Dövlətin siyasətinin mərkəzində Azərbaycan vətəndaşlarının rifahının yaxşılaşdırılması vəzifəsi dayanır

 

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra insan hüquq və azadlıqlarının qorunması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi və rifah halının yaxşılaşdırılması  prioritet vəzifə kimi qarşıya qoyuldu. Lakin müstəqilliyimizin ilk illərində hakimiyyəti ələ keçirmiş səriştəsiz və siyasi dünyagörüşü məhdud olan şəxslərin yarıtmaz fəaliyyəti müstəqilliyimizi məhvə aparırdı.

 

Yalnız xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ulu öndər Heydər  Əliyevin rəhbərliyi dövründə həyat öz axarına düşdü. Azərbaycanda demokratik proseslərin inkişafına xüsusi önəm verildi və ölkəmiz müstəqillik yolunda qətiyyətli addımlar atdı. Bu gün Azərbaycanın bütün sahələr üzrə sürətli inkişaf yoluna qədəm qoyması, dünya birliyində mövqeyinin möhkəmləndirilməsinin və əlaqələrinin genişləndirilməsinin əsasını məhz ulu öndərin düzgün müəyyənləşdirilmiş məntiqli strategiyası təşkil edir. Son illər ölkəmizin əldə etdiyi uğurlar artıq beynəlxalq aləmdə də yüksək dəyərləndirilir.

  2013-cü il fevralın 8-də müstəqillik tariximizin ən önəmli hadisələrindən biri yaşanıb. Azərbaycan Respublikasının ilk  telekommunikasiya peyki  - “Azərspace-1” uğurla orbitə buraxılıb. Bu, respublikamızın  sürətli inkişafının, ölkəmizdə  yüksək texnologiyaların tətbiqinə və ölkədə kosmik sənayenin yaradılmasına  göstərilən böyük diqqətin təzahürüdür. Bu tarixi hadisə möhtərəm  Prezidentimiz  İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet elan olunması,  dövlətimizin başçısının sərəncamı ilə 2013-cü ilin ölkədə  “İnformasiya -  kommunukasiya texnologiyaları  ili” elan edilməsi, bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətdən xəbər verir. 2008-ci ildə “Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması”, 2009-cu ildə ölkədə kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin sərəncamları bu sahənin inkişafında dövlətin kifayət qədər maraqlı olduğunu nümayiş etdirdi. Bunun ardınca dövlət başçısı 2010-cu ildə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında sərəncam imzaladı  və həmin quruma telekommunikasiya peykinin istehsalı və orbitə çıxarılması, əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin yaradılması ilə bağlı xüsusi tapşırıq verildi. Ən əsası isə bütün diqqət ölkəmizin ilk süni peyki olan “Azerspace-1" hazırlanmasına və orbitə buraxılmasına yönəldildi.  Milyonlarla insanın informasiya və rabitə xidmətlərindən geniş istifadə edəcəyi ilk peykimizin orbitə buraxılması ilə bağlı həyata keçirilən hazırlıqlar əlbəttə ki, ölkəmizin qüdrətini dünyaya nümayiş etdirən ən önəmli hadisələrdən biridir.

  Azərbaycanda  həyata keçirilən iri  infrastruktur layihələr  kifayət qədər çoxdur. Bu layihələrin reallaşdırılması  ölkəmizin iqtisadi qüdrətini artırmaqla yanaşı, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, yeni iş yerlərinin açılmasına və sosial rifah halının daha da yaxşılaşdırılmasına hesablanıb. Regionların sosial - iqtisadi inkişafı Dövlət Proqramının qarşıya qoyduğu vəzifələrin uğurla yerinə yetirilməsi və digər iri infrastruktuk layihələrin həyata vəsiqə almaları hesabına son 9 ildə bir milyondan artıq yeni iş yeri açılmış, regionlarda  beynəlxalq standartlara cavab verən istehsal və sənaye müəssisələri yaradılıb. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi və bu sahənin inkişafı diqqət mərkəzində saxlanılıb. Ölkəmiz  bu sahənin inkişafına görə  artıq öncül yerlərdədir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı artıq 9 ildir ki, uğurla icra edilir. Bu  proqramın qəbul olunması ölkə iqtisadiyyatı, sosial məsələlərin həlli, əhalinin güzəranının getdikcə yaxşılaşması,  əmək haqlarının, pensiyaların, sosial müavinətlərin artırılması   üçün çox  böyük rol oynamışdır. Dövlət  Proqramının uğurla icra olunması qarşıya qoyulan vəzifələri rellığa çevirib. Ümumilkdə, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları  bölgələrin simasını tanınmaz dərəcədə dəyişmiş və  sosial problemlər ardıcıllıqla həllini tapmışdır.

Bu günlərdə Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009 - 2013-cü illərdə sosial - iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda da bu barədə ərtaflı məlumat verildi. 2009-cu ildən ötən müddət ərzində Dövlət Proqramının icrası nəticəsində ölkə üzrə 20 mindən çox müəssisə fəaliyyətə başlamış və 360 minə yaxın yeni iş yeri yaradılıb. Sevindirici haldır ki,  bunun 270 mindən çoxu daimi iş yeridir. Yoxsulluğun səviyyəsi 6 faizə, işsizlik 5,2 faizə enmişdir. Regionların inkişafı  dövlətimizin başçısının diqqət mərkəzində saxladığı  əsas sahələrdən biri olmuşdur. Möhtərəm Prezidentimiz “Regionların 2009 - 2013- cü illərdə sosial - iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası çərçivəsində hər bir rayonun inkişafı ilə bağlı əlavə tədbirlərin görülməsi  üçün 232,5 milyon manat vəsaitin ayrılması barədə 64 ərəncam imzalamışdır. “2009 - 2012-ci illərdə ölkə üzrə 20 mindən çox  müəssisə fəaliyyətə başlamış, 360 min yeni iş yeri yaradılmışdır. Modul tipli sutəmizləyici qurğuların istifadəyə verilməsi nəticəsində 20 rayonun 221 kəndində 400 mindən çox sakin keyfiyyətli içməli su  ilə təmin olunmuşdur. 25 yeni körpü  və tunel inşa edilmiş, 11 rayonun 141 min nəfər əhalisi olan 85 yaşayış məntəqəsində rayondaxili və  kəndlərarası avtomobil yollarında yenidənqurma işləri aparılmışdır. Əhalinin rahat yaşayışının təmin olunması məqsədilə ötən il 34 rayonun 174 kəndi və 10 qəsəbəsi təbii qazla təmin olunmuşdur. İl ərzində 205 məktəb, 45 uşaq bağçası, 40 səhiyyə. 23 idman  və 48 mədəniyyət obyekti tikilmiş və ya əsaslı təmir olunmuş, 410-dan çox müəssisə fəaliyyətə başlamışdır. Bütün bunlar əhalinin həyat səviyyəsinin daha da yüksəlməsi, rifah halının yaxşılaşdırılması məqsədi daşıyır.

Bu illər ərzində  sosial məsələlərin həlli də prioritet məsələlərdən biri olmuşdur.  Son doqquz ilin statistikasına nəzər salsaq görərik ki, 2004-cü ildə Azərbaycanda orta əməkhaqqı təxminən 100 dollar səviyyəsində idisə, bu gün 500 dollar səviyyəsindədir. Orta pensiya 20 dollar səviyyəsindən  200 dollar səviyyəsinə qalxıb.  Dövlətimizin başçısı bildirib ki,  bu rəqəmlər bizi qane etmir. Orta pensiyanın, orta əməkhaqqının səviyyəsi artmalıdır və  ölkə iqtisadiyyatı qüdrətləndikcə  əhalinin rifah halı da yaxşılaşacaq.  Bütün bunlara baxmayaraq, sosial məsələlərin həllində də böyük nailiyyətlər əldə olunmuşdur.  Son doqquz il ərzində 2500-ə yaxın məktəb, 500-dən çox tibb müəssisəsi, 35 Olimpiya İdman Kompleksi və digər sosialyönümlü obyektlər istifadəyə verilmişdir. Bu uğurların qazanılmasında   sahibkarlıq fəaliyyəti böyük rol oynamışdır. Dövlətimizin başçısı sahibkarlıq fəaliyyətinin inkişafını daim diqqət mərkəzində saxlamış, bu sahəyə yersiz müdaxilələrin qarşısının alınması üçün qəti tapşırıq vermişdir. Məhz bunu nəticəsi olaraq sahibkarlığın inkişafı ilə bağlı çox ciddi addımlar atılmışdır. İlk növbədə, sahibkarlığın inkişafı üçün çox güclü siyasi iradə vardır. Sahibkarlara  Prezident səviyyəsində verilən dəstək əlbəttə ki, onları daha da  ruhlandırır və  bəzi hallarda  sahibkarların rastlaşdığı problemləri də aradan qaldırır. Etiraf edək ki, bir sıra  problemlər hələ də mövcuddur. Sahibkarlar bəzi hallarda  bürokratiya, müəyyən əngəllər, onların işlərinə əsassız müdaxilələrlə rastlaşırlar. Dövlətimizin başçısı konfransda bu məsələni bir daha diqqətə çatdırdı və icra hakimiyyəti orqanlarına sahibkarlıq fəaliyyətinə mane olmamaq barədə qəti göstəriş verdi. Hətta sahibkarlıq fəaliyyətinə mane olan dövlət məmurlarının və yerli icra hakimiyyəti başçılarının ciddi cəzalandırılacağını da sərt şəkildə diqqətə çatdırdı.

 “Azərbaycan Respublikası regionlarının 2009 - 2013-cü illərdə sosial - iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda diqqətçəkən əsas məqamlardan biri də ölkə başçısının  yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə və dövlət məmurlarına vətəndaşların hüquqlarının pozulmasına laqeyd münasibətə, bu sahədə yol verdikləri nöqsanlara və digər amillərə görə ciddi xəbərdarlıq etməsi oldu. Ölkə başçısı diqqətə çatdırdı ki, dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşlarının rifah halı dayanır.  Möhtərəm Prezidentimiz dedi:"Yerli icra orqanları, icra başçıları öz məsuliyyətlərini dərk etməlidirlər, dövlət siyasətini aparmalıdırlar. Dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik. Budur bizim məqsədimiz. Biz xalq üçün çalışırıq, qururuq, yaradırıq, ölkəmizi gücləndiririk. Biz istəyirik ki, Azərbaycan qüdrətli dövlətə çevrilsin. Hamımız istəyirik, hər bir normal vətənpərvər adam bunu istəyir ki, mövqeyimiz daha da möhkəm olsun, gücümüz də artsın. Nəyə görə?! Ona görə ki, insanlar daha da yaxşı yaşasınlar. Budur, əsas məqsəd. Bizim dövlətimiz nə qədər güclü olsa, insanlar da özlərini o qədər rahat hiss edəcəklər, təhlükəsizlik şəraitində yaşayacaqlar. Hiss edəcəklər və edirlər ki, onların arxasında güclü Azərbaycan dövləti var ki, onları heç vaxt darda qoymaz, bütün zamanlarda onlara dəstək olacaqdır".

Azərbaycan Prezidenti  insan amilini, insan kapitalını prioritet məsələ kimi qarşıya qoyaraq vurğuladı ki," Mən hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır, dövlət qurumları tərəfindən normal rəftar edilməlidir, təhdid edilməməlidir, incidilməməlidir. Belə hallar var?! Var! Kim bunu edir?! Dövlət məmurları! Kim incidə bilər vətəndaşı?! Dövlət məmuru! Mən yenə də deyirəm, bütövlükdə bölgələrdə icra nümayəndələrinin fəaliyyəti müsbətdir, ancaq belə hallar da vardır. Buna yol vermək olmaz".

Prezident İlham Əliyev  diqqətə çatdırdı  ki, mərkəzi və yerli icra hakimiyyəti orqanları vətəndaşlara daha yaxın olmalı, onlara qayğını artırmalı, arzu və istəklərinə diqqətlə yanaşmalıdırlar.  Axı, dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşlarının rifah halı dayanır. Ona görə də vətəndaşların qəbulu, onların müraciətləri və qarşılaşdıqları problemlərin aradan qaldırılması yüksək səviyyədə həyata keçirilməlidir. Hər bir dövlət qulluqçusu, məmur öz hərəkətləri ilə başqalarına nümunə olmalı, təvazökarlıq göstərməli və insanların qayğısına qalmalıdır. Ölkə başçısının da məmurlardan tələbi budur. Dövlətimizin başçısının  tələbi ən aşağı dövlət qulluqçusundan tutmuş ən yuxarı dövlət məmurunadək hamıya aiddir. Hər bir dövlət qulluqçusu qanunun müəyyən etdiyi məsuliyyəti daşıyır, eyni zamanda onu bu vəzifəyə təyin edən ölkə başçısının bilavasitə tapşırıqlarını layiqincə yerinə yetirməyə məsuldur. Etiraf edək ki, bəzi dövlət məmurları öz vəzifəsindən sui - istifadə edərək vətəndaşların müraciətlərinə laqeyd münasibət göstərir, onlarla sıx təmasda olmur, haqsızlığın, ədalətsizliyin aradan qaldırılmasına ciddi yanaşmırlar. Bu da əhalinin haqlı narazılıqlarına səbəb olur və müəyyən xoşagəlməz hadisələr baş verir. İnsanları narahat edən hadisələrin baş verməsində bəzi məmur övladlarının özbaşınalığı, ərköyünlüyü, insanlara yuxarıdan aşağı baxmaları daha böyük rol oynayır. Belə hallar əhali ilə dövlət məmuru arasında qarşıdurma yaradır, nəticədə ölkəmizin adına  yaraşmayan hadisələr baş verir. Respublikamızda  ictimai - siyasi sabitliyi pozmaqda maraqlı olan qüvvələr bundan dərhal istifadə edərək yersiz - hay küy salır, beynəlxalq təşkilatların diqqətini ölkəmizə cəlb etməyə cəd göstərirlər.Möhtərəm  Prezidentimiz cənab İlham Əliyev belə məsələlərin aradan qaldırılmasını qəti tələb kimi qarşıya qoyaraq dedi: “Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə?! Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin etmişəm vəzifəyə, mən də çıxaracağam lazım bildikdə. Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq edir, nadanlıq edir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaqdır. Bunu hamı bilsin! Şəhər küçələrini yarış meydanına çevirənlər də bilsinlər! Hamısı həbs ediləcək! Vəssalam! Daxili işlər naziri gündə mənə məlumat verəcəkdir. Avtoxuliqan, özünü apara bilməyən, ictimai asayişi pozan, qanunlara əməl etməyən, adət-ənənələrimizi yerə vuran hər bir kəs cəzalandırılacaqdır. Onu hamı bilsin!”

Bu gün Azərbaycanın bütün sahələr üzrə sürətli inkişafı xalqın Prezidentə olan inamının nəticəsidir. Heç bir qüvvə “Prezident - Xalq” vəhdətinə xələl gətirə bilməz. Bu bir faktdır ki, bütün uğurlarımızı ulu öndər Heydər Əliyevin müyyənləşdirdiyi  daxili və xarici siyasətimizin  möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən düşünülmüş şəkildə davam etdirilməsi təmin edir. Ümummilli lider Heydər Əliyevin 2003-cü ilin oktyabrında xalqa müraciətində dediyi “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz  və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” -  müdrik fikri bu gün  Azərbaycanın dünya birliyinin layiqli üzvləri sırasına qoşulmasında özünü açıq şəkildə göstərir.

 

 

Mirkazım KAZIMOV,

Milli Məclisin deputatı

 

Xalq qəzeti.- 2013.- 19 fevral.- S. 3.