tərəfdən isə Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycanda həyata keçirilən iqtisadi
islahatlara dünya birliyinin verdiyi yüksək qiymətin təzahürüdür.
Bu gün dövlət siyasətinin əsas
istiqamətlərindən biri də elm, təhsil və mədəniyyət
sahəsinə göstərilən qayğının
ardıcıl davam etdirilməsi, elmi-texniki potensialın qorunub
saxlanılması olmuşdur. Bu gün elm və təhsil sahəsində
yüksək ixtisaslı kadrların hazırlanması, onlara
qayğı göstərilməsi, cəmiyyətdə elmi
işçilərin nüfuzunun artırılması sahəsində
bir sıra mühüm qərarların qəbul edilməsi bu
günümüzün reallıqlarıdır. Azərbaycan
dövlət müstəqilliyini bərpa etdikdən sonra elmdə
islahatların həyata keçirilməsi üçün əlverişli
zəmin yarandı. Azərbaycan Respublikası Prezidenti
İlham Əliyevin 2003-cü il 4 yanvar tarixli fərmanı ilə
Azərbaycan Milli Elmlər Akademiyasına Azərbaycan
Respublikasında elmin inkişafını təşkil və təmin
edən, dövlətin elm və elmi-texniki siyasətini həyata
keçirən, Azərbaycandakı bütün elmi müəssisələrin
və ali məktəblərin elmi-tədqiqat fəaliyyətini
əlaqələndirən və istiqamətləndirən, Azərbaycan
Respublikasını xarici ölkələrdə elmi və
elmi-texniki fəaliyyət sahəsində təmsil edən ali
dövlət elmi təşkilat statusunun verilməsi ilə
Akademiyanın fəaliyyət dairəsi xeyli genişləndirilmişdir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu
il 4 may tarixli sərəncamı ilə “Azərbaycan
Respublikasında 2009-2015-ci illərdə elmin inkişafi
üzrə milli strategiya” və
bu strategiyanın həyata keçirilməsi ilə
bağlı Dövlət Proqramı təsdiq edilmişdir.
Azərbaycanda
neft gəlirlərinin əsas xərclənmə istiqamətlərindən
biri də qeyri-neft sektorunun inkişafıdır. Dəfələrlə
bildirilib ki, dövlətin əsas məqsədlərindən
biri “qara qızıl”dan gələn gəlirləri insan
kapitalına çevirməkdir. Hökumət bununla bağlı
genişmiqyaslı işlər aparır. Məsələn,
neftdən gələn gəlirlər hesabına hər il
yüzlərcə gənc dünyanın tanınmış
universitetlərində təhsil almaq üçün xarici
ölkələrə göndərilir. Eyni zamanda, alimlərin
məvaciblərinin artırılması və sosial müdafiəsinin
gücləndirilməsi gözlənilir.
Azərbaycanda
müəllimlərin və alimlərin sosial müdafiəsinə
yönəlik dövlət proqramlarının qəbuluna
böyük ehtiyac var, - deyə Milli Məclisin Elm və təhsil
komitəsinin sədr müavini Bəxtiyar Əliyev bildirib. B.Əliyev
bu fikri AMEA alimlərinin mənzil
şəraitinin yaxşılaşdırılmasına dair
dövlət proqramının hazırlanacağına münasibət bildirərkən
deyib. O qeyd edib ki, indi cəmiyyətdə belə bir fikir
var ki, bu, sovet dövründən
qalma düşüncə tərzidir, indi bazar iqtisadiyyatı əsasında
formalaşan cəmiyyət var, hər şey bazar
iqtisadiyyatı prinsiplərinə söykənməlidir. Deyirlər
ki, elmi araşdırma aparılırsa, bunun nəticəsi
olmalıdır, gəlir əldə edilməlidir və bu gəlirin
bir hissəsi də bu yeniliyi əldə etmiş şəxsə
verilməlidir.
Mən
düşünürəm ki, qanunvericilik bazası möhkəmləndikdən
sonra bu işlərin qurulması üçün geniş
imkanlar yaranacaq. Azərbaycanda çoxlu sayda yerli və xarici
şirkətlər var ki, onların bu gün böyük və çoxsaylı sifarişləri
var. Amma
bu sifarişlərin
həyata vəsiqə
alması üçün
fundamental elmi potensial gərəkdir. Bu çoxsaylı sifarişlər
AMEA alimləri tərəfindən
həyata keçirildiyi
təqdirdə əldə
olunan gəlirin bir hissəsi onların sosial müdafiəsinə yönəlməlidir.
Millət vəkili Bəxtiyar
Əliyev daha sonra bildirib:
- Milli Məclisin
Elm və təhsil komitəsi tərəfindən
təhsil sahəsinə
aid bir sıra qanunlar hazırlanmaqdadır. “Elm siyasəti haqqında” qanun qəbul edildikdən sonra ölkədə elm və
təhsilin vəhdəti
təmin ediləcək.
Bundan sonra “Təhsil haqqında” qanunda nəzərdə tutulan digər törəmə qanunlar -
“Ali təhsil haqqında”,
“Orta təhsil haqqında”, “Məktəbəqədər
təhsil haqqında”,
“Orta ixtisas peşə təhsili haqqında” və təhsilin standartları ilə bağlı qanunlar qəbul ediləcək. Artıq bu qanun layihələri ilə bağlı işçi qruplar yaradılıb.
Bu qanun layihələri
üzərində intensiv
iş gedir. “Elm siyasəti haqqında”
qanun qüvvəyə
mindikdən sonra bu işlər daha da sürətlənməlidir.
Alimlərin elmi fəaliyyətində,
xarici ökələrlə
əlaqələrin qurulmasında
əsas götürülmüş
mühüm sənədlərdən
biri Prezidentin 2009-cu il 4 may tarixli 255 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə
elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə
Dövlət Proqramı”dır.
2012-ci ildə ölkə başçısının alimlərə
diqqət və qayğısının nümunəsi
olaraq, tədqiqatların
daha da genişləndirilməsi,
elmi işçilərin
əməyinin səmərəliliyinin
artırılması, onların
fəaliyyətinin yaxşılaşdırması,
iş şəraitinin
dünya standartlarına
uyğunlaşdırılmasını təmin etmək məqsədilə Elmi-Tədqiqat
Mərkəzlərinin (ETM) fəaliyyətinə təsir
edəcək önəmli
sərəncamlar imzalanıb.
Məhz həmin sərəncamlara əsasən,
2012-ci il dövlət
büdcəsində nəzərdə
tutulmuş Azərbaycan
Prezidentinin ehtiyat fondundan Tarix İnstitutuna 3 milyon manat, Arxeologiya və Etnoqrafiya və Nəsimi adına Dilçilik institutlarının hər
birinə isə 2 milyon manat vəsait
ayrılıb.
AMEA Humanitar və İctimai Elmlər Bölməsinin hesabat iclasında bölmənin
akademik-katibi, AMEA-nın
müxbir üzvü Kamal Abdulla vurğuladı
ki, 2012-ci ildə bəşəriyyətdə maraq
doğuran qlobal xarakterli məsələlərə
dair geniş spektrli dialoqlar, fikir mübadilələri
və müzakirələr
aparmaq məqsədilə
hər il tanınmış dövlət
xadimlərini, elmin müxtəlif sahələri
üzrə Nobel mükafatı
qaliblərini və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini,
o cümlədən dünyanın
siyasi, elmi və mədəni elitasının görkəmli
nümayəndələrini bir araya toplayan
İkinci Bakı Beynəlxalq Humanitar Forumu keçirilib. Keçən il oktyabrın 4-5-də 70 ölkəni
və 7 mötəbər
beynəlxalq təşkilatı
təmsil edən 700 nəfərin iştirak etdiyi Forum Prezident İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə
keçirilmişdir.
2012-ci ildə humanitar
sahə üzrə
ETM əməkdaşlarının xarici əlaqələri əvvəlki illərə
nisbətən daha da genişlənib. Alimlərimiz, xüsusən, gənclərimiz
bir sıra beynəlxalq qurultay, simpozium və konfranslarda iştirak ediblər. Əvvəllər daha çox
Türkiyə, İran,
Gürcüstan və
Rusiya ilə əlaqələr quran, həmin ölkələrdə
təşkil olunmuş
tədbirlərdə iştirak
edən alimlərimiz
2012-ci ildə artıq
Avropa ölkələri
ilə də dialoqa giriblər.
Hazırda Azərbaycan Milli
Elmlər Akademiyasında
elmi fəaliyyətin səmərəliliyinin daha
da artırılması,
ölkənin digər
elm müəssisələrində və ali
məktəblərində aparılan
fundamental və tətbiqi
araşdırmaların əlaqələndirilməsi,
onların nəticələrinin
sosial-iqtisadi və digər sahələrdə
tətbiqinin təmin edilməsi, elmi kadrlardan düzgün istifadə edilməsi məqsədilə müəyyən
tədbirlər görülür
və görülməkdədir.
Dövrün tələbinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının
Rəyasət Heyəti
mühüm sosial-iqtisadi
problemlərin həllində
elmin və texnikanın rolunun yüksəldilməsi, dövlətin
informasiya ehtiyatlarının
artırılması və
innovasiya proseslərinin
sürətləndirilməsi məqsədilə Azərbaycanda
elm sektorunun inkişaf
strategiyasını hazırlamışdır.
Bəxtiyar Əliyev açıqlamasında
onu da bildirib
ki, Milli Məclisin yaz sessiyasında müzakirə
olunacaq “Elm siyasəti
haqqında” qanunda alimlərin sosial müdafiəsi ilə bağlı bir sıra əsaslı müddəalar əks olunub. Elmdə yaxşı nəticələr
əldə etmək,
ilk növbədə, alimlərin
sosial müdafiəsinin
gücləndirilməsindən asılıdır. Əgər alimlərin
sosial müdafiəsi təmin edilməsə, onda yaxşı nəticələri əldə
edə bilmərik.
Təkcə maddi-texniki bazanın
gücləndirilməsi əsas
amil deyil. Eyni zamanda, tədqiqat
işlərini aparan
və həyata keçirən insanların
sosial müdafiəsi möhkəmləndirilməlidir ki, onlar bütövlükdə
özünü elmə
həsr edə bilsinlər. Alimlərin mənzil şəraitinin
yaxşılaşdırılması, məvaciblərinin artırılması,
pensiya təminatlarının
gücləndirilməsi və
digər sosial məsələlərin həlli
bu qanun qəbul edildikdən sonra daha da
yaxşı təmin ediləcək.
B.Əliyev deyib ki, qanunun
qəbul edilməsi ilə Azərbaycanda
fundamental elmi tədqiqatların aparılmasının,
elmin inkişafının
qanunvericilik bazası formalaşacaq. Bunun əsasında artıq
AMEA-nın və ali məktəblərin
tərkibindəki elmi-tədqiqat
institutlarının tədqiqatlarının
vəhdəti təmin
olunacaq. Qanunun qəbulu ilə
elmin hüquqi statusu tam şəkildə
müəyyənləşəcək.
İndiyədək Azərbaycanda elmin
statusu ayrı-ayrı
qanunlarda öz əksini tapıb. Amma elmin statusunu müəyyən edən ayrıca baza qanunu olmayıb. Bu qanun qəbul
ediləndən sonra elmin maliyyələşdirilməsi
və prioritet sahələrin müəyyən
edilməsində problemlərlə
üzləşməyəcəyik.
Elmin inkişafı Azərbaycanda
dövlət siyasətinin prioritetlərindən
biridir. Hazırda beynəlxalq münasibətlərdə
siyasi, iqtisadi, elmi-texniki, ekoloji və informasiya xarakterli amillərin müstəsna rol oynaması Azərbaycan Respublikasının milli maraqlarının ödənilməsində
elmin inkişafına təkan vermişdir.
Dövlətin sosial-iqtisadi qüdrəti,
ölkənin müdafiə
qabiliyyəti və milli təhlükəsizliyi,
cəmiyyətin mədəni-mənəvi
tərəqqisi və
xalqın rifahı elmin inkişaf səviyyəsi ilə bağlıdır.
Namiq ƏHMƏDOV
Xalq qəzeti.- 2013.- 19 fevral.- S. 5.