Azərbaycan rəqabət
qabiliyyətli iqtisadiyyat reytinqində məcmu
milli əmanətlərin həcminə
görə 8-ci yeri tutur
Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin bugünkü
inkişafını təmin etmək, xoşbəxt gələcəyini
qurmaq yolunda göstərdiyi xidmətlərinə görə xalqımızın dərin rəğbət və məhəbbətini
qazanmışdır. Ölkə rəhbəri dövlət
başçısı kimi fəaliyyət göstərdiyi
müddətdə ulu öndər
Heydər Əliyevin uzaqgörən siyasətini yeni
çağırışlar şəraitində
yaradıcı şəkildə məharətlə inkişaf
və davam etdirmişdir. Prezident
İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi
strategiya Azərbaycanı dünyanın ən dinamik
inkişaf edən dövlətləri sırasına
çıxarmışdır.
Təkcə
2012-ci ildə həyata keçirilən tədbirlərə nəzər
salanda, görülən işlərin
təhlilini aparanda yuxarıda
qeyd edilən fikirlər bir daha
öz təsdiqini tapır. Qeyd edək ki, sözügedən dövr Azərbaycanın
ən yeni tarixinə növbəti inkişaf mərhələsi
kimi yazılmışdır. Bu, Nazirlər Kabinetinin 2012-ci
ilin sosial-iqtisadi inkişafının yekunlarına və
2013-cü ildə qarşıda duran vəzifələrə həsr
olunmuş iclasında səsləndirilən göstəricilərdə
də öz aydın ifadəsini tapmışdır. Həmin iclasda dövlət
başçısı nitqində vurğulamışdır
ki, 2012-ci ildə ümumi daxili məhsul 2,2 faiz, qeyri-neft
sektoru 9,7 faiz, qeyri-neft sənayesi
təxminən 8 faiz, kənd təsərrüfatı təxminən
6 faiz artmışdır. Makroiqtisadi vəziyyət də
ürəkaçan olmuşdur. İnflyasiya cəmi 1,1 faiz həddindədir ki, bu, son illərdə ən
aşağı səviyyədir. Əhalinin pul gəlirləri
isə 13,8 faiz artmışdır. Yəni inflyasiya ilə pul
gəlirləri arasında fərq 10 faizdən çoxdur. Bu
da dünya miqyasında ən yüksək göstəricilərdən
biridir.
Ölkə
Prezidenti nitqində ötən ilin uğurları ilə
bağlı digər göstəricilərə də
toxunmuşdur:"Keçən il investisiya xərcləri
rekord səviyyədə olmuşdur. Rəsmi statistik
məlumatlara görə,
keçən il investisiyalar 22 milyard dollardan çox olmuşdur. Bunun 13 milyardı, bir qədər ondan çoxu daxili, 9 milyard dollara yaxını isə xarici investisiyalardır.
Bu da çox
müsbət göstəricidir.
İlk növbədə onu göstərir ki, daxili investisiyalar artıq bir neçə ildir ki, ümumi investisiya portfelində üstünlük təşkil
edir. Digər tərəfdən, 9 milyard dollara yaxın xarici sərmayənin qoyulması da onu göstərir ki, Azərbaycan xarici investorlar üçün çox etibarlı tərəfdaşdır,
çox cəlbedici ölkədir. Ölkəmizdə aparılan iqtisadi
islahatlar, iqtisadi liberallaşma, dünya iqtisadiyyatına inteqrasiya siyasətimiz 9 milyard dollara yaxın xarici sərmayənin qoyulmasına gətirib çıxarmışdır. Əlbəttə, bu məsələdə beynəlxalq
kredit agentliklərinin
reytinqləri də az rol oynamır. Çünki dünyanın aparıcı
kredit reytinq agentlikləri keçən
il Azərbaycanın
kredit reytinqlərini artırmışlar. Bu da, deyə bilərəm
ki, müasir dünya üçün çox nadir bir məsələdir. Çünki inkişaf etmiş ölkələrin bəzilərinin
reytinqləri aşağı
salınır, Azərbaycanın
kredit reytinqləri isə yuxarı qaldırılır və
bu da aparılmış
iqtisadi islahatların nəticəsidir".
Azərbaycan Ümumdünya İqtisadi
Forumu (World Economic Forum) tərəfindən
tərtib edilmiş rəqabət qabiliyyətli
iqtisadiyyat reytinqində
(“Global Competitiveness Index”) məcmu milli əmanətlərin həcminə görə
8-ci yeri tutmuşdur.
144 ölkəni əhatə edən reytinqdə məcmu milli əmanətlərin həcminə
görə Azərbaycan
47,9 faizlə 8-ci yerdə qərarlaşmışdır.
MDB ölkələri arasında isə Azərbaycan bu göstəriciyə görə
birinci yerdədir. Qazaxıstan 13-cü (39,6 faiz), Rusiya 28-ci yerdədir (28,6 faiz).
Ümumi
reytinqdə Ermənistan
77-ci (18,7 faiz), Ukrayna 85-ci (17,5 faiz),
Moldova 104-cü (13,9 faiz), Tacikistan
isə 111-ci (13,2 faiz)
olmuşdur.
Siyahının ilk onluğuna Küveyt
(59,6 faiz), Qətər (54,3 faiz), İran (53,8 faiz), Şərqi Timor (51,2 faiz),
Çin (51 faiz), Əlcəzair (50,1 faiz), Monqolustan (48 faiz), Azərbaycan (47,9 faiz), Sinqapur (44,4 faiz) və Səudiyyə Ərəbistanı (43 faiz)
daxildir.
Qeyd edək
ki, məcmu milli əmanətlər reytinqi əmanətlərin
ÜDM-ə faiz nisbəti
kimi hesablanılır
və bunun əsasında tərtib olunur. Ən yüksək
göstərici 59,6 faiz, ən aşağı
nisbət isə 10 faiz təşkil etmişdir.
Azərbaycan hökuməti, Mərkəzi
Bank, habelə beynəlxalq
institutların proqnozlarına
görə, yaxın perspektivdə ölkədə
iqtisadi artımın davam edəcəyi gözlənilir. Bu barədə Azərbaycan Mərkəzi
Bankının (AMB) 2012-ci il üzrə “Pul siyasəti İcmalı”nda deyilir.
İcmalda vurğulanır ki,
Dünya Bankı açıqladığı son iqtisadi xülasəsində
Azərbaycan üzrə
iqtisadi artımın
2013-cü ildə davam
edəcəyini və
4,2 faiz təşkil
edəcəyini proqnozlaşdırır.
Bütövlükdə, DB, BVF, Avropa Yenidənqurma və İnkişaf Bankı və BMT-nın proqnozları
2013-cü ildə ölkədə
iqtisadi artımın orta hesabla 3,5
faiz olacağını
göstərir.
Qeyd edək ki, 2012-ci ildə ÜDM real ifadədə
2,2 faiz artmış
və nominal olaraq 54 milyard manata çatmışdır. Hesabat
ilində neft-qaz sektorunda 5 faiz azalma qeydə alınmış, qeyri-neft
sektorunda isə artım 9,7 faiz
təşkil etmişdir.
Yaradılan əlavə dəyərin
2/3 hissəsi məhsul
istehsalı, 1/3 hissəsi
isə xidmət sahələrinin payına
düşür.
İcmala əsasən, AMB tərəfindən
aparılan Real Sektorun
Monitorinqi (RSM) də iqtisadi aktivlik üzrə gözləntilərin
optimist olduğunu göstərir. Belə ki,
RSM-in nəticələrinə əsasən, ilin əvvəlindən xidmətə
tələb və ticarət üzrə satış gözləntisi
indeksi artıma meyillidir. Pozitiv gözləntilər eyni zamanda sənayenin
qida, tikinti materiallarının istehsalı
və toxuculuq alt seksiyalarında, ticarətin
isə mebel, elekrtik məişət avadanlıqları seqmentlərində
müşahidə edilmişdir.
Gözləntilərin belə pozitiv
olması sənayedə
realizə olunmamış
izafi mal ehtiyatının
azalmasında da özünü büruzə
verir. Ümumilikdə, AMB tərəfindən aparılan RSM nəticələri
son aylar istehsalı artan, dövriyyəsi çoxalan müəssisələrin
sayının yüksəldiyini
və bu artımın dayanıqlı
olduğunu göstərir.
Nazirlər Kabinetinin 2012-ci ilin
sosial-iqtisadi inkişafının
yekunlarına və
2013-cü ildə qarşıda
duran vəzifələrə
həsr olunmuş iclasında cənab İlham Əliyev bununla bağlı demişdir: “Dövlət büdcəmizin xərcləri
təxminən 20 milyard
manat səviyyəsindədir.
Əlbəttə, bu, böyük
rəqəmdir. Bu vəsait bizə imkan verəcək ki, ölkə qarşısında duran əsas infrastruktur layihələrini başa çatdıraq. Bizim düşünülmüş
siyasətimiz, eyni zamanda, planlı addımlarımız məhz
ona hesablanıb ki, bütün infrastruktur layihələri
bu ilin sonuna
qədər başa çatsın. Bu layihələrin
bəziləri əvvəlki
illərdə, bəziləri
keçən il başlanmışdır.
Ancaq bu layihələrin icra edilməsi nəticəsində biz bütün
infrastrukturumuzu yeniləşdirəcəyik.
Çünki bizim infrastruktur
layihələrimizin yaradılması
sovet dövründən
başlamışdır. Onların bir hissəsi köhnəlmiş, bir hissəsi sıradan çıxmışdır. Həyat yerində durmur, indi yeni texnologiyalar
vardır, yeni ixtiralar üzə çıxıbdır. Biz
elə etməliyik ki, gələn ildən başlayaraq bizim infrastruktur sahəsində heç bir çatışmazlıq
olmasın. Hesab edirəm
ki, Dövlət İnvestisiya Proqramının
həcmi və istiqamətləri bu məqsədə çatmaq
üçün bizə
imkan yaradacaqdır.
Nəzərə alsaq ki Dövlət İnvestisiya
Proqramı ilin əvvəlində deyil,
ilk dəfə olaraq ötən ilin sonunda qəbul edilmişdir, biz vaxt itirmədən işlərə
başlamalıyıq və
artıq başlamışıq.
İnfrastruktur layihələri arasında
əlbəttə ki, prioritetlər vardır.
Bu prioritetlər artıq neçə ildir ki, Dövlət
İnvestisiya Proqramında
öz əksini tapır. Dövlət investisiyaları, əlbəttə, infrastruktur
layihələrinin təkmilləşməsinə
xidmət göstərir.
Ancaq eyni zamanda, biz görürük ki, dövlət investisiyaları
özəl sektordakı
vəziyyətə canlanma
gətirir. Özəl investisiyalar
da böyük həcmdə gözlənilir”. Keçən
il Azərbaycan iqtisadiyyatına 22 milyard dollardan çox investisiya qoyulmuşdur. Bu səviyyənin bu
il də qorunub saxlanılması üçün hər cür imkan və şərait var. Beləliklə, həm dövlət, həm yerli və xarici
özəl şirkətlər
tərəfindən qoyulacaq
sərmayə ölkəmizi
daha da möhkəmləndirəcəkdir.
2012-ci ildə ölkənin
valyuta ehtiyatlarının
məbləği artaraq
46 milyard dollar olmuşdur. Bu, ümumi daxili məhsulun 70 faizini təşkil edir. Eyni zamanda, Azərbaycanın
2013-cü il üçün müəyyən
olunmuş dövlət
büdcəsinin xərcləri
ölkənin iqtisadi potensialının gücləndirilməsinin
təzahürü olaraq
rekord həddə 20 milyard manata çatdırılmışdır. Belə ki, bu
il dövlət büdcəsi gəlirlər
üzrə 19 milyard
159 milyon manat və yaxud 24,4 milyard ABŞ dolları, xərclər üzrə isə 19 milyard 850 milyon manat (25,2 milyard dollar) təşkil edir. Bu isə on il əvvəlki dövr ilə müqayisədə büdcə
həcminin müvafiq olaraq 15,7 və 16 dəfə artımı, ölkənin iqtisadi-sosial
problemlərinin aradan qaldırılmasına geniş
maliyyə imkanlarının
yönəldilməsi deməkdir.
Xatırladaq ki, qonşu Gürcüstanın 2013-cü ilə
proqnozlaşdırılan dövlət
büdcəsi gəlirlərinin
həcmi 4,9 milyard, işğalçı
Ermənistanın isə
cəmi 2,6 milyard dollara bərabərdir. Adambaşına düşən icmal
büdcə xərcinin
həcminə görə
Azərbaycan MDB ölkələri
arasında Rusiya Federasiyası ilə ilk pillədə qərarlaşmışdır.
Milli iqtisadiyyatımız
2012-ci ildə özünün
inkişaf tendensiyalarını
qoruyub saxlaya bilmişdir. Dünyanın bir çox ölkələrini ağuşuna
alan iqtisadi
və maliyyə böhranının respublikamıza
elə bir ciddi təsiri olmamışdır. Bu, Prezident İlham Əliyevin yürütdüyü
çevik və düşünülmüş iqtisadi siyasət kursunun nəticəsidir.
Məhz elə buna görə də Dünya İqtisadi Forumunun “Dünya Rəqabətlilik
Hesabatı - 2012-2013" nəşrinə
əsasən, Azərbaycan
Respublikası reytinq cədvəlində 9 pillə
irəliləyərək dünyanın
144 dövlət arasında
46-cı yerdə qərarlaşmışdır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2013.- 19 fevral.- S. 1.